16 fevral 2017, 15:30

Vüsal Əlizadədən, Füzuli, Azərbaycan

Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev,

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Fərmanınız hər bir məcburi köçkün kimi, biz Füzulilərin də sevincinə səbəb oldu. Məcburi köçkünlərə, eləcə də onlara bərabər tutulan şəxslərə göstərilən davamlı diqqət və qayğı öz yurdlarından didərgin düşmüş insanların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır. Belə ki, kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə imzalanan Fərmana əsasən, həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə nağd şəkildə məcburi köçkünlərin birbaşa özlərinə verilir və onların ailə büdcəsinə daxil olur. Bunun nəticəsində də məcburi köçkünlər kommunal ödənişlərdən səmərəli və qənaətlə istifadə edərək həmin vəsaitin bir hissəsini ailənin digər problemləri üçün sərf edirlər.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atdığınız bütün addımlar Azərbaycanın məcburi köçkünlərə diqqət və qayğı baxımından nümunəvi bir ölkə olduğu açıq şəkildə göstərir. Biz inanırıq ki, Sizin əvəzolunmaz və müdrik siyasətiniz nəticəsində bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.

Hörmətlə,

Ədilzadə Vüsal Bayaz oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu.