24 dekabr 2016, 18:00

Kamran Tapdıqov və Aişə Məhərrəmovadan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyevin ideyaları və Sizin zəngin siyasi fəaliyyətiniz sayəsində bu gün Azərbaycan regionun ən inkişaf etmiş və ən qüdrətli dövlətinə çevrilib.

Sizin rəhbərliyiniz altında ölkəmizdə həyata keçirilən böyükmiqyaslı layihələr Vətənimizin və xalqımızın xoşbəxt gələcəyini təmin etməyə zəmin yaradır. Respublikamızın paytaxtı Bakı şəhəri simasını sürətlə dəyişir və regionlarımızda quruculuq-abadlıq işləri gündən-günə daha geniş vüsət alır. Təbii ki, bütün bu işlərdə Sizinlə çiyin-çiyinə çalışan ölkəmizin birinci xanımı Mehriban Əliyevanın da rolu danılmazdır.

Hörmətli cənab Prezident, mayın 20-də İsmayıllı rayonunun Xankəndi kəndində torpaq sürüşməsi baş vermişdi. Sürüşmə nəticəsində bizə məxsus fərdi yaşayış evləri tamamilə yararsız hala düşmüşdü. Ailəsini maldarlıq və əkinçiliklə dolandıran sadə kənd sakinləri üçün evsiz-eşiksiz qalmağın nə dərəcədə çətin olması hər kəsə məlumdur. Lakin Sizə olan ümidimiz bizə səbir və qüvvət verdi. İki ailənin 12 nəfər üzvü arxamızda Prezidentimiz dayanıb deyə ümidini Sizə bağladı.

Sizə müraciətimizdən sonra evlərimizə baxış keçirildi və qısa müddətdə onların köçürülməsi barədə qərar verildi. Tapşırığınız əsasında hazırda bizim üçün dövlət vəsaiti hesabına yeni yaşayış evləri inşa edilir.

Möhtərəm cənab Prezident, bizə göstərilən bu köməyə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycan xalqının sosial rifahının yüksəldilməsi naminə fəaliyyətinizdə daim uğurlar arzulayırıq.

Fürsətdən istifadə edərək qarşıdan gələn yeni 2017-ci il münasibətilə Sizi, ölkəmizin birinci xanımı Mehriban Əliyevanı və ailə üzvlərinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı diləyirik. 

Hörmətlə,

Tapdıqov Kamran Ərəstu oğlu

Məhərrəmova Aişə Məmməd qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.