13 fevral 2017, 15:00

Etibar Pirməmmədovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son vaxtlar aparılan istər xarici, istərsə də daxili siyasətin Azərbaycan dövlətinin tam şəkildə xeyrinə işləməsinin şahidi olduq. Sizin bu uğurlarınız məni 1993-cü ildən bu yana YAP-ın fəal üzvü olan bir şəxs kimi sevindirməyə bilməz. Dünyadakı iqtisadi böhran, o cümlədən neftin qiymətinin kəskin aşağı düşməsi bir çox neft ixrac edən ölkələrdə maliyyə böhranına səbəb oldu. Lakin Azərbaycan belə bir vəziyyətdə öz inkişafını daha da artıraraq, ən qabaqcıl ölkələr sırasına qalxdı. Bütün bunlar Sizin uğurlu siyasətinizin bariz nümunəsidir.

Aprel döyüşləri, eləcə də Çingiz Qurbanovun nəşinin düşmən tərəfindən alınaraq ailəsinə qaytarılması, sonra da şəhidimizə Milli Qəhrəman adı verməklə Siz həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etdiniz. Cocuq Mərcanlıya ayrılan vəsaitlə kəndin yenidən tikilməsi, sakinlərin geri qayıtması torpaqlarımızın düşmən işğalından tam şəkildə azad ediləcəyi günün uzaqda olmadığını bir daha göstərdi.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönəlmiş açıq çağırışlar səsləndirən Lapşin kimilərinin Belarusda tutularaq Azərbaycana təhvil verilməsi düşmənin gözünə ox kimi batdı. Siz bununla Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etməklə yanaşı, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın nəyə qadir olduğunu bütün dünyaya göstərdiniz.

Möhtərəm cənab Prezident, apardığınız düzgün və uğurlu siyasətə görə minnətdarlığımı bildirir, Sizə cansağlığı, möhkəm iradə və uğurlar arzulayıram.

Biz partiya fəalları da hər zaman Sizə sadiqik.

Hörmətlə,

Etibar Pirməmmədov

Azərbaycan Respublikası, Tərtər rayonu.