İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib

17 noyabr 2016, 10:15
İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib

Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq. Çünki biz hələ də özümüzü təqdim etmək üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil. Bu baxımdan biz dünya miqyasında müxtəlif tədbirlər, o cümlədən mədəniyyət sahəsi, iqtisadi potensialımızın təqdim edilməsi ilə bağlı tədbirlər keçiririk. Lakin təqdimatın ən yaxşı yolu qonaqlara burada ev sahibliyi etməkdir. Xüsusilə, o qonaqları ki onlar gündəlik işlərində beynəlxalq ictimaiyyəti dünyada gedən proseslərlə məlumatlandırırlar. Buna görə, bu baxımdan fikrimcə, Bakıda bu Konqresin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal dedi:

-Çox sağ olun, cənab Prezident. Bizim bugünkü görüşümüzdə dünyanın hər yerindən xəbər agentliklərini təmsil edən insanlar toplaşıb və onların bir qismi Sizə suallar vermək istəyindədir. Mən burada bütün Konqres iştirakçıları adından danışmaq istərdim. Biz Konqresdə Sizin dünənki nitqinizin təəssüratları altındayıq və fikrimcə, hər bir iştirakçı xüsusilə Sizin ingiliscənizə valeh olub. Yəqin, buradakı həmkarlarım üçün də maraqlıdır ki, Sizin ingiliscəniz necə olur ki, bu səviyyədədir. Bu, bir möcüzədir.

Buradakı iştirakçıların bir çoxu son üç ildə bir neçə dəfə ölkənizə səfər edib. Biz Bakıdakı inkişaf proseslərini görməkdən çox məmnunuq və Siz dünənki nitqinizdə bu barədə danışdınız. Bizim həmkarlarımızın bir hissəsi Azərbaycanın müxtəlif yerlərində, kiçik kəndlərdə, o cümlədən Qafqaz dağlarında yerləşən, əgər düz tələffüz edirəmsə, Xınalıq kəndində olub. Bizi orada qonaqpərvərliklə qarşıladılar, səhər yeməyi verdilər və bu, bizdə Sizin ölkənizlə bağlı dolğun təəssürat yaratdı. Biz hər şeyi öz gözümüzlə gördük. Son neçə gün ərzində bizə çox xoş münasibət göstərilib və ölkələrimizdə media peşəsi ilə bağlı bir çox məsələləri müzakirə etmək imkanımız olub.

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn dedi:

-Cənab Prezident, bu mühüm tədbirin təşkilinə verdiyiniz dəstəyə görə minnətdarlığımızı bildiririk. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər yüksək səviyyədədir. Biz dost ölkələrimiz arasında ikitərəfli əlaqələri daha da möhkəmləndirməliyik.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizinlə razıyam. Ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Mən ötən il sizin ölkənizdə rəsmi səfərdə olmuşam və Zati-aliləri Kral tərəfindən bizə çox böyük qonaqpərvərlik göstərildi. Ölkələrimiz arasında münasibətlər çox yaxşıdır. Biz çox yaxşı tərəfdaş və dostuq.

Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, İsveçin “TT” agentliyinin baş icraçı direktoru Yonas Olof Erikson dedi:

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Bura çox gözəldir. Azərbaycana, Bakıya ilk səfərimdir. Bakı çox təsirləndirici şəhərdir, Azərbaycan çox təsirləndirici ölkədir. “TT” agentliyinin baş icraçı direktoru və Avropa Xəbər Agentlikləri Alyansının prezidenti olmağımla yanaşı, mən həm də atayam. Mənim iki uşağım var. Onların 14 və 12 yaşı var. Onlar Stokholmda yaşayırlar. Mənim Sizə sualım var, cənab Prezident, əgər mənim uşaqlarım mənim yolumu davam etsəydilər və jurnalist peşəsini seçsəydilər bu, mənim üçün çox sevindirici hal olardı. Sizin uşaqlarınıza gəldikdə, cənab Prezident, Siz uşaqlarınızın siyasətlə məşğul olacaqlarını, Sizin və atanızın davamçısı olacaqlarını gözləyirsinizmi?

