12 iyun 2017, 14:30

İlqar Hüseynovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Respublikamızın bütün bölgələrinə göstərdiyiniz qayğı və diqqət Naftalan şəhərində də hiss edilməkdədir. Naftalan kurort şəhərinin inkişafı və keçmiş şöhrətini özünə qaytarması Sizin daim diqqətinizdə saxladığınız məsələlərdəndir. Sizin Naftalana hər səfərinizdən sonra bu şəhər daha da abadlaşır və öz simasını tamamilə dəyişərək dünyada tanınan turizm bölgələrindən birinə çevrilir. Sizin 2008-ci ildə Naftalana ilk səfəriniz zamanı Naftalan Müalicə Sağlamlıq Mərkəzində bizimlə görüşünüzdə söylədiyiniz “Naftalanı müasir kurort şəhərinə çevirməliyik” şüarınız bu gün artıq reallığa çevrilib. Hətta deyə bilərəm ki, Naftalanın bugünkü şöhrəti sovet dövründəkindən daha artıqdır.

Bu gün Naftalan nadir müalicəvi xassəli neftinə, iqliminə və burada yaradılan müasir turizm infrastrukturuna görə turistləri özünə cəlb edir. Buraya gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Bütün bunların əsas səbəbi Sizin biz sahibkarlar üçün yaratdığınız şərait və bizə dəstək göstərməyinizdir. Sahibkarlığın inkişafı həmişə Sizin diqqət mərkəzinizdə olub. Naftalanda da hər bir iş adamı öz imkanlarından, bacarığından və əmlakından sərbəst istifadə edərək azad sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Sahibkarların mənafeyini daim qoruduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bütün bunlar bizi fəaliyyətimizi daha da genişləndirməyə və ölkəmizin inkişafına daha böyük töhfələr verməyə ruhlandırır.

Hörmətlə,

Hüseynov İlqar Nəsrəddin oğlu, sahibkar.

Azərbaycan Respublikası, Naftalan şəhəri.