01 iyul 2017, 16:30

Sucayət Xosiyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz uzun illərdir ki, Rusiyanın Kazan şəhərində yaşayır və işləyirik. İşimizlə əlaqədar olaraq 4 ildən artıq idi ki, Vətənə gələ bilmirdik. Bu yaxınlarda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar Vətənə üz tutduq. Hələ təyyarədən yerə enməmiş doğma Bakını seyr edəndə sevincimiz yerə-göyə sığmadı. Dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Bakının bu qədər inkişaf edib çiçəklənməsi bizi hədsiz dərəcədə sevindirdi. Yaşadığımız Masallı rayonuna getməyə tələssək də, bir neçə saatlıq Bakını gəzməyi qərara aldıq. Elə bil biz cənnətə düşmüşdük. Milli park, Bayraq meydanı, yüzlərlə göydələn, şüşə kimi asfalt yollar və gül-çiçəkli parklar bizi valeh etdi.

Cənab Prezident, Masallıya çatanda sevincimiz ikiqat artdı. Rayonumuzun son illərdə bu qədər inkişaf etməsi Sizin gərgin əməyinizin nəticəsidir. Azərbaycan üçün, onun qədirbilən xalqı üçün çox işlər görmüsünüz. Ölkəmizdə gedən həm iqtisadi, həm də siyasi inkişafa görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Xosiyev Sucayət Yaşar oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.