Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi

03 dekabr 2016, 14:40
Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə İlham Əliyevin nitqi

Biz elə bu həyətdə may ayının 1-də görüşmüşdük. O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb. 

Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir.

O vaxt biz burada olarkən aprel döyüşlərindən cəmi 1 ay keçmişdi. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər.

Ona görə aprel döyüşlərində qələbəmiz bir daha demək istəyirəm ki, bizim - həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar.

Ermənistanın siyasi rəhbərliyi növbəti dəfə öz çirkin və eybəcər sifətini göstərmişdir. Necə ki, 1990-cı illərin əvvəllərində onlar mülki əhaliyə qarşı qəddarlıq, cinayət törətmişdilərsə, bu dəfə də döyüş meydanlarından qorxaraq qaçan, öz məğlubiyyətini etiraf edən Ermənistan rəhbərliyi göstəriş verdi ki, mülki əhaliyə qarşı cinayət törədilsin. Biz heç vaxt mülki əhaliyə qarşı heç bir əməliyyat aparmamışıq. Bizim problemimiz işğalçı qüvvələrlədir. Onlar isə görəndə ki, artıq duruş gətirə bilmirlər, başladılar bizim kəndləri bombalamağa. Ümid edirdilər ki, bizim vətəndaşlar bundan narahat olaraq bu bölgələri tərk edəcəklər. Alınmadı. Çünki Azərbaycan xalqı qəhrəman xalqdır. Siz – bax burada yaşayan, aprel hadisələrində buradan tərpənməyən vətəndaşlar bizim qürur mənbəyimizsiniz, biz sizinlə fəxr edirik.

Ağdamlılar birinci Qarabağ müharibəsində böyük fədakarlıq, rəşadət göstərmişlər. Ən çox şəhid verən Ağdam rayonu olmuşdur. Siz bu dəfə də - aprel hadisələrində də böyük qəhrəmanlıq, rəşadət göstərmisiniz. Bütün Azərbaycan xalqı bunu bilir və sizinlə fəxr edir.

Bu gün isə tarixi bir gündür. Ona görə ki, o vaxt dağıdılmış evin yerində yenidən bu gözəl evin tikilməsi, digər evlərin tikilməsi, bərpası çox rəmzi məna daşıyır. Bu, bizim növbəti qələbəmizdir. Ermənilər Dağlıq Qarabağda zəbt etdikləri torpaqlardan qaçaraq orada nəinki binaları təmir edə, heç cürət edib o yerlərə qayıda bilmirlər. Biz isə bütün bu işləri qısa müddət ərzində gördük. Nəyə görə? Çünki biz xalqımızın rifah halının yaxşılaşması üçün əlimizdən gələni edirik. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Azərbaycan dövləti həmişə, bütün zamanlarda xalqın yanındadır, onun arxasındadır. Əvvəlki illərdə də təbii fəlakətlər olub, zəlzələlər, daşqınlar baş verib. O hadisələr vaxtı da Azərbaycan dövləti vəsait ayırırdı. Həmin vəsait hesabına bütün evlər - minlərlə, bəlkə də on minlərlə ev bərpa edildi, yenidən tikildi. Bu dəfə də təkcə Tərtər və Ağdam rayonlarında mindən çox ev təmir edildi və tikildi.

Ağdam rayonunun uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Çünki Ağdam rayonunun böyük hissəsi işğal altındadır və bizim nəzarətimizdə olan ərazilərdə quruculuq, abadlıq işləri aparılmalıdır. Son illər ərzində Ağdamda 18 köçkün qəsəbəsi tikilib. Artıq 10 ilə yaxındır ki, Azərbaycanda qaçqın-köçkün şəhərciyi anlayışı yoxdur. Bu gün Ağdamda 90 mindən çox əhali yaşayır. Bu da çox yaxşı, sevindirici haldır. Digər bölgələrdə məskunlaşmış vətəndaşlar qayıdır. Onlar üçün şərait yaradılır. İstərdim ki, daha çox ağdamlı qayıtsın. Dövlət öz dəstəyini göstərəcək.

Burada iqtisadi inkişafla bağlı addımlar atılır. Xüsusilə kənd təsərrüfatı ilə bağlı. İnfrastruktur layihələri icra edilir. Bir neçə böyük kənd yolu layihəsi artıq icra olunubdur. Növbəti mərhələdə qalan layihələr icra ediləcək. Qazlaşdırma Ağdamda təxminən 100 faiz səviyyəsindədir. Ağdam rayonu bu göstəriciyə görə respublika üzrə bəlkə də ilk sıralardadır. Ağdam üçün xüsusi proqram nəzərdə tutulmuşdu və şadam ki, bu, icra edildi.

Digər infrastruktur layihələrinin icrası da gündəlikdədir. Növbəti mərhələdə suvarma ilə bağlı addımlar atılacaq. Yeni əkin sahələrini dövriyyəyə cəlb etmək üçün praktiki addımlar atılır. Siz bilirsiniz ki, indi kənd təsərrüfatının inkişafı bizim üçün ən prioritet məsələlərdən biridir. Pambıqçılıq, baramaçılıq, taxılçılıq istiqamətində çox ciddi addımlar atılır. Gözəl də nəticələr var. Növbəti illərdə nəticələr daha da yaxşı olacaq. Çünki gələn il Ağdam rayonunda 3 min hektarda pambıq əkiləcək. Baramaçılıq üçün tut tingləri dövlət tərəfindən alınıb gətirilir və insanlara verilir. İş yerlərinin, yeni istehsalat sahələrinin yaradılması təmin ediləcək. Kənd təsərrüfatı texnikası, gübrələr, yanacaq verilir. Bütün lazımi addımlar atılır. Sahibkarlara kreditlər verilir ki, bu istiqamətdə inkişaf daha da sürətli olsun. Biz nəinki öz tələbatımızı daxili istehsal hesabına təmin etməliyik, həmçinin böyük ixracla xarici bazarlara da çıxmalıyıq. Biz buna nail olacağıq.

Yenə də deyirəm, bu gün çox əlamətdar, tarixi bir gündür. Çünki biz bu evin timsalında güclənən Azərbaycanı və onun mətin vətəndaşını görürük.

Mən bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm ki, siz o ağır günlərdə xalqa, dövlətə olan sədaqətinizi göstərmisiniz, qəhrəmanlıq göstərmisiniz. Bilin ki, Ağdam rayonunun inkişafı daim diqqət mərkəzindədir. Sizi bir daha salamlayır və təbrik edirəm.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10