Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

14 iyul 2017, 19:50

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612; 2011, № 12, maddə 1108; 2012, № 6, maddə 501; Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 632-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 109.1-ci maddəyə “sahələrinin” sözündən sonra “bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin.

2. 109.5-ci maddədə “bütün yaşayış və qeyri-yaşayış sahələrinə” sözləri “yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna” sözləri ilə, “altı” sözü “bir” sözü ilə əvəz edilsin.

3. 123.0.2-ci maddəyə “müqavilələr” sözündən sonra “(bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4. 141.6-cı maddənin ikinci cümləsinə “təşkilatla” sözündən sonra “bu Məcəllənin 141-1.2-ci maddəsi və” sözləri əlavə edilsin.

5. Aşağıdakı məzmunda 141-1-ci maddə əlavə edilsin:

“Maddə 141-1. Çoxmənzilli binanın idarə edilməsi qaydası

141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir.

141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır.

141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.”.

6. 142.1-ci maddəsinin ikinci cümləsinə “şərtlərlə” sözündən sonra “və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin.

7. 142.3.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 142.3.5-ci maddə əlavə edilsin:

“142.3.5. bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəalar.”.

8. 144.1-ci maddəyə “müqavilələri” sözündən sonra “(bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il.