13:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər.
Biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, tekstil, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.
Prezidentlər biznes forumda çıxış etdilər.
Prezident İlham Əliyevin çıxışı
-Sabahınız xeyir.
Xanım Prezidentin Azərbaycana səfəri yekunlaşmaq üzrədir. Artıq biz nəticələr barədə danışa bilərik. Nəticələr olduqca müsbətdir. Dünən çox gözəl müzakirələrimiz olmuşdur. Bütün mühüm məsələləri müzakirə etdik. Regional məsələlər ikitərəfli əlaqələr baxımından müzakirə edildi. Təbii ki, biz bu müzakirələrdə iqtisadi əməkdaşlığımıza böyük əhəmiyyət verdik. Məmnun qaldığımızı bildiririk ki, bir qrup xorvat iş adamı xanım Prezidenti Azərbaycana səfərində müşayiət edir və bu gün bu biznes forumda iştirak edir.
Bu səfər çox uğurlu olmuşdur. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq. Əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirdik və çox müsbət əməkdaşlıq etdiyimizi bir daha təsdiqlədik. Biz dostuq, tərəfdaşıq.
Siz iş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələrinizi genişləndirməlisiniz. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim gözəl siyasi əlaqələrimizi nəzərə alsaq, burada çox yaxşı perspektivlər var. Bizim çox gözəl siyasi əlaqələrimiz var və ümidvaram ki, işgüzar dairələr də bu nümunədən istifadə edəcəklər. Bizim keçmişdə də birgə layihələrimiz olmuşdur. Amma bu gün biz ticarət dövriyyəmizə nəzər salsaq görərik ki, burada iki element mövcuddur və onlar bu dövriyyənin artmasına və azalmasına təsir edir. Biri Azərbaycandan Xorvatiyaya neft satışıdır. Digəri isə Xorvatiya gəmilərinin Azərbaycana satışıdır. Bu, çox gözəl əməkdaşlıqdır. Burada idxal-ixrac əməliyyatlarından söhbət gedir. Amma düşünürəm ki, artıq zamanı yetişib ki, biz iqtisadi əməkdaşlığımızı şaxələndirək və idxal-ixrac əməliyyatlarımızı genişləndirək.
Dünən müxtəlif formatda nümayəndə heyətləri görüşdülər və bir sıra istiqamətlər qeyd edildi. Bizim iqlim şəraitimizdən istifadə edilməsi təklif olundu və Xorvatiyadan müəyyən məhsulların idxalı müzakirə edildi. Əminəm ki, bu gün burada daha geniş şəkildə müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Çünki biz Xorvatiyanın ixracından xəbərdarıq və siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Odur ki, düşünürəm bu forum öz diqqətini məhz bu istiqamətə yönəltməlidir.
Burada qarşılıqlı sərmayə qoyuluşu da müzakirə edilməlidir. Biz çox maraqlıyıq ki, ölkəmizdə yeni sahələr yaradılsın. Burada əczaçılıqdan söhbət gedir.
Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Biz bu baxımdan idxaldan asılı ölkəyik və düşünürəm ki, məhz əczaçılıq - dərmanların istehsalı sahəsində birgə müştərək müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki bizim bazar genişlənir, əhalimiz artıq on milyon nəfərə çatır və əhalinin sayı ildən-ilə artır. Bu səbəbdən bu sahə çox maraqlı ola bilər.
Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzdakı dövlətlərə milyardlarla ölçülən sərmayələr qoyulub. Eyni zamanda, Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və digər özəl şirkətlərimiz tərəfindən sərmayələr yatırılıb. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir və əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər.
Digər sahələrdən biri bizim şirkətlərin Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirakı ola bilər. Biz, eyni zamanda, xorvat şirkətlərini buraya dəvət edə bilərik. Bu gün demək olmaz ki, o qədər çox xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amma bu sahədə dinamik inkişafı nəzərə alsaq, biz böyük məmnuniyyətlə xorvat şirkətlərini buraya dəvət edərdik.
Turizm sahəsi. Təbii ki, Xorvatiyanın bu sahədə çox böyük təcrübəsi var. Dünən xanım Prezidentlə söhbət edəndə mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də ölkəmizdə bu sahəni inkişaf etdirmək əzmindəyik. Bu, bizim üçün ənənəvi sektor olmamışdır. Amma indi şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də bu sahəni genişləndirməyə maraqlıyıq və artıq turistlərin artımını müşahidə edirik. Bu səbəbdən bu da müzakirələrin mövzusu ola bilər.
Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır. Bildiyiniz kimi, biz geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olduqca çox maraqlıdır.
Enerji siyasəti ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırıram. Çünki bu, artıq getdikcə bizim birgə gündəliyimizə daxil olan məsələdir. Azərbaycan ilə Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə “Cənub” Qaz Dəhlizinin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, biz xorvat bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil ola bilək və həmin ölkələr də Azərbaycandan təbii qaz alaraq, yeni mənbə əldə etsinlər.
Bizim təsdiq edilmiş qaz ehtiyatımız 2,5 trilyon kubmetrdən çoxdur. Bu ehtiyatlar artacaq. Çünki biz hələ də kəşfiyyat işləri ilə məşğul oluruq. Bu ehtiyatların şaxələndirilmiş şəkildə ixracına nail olmaq üçün bizim müxtəlif istiqamətlərdə qazı nəql edən bir neçə kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir.
Bu ümumi layihə “Cənub Qaz Dəhlizi” adlanır. Buraya dörd layihə daxildir və hər biri hazırda icra mərhələsindədir. “Şahdəniz-2” qaz yatağında, - bu, dünyanın ən böyük qaz yataqlarından biridir, - hasilat artırılıb və biz burada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində üç qaz kəməri inşa edilir. Onun sonuncu mərhələsi Trans-Adriatik qaz kəməri sizin regiona yaxındır. Həmin qaz kəmərinin Xorvatiyaya və digər qonşu dövlətlərə uzadılması ilə məşğul ola bilərik. Bunu müzakirə edəcəyik. Ümid edirəm ki, artıq biz tezliklə danışıqların fəal fazasına başlayacağıq. Bu, təhlükəsizlik, enerjinin şaxələndirilməsi layihəsidir. Burada bütün tərəflər qazanacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik. Avropa istehlakçıları isə əlavə mənbələr əldə edir. Bilirik ki, bu gün Avropanın tələbatı artır. Biz isə yeni mənbəyik və yeni nəqliyyat marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür.
Bununla yanaşı, biz artıq beş il bundan öncə Avropa Komissiyası ilə birlikdə enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalamışıq. Bildiyiniz kimi, biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqlara başlayırıq. Bu sahədə böyük fəallıq var. İon-Adriatik dənizləri arasında qaz kəmərinin inşası yeni iş yerləri yaradacaq və onun tikintisinə yeni şirkətlər cəlb olunacaq. Bununla da bizim Xorvatiya ilə strateji tərəfdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu məhz belə olacaq. Bu, Avropa, Avropa təsisatları və üzv dövlətlərlə bizim əməkdaşlığımızın mühüm hissəsidir. Təbii ki, Avropa İttifaqının üzvü olmayan qonşularımız da bu layihədə fəal iştirak edirlər.
Azərbaycanda ümumi vəziyyətlə bağlı bir neçə kəlmə söyləmək istərdim. Bildiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə düşməsi bizim gəlirlərimizi azaltmışdır. Eyni zamanda, biz builki büdcəmizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır.
Düşünürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq. Bildiyiniz kimi, bizim şaxələndirmə siyasətimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Artıq mən bununla bağlı fikirlərimi söylədim. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabətqabiliyyətli məhsullarla daxil olaq.
Azərbaycanda çox münbit sərmayə mühiti var. Bildiyiniz kimi, biz postsovet məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana, ümumiyyətlə, 200 milyard dollar sərmayə yatırılmışdır ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz yenə də neft-qaz sahəsinə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq.
Biz işsizliyi kəskin şəkildə azalda bilmişik. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enmişdir. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti kəskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik.
Ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var. Biz qonşularımızla olduqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qovşağına çevriləcəyik. Bildiyiniz kimi, bunların biri artıq yekunlaşır. Mən Şərq-Qərb nəqliyyat dəhlizindən danışıram. Həmin dəhliz Xəzər dənizindən, Azərbaycan ərazisindən keçməklə Çindən Avropaya uzanır. Ümidvaram ki, biz bir neçə aydan sonra həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik.
Digər layihənin icrasına bu il başlanmışdır. Artıq bu istiqamətdə sərmayələrin qoyuluşu başlamışdır. Bu, Asiyadan, yəni, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, on milyonlarla ton yükü öz ərazimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Təbii ki, Xəzərdən keçən bu nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi gözəl gəmi-bərələrdən istifadə oluna bilər. