05 aprel 2017, 12:00

Vilayət Süleymanovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Süleymanovlar ailəsi Sizə öz dərin təşəkkürümüzü bildiririk. Ona görə ki, Sizin fərmanınızla Mingəçevir şəhərində həyata keçirilən icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə əsasında keyfiyyətli tibbi xidmətdən yararlanaraq şəfa tapmışam. Ailə üzvlərim yenidən onların yanında olduğum üçün çox sevinirlər.

Cənab Ali Baş Komandan, oğlum və nəvəmlə birlikdə Sizin əsgəriniz olmağımızla qürur duyur və son nəfəsimizə qədər əmrinizə müntəzir olacağımızı diqqətinizə çatdırırıq.

Ailəm və yaxınlarım adından Sizə bir daha minnətdarlığımı və təşəkkürümü bildirirəm. Biz Sizinlə fəxr edirik. Uca Allah Sizi və əzizlərinizi qorusun. Amin!

Hörmətlə,

Süleymanov Vilayət Hüseyn oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.