İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib

17 aprel 2017, 09:30
İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Dövlət başçısı müşavirəni giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

-Bu gün Yevlax rayonunda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsi keçirilir. Bu müşavirənin böyük əhəmiyyəti var. Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq. Bunu deməyə əsas var. Çünki son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılmışdır, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilmişdir, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilmişdir və göstərilir. Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik. Birinci müşavirə Yevlax rayonunda keçirilir. 

Son illər ərzində Yevlax rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün bir çox önəmli addımlar atılmışdır, həm iqtisadi, həm sosial layihələr icra edilmişdir. Mənim bu səfərim çərçivəsində biz bir neçə önəmli obyektin açılışını qeyd etdik. İki yol layihəsi istismara verildi. Uzun illər ərzində demək olar ki, fəaliyyətsiz qalan Varvara Su Elektrik Stansiyasının yenidən qurulması öz həllini tapdı və indi bu stansiya 18 meqavat enerji gücünə malikdir. Eyni zamanda, biz Yevlaxda müasir balıqartırma müəssisəsinin açılışını da qeyd etdik. Bu da böyük müəssisədir və böyük investisiya qoyulubdur, eyni zamanda, bu müəssisənin çox böyük ixrac potensialı var.

Əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.

O ki qaldı, dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, belə gözəl regional inkişaf mərkəzləri yaradılır, bu, ikinci mərkəzdir. Mən Xaçmaz rayonunda birinci mərkəzin açılışında da şəxsən iştirak etmişdim. Sahibkarlar üçün Yevlax rayonundakı bu Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir.

Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.

Əlbəttə, sahibkarlığın inkişafı haqqında danışarkən biz mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcək.

Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik? İlk növbədə, regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. Onu biz o vaxt etməyə başladıq ki, hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başlamışdır. Ancaq biz birinci Regional İnkişaf Proqramını 2004-cü ildə qəbul etdik və onu icra etməyə başladıq. Yəni, bu, onu göstərir ki, bizim uğurlarımızın təməlində təkcə maliyyə vəziyyətimiz dayanmır. Eyni zamanda, düşünülmüş siyasət, güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyətimiz həm Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də biz ardıcıl siyasət apararaq ölkəmizi gücləndiririk.

Demək olar ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilmişdir. Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən, infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq. Əvvəlki illəri yaxşı xatırlayırıq, işıqlar sönürdü, hətta Bakı şəhərində fasilələr yaranırdı. Bu gün isə biz dayanıqlı elektrik enerjisini demək olar ki, təmin etmişik. Hələ də işlər gedir, enerji infrastrukturu yeniləşir, yarımstansiyalar tikilir, yeni xətlər çəkilir, elektrik dirəkləri təzələnir. Ancaq demək olar ki, biz işlərin böyük hissəsini görə bilmişik.

Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Xatırlayıram, Prezident kimi bölgələrə ilk səfərlərimdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlı idi. O vaxt nəinki kəndlərdə, hətta rayon mərkəzlərində təbii qaz yox idi. Bakı şəhəri 100 faiz təbii qazla təmin edilmirdi. Biz bu məsələni də demək olar ki, həll etdik. Qazlaşdırmanı 92 faizə çatdırmaq hər bir ölkə üçün böyük nailiyyətdir. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq.

Birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət almışdır. Dünən Yevlax rayonunda iki yol layihəsini istismara verdik. Demək olar ki, Yevlax rayonunda əsas kənd yolları artıq normal vəziyyətdədir. Bu il yüzlərlə kəndi birləşdirən yeni yol layihələri icra ediləcək. Bu, həm sosial, həm də iqtisadi məsələdir. Çünki bu, həm insanlara rahatlıq verir, eyni zamanda, məhsulu bazarlara vaxtında çatdırmaq üçün yolların böyük əhəmiyyəti var. Həmçinin yol olmayan yerlərə investisiya da gəlmir və inkişaf da olmur. Bax, proqramın əsas istiqamətləri bu idi.

Eyni zamanda, sosial infrastrukturun yaradılması – 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilmiş, yaxud təmir edilmişdir. Böyük meliorasiya layihələri icra edilmişdir. Deyə bilərəm ki, onların içərisində iki layihə - Taxtakörpü və Şəmkirçay su anbarları tarixi əhəmiyyət daşıyır. Həmin layihələrə böyük dövlət vəsaiti qoyulmuşdur. Bu su anbarlarının fəaliyyəti bundan sonra da kənd təsərrüfatına daim böyük dəstək olacaq. Digər meliorasiya layihələri icra edilmişdir və bu proses davam edir. Hesab edirəm ki, bu il bu istiqamətdə ən ciddi addımlar atılacaq. Mən bunu artıq demişəm, fermerlərə bu il təxminən 150 min hektar yeni suvarılan torpaq təhvil veriləcək. Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir.

Bir sözlə, regional inkişaf proqramlarının icrası öz gözəl nəticələrini vermişdir. Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir.

Regionlarımız abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər bir bölgəyə səfər edərkən gözəllik, abadlıq görürsən. Bütün bunları biz etdik. Bunlar bizim siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu, bir daha onu göstərir ki, tutduğumuz yol düzgün yoldur və bu təşəbbüslərin yerinə yetirilməsi artıq tam yeni bir vəziyyət yaratdı.

Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq.

Bu ilin göstəriciləri də çox sevindiricidir. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılmışdır. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artmış, idxal 17 faiz azalmışdır. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artmışdır. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarlar tərəfindən bizim siyasətimizə göstərilən praktiki dəstək, - onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, - deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda, biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik.

Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğrultmuş və ixracın sürətli artımına gətirib çıxarmışdır. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir.

İnvestisiya təşviqi mexanizmi işə salındı. Artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir. Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır. Yəni, bu investisiya təşviqi mexanizmini işə salmaqla görün, biz investisiya üçün nə qədər vəsait cəlb etmişik. Sahibkarlar özləri bunu təşkil edirlər. Dövlət, əlbəttə ki, öz dəstəyini göstərir.

Qeyd etdiyim kimi, güzəştli kreditlər, metodiki tövsiyələr və əlbəttə ki, infrastruktur layihələri öz bəhrələrini verir. Biz bu il 150 min hektara ilk dəfə olaraq su verəcəyik. Bütün bunlar iqtisadi potensialımızı artırır və imkan yaradır ki, sahibkarlar vəsait qoysunlar, məhsul yetişdirsinlər və xarici bazarlara çıxarsınlar, daxili bazarı təmin etsinlər. Yəni, bu iki təşviq təşəbbüsümüz çox böyük qiymətə layiqdir. Bununla bərabər, keçən il biz “Azexport” portalını yaratdıq. Bu da dövlət tərəfindən atılmış addımdır ki, biz sahibkarların işini yüngülləşdirək. “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib. Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki, biz xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. İndi bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz hələ ki, olmur. Ancaq “Azexport” portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq.

“Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir.

Mən artıq qeyd etmişəm, kreditlər verilir, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Texnika alınır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir. Bütün bunlar qeyri-neft sektorumuzu canlandırdı. Ancaq sahibkarlara əlavə dəstək verilməlidir ki, onlar artıq öz məhsullarını xarici bazarlara çıxarsınlar. Çünki bu, onlara da, dövlətə də lazımdır. Bu, ölkəmizə valyuta gətirir. Ona görə, biz bu sərgilərdə iştirakımızı genişləndirməyə başladıq. Xarici ölkələrə bir neçə ixrac missiyası ezam edilmişdir. Bu missiyaların da çox böyük faydası var. Qərara gəldik ki, bir neçə ölkədə Azərbaycanın ticarət evlərini yaradaq və biz artıq buna yaxınlaşırıq. Yəni, dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır.

Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaqdır.

Bir məsələni də qeyd etmək istəyirəm ki, biz daim inkişafda olmalıyıq. Çünki ölkə dinamik şəkildə inkişaf edir və əhali artır. İnkişaf etmiş ölkələrdə əhalinin sayı ya sabit qalır, ya da ki, azalır. Bizim ölkəmizdə isə əhali artır. 2004-cü ildə birinci regional proqramı qəbul edərkən bizdə əhali az idi. İndi əhalinin sayı 10 milyona yaxınlaşır. Bu, əlbəttə ki, bizim böyük üstünlüyümüzdür, eyni zamanda, onu göstərir ki, iqtisadi inkişaf çox sürətli olmuşdur. Ona görə, insanlar daha da yaxşı yaşamağa başladılar, rifah yüksəldi və təbii ki, əhali də artır. Ancaq, eyni zamanda, bu müsbət tendensiya bizim qarşımızda çox ciddi vəzifələr qoyur. Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək.

Biz növbəti illərdə görüləcək işlər haqqında danışacağıq. Bu müşavirənin əsas məqsədi ondan ibarətdir ki, biz gələcək fəaliyyətimizi planlı şəkildə aparaq. Bu gün veriləcək tapşırıqlar, qarşıya qoyulacaq vəzifələr, əlbəttə ki, icra edilməlidir və ediləcəkdir. Onların icrası nəticəsində biz daha da böyük ixrac potensialına nail olacağıq. Əlbəttə ki, biz bunu ancaq sahibkarların köməyi ilə, onların fəaliyyəti hesabına təmin edə bilərik. Dövlət isə həmişəki kimi sahibkarların yanında olacaqdır.

                                                                                               X X X

Sonra iqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır.

Təsadüfi deyil ki, Sizin tərəfinizdən təsdiq edilmiş milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilmişdir. Bu, azı üç dəfədən çox artım deməkdir. Sözsüz ki, bu vəzifənin uğurla yerinə yetirilməsi üçün ölkə iqtisadiyyatı güclü və rəqabətqabiliyyətli qeyri-neft sektoruna malik olmalıdır.

Cənab Prezident, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə aparılan islahatların əsas məqsədi məhz qeyri-neft sektorunun inkişafı olub və onların uğurlu icrası sayəsində bu sahədə dönüş əldə edilib. Ötən müddət ərzində dövlət investisiyaları hesabına rəqabətqabiliyyətli məhsul istehsalının əsas şərtləri olan etibarlı elektrik enerjisi, qaz, su, suvarma, yol-nəqliyyat və digər infrastruktur layihələri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.

Bununla yanaşı, qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir.

