12 aprel 2017, 14:05

Zülfüqar Haçiyevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Son illər Azərbaycanın iqtisadi və sosial həyatı durmadan inkişaf edir. Respublikamızın müstəqilliyini bərpa edərək möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaradılması ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız, vətənpərvərliyiniz sayəsində daha da zənginləşdirilərək uğurla həyata keçirilir, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edir.

Siz son illər müasir dünyamızda gedən qlobal proseslərin mənfi təsirlərindən Azərbaycanı böyük ölçüdə xilas etməyi, milli maraqlarımızı qorumağı bacardınız və respublikamızın sürətlə inkişaf edən demokratik bir ölkə kimi dünyada nüfuz qazanmasına nail oldunuz. Biz bundan hədsiz qürur duyuruq. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz Sizin həyata keçirdiyiniz uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanıb. Sizin xüsusi dəstəyiniz və səyləriniz nəticəsində respublikanın hər yerində abadlıq və quruculuq işləri aparılır.

Son illər ölkəmizin sürətli tərəqqisinin təmin olunmasına yönəlmiş tədbirlər, iqtisadi islahatlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ciddi uğurlar əldə edilib. Bu məsələdə də Sizin şəxsi qayğınız və diqqətiniz həlledici rol oynamışdır. İndi Azərbaycanda iqtisadiyyatın istənilən sahəsinin inkişafı üçün hər bir şərait mövcuddur.

Sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğı da göz qabağındadır. Bu gün ölkə sahibkarları Sizi özlərinin himayədarı və köməyi bilirlər. Elə buna görədir ki, onlar dövlətimizin həyata keçirdiyi əksər layihələrdə canla-başla təmsil olunmağa çalışırlar. Respublikamızın neftdən asılılığını azaltmaq üçün kənd təsərrüfatının mərhələli şəkildə inkişafına diqqət ayırmağınız, ölkəmizdə bolluq yaratmağınız məni və kəndimizin əhalisini çox sevindirir.

Hörmətli cənab Prezident, onu da qeyd etməliyəm ki, ötən il Sizə ünvanladığım müraciətlər müsbət həllini tapdı. Bu, onu göstərir ki, ölkəmizdə xalqla iqtidar arasında möhkəm bağlılıq var və bu amil ümumi inkişafımızda mühüm rol oynayır. Ulu Tanrı Sizi Azərbaycanımızın rəhbərliyindən əskik etməsin.

Dərin hörmət və ehtiramla,

Haçiyev Zülfüqar Qüdrət oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.