12 may 2017, 13:40

Baxış Əliyevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz ilə Azərbaycan Ordusu güclənir. Bu ayın əvvəlində çox uğurla keçirilən hərbi təlimlər zamanı silah-sursatların, zirehli texnikaların, ordumuzun döyüş hazırlığının nümayiş etdirilməsi xalqımızı ruhlandırdı, bizi istəməyən ermənipərəst qüvvələri isə çaşbaş saldı.

Sizin Ali Baş Komandan kimi uğurlarınızın, 2016-cı il aprel qələbəsinin, işğaldan azad edilən Lələtəpə yüksəkliyinin ucalığı Dövlət Bayraq Meydanında dalğalanan, Xəzərin qoynunu bəzəyən, qürur mənbəyimiz olan üçrəngli bayrağımızın ucalığı qədərdir.

Cənab Prezident, cəbhə bölgəsində yerləşən rayonlarımızın inkişafı və orada yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılması Sizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmişə diqqətinizdədir. Ən böyük problemlərimizdən biri məcburi köçkünlərin mənzillə təmin olunmasıdır ki, bu da öz həllini tapmaqdadır.

Möhtərəm Prezident, Azərbaycanımızın inkişafında Sizin zəhmətiniz çox böyükdür. Xalqımız Sizi sevir, Sizə inanır. Bizim ən böyük arzumuz odur ki, Şuşada Azərbaycan bayrağını Siz öz əlinizlə ucaldasınız. Biz buna inanırıq. 

Dərin hörmət və ehtiramla,

Əliyev Baxış,

Füzuli rayonundan olan məcburi köçkün.

Azərbaycan Respublikası, Şirvan şəhəri.