Bu baxımdan son illərdə sənaye parklarının və zonalarının, aqroparkların yaradılmasının, inzibati prosedurların sadələşdirilməsinin, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunmasının, habelə “ASAN xidmət” mərkəzləri, Sahibkarlığa Kömək Milli Fondu, Aqrolizinq, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti və digər təşkilatlar vasitəsilə sahibkarlığa verilən dəstəyi xüsusilə vurğulamaq lazımdır.

Bugünkü tədbirin keçirildiyi regional inkişaf mərkəzi, burada yaradılmış biznes inkubator, sərgi və təlim zalları da Sizin sahibkarlara göstərdiyiniz dəstəyin və diqqətin bariz nümunəsidir.

Görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Məsələn, indiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.

Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.

Eyni zamanda, istehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Belə ki, cari ilin ilk rübündə ümumi idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə demək olar ki, dayanıb. Ölkəmizdə məhsullar üzrə təminetmə səviyyəsi artdıqca, təhlillər aparıldıqdan sonra əlavə məhsullar da siyahıya daxil ediləcək.

Möhtərəm cənab Prezident, ötən il ixracın təşviq edilməsi sahəsində imzaladığınız fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovurulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir.

Tətbiq edilməyə başlandığı qısa müddət ərzində sahibkarlar tərəfindən mexanizmə böyük maraq göstərilib. Cari ilin birinci rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Tərəfimizdən ixrac dinamikası və sahibkarların müraciətləri təhlil olunur və ixrac potensialı yüksək olan digər məhsullar da siyahıya daxil ediləcək.

“Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin təşviqinə, yerli şirkətlərin xaricdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarına çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları” təsdiq olunduğu tarixdən etibarən, yəni ötən 5 ay ərzində Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Çin Xalq Respublikasına səfər çərçivəsində beynəlxalq şərabçılıq sərgisində yerli şərab məhsullarımızdan biri qızıl medala layiq görülüb və 500 min şüşə şərabın Çinə ixracına dair imzalanmış müqavilənin icrasına başlanılıb. Dubaya ixrac missiyası çərçivəsində nar şirəsi, alma və balın ixracına dair razılaşmalar əldə edilib.

Cari ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin “Gulfood” beynəlxalq ərzaq, “Prowein” şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub.

Cənab Prezident, ixracın təşviqi tədbirləri ilə bərabər, bu sahədə inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması təmin olunur, xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülür. Belə ki, elektron gömrük bəyannaməsinin tətbiqinə başlanılıb, ixrac üçün tələb olunan sənədlərin sayı azaldılıb, qeyri-neft məhsulları üzrə malların mənşə ölkəsinin müəyyən edilməsi üçün ekspertiza xidmətləri tarifləri orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə müddəti üç gündən bir günə endirilib.

İxrac bazarlarında ölkəmizin və ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı müvafiq Fərmanınızın icrasına başlanılıb, ölkəmizin ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub.

Belarusda yaradılmış Azərbaycan Ticarət Evinin bu yaxınlarda açılışı gözlənilir. Eyni zamanda, Ukraynada bununla bağlı işlər aparılmaqla yanaşı, məhsullarımızın ixrac potensialı olan digər ölkələrdə də ticarət evlərinin yaradılması nəzərdən keçirilir.

Tapşırığınıza əsasən Qazaxıstanın Aktau şəhərində müasir logistika mərkəzi yaradılıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu yaxınlarda mərkəzə baxış keçirərkən onun fəaliyyətini yüksək qiymətləndirib və burada xüsusi gömrük rejiminin tətbiq edilməsi barədə aidiyyəti orqanlara tapşırıq verib.

Eyni zamanda, ixracın təşviqi tədbirləri çərçivəsində AZPROMO tərəfindən cari ilin üç ayında 50-dən çox tədbir keçirilib, 30-dan çox şirkətə ixrac üzrə fərdi xidmət göstərilib, ixrac portalları istifadəyə verilib, “GO EXPORT” layihəsi üzrə 5 proqram təşkil edilib və regionlarda təlimlər keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “İxracatçılar Klubu”, habelə Arıçılar, Qablaşdırma, Tikinti Materialları İstehsalçıları, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyaları yaradılıb.

Möhtərəm cənab Prezident, qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb, bu isə cari ilin ixrac göstəricilərində də öz əksini tapıb. Belə ki, bu ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək 32,5 faiz), o cümlədən, kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə həmin platformanı istisna etsək 25 faiz artıb.

Bu dövr ərzində tərəvəz ixracı 45 faiz, meyvə ixracı 20 faiz, pambıq ixracı 3,6 dəfə, süd məhsulları ixracı 3,6 dəfə, spirtli və spirtsiz içki ixracı 2,3 dəfə, emal olunmuş meyvə-tərəvəz məhsulları ixracı isə 39 faiz artıb. Sənaye sahəsində isə kimya sənayesi məhsulları 85 faiz, toxuculuq məmulatları 65 faiz, alüminium və ondan məmulatlar 43 faiz, plastiklər 33 faiz, avadanlıqlar, mexaniki qurğular və hissələri 2,1 dəfə çoxalıb.

Qeyri-neft ixracının 45 faizi MDB dövlətləri və Gürcüstanın, 26 faizi Türkiyənin, 12 faizi Avropa İttifaqı ölkələrinin, 4 faizi Çinin, 13 faizi isə digər ölkələrin payına düşüb.

Bununla belə etiraf etmək lazımdır ki, müsbət meyillərə baxmayaraq, iqtisadi potensialımız nəzərə alındıqda qeyri-neft ixracının həcmi arzu olunan səviyyədə deyil. Buna görə Azərbaycanın müqayisəli üstünlüyə malik olduğu bir neçə hədəf mal qrupları üzrə istehsalın və ixracın artırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.

Təhlillər göstərir ki, bəzi kimya məhsulları, qara metal və alüminium, elektrik avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz, pambıq, tütün, fındıq, barama, xalça və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün xüsusilə böyük imkanlar mövcuddur. Bu baxımdan ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması tədbirləri bundan sonra da davam etdiriləcək.

Bununla yanaşı, cənab Prezident, tapşırığınıza uyğun olaraq, xarici kütləvi informasiya vasitələrində Azərbaycan məhsullarının reklam kampaniyası aparılacaq.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Möhtərəm cənab Prezident.

Sizi əmin etmək istərdim ki, ixracın təşviqi istiqamətində imzalanmış fərman və sərəncamlardan irəli gələn vəzifələrin, tərəfinizdən verilən bütün tapşırıqların tam, yüksək səviyyədə və vaxtında icra olunması üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                             X X X

Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin MƏDƏTOV çıxış edərək dedi: 

- Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların nəticəsi olaraq, qeyri-neft sektorunun, o cümlədən aqrar sənayenin inkişafı təmin olunub. Bu, biz sahibkarlara və özəl sektora böyük dəstəkdir.

Cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunmuş dövlət proqramları, strateji sənədlər və mexanizmlər qeyri-neft sektorunun inkişafına, yeni ixracyönümlü istehsal sahələrinin yaradılmasına, ixracın genişləndirilməsinə böyük təkan verir.

Məlum olduğu kimi, 1980-ci illərin ikinci yarısından başlayaraq, Ulu Öndərimizin böyük zəhməti sayəsində respublikamızın bütün rayonlarında salınmış üzüm bağları Sovet hökumətinin yanlış “yenidənqurma” siyasəti nəticəsində demək olar ki, məhv edilmiş, şərab emalı müəssisələri istifadəsiz qalmışdı. Bu sahədə müşahidə olunan tənəzzülün qarşısı Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən dönüşündən sonra alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artmağa başladı.

Cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı proqramları və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük dəstək olub. Bu sahədə əhəmiyyətli işlər görülüb, üzüm istehsalı və emalı sahəsinin inkişafına dövlət tərəfindən 40 milyon manatdan çox güzəştli kredit verilib, müasir bağlar salınıb, son texnoloji avadanlıqlarla təchiz olunmuş şərab zavodları qurulub, məhsulların çeşidləri və keyfiyyətində inqilabi dönüş edilib.

Bütün bunların nəticəsidir ki, Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülməyə başladı. Təkcə son aylar ərzində şərablarımız Çində keçirilən sərgidə qızıl medala, Bolqarıstanda keçirilən müsabiqədə isə gümüş medala layiq görülüb.

Şərab və konyak məhsullarımızın qeyri-neft ixracında payı da artmaqdadır. Ötən illə müqayisədə bu ilin ilk üç ayı ərzində şərab ixracımız 29 faiz, konyak məhsullarımızın ixracı isə 2,3 dəfə artıb. Lakin şərabçılarımızın potensialı bundan dəfələrlə çoxdur və biz müvafiq dövlət qurumları və AZPROMO ilə əməkdaşlıq edərək bu potensialın tam reallaşdırılmasına çalışırıq.

Möhtərəm cənab Prezident, tərəfinizdən təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azerbaijan” brendinin təşviqi tədbirlərindən ən aktiv bəhrələnən məhz şərab istehsalçılarıdır. İxrac təşviqi mexanizminin başladığı 2016-cı ilin noyabrından bu günədək şərab və konyak məhsullarının ixracına görə 460 min manatdan çox məbləğdə ixrac təşviqi məhz şərabçılarımıza ödənilib. Şirkətlərimiz Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda və Ukraynada biznes forumlarda, digər çoxsaylı işgüzar görüşlərdə iştirak edib, məhsulları təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib.

Mart ayında respublikamızın qabaqcıl 9 şərab istehsalçısı dünyanın şərabçılıq sahəsində ən mötəbər, 60 mindən çox qonağı və 6200 stendi olan “Provayn Düsseldorf” sərgisində vahid ölkə stendi ilə iştirak edib. Sərgiyə qatılan 59 şərab istehsalçısı ölkəsinin sırasında Azərbaycanın bayrağını görməyimizdən böyük qürur hissi duyduq.

Yaradılmış bütün bu imkanlara görə, cənab Prezident, Sizə minnətdarıq.