Prezident İlham Əliyev: Bu, onların istək və planlarından asılıdır. Düşünürəm ki, hələ onlar öz fəaliyyətindən razıdırlar. Onlar mədəni və sosial məsələlərdə çox fəaldırlar. Yeri gəlmişkən, onların ikisi, həmçinin media ilə də bağlıdır. Mənim böyük qızım uzun illərdir ki, Azərbaycanı Rusiya və beynəlxalq auditoriyaya təqdim edən “Baku” jurnalının baş redaktorudur. Jurnal iki dildə - ingilis və rus dillərində çap olunur. Siz bu jurnalı internetdə görə bilərsiniz. Mənim ikinci qızım da jurnalistika ilə bağlı məsələlərlə məşğuldur. O, jurnalist təhsili almışdır. O, Azərbaycanın zəngin tarixə malik olan müasir ölkə kimi tanınması istiqamətində sənədli filmlər üzərində çalışır və digər tədbirlərdə iştirak edir. Mənim oğlum tələbədir. Onun gələcək seçimi onun özündən asılıdır. O, Bakıda universitetdə iqtisadiyyat üzrə təhsil alır. Beləliklə, bu, onların qərarı olacaq. Azərbaycan hər kəs üçün bərabər imkan yaradan ölkədir. Əgər onlar öz gələcəyini siyasətlə bağlamaq istəsələr, bu, onların seçimi olacaq.

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti və baş icraçı direktoru Park No-Hvanq dedi:

-Burada olmaq mənim üçün həqiqətən də şərəfdir. Düşünürəm ki, ola bilsin, mən Sizinlə görüşən və burada olan ilk Koreya jurnalistiyəm. Azərbaycan vətəndaşlarının Koreya məhsullarını, məsələn, elektrik avadanlıqları və Koreya avtomobilləri kimi məhsulları çox bəyənməsini eşitmək mənə qürur hissi verir. Eşitmişəm ki, linqvistik nöqteyi-nəzərdən Azərbaycan və Koreya dilləri bir-birinə oxşardır. Beləliklə, mən Azərbaycan dilini mümkün qədər tez öyrənməyi də qərara ala bilərəm. Sualım isə Sizin Koreya barədə təsəvvürünüzün nədən ibarət olması ilə bağlıdır və Koreya ilə daha dərindən əməkdaşlıq etmək üçün hər hansı bir planlarınız varmı?

Prezident İlham Əliyev: Bizim çox yaxşı münasibətlərimiz var. Bir neçə il bundan əvvəl mən sizin ölkənizə rəsmi səfər etmişəm. Koreyanın Prezidenti və Baş naziri də Azərbaycana səfər ediblər. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Bir çox Koreya şirkətləri də Azərbaycanda fəaliyyət göstərir. Bakıda olan bəzi yeni binalar və göydələnlər Koreya memarları tərəfindən layihələndirilib. Həmçinin Koreya şirkətləri Azərbaycanda dövlətin maliyyələşdirdiyi yeni sənaye ərazilərinin icrası üzərində çalışırlar. Beləliklə, onlar çox fəaldırlar. Bizim çox yaxşı mədəni əlaqələrimiz var. Biz Azərbaycanın Koreyada, Koreyanın isə ölkəmizdə mədəniyyət günlərini təşkil etmişik. Xalqlarımız bir-birinə çox böyük rəğbət bəsləyirlər. Buna görə də biz bu tərəfdaşlığın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik.

Avstraliyanın AAP agentliyinin baş direktoru Brüs Alan Davidson dedi:

-Cənab Prezident, bizi burada qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Bəli, Avstraliya Azərbaycan və Bakıdan böyük məsafədə yerləşir. Həmkarlarıma və dostlarıma Azərbaycana səfər edəcəyimi deyəndə maraqlısı o oldu ki, onların bir çoxu ölkəniz haqqında eşitməsinə baxmayaraq, onların Azərbaycanın harada yerləşməsi barədə məlumatları yoxdur. Beləliklə, Sizin ölkənizə səfər etməklə mən Azərbaycan haqqında daha çox məlumatlar əldə etdim. Nəzərimdən qaçmayan məqamlardan biri də yeni binaların müasir memarlığıdır. Bu da əlbəttə ki, müasir Bakının bir xüsusiyyətidir. Sidneydən gələn bir şəxs kimi deyə bilərəm ki, sizin yeni tikilən əyləncə mərkəzinizlə Sidney Opera Evinin bəzi elementləri arasında oxşarlıq var. Bilmirəm bu, bilərəkdən olub, ya yox. Ola bilsin ki, bu, belədir. Mən həmin binanın elementlərini nəzərdə tuturam. Sizdən soruşmaq istəyirəm: Bakıda bu çox müasir və innovasiyalı memarlıq üslubunun tətbiq edilməsi strategiyası sizə hansı faydalar verir?

Prezident İlham Əliyev: Şərhləriniz üçün sizə təşəkkürümü bildirirəm. Bakı tarixi şəhərdir, qədim şəhərdir. Tarixi Bakı bu gün görə biləcəyiniz qədim şəhər divarı ilə əhatə olunub. Yeri gəlmişkən, İçərişəhər dünya irsi kimi UNESCO tərəfindən qorunur. Əlbəttə ki, bizi narahat edən məsələ öz tarixi irsimizi qorumaqdır. Bakının çoxsaylı tarixi binaları XIX əsrdə Azərbaycanda ilk neft bumu yaşananda inşa olunub. Bu binalar dövlət tərəfindən də qorunur. Lakin şəhər inkişaf edir və biz vətəndaşlarımız üçün yaxşı şərait yaratmalıyıq. Buna görə də yeni infrastrukturun, müasir müəssisələrin və yeni binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir. Düşünürəm ki, biz bunun öhdəsindən gəlmişik. Hesab edirəm ki, müasir və tarixi binalar arasında heç bir ziddiyyət yoxdur. Əksinə, siz İçərişəhərdən çıxıb yolu keçərək özünüzü ən uzun bulvarlardan biri olan 16 kilometrlik Dənizkənarı Parkda və müasir mühitdə tapa bilərsiniz. Biz tikintinin inkişafını diqqətlə izləyirik və ona nəzarət edirik ki, yeni binalar müasir memarlığa uyğunlaşsın. Onlardan biri sizin dünən olduğunuz Heydər Əliyev Mərkəzidir. Heydər Əliyev Mərkəzi bir çox beynəlxalq mükafatlara layiq görülüb və mən şəxsən hesab edirəm ki, o, məşhur memar Zaha Hadidin ən yaxşı incəsənət əsəridir və Mərkəz dünya kataloqlarındadır. Bakının digər yeni bir rəmzi “Alov Qüllələri”dir. Bu da şah əsərdir. Sizin istinad etdiyiniz və Sidney Opera Evinə oxşayan bina isə yeni tikinti kimi görünə bilər. O, Xəzər dənizində yerləşir, eləcə də “Marriott” otelinin yanında yerləşən yeni inşa edilmiş oteldir. Yeri gəlmişkən, o, Koreya memarları tərəfindən layihələndirilib. Beləliklə, bu, inkişafın göstəricisidir və çox şadam ki, sizin Bakıda gördüyünüz yeni inşa olunmuş binaların mütləq əksəriyyəti özəl sektor - yerli və xarici şirkətlər tərəfindən maliyyələşdirilib. Bu, onu göstərir ki, şirkətlərin burada çalışmağa çox böyük marağı var. Bunun üçün potensial və dinamika var. Bilirəm ki, sakinlərimiz Bakının dünyanın ən gözəl şəhərlərindən biri olması ilə fəxr edirlər.

İtaliyanın ANSA agentliyinin baş icraçı direktoru Cüzeppe Serbone: Mənim sualım Azərbaycanda həyata keçirilən TANAP layihəsi ilə bağlıdır. Sizin TANAP layihəsi ilə Rusiyanın Avropaya qaz axını layihəsi arasında ziddiyyət varmı? Bu məsələ Aralıq dənizi bölgəsi ölkələri üçün vacibdir.

