İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

01 yanvar 2017, 00:01
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

-Əziz həmvətənlər.

2016-cı il tarixdə qalır. 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olmuşdur. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq.

Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir.

2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilmişdir. Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır.

Bir sözlə, bütün çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Bir daha qeyd etmək istəyirəm, bu il qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik.

2016-cı ildə bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir.

2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır. 1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. On minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir.

Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır.

2016-cı ildə bizim böyük idman qələbəmiz də olmuşdur. Rio Olimpiya Oyunlarında idmançılarımız tarixi qələbə qazanmışdır. 18 medal qazanaraq Azərbaycan bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və Azərbaycan idmançıları güclülərin sırasındadır. Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Azərbaycan Avropa ölkələri arasında 7-ci, postsovet məkanı ərazisində 2-ci, müsəlman aləmində isə 1-ci yerdədir. Bu, bizim böyük idman qələbəmizdir və eyni zamanda, bu qələbə xalqımızın, dövlətimizin gücünü göstərir.

Bu il biz müstəqilliyimizin 25 illiyini qeyd edirdik. Hərbçilərimiz, idmançılarımız bu bayram ilində bizə qələbə sevinci bəxş etmişlər.

2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılmışdır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaqdır.

Hesab edirəm ki, bu il biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün.

2016-cı ildə Azərbaycanda referendum keçirilmişdir. Referendum azad, şəffaf şəkildə aparılmışdır. Bütün exit-pollar referendumun rəsmi nəticələrini təsdiqləmişdir. Beynəlxalq müşahidəçilər də qeyd etmişlər ki, referendum azad, şəffaf şəkildə həyata keçirilmişdir, heç bir pozuntu olmamışdır və Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapmışdır. Referendumun nəticələri bizim siyasətimizə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən bu dəstəyə, bu inama görə Azərbaycan xalqına bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha Azərbaycan xalqını əmin etmək istəyirəm, bütün səylərimi qoyacağam ki, bundan sonra da dövlətimizin, xalqımızın maraqları layiqincə qorunsun.

2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan bir ölkədir.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən bütün dünya azərbaycanlılarını səmimi qəlbdən salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar bilirlər və bilməlidirlər ki, onların arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır.

Əziz bacılar və qardaşlar, mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07