İlham Əliyev yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında iştirak edib

08 dekabr 2016, 11:20
İlham Əliyev yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışında iştirak edib

Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun dekabrın 8-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bu yol “Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Yolun asfalt-beton örtüyü uzun müddət yararsız vəziyyətdə olub. Ümumi uzunluğu 11 kilometr olan yolun texniki göstəriciləri görülən işlər nəticəsində müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat–Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr idi. Tikinti işləri çərçivəsində yolun eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hər iki istiqamətində piyada səkiləri inşa olunub. Yolun 1,7 kilometrlik hissəsi isə yenidən layihələndirilərək inşa edilib. Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yeni yol yatağı salınıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır. Bu avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və yeni piyada səkiləri inşa edilib, işıq dirəkləri qoyulub. Bunlardan əlavə, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Ümumiyyətlə, 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85 mindən çox sakinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, inşaatçılarla söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04