Prezident İlham Əliyev: Əlbəttə ki, neft böyük resursdur. Lakin hər şey bu resursdan necə yararlanmaqdan asılıdır. Biz neftdən yararlana bilməyən bir çox neft ölkələrinin nümunələrini görürük və neft sahəsinin inkişafı onlar üçün bir lənətə çevrilib. Beynəlxalq neft şirkətləri ilə layihələrə başlayanda əsas məqsədimiz maliyyə ehtiyatlarımızın toplanılması və sərf olunmasına dair maksimum şəffaflığın təmin edilməsi ilə bağlı idi. Bu məqsədlə biz Dövlət Neft Fondunu təsis etdik. Bu da dünyada ən şəffaf, müstəqil ehtiyat fondlarından biri hesab olunur. Neft satışından əldə olunan bütün vəsaitlər və həmçinin xərclər də şəffafdır və beynəlxalq səviyyədə audit olunur. Biz Neft Fondundan vəsaitləri yalnız parlament tərəfindən təsdiq olunan büdcə məsrəfləri çərçivəsində xərcləyə bilərik. Ona görə də biz Azərbaycanda indi ümumi daxili məhsulumuza çox yaxın olan çox əsaslı maliyyə ehtiyatlarını yarada bildik. Dövlət Neft Fondu və bizim şəffaflıq siyasətimiz bu məsələdə çox önəmli rol oynadı. Neft satışlarından əldə olunan çoxlu həcmdə vəsaiti biz infrastruktura sərmayə kimi yatırdıq. Biz regionlarda infrastrukturu - yolları, elektrik enerjisinin generasiyasını, qazlaşdırmanı, su və kanalizasiya sistemlərini, suyun təchizatını tamamilə yenidən qurduq. Bu gün biz təkcə neft və qazı ixrac etmirik, eyni zamanda, uzun illər bundan əvvəl idxal etdiyimiz elektrik enerjisini ixrac edirik. İndi isə bizim təşəbbüsümüzlə “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Dünənki çıxışımda mən bu barədə qısaca danışdım. “Cənub Qaz Dəhlizi” 4 ayrıca layihədən ibarətdir. Birincisi, dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz-2” layihəsinin işlənilməsidir. İkincisi, Azərbaycandan Gürcüstana mövcud qaz xəttinin genişlənməsidir. Bunun adı Cənubi Qafqaz Boru Kəməridir. Üçüncüsü, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu boru kəməridir. Əlbəttə ki, sonuncusu Trans-Adriatik boru kəməri TAP-dır. Bu boru kəməri Türkiyənin Yunanıstanla sərhədindən başlayaraq Yunanıstanın, Albaniyanın ərazisindən və suyun altından keçərək İtaliyaya gedib çıxır. Birləşdirilmiş boru kəmərinin uzunluğu 3 min kilometrdən çoxdur və hazırda 7 ölkə Azərbaycanın rəhbərliyi altında bu layihənin fəal üzvüdür. Bu da bu ilin fevral ayında keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının ikinci iclasında öz təsdiqini tapmışdır. Avropa Komissiyasının vitse-prezidentləri, ABŞ Prezidentinin xüsusi nümayəndəsi, habelə “Cənub Qaz Dəhlizi” layihəsinə üzv olan ölkələr tərəfindən imzalanmış bəyannamələr açıq-aydın göstərir ki, bu layihə Azərbaycanın rəhbərliyi altında həyata keçirilir. Bu layihə bizə təbii qazımızı ən böyük bazar olan Avropaya ixrac etmək üçün lazımdır. Avropaya isə bu layihə ona görə lazımdır ki, Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Çünki Avropanın inkişafına əlavə enerji ehtiyatları lazımdır və Avropaya enerjini təchiz edən mövcud ehtiyatların bəziləri artıq tükənməkdədir. Onlara yeni ehtiyat lazımdır. Burada, Xəzər regionunda, Azərbaycanda təsdiqlənmiş yeni qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Beləliklə, bu, Avropa istehlakçılarını