Gerb

04 aprel 2017, 13:10

Hörmətli Vladimir Vladimiroviç. 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Budəfəki yubiley ölkələrimizin keçdiyi yola nəzər salmaq, görülmüş işlərə yekun vurmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Biz tarixi baxımdan qısa zaman kəsiyində həm ortaq keçmişimizin müsbət nəticələrini qoruyub saxlamağa və çoxaltmağa, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə çatmağa nail olmuşuq. Bu gün dövlətlərimizin münasibətləri bir-birimizin maraqlarına qarşılıqlı hörmətə, bərabərhüquqluluğa, iki ölkənin xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır.

Bütün səviyyələrdə etimada əsaslanan əlaqələrin inkişafını və siyasi, parlamentlərarası və idarələrarası əlaqələrin intensivləşməsini, ən müxtəlif sahələrdə əməkdaşlığın ardıcıl olaraq dərinləşməsini böyük məmnuniyyətlə qeyd etmək istəyirəm. Dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələr xüsusi rol oynayır. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə olduqca qayğıkeş münasibət bəslənilir, ortaq mədəni və tarixi irs qorunub saxlanılır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün Rusiya Federasiyasının səylərini yüksək qiymətləndiririk.

Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri bundan sonra da xalqlarımızın mənafeyinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rusiya xalqına sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 mart 2017-ci il.