16 mart 2017, 12:35

Səbinə Babayevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

İlk növbədə, məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, ölkəmizin möhkəmlənməsi, onun beynəlxalq aləmdə tanınması, nüfuzunun artması, cəmiyyətimizin əmin-amanlığı, xalqımızın dinc və inamlı yaşaması üçün yorulmaz və fədakar fəaliyyətinizə, güclü və düşünülmüş siyasətinizə, uğurlu rəhbərliyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Siz bir çox sahələrdə çalışan minlərlə insanın əməyinə böyük diqqət və qayğı ilə yanaşırsınız. Tərəfinizdən imzalanmış sərəncamlarla verdiyiniz fəxri adlar və medallar, heç şübhəsiz, onlara layiq görülən hər kəsi sevindirir, fərəhləndirir, gücləndirir, ruhlandırır, onları Vətənimizə vicdanla, peşəkarlıqla və daha böyük səylə xidmət etməyə sövq edir.

Ölkəmizin qısa zamanda sürətlə, hərtərəfli və ahəngdar inkişafı, eyni zamanda, müasirləşməsi Sizin müdrik rəhbərliyiniz ilə baş verir. Azərbaycanın bir sıra sahələrdə dünya üçün örnək kimi göstərilməsi ilə fəxr edirik. Bu sırada cəmiyyətdə qadınların yeri və roluna olan münasibət də var.

Müstəqil Azərbaycanın ilk Birinci vitse-prezidentinin qadın olması ölkəmizin gender bərabərliyi sahəsində də nə qədər irəlilədiyini aydın göstərir. Azərbaycan qadını peşəkar, savadlı, işgüzar və məsuliyyətlidir. O, eyni zamanda, təmkinli, mərhəmətli, qayğıkeş və diqqətlidir. Ailənin möhkəmliyinin keşiyini çəkəndir, ailəyə və Vətənə sədaqətlidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bütün bu cəhətləri özündə cəmləşdirir. Bu təyinatın ölkəmizin daxili inkişafı və xarici imicinin möhkəmlənməsi üçün həm rəmzi, həm böyük praktiki nəticə verəcəyinə inanırıq.

Cənab Prezident, Azərbaycan xanımlarına göstərdiyiniz etimada görə bir daha Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun və uğurlu ömür, dövlətimizin və xalqımızın parlaq gələcəyi naminə böyük qələbələr arzu edirəm.

Hörmətlə,

Babayeva Səbinə Oqtay qızı,

BMT-nin İnkişaf Proqramının layihə rəhbəri. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.