İlham Əliyev tanınmış alim, akademik Rəfiqə Əliyevanın vida mərasimində iştirak edib

07 may 2017, 16:15
İlham Əliyev tanınmış alim, akademik Rəfiqə Əliyevanın vida mərasimində iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri vida mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verdilər.

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, Rəfiqə Əliyeva Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Onun rəhbərliyi altında çox önəmli elmi-tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.

Akif Əlizadə vurğuladı ki, ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayan Rəfiqə Əliyeva elmlə təhsilin vəhdətini yaradıb, Azərbaycanın kimya elmində özünəməxsus iz qoyub. Rəfiqə Əliyevanın fəaliyyətində kimyanın inkişafı ilə ətraf mühitin qorunmasının mühüm istiqamət olduğunu deyən Akif Əlizadə onun gözəl insan, gözəl ana olduğunu vurğuladı.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanımın pedaqoq kimi xidmətlərindən danışdı, onun gözəl müəllim olduğunu dedi. Abel Məhərrəmov ölkəmizdə çoxsaylı kimyaçıların yetişməsində müstəsna xidmətləri olan Rəfiqə Əliyevanın tələbələrin sevimlisinə çevrildiyini, onun gələcəyin kimyaçılarına daim ana qayğısı ilə yanaşdığını diqqətə çatdırdı. Universitetdə bir çox elmi tədqiqatların aparılmasında, kimya üzrə laboratoriyanın yaradılmasında mühüm rol oynayan Rəfiqə Əliyevanın ictimaiyyət arasında da böyük hörmətə sahib olduğunu deyən rektor mərdlik, cəsarət, iradə kimi xüsusiyyətlərə sahib olan alimin elmi irsinin qorunacağını, xatirəsinin əbədiləşdiriləcəyini bildirdi, onun adının elm, təhsil, maarifçilik tarixinə qızıl hərflərlə yazıldığını vurğuladı.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev də Rəfiqə Əliyevanın elmi fəaliyyətinə nəzər saldı, onun ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərini xatırladı. Bildirdi ki, analitik kimya sahəsində mühüm fəaliyyəti ilə seçilən Rəfiqə Əliyeva 1960-cı illərdən başlayaraq bu istiqamətdə çox dəyərli tədqiqatlar aparıb. Təsadüfi deyil ki, Rəfiqə xanım analitik kimya sahəsində AMEA-nın yeganə həqiqi üzvü olub. Alimin insani keyfiyyətlərini, xeyirxah əməllərini xatırlayan Dilqəm Tağıyev onun xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşayacağını bildirdi.

Akademiyanın Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev qeyd etdi ki, ziyalıların, alimlərin vəfatı xalq üçün hər zaman böyük itki sayılır. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanımın hər zaman akademiya ilə əlaqəli olduğunu deyən Vaqif Fərzəliyev onun Azərbaycan elmində xüsusi rolu ilə diqqət çəkdiyini bildirdi. Qeyd etdi ki, Rəfiqə xanımın zəkasının işığı hər zaman tələbələrinin, övladlarının üstündə olacaq və onları daim xalqa xidmətə ruhlandıracaq.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elminə dəyərli töhfələr verən Rəfiqə Əliyevanın alim, pedaqoq adını hər zaman uca tutduğunu dedi. Bildirdi ki, Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, elmi pedaqoji mühitində fəallığı ilə seçilib. Azərbaycanın tarixi taleyində böyük rol oynayan şəcərənin görkəmli nümayəndəsi olan Rəfiqə Əliyevanın sadəliyini, insani xüsusiyyətlərini vurğulayan İsa Həbibbəyli onun əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını bildirdi.

Mərhumun ailəsi adından çıxış edən qızı Fəxriyyə Xələfova Rəfiqə Əliyevanın insani keyfiyyətlərindən danışdı. “Rəfiqə xanım gözəl ana olmaqla yanaşı, bizim həyatımızın əsas müəllimi idi”, - deyən Fəxriyyə Xələfova onun ana, həyat yoldaşı və nənə kimi əvəzsiz olduğunu bildirdi. Qeyd etdi ki, Rəfiqə xanımın yetişdirdiyi böyük alim ordusu bu gün elmin keşiyində ləyaqətlə durur və bu da deməyə əsas verir ki, onun irsi davam etdiriləcək. Fəxriyyə Xələfova əminliyini bildirdi ki, Rəfiqə xanımın xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.

Sonra tanınmış alimin cənazəsi son mənzilə yola salındı.

Mərhumun ailə üzvləri və doğmaları onunla vidalaşdılar.

Görkəmli alim, akademik Rəfiqə Əliyeva birinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etdilər.

Respublikanın tanınmış kimyaçı alimi, Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın vəfatı Azərbaycanın elmi ictimaiyyətinə ağır itkidir. Böyük pedaqoji fəaliyyəti ilə seçilən, ölkəmizdə çoxsaylı elmi kadrların yetişməsində əvəzsiz rolu olan Rəfiqə Əliyevanın araşdırmaları kimya elmi üçün mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmiş tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10