11 iyul 2017, 12:40

Yafo Yadadayevadan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident,

Quba rayonundakı Qırmızı Qəsəbə yeganə yaşayış məntəqəsidir ki, dağ yəhudiləri burada kompakt şəkildə məskunlaşıblar. Əsrlər boyu biz azərbaycanlılarla, Qubada yaşayan digər etnik qrupların nümayəndələri ilə dostluq, mehribanlıq şəraitində vahid bir ailə kimi yaşayırıq. Bir-birimizin kədərinə ortaq olur, sevincimizi paylaşırıq.

Əziz Prezident,

Azərbaycanın dövlət müstəqilliyi illərində ümummilli lider Heydər Əliyevin və Sizin böyük qayğınız sayəsində Qırmızı Qəsəbə çox böyük inkişaf yolu keçib. Biz qəsəbəlilər gündəlik həyatımızda hər an Sizin qayğınızı hiss edirik. Qubaya, qonşu Qusar rayonuna səfəriniz zamanı Qırmızı Qəsəbədə ayaq saxlayıb hər dəfə sakinlərimizlə görüşləriniz yaddaşlarımızda əbədi iz buraxıb. Hər bir qəsəbə sakini böyük iftixar hissi ilə o anları xatırlayır.

Qəsəbəmiz günbəgün abadlaşır, gözəlləşir, burada geniş infrastruktur yaradılıb. 2013-cü ildə Sizin böyük qayğınızla burada su-kanalizasiya sistemi yenidən qurulub. Hazırda Tarix Diyarşünaslıq Muzeyi də inşa olunur.

Qırmızı Qəsəbə bir yaşayış məntəqəsi kimi Azərbaycana gələn bütün əcnəbi qonaqların diqqət mərkəzindədir. 2013-cü ildə açılışında iştirak etdiyiniz, ermənilər tərəfindən azərbaycanlılarla birgə qətlə yetirilmiş dağ yəhudilərinin də uyuduğu Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən hər bir əcnəbi vətəndaş, xarici ölkələrin nümayəndə heyətləri Qırmızı Qəsəbəyə də gəlirlər.

Cənab Prezident, hazırda Qırmızı Qəsəbədə abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Bu, Azərbaycan vətəndaşlarına, o cümlədən dağ yəhudilərinə göstərilən böyük diqqət və qayğının daha bir bariz nümunəsidir. Buna görə Sizə minnətdarlığımızı bildiririk. Bütün qubalılar kimi, Qırmızı Qəsəbə sakinləri də Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizi dəstəkləyir, gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Yadadayeva Yafo

Azərbaycan Respublikası, Quba rayonu, Qırmızı Qəsəbə.