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yarandığı qısa müddət ərzində ətrafına 25-dən çox müəssisənı birləşdirib, bu sahədə fəaliyyət göstərən yerli mütəxəssisləri cəlb edib. Məqsədimiz şərabçılıq sahəsində ölkəmizin potensialını tam reallaşdırmaq, bu sahədə müəssisələrimizin fəaliyyətini əlaqələndirmək, respublikada mövcud olan üzümçülük təsərrüfatları, üzüm sortları və əkin sahələrinin statistikasının təkmilləşdirilməsinə və müasir normativ texniki sənədlərin hazırlanmasına dəstək vermək, yerli kadrların yetişdirilməsində və milli əmtəə nişanlarının reyestrinin tərtib olunmasında iştirak etmək, şərab turlarını təşviq etməkdir.

Möhtərəm cənab Prezident, bu sahəyə göstərdiyiniz qayğıya görə bütün şərabçılar adından Sizə öz minnətdarlığımızı bildirir və əmin edirik ki, dövlət qurumları ilə sıx əməkdaşlıq edərək Azərbaycan şərabçılığının şöhrətini bərpa etmək və dünyada tanıtmaq üçün var gücümüzlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                 X X X

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl ORUCOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək ölkəmizdə biznes imkanlarının genişlənməsi və yeni investisiyalar üçün əlverişli şərait yaradıb.

Fındıqçılıq ölkəmizin kənd təsərrüfatının ən önəmli sahələrindən biridir. 2016-cı il 16 noyabr tarixli Sərəncamınıza uyğun olaraq, dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq fermerlərə pulsuz verilməsi məhsul istehsalının genişləndirilməsinə böyük töhfə verir. Bununla yanaşı, fındıq istehsalçılarına verilən 10 milyon manat məbləğində güzəştli kreditlər bu sahənin inkişafına dəstək olub.

Hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu işlər hazırda da davam edir. Cari ilin ilk üç ayı ərzində Assosiasiya tərəfindən 62 min fındıq ağacı yetişdirilərək yeni tingçilik təcrübə stansiyası yaradılıb.

Hava şəraitinin fındıqçılıq üçün əlverişli olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsul yığılmasını və ya keçən illə müqayisədə təqribən 50 faizlik artım gözləyirik.

Cənab Prezident, Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözləyirik.

Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Biz İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri, xüsusilə ixrac təşviqi və “Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq.

Cari ildə Almaniya və Ukraynaya ixrac missiyaları, o cümlədən Almaniyada keçirilmiş “Yaşıl həftə” və Dubay şəhərində keçirilmiş “Gulfood” sərgilərində iştirak etmişik və nəticədə yeni bazarlarda müştərilər tapmışıq. Hazırda onlarla intensiv danışıqlar aparırıq.

Məlumat üçün bildirirəm ki, 2017-ci il üçün beynəlxalq proqnozlara görə, dünya üzrə fındıq istehsalının artımı gözlənilir. Nəticədə dünya bazarında əsas fındıq istehsalçı və təchizatçı ölkələri arasında rəqabət artacaq. Bu rəqabətə davamlılığı saxlamaq üçün Assosiasiyamız tərəfindən fındığın yüksək keyfiyyətinin saxlanması üçün fermer təsərrüfatları ilə təbliğat işləri aparılır və texniki dəstək göstərilir.

Keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi önəmlidir. Assosiasiya tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır. Eyni zamanda, məhsullarımız üçün yeni bazarlar araşdırır və orada fəaliyyət göstərən idxalçı və alıcılarla əlaqə qururuq. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan “Ata-baba” sortunu xarici müştərilər arasında təbliğ edirik.

Möhtərəm cənab Prezident, Sizin fındıqçılığın inkişafı və qeyri-neft ixracının artırılması ilə bağlı verdiyiniz tapşırıqların icra olunmasında biz sahibkarların üzərinə düşən məsuliyyəti dərk edirik. Sahibkarlara verdiyiniz hərtərəfli dəstəyə görə Sizə öz minnətdarlığımızı bildirir və əmin edirik ki, bu istiqamətdə bütün səylərimizi səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                             X X X

“Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş UZAN çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Mənə çıxış üçün yaratdığınız imkana görə təşəkkürümü bildirir, Sizi çoxminli “Azərsun” kollektivi adından salamlayıram.

Möhtərəm cənab Prezident.

Sürətli inkişaf yolu keçən Azərbaycanın əyalət şəhərində belə bir tədbirin keçirilməsi, bu regionun qısa bir zamanda yüksək infrastruktura malik olması ölkənin inkişaf tempinin bariz göstəricisidir.

Möhtərəm cənab Prezident, “Azersun Holdinq” 25 ildir Azərbaycanda fəaliyyət göstərir. Ulu Öndərimizin qayğı və dəstəyi ilə qurulmuş minlərlə Azərbaycan şirkəti kimi, “Azersun Holdinq”də dövlətin dəstəyi ilə böyük uğurlara imza atır, infrastruktur və kənd təsərrüfatı layihələrinin icrasını uğurla həyata keçirməkdədir. Hazırda “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların adının altında “Azersun Holdinq” imzasının olması bizi qürurlandırır. “Azersun Holdinq” ikisi Amerika qitəsinə, 21-i Avropaya, 6-sı MDB-yə, 7-si Uzaq Şərqə və Asiyaya olmaqla, dünyada ümumilikdə 36 ölkəyə 320 adda məhsul ixrac etməkdədir.

2016-cı ildə “Azersun Holdinq”in müəssisələrində istehsal olunan 164 min ton məhsul ixrac edilib və ümumilikdə ölkəyə 110 milyon dollar valyuta gətirilib. 2017-ci ilin birinci rübündə isə ümumilikdə 32 min ton məhsulun müqabilində ölkəyə 27 milyon dollar valyuta cəlb edilib.

Sizin bilavasitə göstərişləriniz əsasında reallaşdırılan islahatlar Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərir. Qeyd etmək istəyirəm ki, son zamanlar Sahibkarlığa Kömək Milli Fondunun, Dövlət İnvestisiya Şirkətinin ayırdığı kreditlərdən də istifadə edən şirkətimiz böyük istehsal sahələri yaradaraq minlərlə yeni iş yeri açıb. Məhz bu dəstəyin nəticəsində Aktauda İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə açdığımız “Azərsun” Logistika Mərkəzi, Azərbaycanın bitki yağlarına tələbatını tam ödəmək gücünə malik Sumqayıt yağ zavodu, “Green Tech” müasir istixana kompleksi kimi onlarla müəssisə tikilərək istifadəyə verilib. Hazırda Padarda 5 min hektar ərazidə müasir kənd təsərrüfatı kompleksində işlər sürətlə davam etdirilir. Yeni müasir avadanlıqla təchiz olunan bu müəssisələr yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsul istehsal etməklə ölkəmizin ərzaq təminatına töhfələr verir.

Möhtərəm Prezident, “Made in Azerbaijan” brendinin təbliği və inkişaf etdirilməsi istiqamətində imzaladığınız fərman və verdiyiniz göstərişlər öz müsbət təsirini göstərməkdədir. Hazırda Azərbaycan istehsalı olan və üzərində “Made in Azerbaijan” yazısını daşıyan “Azerçay” markamız, “Saville” və “Bizim tarla” nar şirəmiz xaricdə ölkəmizi layiqincə təmsil edir. Almaniyanın “Heinemann” şirkəti ilə əldə olunmuş razılaşmaya əsasən, “Azerçay” markamız dünyanın 50-dən çox hava limanında “Duty Free” mağazalarında istehlakçılara təqdim olunur.

Cənab Prezident, “Azerçay”ın uğurları Ümummilli Liderimiz çay fabrikimizi ziyarət edərkən bizə ciddi surətdə tapşırdığı “Bu markanı inkişaf etdirin, bu markanın gələcəyi var, bu markaya diqqətlə yanaşın” tövsiyəsi ilə əldə edilib. Həmin diqqətin, qayğının nəticəsidir ki, bu gün “Azerçay” dünyanın aparıcı idman yarışlarında, beynəlxalq tədbirlərində baş sponsor kimi iştirak edir, Azərbaycanın çay ənənələrini, mədəniyyətini, milli maraqlarını uğurla təmsil edir. Rusiyanın tanınmış telekanallarında bir çox populyar televiziya verilişlərində “Azerçay” bir nömrəli çay markası kimi ölkəmizin uğurlu brendi kimi təqdim olunur. Eyni zamanda, “Saville” nar şirəmiz Amerika və Avropanın bir çox ölkəsinə ixrac edilir və ona olan maraq gündən-günə artmaqdadır. Yağ zavodunda istehsal olunan məhsullarımız dünyanın ən böyük iki “fast-food” şirkətinin beynəlxalq yoxlamalarından yüksək nəticələrlə keçib və bu regiondakı mağaza şəbəkələrində təklif olunmağa başlanıb. Eyni zamanda, şəkər zavodunda istehsal olunan “Azərşəkər” markalı şəkərimiz dünyanın içki sektorunda aparıcı lider firmalarının Avropadakı laboratoriyalarında yoxlanılıb, təsdiqlənib və regiondakı bütün zavodlarda istifadə edilir. Bu uğurlar Sizin uzaqgörənliyiniz və dəstəyiniz nəticəsində mümkün olub.

Möhtərəm Prezident, məhsulların ixracının təşviqi istiqamətində verdiyiniz göstərişlər, fərman və sərəncamlar yerli sahibkarlarda, istehsalçılarda böyük ruh yüksəkliyi yaradıb. Hazırda ixraca verilən dövlət dəstəyi də bu sahədə öz sözünü deyir. Qeyd etməliyəm ki, Sizin iradəniz və dəstəyiniz nəticəsində Azərbaycanın əkinə yararsız on minlərlə hektar torpağı yenidən yararlı vəziyyətə gətirilib və ölkəmizin ərzaq təhlükəsizliyinə mühüm töhfə olub. Bütün bu islahatlarla ayaqlaşmaq üçün biz də şəkər çuğunduru əkinlərinin 20 min hektara çatdırılmasını qarşımıza hədəf qoymu-şuq. Hazırda 14 min hektar ərazidə şəkər çuğunduru əkinləri davam etməkdədir. Eyni zamanda, İmişlidəki şəkər zavodunun gündəlik şəkər çuğunduru emal potensialı 10 min tona çatdırılıb. Zavod Azərbaycanın tələbatını üç dəfə ödəyəcək gücə malikdir.

