Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası

16 iyun 2017, 23:38

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 16 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

1.3.2. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Gəlir və xərclərin uçotunun aparılması

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.

2.2. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

3. Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi

3.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir:

3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” tərtib edilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

3.3. Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. Malların alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş malların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin malları anbara təhvil verməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

3.4. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır.

3.5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus malların təsərrüfatdaxili (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) hərəkəti “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların topdansatış ticarət fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

3.6. Vergi ödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) topdansatış ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün yol vərəqi” verilir.

3.7. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi mallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda geri qaytarıldıqda, həmin mallar anbara və ya malların saxlandığı digər təsərrüfat subyektlərinə (obyektlərə) yenidən mədaxil edilir və onların dəyərinin alıcıya qaytarılması uçot sənədlərində nəzərə alınır.

3.8. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.

3.9. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

3.10. Malların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

3.11. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

3.12. Vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “topdansatış ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir.

4. Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi

4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır.

4.3. Topdansatış və bölüşdürücü bazarlardan, anbarlardan mallar ticarət obyektlərinə məsul şəxsin sifarişi əsasında buraxılır. Sifariş məsul şəxs tərəfindən imzalanır. Malların bir məsul şəxsdən digərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

4.4. İdxal mallarının və təhtəlhesab şəxsin aldığı malların anbara təhvil verilməsi, habelə topdansatış ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

4.5. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur.

5. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi

5.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi mallar üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir.

5.2. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

5.3. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir.

5.4. Vergitutma məqsədləri üçün xərclərin çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə müəyyən olunur.

6. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi

6.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin anbarlarında malların qalığı hər bir məsul şəxs üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir.

6.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir.

7. Yekun müddəalar

Bu Qaydanın 1.3.1-ci, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 3.3-cü və 4.1-ci bəndlərində nəzərdə tutulan qaimə-faktura, 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 3.2-3.4-cü və 3.9-cu bəndlərində nəzərdə tutulan “Malların təhvil-qəbul aktı”, 3.2-ci bəndində nəzərdə tutulan “Malların alış aktı”, 3.3-cü bəndində nəzərdə tutulan vəkalətnamə (etibarnamə), 3.5-ci və 4.3-cü bəndlərində nəzərdə tutulan “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, 3.6-cı bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 3.8-ci bəndində nəzərdə tutulan “Malların qaytarılması aktı”, 4.4-cü bəndində nəzərdə tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt” və 4.5-ci bəndində nəzərdə tutulan “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

SƏNƏDLƏR Sərəncamlar 23 dekabr 2024
17:46
Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında rəqabətqabiliyyətli qeyri-filiz faydalı qazıntı yataqlarının istismara cəlb edilməsi üçün əlverişli mühit yaradılması...

23 dekabr 2024, 17:46