17 iyun 2017, 18:00

Dilqəm Əmiraslanovdan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Sizin tərəfinizdən qətiyyətlə davam və inkişaf etdirilən daxili və xarici siyasət nəticəsində doğma Vətənimiz gündən-günə çiçəklənir. Bu çiçəklənmə və inkişaf bütün sahələrdə özünü göstərir. İstər hərbi, istərsə də infrastruktur layihələrinin reallaşdırılmasına göstərdiyiniz diqqət və qayğı bunun bariz nümunəsidir.

Cənab Ali Baş Komandan, 2016-cı ilin aprelində Sizin komandanlığınızla aparılan hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi, uğurlu Lələtəpə əməliyyatı və düşmənə endirilən sarsıdıcı zərbə bütün bunların əyani göstəriciləridir.

Ötən ilin aprel əməliyyatlarından dərhal sonra Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin abadlaşdırılması və burada tikinti işlərinin aparılması, bu il iyunun 15-də Cocuq Mərcanlıda tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi, eləcə də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamlarınız bizi sevindirir.

Cənab Prezident, biz cəbrayıllılar Sizin diqqət və qayğınızdan məmnunluq duyur və Sizə minnətdarlığımızı bildiririk. Cəbrayıl rayon İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin kollektivi adından vətənimiz Azərbaycanın çiçəklənməsi, doğma Qarabağımızın azad olunması naminə yorulmaz fəaliyyətinizdə Zati –ailənizə möhkəm cansağlığı, uğurlar arzu edirik.

Hörmətlə,

Əmiraslanov Dilqəm Məmməd oğlu,

Cəbrayıl rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.