on illərlə qazla təmin etməyə kifayət edəcək. Biz bu layihəni heç vaxt regionda icra olunan hər hansı bir digər qaz layihəsinə alternativ və ya rəqib kimi saymamışıq. Bizim layihəmiz yalnız artıq mənim qeyd etdiyim hədəfə doğru yönəlib: istehsal etmək, təchiz etmək, istehlakçıların ehtiyaclarını ödəmək, tranzit ölkələrini sevindirmək və həm də ölkəmiz üçün qazanc əldə etmək. Beləliklə, layihənin icrası cədvəl üzrə gedir. Avropada bəzi ekoloji narahatlıqlarla bağlı gecikmələr var idi. Lakin məndə olan məlumata görə, artıq bu məsələlər öz həllini tapıb. 2018-ci ildə TANAP layihəsi vaxtında istismara veriləcək. Ümid edirik ki, 2020-ci ilə qədər “Cənub Qaz Dəhlizi” layihəsinin digər hissələri də icra olunacaq. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz layihənin iştirakçısı olan 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və son mərhələdə layihəyə qoşulmaq arzusunu ifadə etmiş iki Balkan ölkəsi - Xorvatiya və Monteneqro arasında bu beynəlxalq əməkdaşlığı çox sıx şəkildə davam etdirməliyik.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: Cənab Prezident, bildiyimizə görə, ölkənizdə bir neçə jurnalist həbsdə qalmaqdadır. Bizə Əli Həsənov bildirdi ki, onların həbsdə olmaları məhz jurnalistlik fəaliyyətləri ilə bağlı deyil. Onlar xuliqanlıq, vergi pozuntuları və digər bu cür məsələlərlə bağlı həbs olunublar. Bildiyimizə görə, Xədicə İsmayılova həbs olunduqdan sonra “Azad Avropa” radiostansiyasının bürosunun fəaliyyətinin bərpa edilməsinə icazə verilməyib. Ölkə xaricində bəzi jurnalistlər var ki, təqiblərə məruz qaldıqlarını bildirirlər. Siz dünənki çıxışınızda aydın şəkildə qeyd etdiniz ki, Azərbaycanın dünyada dolğun şəkildə tanınmasını istəyirsiniz. Siz dünyada Azərbaycanla və mətbuat azadlığı ilə bağlı yenidən əminlik yaratmaq üçün atıla bilinəcək bəzi addımlar barədə nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: Siz dünya deyəndə kimi nəzərdə tutursunuz? Siz həmişə dünyanın adından danışmağı xoşlayırsınız. Mən 13 illik prezidentlik fəaliyyətim dövründə bunun şahidiyəm. Dünya hər hansı bir ayrılıqda götürülmüş ölkədən böyük məfhumdur. Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir. Dünən mən öz çıxışımda da qeyd etdim ki, bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləmişlər. Mən dünənki çıxışımda onu da qeyd etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Bu məsələnin mahiyyətinə diqqət yetirmək kifayət edir. Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur. Məsələn, sərbəst toplaşma hüququ. Bəzən Azərbaycanı tənqid edirlər ki, bizdə sərbəst toplaşma hüququ yoxdur. Bu, yanlışdır. Bunun üçün bu yay müxalifətin keçirdiyi mitinqlərə nəzər salmaq kifayətdir. Qeyd edim ki, onlar oraya çox adam yığa bilmədilər, onların sayı dünən Heydər Əliyev Mərkəzində keçirilən tədbir iştirakçılarının sayından az idi. Lakin onlar azad şəkildə toplaşmışdılar, heç bir məhdudiyyət yox idi. Bir daha qeyd edirəm ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub. Ayrı-ayrı jurnalistlərlə bağlı olan məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar. Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?