Eyni zamanda, “Aqrolizinq” vasitəsilə gətirilən aqrar texnikalardan istifadə məhsuldarlığın artmasına səbəb olub. Belə ki, artıq ölkəmizin müxtəlif bölgələrində sahibkarlıq təsərrüfatlarında dünyanın məşhur şirkətlərinə məxsus müasir kənd təsərrüfatı texnikalarından istifadə edilməkdədir. Bu da kənd təsərrüfatı bitkilərinə lazımi aqrotexniki xidmətlər göstərilməsinə və məhsulun vaxtında yığılmasına şərait yaradır.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın inkişafı sahəsində görülən işlər, şəxsi nüfuzunuz, ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın Avropa ölkələrində apardığı səmərəli fəaliyyət nəticəsində biz istənilən şirkətlə bərabərhüquqlu əlaqələr yarada bilirik. İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi ilə beynəlxalq sərgilərdə, biznes forumlarda iştirakımız zamanı Azərbaycanın müasir, çağdaş bir ölkə kimi tanınmasının şahidi oluruq.

Möhtərəm Prezident, çıxışımın sonunda sahibkarlara göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir və fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizin Azərbaycanın inkişafı istiqamətində qarşımıza qoyduğunuz vəzifələrin icrası üçün əlimizdən gələn bütün imkanları səfərbər edəcəyimizə söz veririk.

Allah Sizi qorusun. Diqqətinizə görə çox sağ olun.

                                                                                                X X X

“Az-Granata” MMC-nin direktoru Rövşən FƏRHADOV çıxış edərək dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Sizin rəhbərliyinizlə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə qeyri-neft sektorunun inkişafı naminə yürütdüyünüz siyasət hər zaman başlıca istiqamət olub. Əldə olunan bütün nailiyyətlər Sizin fədakar əməyinizin, apardığınız uğurlu siyasətin nəticəsidir.

Şirkətimiz artıq bir neçə ildir ki, fəaliyyətini daxili və xarici bazarlarda uğurla davam etdirir. Müəssisəmizin 500-ə qədər ixtisaslaşmış daimi işçi heyəti var və eyni zamanda, mövsüm ərzində əlavə olaraq, 300-dən çox mövsümi işçilər işə cəlb olunur. Zamanında peşəkarlıqla təsis edilmiş müəssisəmizin məhsulları ölkədaxili və xarici müştərilərimizin tərcih edilən brendinə çevrilib. Fəaliyyətə başladığımız ilk günlərdən etibarən hər zaman gələcəyi düşündüyümüz üçün bazarın mövcud və yaxın gələcəkdəki tələblərinin nədən ibarət olacağını fikirləşmişik. Müəssisəmizin avadanlıq və texnologiyalarının müasir tələblərə cavab verməsi üçün daim yenilənməsinə investisiyalar qoyulub. Məhsul çeşidliliyini artırmaqla imkanlarımızdan maksimum istifadə etmişik ki, bazarda daha çox adda məhsulla rəqabət apararaq gəlirlərimizi artıra bilək.

İstehsalatda keyfiyyətli məhsul əldə etmək üçün imkanlar daxilində bütün proseslər istehsalçının nəzarəti altında olmalıdır. Məhz bu səbəbdəndir ki, yüksək keyfiyyətli xammal ehtiyacımızı ödəmək üçün Ağsu rayonunda 350 hektar nar və Şamaxı rayonunda 400 hektara yaxın üzüm bağlarımız var. Bağlarımızda texnologiyanın son nailiyyətlərindən istifadə edərək ağaclara çox yüksək aqrotexniki qulluq edilir. Nar bağlarımıza Almaniyanın “Lacon” firması tərəfindən “BİO” sertifikatı verilib. Dünyanın bir çox ölkəsində orqanik məhsullara olan tələbat gündən-günə artır və bizim ixrac imkanlarımız genişlənir.

Meyvələrimizin bir qismi ölkədaxili və xarici bazarlarda satışa göndərilir, digər bir qismi isə müəssisəmizdə xammal kimi istifadə olunur. Müəssisəmizdə İsveç, İtaliya, Almaniya, Fransa, Bolqarıstan, Türkiyə istehsalı olan avadanlıqlar sayəsində müasir standartlara cavab verən məhsullar istehsal edirik. Fəaliyyətimizi bir neçə istiqamətdə qurmuşuq və bu istiqamətlərdə brendləşməyə xüsusi diqqət yetiririk. Misal üçün, meyvə şirələri sahəsində “Frumba”, “Vita1000”, “+more”, spirtli içkilər sahəsində isə “Rubai”, “Kəhrəba”, “Sərkərdə”, “Belıy Volk”, “White Water” brendləri mövcuddur.

Daxili bazarda əldə etdiyimiz nailiyyətlər artıq bizdə özünə inam hissi yaradıb. Bunun nəticəsidir ki, keyfiyyətli və rəqabətqabiliyyətli məhsullarımızı ixrac edərək ixracın şaxələndirilməsi siyasətinə biz də öz töhfəmizi vermək istəyirik. Əminəm ki, Azərbaycanda istehsal olunmuş məhsullar dünyanın bir çox yerlərində süfrələrin sevilən dadı olacaq. “Made in Azerbaijan” brendi ilə satdığımız məhsullarımızı tərcih edən xarici müştərilər ölkəmizi daha da yaxından tanımaq üçün internetdə “Azerbaijan” yazıb axtarış edəcək.

Artıq bir neçə ildir ki, ixracımız artan tendensiya ilə davam edir. Eyni zamanda, dövlətimizin apardığı islahatlar nəticəsində iş adamlarına yaratdığı imkanlardan faydalanaraq, İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi alaraq zavodumuzun şərabçılıq hissəsini daha da genişləndirmək üçün yeni avadanlıqlar sifariş vermişik.

Yeni müştərilər tapmaq və mövcud müştərilərimizin istəklərini təmin etmək üçün imkanlarımızdan tam istifadə edirik. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən ixrac missiyaları, biznes forumlar və sərgilər bizə daha geniş müştəri bazarlarına çıxmağa kömək edir. Bu səfərlərdə biz rahatlıqla xarici müştərilərlə əlaqə saxlayıb, onların istəklərini öyrənirik. Xarici bazarlardakı rəqiblərimizi tanıyırıq ki, onlarla rəqabət apara bilək.

Möhtərəm cənab Prezident, Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya kimi ölkələrdə “Made in Azerbaijan” adı ilə satılan məhsulumuzun hesabına ölkəmizə valyuta gətirilməsi işində az da olsa, əməyimizin olması bizi xüsusilə fərəhləndirir. Bir az öncə vurğuladığım kimi, ölkədə həyata keçirilən iqtisadi siyasətə kiçik də olsa, töhfəmizi verməyə çalışırıq. Artıq onlarla müştərimiz ölkəmizi və firmamızı daha da yaxından tanımaq üçün respublikamıza səyahət ediblər. Səfərlərinin bir gününü müəssisəmizə ayırsalar da, digər günlərdə ölkəmizin zənginlikləri və qonaqpərvərliyimizlə tanış olurlar.

Cənab Prezident, apardığınız uğurlu və məqsədyönlü iqtisadi siyasət ölkəmizin ixrac qabiliyyətini və çevikliliyini artırıb. İxrac sənədləşmələrində aparılan islahatlar nəticəsində ixrac üçün daha qısa zaman tələb olunur ki, nəticədə xərclərimiz azalır.

İnanırıq ki, Sizin diqqət və qayğınız nəticəsində biz sahibkarlar bundan sonra da daha rahat və problemsiz işləyəcəyik. Xarici bazarlarda yeni müştərilər qazanaraq ixrac imkanlarımızı artıracağıq. Bizə göstərdiyiniz bu qayğıya və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

                                                                                                  X X X

“Gök-NUR Bakı” MMC-nin müdiri Fərid FƏRHADZADƏ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Son illər Azərbaycanın müstəqil dövlət kimi qazandığı uğurlar, hərtərəfli inkişafı biz sahibkarları da ürəkdən sevindirir və fəaliyyətimiz üçün əlverişli mühit formalaşdırır. Ölkəmizdə sahibkarlığa Sizin tərəfinizdən göstərilən yüksək diqqət və qayğı nəticəsində biznes mühiti daha da yaxşılaşıb ki, bu da biz sahibkarları öz işlərimizi daha həvəslə yerinə yetirməyə sövq edir.

Möhtərəm cənab Prezident.

Ölkəmizdə yeni texnika və mütərəqqi texnologiya əsasında modernləşdirilmiş və beynəlxalq standartlara uyğun yüksək rəqabətqabiliyyətli məhsul istehsal etmək potensialı olan müəssisənin yaradılması bizim əsas hədəfimiz idi. Bu məqsədlə Xəzər rayonunun Zirə qəsəbəsində 2003-cü ildə “Gök-NUR Bakı” kabel şirkətini təsis etdik. Bu gün müəssisəmiz uğurla fəaliyyət göstərir. Biz enerji, təsisat, alçaq və orta gərginlik kabelləri, alova dözümlü yanmaz kabellər, hava elektrik verilişi xətləri üçün naqillər, neft və qaz sənayesinə istiqamətli kabellər və sair məhsullar istehsal edirik. Müəssisəmizin illik istehsal gücü 6 min ton alüminium və 18 min ton mis kabellərdir. Müasir avadanlıqlarla təsis edilmiş istehsal sahəmiz 20 min kvadratmetri əhatə edir. Hazırda müəssisəmizdə 350 nəfər çalışır.

Bütün mәhsullarımız dünya standartlarına uyğun istehsal olunur. Belə ki, “Gök-NUR Bakı” şirkəti yüksək keyfiyyət səviyyəsinə və təhlükəsizlik göstəricilərinə görə “İSO 9001-2008” və “OHSAS 18001-2007” sertifikatlarını əldə edib. İxracat ən prioritet məqsədlərimizdən biri olduğuna görə bizim bu sahədə nailiyyətimiz məhsulumuzun Özbəkistan, Əfqanıstan, Gürcüstan, Türkmənistan və Qazaxıstan respublikalarına ixrac edilməsidir. Şirkətimizin son illər ərzində ixrac etdiyi məhsulun dəyəri 21 milyon 639 min ABŞ dolları miqdarında ölçülür ki, hədəfimiz bu rəqəmi növbəti illərdə daha da artırmaqdır.

