16 mart 2017, 12:45

Səadət Qəndilovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan qadınlarının təltif edilməsi haqqında imzaladığınız 2017-ci il 3 mart tarixli Sərəncamınıza əsasən, mən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Bu ad həm çox şərəfli, həm də çox məsuliyyətlidir. Çünki Azərbaycanın gələcəyi olan gənclərin yüksək təhsil, dərin bilik almasında, onların milli vətənpərvərlik, dövlətə sədaqət ruhunda tərbiyə olunmasında müəllimin çox mühüm rolu var. Bir müəllim, bir ana və nəhayət, dövlətçiliyimizə sadiq Azərbaycan vətəndaşı kimi həmişə gənclərə xüsusi qayğı və diqqət yetirmişəm, onların layiqli və yararlı vətəndaş kimi yetişməsinə çalışmışam.

Cənab Prezident, Siz qadınlara həmişə böyük qayğı və diqqət göstərirsiniz. Əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm.

Düşünürəm ki, biz qadınlara verdiyiniz ən böyük töhfə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin etməyinizdir. Bu qərarınız Azərbaycan qadınına olan inamınızın və etimadınızın bariz nümunəsidir. Bir daha Sizə təşəkkür edirəm.

Dərin hörmət və ehtiramla,

Qəndilova Səadət Tağı qızı,

ADİU-nun prorektoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.