16 may 2017, 16:30

Nəriman Həsənzadədən, Bakı, Azərbaycan

Cənab Prezident,

Ulu Öndərin doğum günündə şəxsən Sizin təqdim etdiyiniz ali Heydər Əliyev Mükafatı mənim üçün həqiqətən çox dəyərlidir və rəmzi məna daşıyır.

Güclü, uzaqgörən və müdrik bir siyasi xadimin yaradıcı ziyalılara göstərdiyi daimi diqqət və qayğısının, yüksək insani münasibətlərinin ifadəsi olan bu estafetin, ənənənin davamını gördükcə, indi tarixə dönən mənalı günləri məmnuniyyətlə, minnətdarlıqla xatırlayıram. Ulu Öndər bizim qəlbimizdə, biz isə Sizin yanınızdayıq.

Müstəqil respublikamızın banisi ölkənin və millətin işıqlı sabahına, öz müqəddəs ideallarına böyük inamla demişdi ki, Azərbaycan dünyaya günəş kimi doğacaq.

O günəş Sizin şəxsinizdə doğdu. Bu gün Azərbaycan – güclü Prezidenti, güclü ordusu, güclü iqtisadiyyatı olan dünyanın mədəniyyət mərkəzlərindən biri kimi ən sabit, çoxmillətli, tolerant bir ölkədir. Dünyada tanınmış şəxsiyyətlərin təşrif buyurduğu, çıxış etdiyi tarixi toplantılar, forumlar diyarı, Avropa və İslam Həmrəyliyi oyunları keçirilən idman qitəsidir.

Azərbaycan qadınının paklıq, ləyaqət, sədaqət rəmzi olan ölkənin birinci xanımı Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizi – tarımızı, sazımızı, kəlayığımızı, analarımızın-nənələrimizin toxuduqları əl işlərini dünyanın gözü qarşısında qürurla nümayiş etdirməsini milli özünüdərkə çağırış, sivilizasiyalar yarışına qoşulmaq inadı, inamı kimi qiymətləndirir, fəxr edirik.

Könül sirdaşınız, əqidə silahdaşınız Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin etməklə, dövlətçilik tariximizin dərin qatlarını üzə çıxardınız, xalqımızın “aslanın erkəyi-dişisi olmaz” kimi müdrik tövsiyəsinə yeni çalar verdiniz. “Ot kökü üstə bitər” atalar sözümüzə öz şəxsinizdə, xalq-zaman qarşısında bir daha Sizə xas olan nümunəni göstərdiniz.

Cənab Prezident, biz yaradıcı ziyalılar Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Nəriman Həsənzadə

Heydər Əliyev Mükafatı laureatı, Xalq şairi.

Azərbaycan Respublikası, Bakı şəhəri.