2016-cı ildən etibarən şirkətimiz xaricdə keçirilən bütün energetika və inşaat sərgilərində aktiv iştirak edir, məhsullarımızı “Made in Azerbaijan” brendi altında tanıdırıq. Qazaxıstanın Almatı, Gürcüstanın Tbilisi, Albaniyanın Terana şəhərində şirkətimizin rəsmi nümayəndəlikləri açılıb, məhsullarımız artıq Gürcüstan və Qazaxıstana ixrac olunur. “Gök-NUR Bakı” Azərbaycanda ilk şirkətdir ki, məhsulları Kema və “VDE” Beynəlxalq standart sertifikatlarına layiq görülüb. Məhz bu sertifikatlar əsasında məhsullarımızı nəinki MDB və yaxın Şərq ölkələrinə, hətta Avropa ölkələrinə ixrac etmək imkanı yaranıb. Bu məqsədlə şirkətimiz 2017-ci ilin fevralında Orta Şərq Enerji Sərgisində iştirak edib. Həmin sərgidə Birləşmiş Ərəb Əmirlikləri, Orta Şərq və bir çox Afrika şirkətləri məhsullarımıza yaxından maraq göstərib. Nəticə etibarilə artıq Küveyt şirkətlərindən biri ilə memorandum imzalanıb və hazırda digər şirkətlərlə danışıqlar aparılır.

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, biz də digər sahibkarlar kimi yaradılmış əlverişli şəraitdən maksimum yararlanmağa çalışırıq. Bu uğurlu sənaye siyasəti Sizin tərəfinizdən təsdiqlənmiş Dövlət proqramlarında prioritet sahələrdən biri olaraq müəyyən edilib və həmin proqramlarda sənayenin inkişafını təmin edən bir sıra dövlət dəstəyi mexanizmləri nəzərdə tutulub. Buna misal olaraq, bu ilin fevralından sənaye üsulu ilə saflaşdırılmayan mis məmulatlarının ölkədən ixracına yeni rüsumların tətbiqi xammal bazasının genişlənməsinə şərait yaradıb. Bununla yanaşı, ixracın dəstəklənməsi mexanizmlərinin, o cümlədən geriödəmə mexanizminin uğurla tətbiqi sahibkarlar tərəfindən olduqca yüksək qiymətləndirilir.

Əminliklə deyə bilərik ki, həyata keçirdiyiniz uğurlu iqtisadi islahatlar nəticəsində müəssisəmiz daha da inkişaf edir və günbəgün ixracatını artırır.

Möhtərəm cənab Prezident, biz sahibkarlara göstərdiyiniz böyük diqqətə və qayğıya görə müəssisəmizin kollektivi adından Sizə bir daha minnətdarlığımızı çatdırırıq.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                   X X X

“D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin DƏMİROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Ulu Öndərin başladığı işlər sonrakı illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın dayanıqlı və bütün sahələr üzrə inkişafını təmin edən islahatlar strategiyası ölkəmizin hərtərəfli inkişafında, qazanılan nailiyyətlərdə öz parlaq təsdiqini tapır. Bəyan etdiyiniz kimi, ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə göstərdiyiniz fədakar fəaliyyətə görə, bütün sahibkarlar adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident.

Bizim əsas fəaliyyət istiqamətimiz meyvə istehsalı və satışıdır. İstehsal fəaliyyətinə başladığımız ilk vaxtlarda məhsullarımızın əsasən mövsüm vaxtı satışına nail olurduq. Bu isə bir çox hallarda sata bilmədiyimiz məhsulların zay olmasına və tullantıya çevrilərək itkiyə getməsinə səbəb olurdu. Belə hallar baş verdikdə isə müəssisəmiz zərərə düşür, qarşıya qoyduğumuz hədəflərə nail olmağımız çətinləşirdi. Lakin Sizin tapşırığınıza uyğun olaraq, 2009-cu ildən etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlətin güzəştli kreditləri hesabına regionlarda meyvə, tərəvəz və digər ərzaq məhsullarının tədarükü, saxlanması və satışı üçün logistik mərkəzlərin yaradılmasına start verilməsi bizim də perspektiv planlarımızın həyata keçirilməsi üçün bir stimul oldu. Beləliklə, həm özümüzün, həm də digər fermerlərin istehsal etdikləri meyvə-tərəvəzlərin tədarükünü və saxlanılmasını təşkil etmək, eləcə də və qeyri-mövsüm vaxtı davamlı satışını həyata keçirmək üçün Quba rayonunda logistik mərkəzin tikilməsinə qərar verdik.

Ümumi dəyəri 22 milyon manat olan layihəyə ilkin olaraq İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən mərhələlərlə 4 milyon 400 min manat güzəştli kredit vəsaiti ayrıldı. Logistik mərkəzin tikintisində Fransa şirkətinin soyutma və atmosfer nəzarət sistemlərindən istifadə edilib və ümumi tutumu 7 min ton olan logistik mərkəz və eyni zamanda, Hollandiya istehsalı olan tam avtomatlaşdırılmış çeşidləmə və qablaşdırma fabriki yaradılıb.

Logistik mərkəzin, çeşidləmə və qablaşdırma fabrikinin yaradılması bizi yeni intensiv meyvə bağlarının salınmasına həvəsləndirdi və biz bağlarımızın sahəsini artırmaqla 300 hektara çatdırdıq. Meyvə bağlarımızda müasir suvarma sistemləri qurulub və intensiv texnologiyalar əsasında alma, armud, gavalı, şaftalı, gilas və ərik yetişdiririk. İstehsal olunan məhsullarımız “DAD” brendi ilə daxili və xarici bazarlarda tanınıb. Təkcə 2016-cı ildə bu bağlarımızdan, ümumilikdə, 10 min tonadək meyvə yığılıb və bunun da 50 faizə qədəri xarici bazarlara ixrac olunub. Məhsullarımız ənənəvi olaraq, Rusiya bazarları ilə yanaşı, Qazaxıstan, Türkmənistan, Gürcüstan və ilk dəfə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Maldiv adaları, Malayziya, İraq və digər ölkələrə ixrac edilib.

Cənab Prezident.

Sizin qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı verdiyiniz tapşırıqlara uyğun olaraq, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Avropanın bir çox ölkələrində təşkil edilən kənd təsərrüfatı sərgilərində iştirak edərək məhsullarımızı təqdim etmişik və Azərbaycanın vahid brendi ilə Avropa ölkələrinə də ixrac edilməsi üçün danışıqlara başlanılıb.

Ötən dövr ərzində dövlətin vəsaiti hesabına ilkin mərhələdə ayrılmış güzəştli kreditlərimizi artıq tamamilə ödəmişik.

Möhtərəm cənab Prezident.

Biz sahibkarlar fəaliyyət sahələrimizi genişləndirərkən təkcə dövlətin maddi dəstəyini deyil, həmçinin də Sizin böyük mənəvi dəstəyinizi də hiss edirik. Zaman-zaman ölkədə sahibkarlığın, xüsusən qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyiniz qərarlar və biz sahibkarlara tövsiyələriniz gələcək fəaliyyətimizə böyük stimul yaradıb.

Dövlətimizin daimi diqqət və dəstəyinə güvənərək fəaliyyətimizi daha da genişləndirmək məqsədilə meyvə bağlarımızın və logistik mərkəzimizin daha da genişləndirilməsinə başlamışıq. Hazırda Quba rayonunda mövcud bağlarımızın 300 hektardan 400 hektara, logistik mərkəzin tutumunun 7 min tondan 10 min tona çatdırılmasını qarşımıza məqsəd qoymuşuq və bu işlərin icrasına başlamışıq. Bundan əlavə, Qəbələ rayonu ərazisində 100 hektar yeni intensiv alma bağı salmışıq. Bu layihələrin də həyata keçirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əlavə olaraq 10 milyon manat güzəştli kredit ayrılıb.

Bizim əsas fəaliyyət sahələrimizin yerləşdiyi Quba rayonu regional nəqliyyat dəhlizinin üzərində olduğundan gələcəkdə fəaliyyətimizin daha da genişləndirilməsini və beynəlxalq logistika mərkəzinə çevrilməsini qarşımıza əsas məqsəd qoymuşuq.

Möhtərəm cənab Prezident.

Sizin iqtisadi sahədə apardığınız siyasət, xüsusilə də regionların inkişafı, infrastruktur layihələrin icrası, yaradılan yeni müəssisələr, iş yerlərinin açılması, abadlıq-quruculuq işləri ölkəmizi daha da gözəlləşdirir və qüdrətini artırır. Bütün sahibkarların himayədarı və dayağı olduğunuz üçün Sizə sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                  X X X

Biznes İnkubator iştirakçısı Ariz MİKAYILOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

İlk olaraq Sizi və tədbir iştirakçılarını salamlayıram. Bu mötəbər tədbirdə çıxış üçün mənə imkan yaradıldığına görə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla davam etdirilən iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı inkişaf, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlığın inkişafı sahəsində bir sıra nailiyyətlər əldə edilib.

Ölkəmizdə sahibkarlığın inkişafı müasir infrastrukturun yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan regionlarda yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün zəruri bilik və bacarıqlara, müasir biznes idarəçiliyi vərdişlərinə, beynəlxalq təcrübəyə yiyələnməsinə kömək məqsədilə istifadəyə verilən Quba-Xaçmaz və Aran regional inkişaf mərkəzlərinin əhəmiyyəti olduqca böyükdür. Bu gün Sizin iştirakınızla açılışı olan müasir görünüşə malik Aran Regional Inkişaf Mərkəzinin istifadəyə verilməsi əlamətdar hadisədir və biz gənclər bunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu Mərkəz sahibkarların bilik-bacarıqlarının artırılması və müxtəlif tədbirlərin keçiriləcəyi bir məkan olmaqla yanaşı, gələcəkdə startapçıların və gənc sahibkarların beyin mərkəzinə çevriləcək.

Cənab Prezident.