Con Danişevski: Bilirsiniz, mən bu məsələ ilə bağlı ekspert deyiləm. Mənim fikrimcə, o, İsveçə geri qayıda, orada prokurorlarla təmasda ola bilər və bu məsələlərlə məşğul ola bilər.

Prezident İlham Əliyev: Onda o, həbs olunacaq, ekstradisiya ediləcək və yəqin ki, ömürlük həbs cəzası alacaq.

Con Danişevski: Mmmmm.... Mən... Mən əmin deyiləm... Bəlkə isveçli həmkarım....

Prezident İlham Əliyev: Mən demək istəyirəm ki, bu cür hallar baş verir və bu cür məsələlərə kontekstdə baxılmalıdır. Hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir. Heç kim mükəmməl deyil və bütün bu məsələlərə reallıq kontekstində baxılmalıdır.

Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev: Cənab Prezident, keçən il ilk Avropa Oyunlarından əvvəl Bakıda olmuşam. Bir saat bundan əvvəl yola çıxanda çoxlu binalar gördük. Lakin onlar indi boşdur. Bakıda gələcəkdə bu böyük idman infrastrukturu ilə nə baş verəcək?

Prezident İlham Əliyev: Hansılarını deyirsiniz?

Maksim Minçev: Bir çox binalar var, onlar boşdur.

Prezident İlham Əliyev: Xeyr, mən belə hesab etmirəm. Çünki mən bilmirəm siz hansı binaları nəzərdə tutursunuz. Lakin onların əksəriyyəti fəaliyyət göstərir. Qeyd etdiyim kimi, Bakıda gördüyünüz yeni binaların əksəriyyəti özəl sərmayə hesabına tikilib. Buna görə onlar boş ola bilməz. Bunlar otellər, ofis mərkəzləri, yaşayış binaları kimi fəaliyyət göstərir. Avropa Oyunları ərəfəsində yenidən qurduğumuz və inşa etdiyimiz idman qurğularına gəldikdə isə onlar fəaliyyət göstərir. Məsələn, bizim Olimpiya Stadionumuz fəaliyyət göstərir və orada futbol oyunları keçirilir. Avropa Oyunları ərəfəsində inşa olunmuş Su İdmanı Sarayı və başqaları da fəaliyyətdədir. Azərbaycan çox məşhur idman ölkəsidir. Bizim çox yaxşı nəticələrimiz var. Yeri gəlmişkən, Avropa Oyunlarında Azərbaycan yığmasının medal sayına görə ikinci yerə çıxması ölkəmizin Oyunlara ev sahibliyi etməsi ilə bağlı deyildi. Düşünürəm ki, Rio Yay Olimpiya Oyunları bunu bir daha göstərdi. Biz Olimpiya Oyunlarında 18 medal qazandıq və Olimpiya Oyunlarında iştirak edən bütün ölkələr sırasında medal sayına görə 14-cü yerdə qərarlaşmışdıq. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiyadan sonra 2-ci, müsəlman dünyasında 1-ci yerdə idik. Sizin Bakıda gördüyünüz bütün bu idman qurğuları fəaliyyətdədir, eləcə də digərləri. Mən hər bir konkret bina haqqında danışa bilmərəm, çünki sizin hansı binanı nəzərdə tutduğunuzu bilmirəm. Lakin onların əksəriyyəti fəaliyyətdədir. Onların bəziləri inşa olunmaqdadır.

Maksim Minçev: “Formula-1”dən sonra Siz Azərbaycanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırsınızmı?

Prezident İlham Əliyev: Əslində, növbəti Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədlik irəli sürmək fürsəti bizdə var idi. Lakin düşündük ki, hazırda biz bunu etməyək. Çünki Avropa Oyunları demək olar ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdi. Gələn il bizdə İslam Həmrəyliyi Oyunları və böyük uğur qazanmış, çoxlu diqqət cəlb edən “Formula-1” Qran-prisi keçiriləcək. “Formula-1”in 500 milyonluq auditoriyası var. Ola bilsin, burada Olimpiya Oyunları ilə paralellik aparmaq olar. Olimpiya Oyunları 2-3 həftə ərzində keçirilir, sonra isə yekunlaşır. “Formula-1” yarışları isə hər il keçirilir və davam edir. “Formula-1” və Avropa Oyunlarından sonra biz Azərbaycana gələn turistlərin sayında artımı müşahidə edirik. Xüsusilə məhz ona görə ki, “Formula-1” şəhər halqasında keçirilmişdi. Beləliklə, insanlar təkcə yarışı deyil, şəhəri də izləmək imkanı qazandılar və onlar yeni məkanları görmək və kəşf etmək istəyirlər.

