İlham Əliyev Estoniyanın dövlət idarəçiliyi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05 aprel 2017, 10:40
İlham Əliyev Estoniyanın dövlət idarəçiliyi nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlətimizin başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Dövlətimizin başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdi, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizin informasiya texnologiyaları sahəsində uzun müddət çox uğurlu əməkdaşlıq həyata keçirdiyini və Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd etdi. Estoniyanın bu sahədə böyük təcrübəyə malik olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfəri zamanı həmin nailiyyətlərin şahidi olduğunu bildirdi. Prezident İlham Əliyev səfər zamanı Estoniya nümayəndə heyətinin Şimal-Cənub nəqliyyat dəhlizinin yeni imkanları nəzərə alınmaqla Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə tanış olacaqlarına əminliyini söylədi.

Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korb ölkələrimiz arasında iş birliyi sahəsində təcrübənin mövcud olduğunu və bu təcrübənin daha çox xidmət sahəsini əhatə etdiyini vurğuladı. Azərbaycan ilə ticarət dövriyyəsinin o qədər də böyük olmadığını, lakin bu istiqamətdə inkişaf meyillərinin müşahidə edildiyini deyən Estoniyanın dövlət idarəçilik naziri keçən illə müqayisədə ticarət dövriyyəsinin demək olar ki, 2,5 dəfə artdığını məmnunluqla vurğuladı.

gallery-photo