Sizin tapşırıqlarınıza əsasən, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, işgüzar fəallığın artırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən regionlarda gənclər üçün biznes inkubatorların yaradılmasına başlanılıb. Gənclər üçün Azərbaycanda ilk regional biznes inkubator 2013-cü ildə Sizin iştirakınızla Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində, növbəti biznes inkubator isə cari ildə bu mötəbər binada - Aran Regional İnkişaf Mərkəzində yaradılıb. Mən Yevlax şəhərindənəm və Aran Regional İnkişaf Mərkəzində təşkil olunmuş biznes inkubatorun müsabiqə əsasında seçilmiş 20 gənc rezidentlərindən biriyəm. Biznes inkubatorda 3 ay müddətində biznes ideyanın yaradılması və işlənməsi üzrə təcrübəli ekspertlər tərəfindən müvafiq mövzularda ödənişsiz treninqlərin keçirilməsi, növbəti 6 ay müddətində isə biznes ideyanın reallaşdırılması və biznesin qurulması üzrə dövlət və özəl qurumlar tərəfindən ödənişsiz məsləhət xidmətlərinin göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, biz bu mötəbər binada müasir tələblərə cavab verən ofislərlə təmin edilirik. Bütün bunlar gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, Azərbaycanda gənc sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına hərtərəfli dövlət dəstəyinin əyani göstəricisidir.

Ümid edirəm ki, təcrübəli ekspertlər tərəfindən təşkil olunacaq təlim və proqramlar biz gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılmasında, hazırladığımız biznes planların təkmilləşdirilməsində, qısa müddət ərzində gənc sahibkar kimi formalaşmağımızda önəmli rol oynayacaq. Yaradılan belə gözəl şəraitə, həmçinin Azərbaycan gəncliyinin inkişafı istiqamətində atdığınız əhəmiyyətli addımlara, əhatə olunduğumuz yüksək diqqət və xüsusi qayğıya görə regionumuzun bütün gəncləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Biz, gənclər də, öz növbəmizdə çalışacağıq ki, yaradılan bütün imkanlardan, göstərilən dövlət dəstəyindən maksimum yararlanıb Aran regionunun və Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfəmizi verək.

Möhtərəm cənab Prezident, qarşınızda çıxış etmək mənim kimi gənc üçün böyük şərəfdir.

Sonda Sizə Allahdan möhkəm cansağlığı və çiçəklənən Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Diqqətinizə görə çox sağ olun!

                                                                                              X X X

Dövlət başçısı müşavirədə yekun nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

-Əminəm ki, bugünkü müşavirədən sonra ixrac potensialımız daha da artacaq və biz daxili tələbatı daha çox yerli məhsullarla təmin edəcəyik. Əminəm ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik. Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır. 

Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər də ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür.

Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır.

Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi mühüm məna daşıyır və dövlət orqanları bu işlərdə fəal olmalıdırlar.

İxrac prosedurlarını sadələşdirmək lazımdır. Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər.

Mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır.

Biz əlbəttə ki, bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq. Onların adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir.

İxrac missiyalarımız artıq öz səmərəsini göstərir. Bu missiyaların çox böyük faydası var və ilboyu bu missiyalar təşkil edilməlidir. Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz iş planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir.

Biz keçən il sahibkarlarımızın aparıcı beynəlxalq sərgilərdə iştirakını mütəşəkkil qaydada təmin etmişik. Əvvəlki illərdə bu, o qədər də geniş vüsət almamışdır və bəzi hallarda bizim beynəlxalq sərgilərdə iştirakımız formal xarakter daşıyırdı. Bir qrup insan ezam edilirdi. Onlar orada bir neçə gün vaxt keçirirdilər və demək olar ki, bu iştirakın o qədər də böyük əhəmiyyəti olmurdu. Bizim beynəlxalq sərgilərdə iştirakımızın əsas vəzifəsi məhsulumuzu orada təbliğ etməkdir. Ən gözəl nəticə ondan ibarət ola bilər ki, o sərgi zamanı hansısa bir kontrakt da imzalansın. Artıq birinci təcrübə var və bu, burada da səsləndi. Çində böyük partiya şərabımızla bağlı artıq kontrakt imzalanıb və ixrac ediləcək. Ona görə, sərgilərdə iştirakımız praktiki məna daşımalıdır. Biz dünyanın bütün aparıcı sərgilərində iştirak etməliyik. Dövlət qurumları və sahibkarlar bunu öz iş qrafiklərinə salmalıdırlar. Əlbəttə ki, dövlət orqanları, xüsusilə İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir, təşkil edəcək və sahibkarlar da fəal olsunlar. Çünki əvvəlki illərdə bizim problemlərimizdən biri də ondan ibarət olmuşdur ki, sahibkarlar tərəfindən də ixrac məsələlərinə lazımi diqqət göstərilmirdi. Bunun müxtəlif səbəbləri var. Onu da deməliyik ki, dövlət orqanları da buna o qədər də böyük fikir vermirdilər. Belə olan halda, işlər daha çox öz axarı ilə, kortəbii gedirdi. Ancaq bundan sonra biz ixrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik. Bugünkü müşavirənin məqsədi məhz bundan ibarətdir.

“Azexport” portalı yaradıldı. Bu barədə mən giriş sözümdə dedim. İndi biz “Azexport” portalını müfəssəl məlumatlarla təmin etməliyik. Sahibkarlar bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirsinlər və mütəmadi olaraq bu portalla maraqlansınlar, görsünlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Çünki biz artıq bunun ilkin nəticələrini görürük. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Ancaq, eyni zamanda, nəyi görürük? Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə, bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da görəcək. Görəcək ki, misal üçün filan məhsula tələbat var, ancaq Azərbaycanda bunun istehsalı lazımi səviyyədə deyil. Deməli, dövlət də Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə o sahəyə kreditlər verəcək. Sahibkar da görəcək ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaqdır. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında “Azexport” portalına məlumatlar yerləşdirsinlər və bu portalı izləsinlər. Əlbəttə ki, dövlət qurumları da daim monitorinq aparmalıdırlar. Tələbat əslində təklifi də stimullaşdıracaq.

Qeyd etdiyim kimi, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Biz, eyni zamanda, böyük dövlət şirkətlərini və özəl şirkətləri də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə, Dövlət Neft Şirkəti - SOCAR, Azərbaycan Hava Yolları - AZAL, “Azərbaycan Dəmir Yolları” QSC və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər. Onlar “Made in Azerbaijan” brendinin təbliğində fəal iştirak etməlidirlər və müntəzəm olaraq dövlət qurumlarına məlumat verməlidirlər ki, bu brendin təbliğində hansı işləri görüblər. Ola bilər İqtisadiyyat Nazirliyi onlar üçün xüsusi bir tövsiyə, necə deyərlər, metodiki kitabça da hazırlasın ki, onlar bu işi planlı şəkildə aparsınlar. Çünki bunu hamı yaxşı bilir ki, reklam, əlbəttə, ticarətin ayrılmaz hissəsidir.

Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə, bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq. Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə, bax, burada çox ciddi analiz aparılmalıdır ki, mövcud durum və potensial vəziyyət nədən ibarətdir.

Bununla paralel olaraq biz yeni bazarlara çıxmalıyıq. Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə də çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik. Bunun, əlbəttə ki, müxtəlif yolları var. İlk növbədə və ən başlıcası hesab edirəm ki, burada əsas məsələ yaxşı siyasi əlaqələrin mövcudluğudur. Azərbaycanın demək olar ki, bütün ölkələrlə, o cümlədən, ilk növbədə, qonşu ölkələrlə çox yaxşı işgüzar dostluq münasibətləri var. Bu, bu gün dünya miqyasında o qədər də tez-tez rast gəlinən mənzərə deyil. Daha çox qonşular arasında mübahisələr olur, problemlər yaranır. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ilə heç bir problemimiz yoxdur. Əksinə, son illər ərzində apardığımız siyasət nəticəsində dörd qonşu ölkə ilə bizim münasibətimiz sürətlə inkişaf edib və bu gün ən yüksək səviyyədədir. Ona görə, bu imkanlardan sahibkarlar da istifadə etməlidirlər. Onlar üçün qonşu bazarlara və hər hansı bir bazara çıxış əldə etmək üçün heç bir siyasi əngəl yoxdur. Amma biz görürük ki, harada siyasi problemlər var, bu, sahibkarlara da dərhal təsir edir, müxtəlif bəhanələrlə məhdudedici tədbirlər görülür, ixrac üçün problemlər yaranır. Bizim sahibkarlar bundan azaddırlar. Bizim siyasətimizin sayəsində bu, yoxdur.

Ancaq bir daha demək istəyirəm ki, biz bazarları, indiki durumu və perspektivləri çox dəqiq təhlil etməliyik və yeni bazarlara çıxış əldə etməliyik. Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci belə təcrübə var. Artıq burada çıxışlarda da səsləndi. Qazaxıstanın Aktau vilayətində Azərbaycanın xaricdə birinci logistika mərkəzi yaradıldı. Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar.

Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda, onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar. Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda, öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Bu işlər başlayıb və bizim dövlət qurumlarımız bu işlərlə məşğuldur. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər.

Biz məhsulun qablaşdırılmasına diqqət göstərməliyik. Mən şadam ki, son vaxtlar buna diqqət göstərilir. Bu Regional İnkişaf Mərkəzinin foyesində kiçik bir sərgi də nümayiş etdirilir. Mən bu sərgidə yeni qablaşdırılmış məhsulları, malları görürəm. Buna çox böyük diqqət göstərilməlidir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, çalışmalıyıq ki, Azərbaycanda qablaşdırma sənayesi inkişaf etsin. Biz hələ ki, bir çox qabları, həmçinin yardımçı materialları xaricdən idxal edirik. Bunu Azərbaycanda istehsal etmək üçün heç bir problem yoxdur. Bizim indi şüşə zavodumuz fəaliyyət göstərir. Onun da işi təkmilləşdirilməlidir, istənilən növ şüşə qablar, bankalar istehsal olunmalıdır. Karton zavodumuz var. Ümumiyyətlə, qablaşdırma bizim idxaldan asılılığımızı azaldar. Çünki istehsal etdiyimiz məhsulların maya dəyərində biz həmişə xarici komponenti axtaranda görürük ki, qablaşdırma burada xüsusi rol oynayır. Ona görə, Azərbaycanda qablaşdırma tam təşkil edilməlidir və buna böyük diqqət göstərilməlidir. Əlbəttə ki, bizim təqdim etdiyimiz bu mallar göz oxşamalıdır.

