15 mart 2017, 15:40

Tofiq Ağahüseynov, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Uzaqgörən və müdrik idarəçiliyiniz sayəsində Azərbaycanımızın bütün sahələrdə inkişafını və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etdiyinizə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yolunu şərəf və ləyaqətlə davam etdiyinizə görə bir Azərbaycan vətəndaşı, İkinci Dünya müharibəsi veteranı, ehtiyatda olan general-polkovnik kimi Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev strategiyası bu gün Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız, vətənpərvərliyiniz sayəsində daha da zənginləşərək dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir. Siz Azərbaycanın dünyada sürətli inkişafa nail olan demokratik ölkə kimi nüfuz qazanmasını təmin edirsiniz. Biz müharibə veteranları bundan hədsiz qürur duyuruq.

Möhtərəm Prezident, mənzil şəraitimin yaxşılaşdırılması ilə bağlı Respublika Veteranlar Təşkilatının Sizə ünvanladığı müraciətdən sonra problemim qısa müddətdə öz müsbət həllini tapdı. Bu, Sizin müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğınızın bariz nümunəsidir.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Ağahüseynov Tofiq.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.