Maksim Minçev: “Formula-1” yarışlarına gələcək 10 il ərzində ev sahibliyi edəcəksiniz?

Prezident İlham Əliyev: Müddətlə bağlı məndə heç bir əminlik yoxdur. Lakin bilirəm ki, 5 illik müqavilə bağlanmışdır və sonradan o, uzadıla bilər. Yalnız üç şəhər halqası var. Bunlar Bakı, Sinqapur və Monakodur. Yalnız üç.

Bəhreynin BNA agentliyinin baş direktoru Muhannad Sulaiman Mohsen Alnoaimi: Mən Bakı haqqında uzun illər bundan qabaq xəbərlərdə eşitmişəm. Bura gəlməzdən öncə fərqli təəssüratlarım vardı. Lakin burada olduğum üç-dörd gün ərzində həmkarlarıma da dediyim kimi, şoka düşdüm. Şəhər çox müasir və gözəldir. Siz böyük işlər görürsünüz, viza rejiminin sadələşdirilməsi çox yaxşı haldır. Biz çox şadıq ki, bizim hökumətimizin, bizim Kralımızın Zati-alilərinizlə çox gözəl münasibətləri var.

Prezident İlham Əliyev: Sağ olun, xoş sözlərinizə görə təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, körfəz ölkələri üçün viza rejiminin sadələşdirilməsindən sonra körfəz ölkələrindən olan turistlərin sayı 10 dəfə, bəlkə də 20 dəfə artıb. Xüsusilə yay vaxtı burada, küçələrdə çox sayda qardaşımız var idi. Ümumiyyətlə, biz yeni viza rejimi təqdim edirik. Bir neçə gün ərzində elektron viza alıb Bakıya gəlmək çox asandır. Təhlükəsizlik, yaxşı iqlim, qonaqpərvər insanlar, yaxşı otellər, infrastruktur, yaxşı mətbəx və siz özünüzü evinizdəki kimi hiss edirsiniz. Bu, çoxlu tarixi abidələri olan, rahatlıq verən şəhərdir. Siz qeyd etdiniz ki, rayonlardan birində səfərdə olmusunuz. Biz regionların inkişafına xüsusi diqqət yetiririk. Bakının da rayonları sürətlə inkişaf edir, sosial infrastruktur, avtomagistrallar, 6 beynəlxalq hava limanı və otellər var. Nisbətən kiçik ərazisi olan Azərbaycanda 9 iqlim qurşağı mövcuddur. İki-üç saatın ərzində maşınla subtropik əraziyə, Alp dağlarına bənzər yerlərə, yarımsəhraya, Xəzərin sahilinə, xizək kurortuna gedə bilərsiniz. Azərbaycan həqiqətən də daha çox tanınmaq istəyən ölkədir və düşünürəm ki, ən yaxşı vasitə sizin Konqresdir. Biz müxtəlif təqdimatlar zamanı Azərbaycan haqqında çox danışa bilərik. Lakin siz buradasınız, görürsünüz, hiss edirsiniz və siz bir gün deyil, bir neçə gündür buradasınız. Yəqin ki, sizin insanlarla görüşmək, onlardan Azərbaycanda və dünyada baş verənlər barədə nə düşündüklərini soruşmaq imkanınız olub. Mən bilirəm ki, ilk dəfə gələnlərin çoxu bir də gəlmək istəyir.

Klayv Marşal: Cənab Prezident, iclasa yekun vurmaq üçün TASS agentliyinin baş direktoru Sergey Mixaylova söz verməzdən əvvəl mən Sizə imkan yaratmaq istəyirəm. Burada dünyanın hər yerindən insanlar var - Cibuti, Meksika, Koreya, Avstraliya, ABŞ, Kanada və Rumıniyadan. Sizin bizə vermək istədiyiniz sual varmı?