Biz keçən ildən xarici kütləvi informasiya vasitələrində reklam kampaniyalarına başlamışıq. Bunu turizmə, eyni zamanda, Azərbaycanda istehsal olunan mallara aid etmək olar. Bu iş də müntəzəm olaraq aparılmalıdır. Bunun üçün müvafiq büdcə ayrılmalıdır və hesab edirəm ki, dövlət burada da sahibkarlara kömək göstərməlidir. Çünki sahibkar o əlavə vəsaiti xərcləmək üçün, əlbəttə, yüz dəfə fikirləşər ki, bu reklamı yerləşdirsin, yoxsa yox. Yəqin ona görə ki, ixrac ediləcək məhsulların həcmi böyük deyildi. Ona görə, bizdə hələ ki, reklamla bağlı böyük anlayış yoxdur. Biz bunu etiraf etməliyik. Odur ki, dövlət öz hesabına bizim əsas ixracyönümlü malların təbliği üçün xarici kütləvi informasiya vasitələrində, televiziyalarda, qəzetlərdə reklam kampaniyaları təşkil etməlidir.

Qoy, sahibkarlar istehsal etdikləri və hansı ölkələrə ixrac etdikləri məhsullar haqqında İqtisadiyyat Nazirliyinə öz təkliflərini versinlər. Biz buna başlamalıyıq. Əlbəttə ki, birinci mərhələdə buna qonşu ölkələrdə, MDB məkanında başlamalıyıq. Bu, bizim sahibkarlara növbəti çox gözəl dəstəyimiz olacaqdır.

Sənaye istehsalı ilə bağlı. İndi Azərbaycanda bir neçə böyük sənaye müəssisəsi yaradılır. Mən bu barədə demişəm, sahibkarlara tövsiyələrimi vermişəm, bir daha demək istəyirəm ki, onlar bu böyük müəssisələrin istehsal edəcəyi xammaldan səmərəli şəkildə istifadə etsinlər, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul ixrac edək. Mən Sumqayıt Kimya Sənaye Parkındakı zavodları xüsusi qeyd etmək istəyirəm. Orada biznes üçün, kiçik və orta sahibkarlıq, ixrac üçün çox böyük potensial var. Sumqayıt polimer və gübrə zavodları, Mingəçevir Sənaye Parkı. Bu il birinci zavodlar istifadəyə veriləcəkdir. Neftçala, Balaxanı, Pirallahı sənaye zonaları. Bu, artıq geniş vüsət alır və elə etməliyik ki, hər rayonda müasir sənaye zonası olsun. Biz bunu dəstəkləyirik, dəstəkləyəcəyik.

Ölkəmizdə yüksək texnologiyalar inkişaf edir. Biz indi kosmik sənayeni inkişaf etdiririk. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür. Bizim iki peykimiz var, üçüncü peyk hazırlanır və biz bu xidmətləri artıq xaricə satırıq. Bu da ixracın bir növüdür. Biz birinci və ikinci peykləri orbitə buraxanda əlbəttə ki, bir neçə məqsədi güdürdük. Bu, yenilikdir, texnologiyadır. Kadr hazırlığı baxımından bunun böyük əhəmiyyəti var. Azərbaycanın imici artacaq və eyni zamanda, biz buna bir biznes layihə kimi baxırıq və artıq ora qoyulan vəsaiti bu peyklər qaytarmağa başlayır. Bildiyimə görə, artıq üçüncü peykin xidmətlərinin bir hissəsi barədə kontraktlar imzalanıb. Ona görə, bu da ölkəmizə gəlir, valyuta gətirən bir sahədir. Biz bunu dövlət xətti ilə etmişik. Ancaq inkişaf etmiş ölkələrdə biznes qurumları özləri peykləri sifariş edirlər, özləri orbitə buraxırlar və özləri də pul qazanırlar. Elə ölkələr var ki, o qədər də böyük deyil, amma o ölkələrdə bəlkə də onlarla peyk var. Nəyə görə? Çünki bu, biznes üçün əlverişlidir. Biz artıq kosmik sənayenin biznes imkanlarını da genişləndirməliyik və qeyd etdiyim kimi, bu, bizim üçün valyuta mənbəyidir.

Eyni zamanda, bizim yeni bir ixrac istiqamətimiz yaradılıbdır. Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir. On il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək. Bu gün bu, reallıqdır, biz buna nail olmuşuq. On ildən çox bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yarananda biz artıq bilirdik ki, bu gün gələcək və gəldi. Bu gün nəinki biz ordumuzun əsas tələbatını özümüz ödəyirik, biz ixrac da edirik. Biz beynəlxalq sərgilərdə iştirak etmişik. Bax, bu, bir daha göstərir ki, sərgilərdə iştirak etmək nə qədər əhəmiyyətlidir. Bakıda iki dəfə beynəlxalq silah sərgisi təşkil edilib. Bizim silah ticarətimiz artır. Bu da ölkəyə böyük valyuta gətirir. Hazırda Azərbaycanda mindən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbi təyinatlı məhsullar istehsal olunur. Ona görə, bu sahə də daim diqqət mərkəzində olmalıdır və burada ixrac potensialı artır.

Biz təbii ki, öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl gedir. Azərbaycanın zəngin təbii ehtiyatları var. Bizim təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır. Bizim qızıl yataqlarımız var və bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılmışdır. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət əlbəttə ki, öz dəstəyini göstərir, göstərəcək ki, “AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin.

Bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir.

Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il turistlərin sayı 11 faiz, bu ilin 3 ayında 25 faiz artmışdır. Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bax, bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıbdır. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir.

Əlbəttə, müstəqilliyimizin ilk illərində turizmin inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycan çox riskli, kasıb yer idi və turizm infrastrukturu demək olar ki, yox idi. Amma biz turizmin inkişafına xidmət göstərən infrastruktur yaratdıq. Biz, misal üçün, son illər ərzində ölkəmizdə altı beynəlxalq hava limanı yaratmışıq. Onlar demək olar ki, yenidən qurulubdur. Biz bunu əlbəttə ki, yaradanda, ilk növbədə, insanların rahatlığını nəzərə alırdıq. Bu gün bu beynəlxalq hava limanları müxtəlif ölkələrə uçuşlar təşkil edir. Amma indi biz görürük ki, bunun turizmə nə qədər böyük faydası var. İndi birbaşa reyslər açılır. Gəncədən, Naxçıvandan, Qəbələdən, Lənkərandan birbaşa reyslər açılır və o reyslərin sayı artır. Əvvəlki illərdə bu reyslərdən ancaq xaricdə yaşayan azərbaycanlılar, yaxud da ki, qonaqlar istifadə edirdilər. Amma indi bu reyslərdən turizm məqsədilə istifadə olunur. Bu aeroportlar və Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu bu səviyyədə olmasaydı, turizmin inkişafından söhbət gedə bilməzdi. Gözəl, müasir yollar salınıbdır. Bax, Bakı-Yevlax yolu indi dünyanın ən gözəl standartlarına cavab verir. Bizim qonşu ölkələrlə magistral yollar ya tam istifadəyə verilib, ya da ki, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bütün bölgələrdə infrastruktur layihələri mövcuddur – elektrik, qazlaşdırma, içməli su. Həm Bakıda, həm də bölgələrdə ən müasir otellər yaradılıbdır. Əlbəttə ki, bizim təbii şəraitimiz, gözəl iqlim, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəx, tarixi abidələr, bunlar da rol oynayır. Hesab edirəm ki, turizmin inkişafı üçün həlledici rol oynayan bizim vizalarla bağlı siyasətimizdir. “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi əlbəttə ki, bu axını təmin edib. Biz ancaq turizmin inkişafının birinci mərhələsindəyik. Çünki hələ Azərbaycanı tanıma prosesi gedir. Bu tanıma prosesində ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər əlbəttə ki, rol oynayıb, həm Avropa Oyunları, həm bu yaxınlarda keçiriləcək İslam Həmrəyliyi Oyunları və xüsusilə Formula-1 yarışları. Formula-1-in 500 milyon auditoriyası var. Onların hər biri şəhərimizin gözəlliyini öz gözü ilə görür və onların bir çoxu Bakıya gəlmək istəyir.

Bunlar turizmi inkişaf etdirən əsas amillərdir. Onu da demək istəyirəm ki, biz turizmə də ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır. Budur, bizim siyasətimizin nəticələri. Bölgələrdə müasir turizm infrastrukturu inkişaf etdirilməlidir. Mən sahibkarları da dəvət edirəm. Sahibkarlar bilsinlər ki, yeni otellərə böyük ehtiyac olacaq. Çünki hələ indi - qış mövsümündə Bakıdakı otellərin 85-90 faizi doludur. Görün, yay mövsümündə nə olacaq? Boş yer olmayacaq. Ona görə, Bakıda və bizim əsas turizm mərkəzlərində yeni otellərin yaradılması çox böyük əhəmiyyət daşıyır və bunun biznes üçün də çox böyük faydası olacaq.

İndi isə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı qarşıda duran məsələlər haqqında demək istərdim. Hazırda 24 rayonda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına 1,1 milyard manat dəyərində sərmayə qoyulur. Bu aqroparkların yerləşdiyi ərazi, istifadə etdiyi torpaq sahəsi 142 min hektardır. Əminəm ki, bu aqroparkların fəaliyyətə başlaması nəticəsində biz daxili tələbatı 100 faiz ödəyəcəyik və çox böyük ixrac potensialımız yaranacaqdır. Yenə də qayıdıram əvvəlki sözlərimə, biz indidən planlaşdırmalıyıq ki, nəyi haraya ixrac edəcəyik. Çünki sahibkarın özü çətinlik çəkəcək. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi əlbəttə ki, Prezident Administrasiyasının rəhbərliyi ilə gələcək illər ərzində bizim ixrac strategiyamızı müəyyən etməlidir. Biz artan ixrac potensialımızı necə realizə edəcəyimizi indidən bilməliyik. Əlbəttə, elə ixrac məhsulları var ki, onlar üçün bazarlar axtarmaq lazım deyil. Onlardan biri də pambıqdır, birjalarda satılır. Ancaq meyvə-tərəvəz və digər məhsulların ixracı üçün biz indidən işləməliyik, planlar qurmalıyıq.

İxrac potensialımıza böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır. Təkcə bu il 150 min hektar əlavə əkin sahəsi dövriyyəyə cəlb ediləcək. Orada müxtəlif çeşidli məhsullar yetişdiriləcək və bu da əlavə ixrac potensialımız deməkdir. Bu, böyük inkişafa təkan verəcək bir layihə olacaqdır. Əgər biz bu siyahıya tikilməkdə olan istixanaları əlavə etsək, görərik ki, istehsal edəcəyimiz məhsulların həcmi daha böyük olacaqdır. 130 investisiya təşviqi sənədi arasında 26 istixana var. Bu 26 istixanada minlərlə iş yeri yaradılır və bu istixanalara qoyulan sərmayə 342 milyon manatdır. Bütün bunlar ixracyönümlü məhsullardır.

