28 iyul 2017, 14:00

Vüqar Rəhimzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi “İki sahil” qəzetinin kollektivi adından növbəti dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə yeni və daha möhtəşəm uğurlar arzulayırıq. Siz jurnalistlərin dostu və himayədarısınız. Biz jurnalistlər bu diqqət və qayğını gündəlik həyatımızda, yaradıcılıq fəaliyyətimizdə hiss edirik. Təbii ki, bu xoş ənənənin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən uğurla davam etdirilir.

Cənab Prezident, Sizin Sərəncamınızla jurnalistlər üçün növbəti yaşayış binasının açılış mərasimi keçirildi və 255 həmkarımız dövlət tərəfindən mənzillə təmin edilərək böyük sevinc, qürur hissi yaşadı. Bu möhtəşəm layihənin təşəbbüskarı və rəhbəri Sizsiniz. Məhz Sizin diqqət və qayğınız sayəsində jurnalistlərimiz səmərəli fəaliyyətlərinə görə fəxri adlarla təltif edilir, KİV-in maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə birdəfəlik yardımlar ayrılır.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, 26 illik fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan “İki sahil” qəzeti bundan sonra da bu müqəddəs amallara sadiq qalacaq. Qeyd etdiyiniz kimi, biz jurnalistlər Sizin köməkçilərinizik və hər zaman Sizin rəhbərliyiniz ilə Azərbaycanın uğurlu, parlaq gələcəyinə hesablanmış çoxşaxəli siyasətə öz töhfəmizi verəcəyik.

Hörmətlə,

Rəhimzadə Vüqar Gəncəli oğlu

“İki sahil” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.