Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24 yanvar 2017, 18:05

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.

Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır.

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2017-ci il.

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26