Mən suvarma ilə bağlı görülmüş işləri qeyd etdim. Hazırda yeni kanallar çəkilir, mövcud kanallar təmizlənir. Biz növbəti ildə də 10 minlərlə hektar yeni suvarılacaq torpağı fermerlərə təhvil verəcəyik. Biz buna hazırıq və beləliklə, istifadə olunmayan, münbit olmayan torpaqları əkin dövriyyəsinə cəlb edirik.

Meyvə-tərəvəz istehsalı artır. Ən çox gəlir gətirən, valyuta gətirən pomidor və xurmadır. Buna ən çox maraq var. Ona görə, sahibkarlar da bunu nəzərə alsınlar. Logistika mərkəzləri yaradılmalıdır. Vaxtilə biz bir çox soyuducu anbarlar tikmişik. Ancaq bu soyuducu anbarlar əvvəlki istehsal həcminə hesablanıb. Növbəti illərdə bizə əlavə soyuducu anbarlar lazım olacaq. Həm İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, sahibkarlar özləri də bunu nəzərə alsınlar. Soyuducu anbarların potensialı bizim istehsalımızla uzlaşdırılmalıdır. Elə olmasın ki, biz istehsal etdiyimiz məhsulu saxlaya bilməyək.

Pambıqçılığın inkişafı sürətlə gedir. Bu rəqəmlər artıq bir neçə dəfə səslənib, bir daha səsləndirmək istəyirəm. 2015-ci ildə 35 min ton, 2016-cı ildə 90 min ton pambıq tədarük olunub. Hesab edirəm, bu il ən azı təqribən 250 min ton pambıq tədarükü gözlənilir. Əgər bu templə getsək, biz 3-4 ilə təqribən 400-500 min ton pambıq istehsal edəcəyik.

Üzümçülük üçün bizim gözəl təbii şəraitimiz var. Burada səsləndi, 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük nə qədər inkişaf edib. Biz indi üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə, üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq.

Tütünçülüyün böyük potensialı var. Biz bu sahəni də bərpa etməliyik. Sovet vaxtında indikindən 10 dəfə, bəlkə də ondan da çox tütün tədarük edilirdi. İndi bu il 3 min hektarda tütün əkilibdir və təqribən 3-4 min ton quru tütün tədarük ediləcək. Biz bu rəqəmi qısa müddət ərzində 10 min ton səviyyəsinə qaldırmalıyıq. Buna da nail olmaq mümkündür. Pambıqçılıqda olduğu kimi, subsidiyalar verilir. Əlbəttə ki, yeni, müasir siqaret fabriklərinin tikintisi də nəzərdə tutulmalıdır. Ona görə yox ki, bizim vətəndaşlar daha çox siqaret çəksinlər, xeyr, siqaret çəkmək çox pis vərdişdir. Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq. Ancaq bunun ixracı çox gəlir gətirən bir sahədir və təbii şəraiti olan ölkədə tütünçülüyün inkişaf etdirilməməsi başadüşülən deyil. Ona görə, biz tezliklə bu sahədə ciddi artıma nail olmalıyıq. Mən real rəqəmi səsləndirirəm. Bir daha demək istəyirəm ki, 10 min ton quru tütünün tədarükü real rəqəmdir.

Biz indi xalçaçılığı geniş təbliğ edirik. Bu, bizim qədim sənətimizdir. “Azərxalça” yaradılıbdır, 13 şəhərdə yeni xalça kombinatları yaradılır. Onlardan birinin açılışında mən özüm olmuşam - Füzuli rayonunda. Qalan xalça fabrikləri bu il istifadəyə veriləcək. Bu, minlərlə iş yerinin yaradılması deməkdir və bu, bizim gözəl ixrac potensialımızdır.

Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də çox ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gətirəcək.

Biz indi az da olsa, ət və toyuq ətinin ixracına başlamışıq. Hələ ki, biz özümüzü toyuq əti ilə təmin edə bilmirik. Ancaq ixrac da artıq başlanıb və bu, yaxşı haldır. Ümid edirəm ki, yaxın zamanlarda özümüzü tam şəkildə təmin edəcəyik və ixrac potensialı daha da artacaq.

Heyvandarlığın inkişafı gedir, cins mal-qara gətirilir, Süni Mayalanma Mərkəzi yaradılıb. Biz bir neçə il ərzində böyük potensial yaratmalıyıq ki, özümüzü həm süd və həm də ət məhsulları ilə tam şəkildə təmin edək. Cins mal-qaranın gətirilməsi və cinsin yaxşılaşdırılması prosesi daha da geniş vüsət almalıdır. Yeni fermalar yaradılmalıdır. Sahibkarlar buna daha böyük diqqət göstərməlidirlər. Biz süd və süd məhsulları ilə özümüzü təxminən 80 faiz səviyyəsində təmin edirik. Bir neçə il ərzində tam təmin edə bilərik.

Dünən mən Varvara balıqartırma müəssisəsinin açılışında olmuşam. Balıqçılığın da çox böyük perspektivləri var. Əfsuslar olsun ki, əvvəlki illərdə bu sahəyə də lazımi diqqət göstərilmirdi. Bizim həm çaylarımızda, həm Xəzər dənizində bol balıq var. Biz balıqları artırırıq, yetişdiririk və Azərbaycanda çox böyük balıqçılıq sənayesi yaradıla bilər. Bununla həm daxili bazar tam təmin edilər, həm də bunun böyük ixrac potensialı ola bilər.

Mineral sular sahəsi də inkişaf edir. Artıq ixraca da başlamışıq, ancaq az miqdarda. Bizim təbii bulaqlarımız var. Keyfiyyətli mineral sular istehsal və ixrac etmək, öz brendimizlə xaricə çıxmaq üçün çox gözəl imkanlar var. Bu sahəyə də mütləq diqqət göstərilməlidir.

Emal müəssisələri yaradılmalıdır, indi planlar haqqında məlumat verildi. Dövriyyəyə cəlb ediləcək minlərlə, on minlərlə hektar torpaq da bəllidir. Aydındır ki, orada yeni məhsullar yetişdiriləcək və yeni konserv zavodlarının yaranmasına ehtiyac var. İndi bizdə konserv zavodları fəaliyyət göstərir, ancaq onların sayı kifayət qədər deyil. Yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulmalıdır. Əlbəttə ki, ixrac edilən malların satışından sonra əldə edilən gəlir də tam şəkildə ölkəmizə gəlməlidir. Bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur. Ona görə ki, əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Əgər hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir.

Mən bir məsələyə də diqqət yetirmək istəyirəm. Çünki bunun da çox böyük əhəmiyyəti var. Bu da nəqliyyat sektoru ilə bağlıdır. Biz indi ixracı böyük dərəcədə artıracağıq. Biz ixracı nəqliyyat vasitəsilə xarici bazarlara ötürürük. Ona görə bizim vaqon parkımıza baxmalıyıq. Biz indi yeni elektrovozlar, vaqonlar alırıq. İndi vaqonların sayı, həcmi ixrac ediləcək məhsullarla üst-üstə düşməlidir. Dəmir yolunun reabilitasiyası, sürətin artırılması, bütün bunlar da ixraca, tranzitə hesablanmış məsələlərdir.

Mən bir neçə rəqəmi də səsləndirmək istəyirəm, hesab edirəm ki, ictimaiyyət üçün də, sahibkarlar üçün də maraqlı olar. 2017-ci ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olmuşdur - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artmışdır. Meyvələr arasında ən böyük ixrac artımı almada olmuşdur - 144 faiz. Nar 125 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir. Qalan rəqəmlər də məndə var. İqtisadiyyat naziri onları səsləndirdi, təkrar etmək istəmirəm. Amma bunları xüsusilə qeyd etmək istəyirəm.

2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulları da qeyd etmək istəyirəm. Birinci yerdə fındıqdır – ölkəmizə 105 milyon valyuta gəlib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olmuşdur. Bu il 100 ton olacaqdır. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda, bu il badam bağlarının salınmasına başlanmışdır. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var.

Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır - 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər.

Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik.

Məndə siyahı böyükdür. Burada sənaye, ərzaq, kənd təsərrüfatı malları var. Bu gün müşavirənin ikinci hissəsində dövlət qurumlarının nümayəndələri sahibkarların suallarına cavab verəcəklər və bu məsələləri daha da geniş işıqlandıracaqlar.

Sənaye məhsulları arasında isə birinci yerdə plastik məmulatlardır - təxminən 100 milyon dollar. İkinci yerdə alüminium və ondan hazırlanan məmulatlardır - bu da 100 milyon dollara yaxındır. Biz alüminium sənayesini mütləq sürətlə inkişaf etdirməliyik. Üçüncü yerdə qara metallar və onlardan hazırlanan məmulatlardır - 96 milyon dollar. Dördüncü yerdə qiymətli metallardan hazırlanan məmulatlardır - 77 milyon dollar. Beşinci yerdə kimya sənayesi məhsullarıdır - 55 milyon dollar. Mən bu rəqəmləri nəyə görə səsləndirirəm? Ona görə ki, sahibkarlar da, ictimaiyyət də bunu bilsin, həm müsbət dinamikanı, həm də bizim potensialımızı görsünlər. Ona görə, ixracın inkişafı, artırılması ən əsas məsələlərdən biridir. Bir daha demək istəyirəm ki, dövlət sahibkarlar üçün hər şey edir. Dövlət infrastruktur yaradıb, kreditlər, subsidiyalar verir, fermerləri vergilərdən azad edib, aqrolizinq yaradıb, texnika alıb gətirir və paylayır. Gübrəni 70 faiz güzəştlə paylayır, yanacaq da həmçinin. Ticarət evləri yaradır, ixrac missiyaları, sərgilər təşkil edir. “Azexport” portalı, “Made in Azerbaijan” brendi, investisiya və ixrac təşviqi yaradıb. Bundan sonra sahibkarlara ancaq bunlardan istifadə etmək və öz imkanlarını genişləndirmək, ölkəmizə daha böyük fayda gətirmək qalır.

Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10