Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının iştirakçılarına

10 may 2017, 18:00

Hörmətli konfrans iştirakçıları!                                                               

Sizi səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar arzu edirəm. Konfransda 90-a yaxın ölkədən, beynəlxalq təşkilatlardan və işgüzar dairələrdən nümayəndələrin iştirakı tədbirinizin mötəbərliliyini göstərir.

60 ildən artıq bir müddət ərzində Birləşmiş Millətlər Təşkilatı və onun ayrı-ayrı komitələri, Beynəlxalq Gömrük və Dəniz Təşkilatı və digər tanınmış beynəlxalq qurumlarla, həmçinin böyük limanlara sahib 180 ölkə ilə yaxın əməkdaşlığı Beynəlxalq Limanlar Assosiasiyasının nüfuzunun əyani sübutudur.

Sevindirici haldır ki, gələn il Assosiasiyanın konfransı Azərbaycanda, Xəzər hövzəsinin ən qədim və iri limanlarından birinə sahib olan Bakı şəhərində keçiriləcəkdir.

Hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafına, xüsusilə Yeni İpək Yolu çərçivəsindəki layihələrə daha çox diqqət yetirir. Ölkəmizin mövcud infrastrukturu bu sektorun inkişafına imkan verir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr bu baxımdan Azərbaycan və ümumən region üçün mühüm əhəmiyyətə malikdir.

Müasir Bakı Limanının tikintisi və onun ətrafında yaradılan azad ticarət zonası ölkəmizi regionda nəqliyyat və logistikanın mərkəzinə çevirmək məqsədi daşıyır. İnanıram ki, aşırma gücü ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatacaq bu nəhəng layihənin gözəl gələcəyi olacaqdır.

2018-ci ildə Bakıda təşkil ediləcək tədbirinizin “Gələcəyin limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adı altında keçirilməsi təsadüfi deyildir. Müzakirələr zamanı dünyada yaranmaqda olan yeni nəqliyyat dəhlizlərinin, azad ticarət zonalarının qonşu ölkələrə və ölkədaxili iqtisadiyyata töhfələri ilə yanaşı, digər aktual mövzular da diqqət mərkəzində saxlanacaqdır. Ümidvaram ki, həmin konfrans sizə eyni zamanda qədim ölkəmizlə yaxından tanış olmaq imkanı yaradacaqdır.

Hər birinizə gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər və ölkələrinizdə əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, “10”   may  2017-ci il