Prezident İlham Əliyev: Fikirləşirəm ki, verəcəyim sual hamımız, xüsusilə də jurnalistlər üçündür. Bu sual ABŞ-dakı son prezident seçkiləri ilə bağlıdır. ABŞ-ın bütün aparıcı qəzetləri, o cümlədən “Vaşinqton Post”, “Nyu-York Tayms”, xəbər agentlikləri və başqaları xanım Klintonun qələbəsini proqnozlaşdırırdılar və ümumiyyətlə, mətbuatın bu məsələni necə işıqlandırması bizə məlumdur. Lakin nə baş verdi? Onların hamısı yanlışlığa yol verdi, yoxsa onların qiymətləndirməsi siyasi motivasiya daşıyırdı? Seçkilərin mətbuatda işıqlandırılmasına müəyyən göstərişlər verilməsi ilə bağlı siyasi müdaxilə var idimi? Yoxsa həmin mətbu orqanlar proqnozda çox böyük yanlışlığa yol verdilər və müəyyən mənada onlara olan etimadı itirdilər. Təbii ki, ABŞ-ın burada iştirak edən nümayəndəsi bu sualı birinci cavablandıra bilər.

Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski: Fikrimcə, bu, müəyyən dərəcədə sübut edir ki, bu, demokratiyadır və insanlar seçki məntəqəsinə gedərək öz seçimlərini edirlər. Bəzi ölkələrdən fərqli olaraq ABŞ-da bilmirsən ki, seçki nə ilə nəticələnəcək. ABŞ-da doğrudan da seçkilər keçirilərkən bilmirsən kim qalib gələcək və seçkilərin nəticələri bəzi xəbər agentliklərini çaş-baş saldı. Bir çox agentliklərin xəbərləri diqqəti latın amerikalılarının, afroamerikalıların səs verdiyi bəzi ştatlara yönəltmişdi və onlar görmədilər ki, Tramp qalib gələcək. Onlar görmürdülər ki, iqtisadi cəhətdən çətinlik çəkən təbəqələr Trampa səs verəcək. Lakin deyə bilərəm ki, hər hansı bir namizədi dəstəkləmək və ya ona ziyan vurmaqla bağlı heç bir xüsusi səbəb yox idi. Tam əksinə, ədalətli qaydada, mübahisəli bir mühitdə işıqlandırmağa çalışırdılar. Misal üçün, bir gün Associated Press Klinton haqqında tənqidi yazı dərc etmişdi və biz Trampı dəstəkləyənlərdən xeyli cavablar almışdıq. Ertəsi gün Tramp haqqında tənqidi yazı yazdıqda eyni axın Klintonun tərəfdarlarından daxil olmuşdu. Fikrimcə, bu, hamı üçün gözlənilməz oldu. Bəlkə də sorğu məlumatlarına həddən artıq etibar edirdik və onların etibarsız olduğu ortaya çıxdı. Lakin siyasi nəzarət yox idi.

Jose Antonio Vera Gil: Cənab Prezident, mən İspaniyanın EFE xəbər agentliyinin prezidentiyəm. Sizin Tramp haqqındakı şəxsi fikrinizi öyrənmək istərdim.

Prezident İlham Əliyev: Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir.

Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov: Cənab Prezident, Sizə xüsusi sualım yoxdur. Çünki birinci müavinim Azərbaycan haqqında hər bir kiçik şeyi hər gün mənə danışıb. Artıq hər şeyi bilirəm. Cənab Prezident, qonaqpərvərliyinizə görə bir daha təşəkkür edirəm. Üç gündür ki, buradayıq və Sizinlə iki dəfə görüşmüşük. Bir daha təşəkkür edirəm. Cənab Prezidentin ingilis dilində gözəl danışmağının sirrini bilirəm. Çünki biz eyni institutun - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunuyuq. Buna görə cənab Prezidentin ingiliscəsi çox yaxşıdır. Burada olmaq imkanı yaratdığınız üçün təşəkkür edirəm.

Prezident İlham Əliyev: Buraya gəldiyiniz üçün təşəkkür edirəm. Bir daha deyim ki, bu əhəmiyyətli tədbiri təşkil etmək bizim üçün qürurvericidir. Əminəm ki, Azərbaycandan xoş təəssüratlarla qayıdacaqsınız.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07