Gerb

17 mart 2017, 16:00

Möhtərəm cənab Prezident,

Bu ilin yanvarında Sizin sədrliyiniz ilə keçirilən 2016-cı ilin yekunlarına həsr olunmuş iclasda səhiyyə sistemində son illər görülən təxirəsalınmaz işlər haqqında söylədiyiniz fikirlər hər bir Azərbaycan vətəndaşında qürur hissi və xoş təəssürat yaratdı.

Hamıya yaxşı məlumdur ki, keçmiş SSRİ dövründən miras qalan səhiyyə ocaqları hansı vəziyyətdə idi. Artıq bu yararsız tibb ocaqları tarixin yaddaşına köçüb. Belə ki, qısa zaman ərzində Azərbaycanda 600-dən çox tibb ocağı əsaslı təmir olunub yaxud yenidən qurulub.

Mən xəstəliyimlə əlaqədar mütəmadi olaraq Azərbaycan Milli Onkologiya Mərkəzində müalicə olunuram və orada yaradılan şəraitdən razıyam. Nəticələr bir daha təsdiq edir ki, Azərbaycan doğru yoldadır. Ölkənin müvəffəqiyyəti və inkişafı, həmçinin dünyanın sivil dövlətləri sırasında yer alması, sayılıb-seçilməsi Sizin rəhbərliyiniz ilə baş verir. 

Məhz bu məqamda Sizin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözləriniz yada düşür. Sizin elmə və təhsilə göstərdiyiniz diqqət və qayğı nəticəsində gənclər Azərbaycanda və onun hüdudlarından kənarda yüksək biliklərə yiyələnir, aparıcı xarici ölkələrdə təcrübə keçir, mövcud yenilikləri və nanotexnologiyaları öyrənir və Azərbaycana gətirirlər. Bütün bunlar ölkə vətəndaşlarını ürəkdən sevindirir və sabaha nikbinliklə baxmağa əminlik yaradır. Bunun üçün Sizə ürəkdən minnətdarlıq edirəm.

Möhtərəm cənab Prezident, inanıram ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyiniz sayəsində daha böyük, daha yüksək səviyyəli tibbi xidmətlə təmin olunacaq, öz sağlamlıqlarını qoruya biləcək və yaxşı yaşayış tərzinə qovuşacaqlar. Azərbaycanımızın daha da inkişafı naminə gördüyünüz bütün məsuliyyətli və şərəfli işlərinizdə Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulayıram. Çox sağ olun.

Hörmətlə,

Ağayev Böyükbəy Ağabəy oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Ağabəyli kəndi.