“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına

24 aprel 2017, 18:20

Hörmətli konfrans iştirakçıları!

Sizi soyqırımı problemlərinə dair Azərbaycanda keçirilən növbəti elmi konfransda səmimi qəlbdən salamlayıram.

Mürəkkəb geosiyasi proseslərin getdiyi indiki vaxtda sülh və sabitliyin təmin olunması tərəqqipərvər bəşəriyyəti narahat edən ən mühüm məsələlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, dünyada dinc birgəyaşayış normalarının pozulmasına rəvac verən ksenofobiya, ekstremizm, dini ayrı-seçkilik və terrorizm kimi hallar getdikcə artır. Qlobal təhlükəsizliyə zərbə vuran bu cür qorxulu meyillər hərbi toqquşmaların yaranmasına, mədəniyyət abidələrinin dağıdılmasına, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsinə və mənəvi aşınmaya səbəb olur.

Konfransın keçirildiyi Lənkəran şəhərinin sakinləri də, ölkəmizin digər regionlarında olduğu kimi, hələ 1918-1919-cu illərdə erməni-daşnak quldur dəstələrinin törətdiyi qırğınların ağrı-acısını öz üzərində yaxından hiss etmişlər. Tarixin çətin sınaqlarından mətanətlə çıxaraq Azərbaycan dövlətinə sədaqəti, xalqımızın milli-mənəvi dəyərlərinə bağlılığı ilə həmişə qürur duyan cənub bölgəsindəki vətəndaşlarımız respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmiş, bu yolda çoxsaylı şəhidlər vermişlər.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə malik olan Azərbaycan dünyada sülhün və təhlükəsizliyin carçısı kimi çıxış edir, irqi, milli və dini ayrı-seçkiliyə qarşı prinsipial mövqe tutur. Deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını tarixi yaddaşında yaşadan xalqımız bu ilin fevral ayında müasir dövrün ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümünü dərin hüznlə qeyd etdi. Şübhə yoxdur ki, soyqırımıda birbaşa əli olan şəxslərin hələ də beynəlxalq hüquqi normalara uyğun olaraq layiqli şəkildə cəzalandırılmaması onları yeni qanlı əməllərə, hərbi təcavüzkarlıq niyyətlərini davam etdirməyə şirnikləndirir. Buna görə də insanlıq əleyhinə cinayətlərə obyektiv hüquqi-siyasi qiymətin verilməsinə, günahkarların ədalət məhkəməsi önünə çıxarılmasına nail olmaq üçün tarixi gerçəkliyin geniş elmi araşdırılması və nəticələrin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. İnanıram ki, bu mötəbər toplantıdakı müzakirələr, əvvəlki elmi məclislərdə olduğu kimi, acı həqiqətlərin müfəssəl şəkildə işıqlandırılmasına və soyqırımı törədənlərin tarix qarşısında mühakimə olunmasına öz töhfəsini verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə sizə yeni nailiyyətlər arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 aprel 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04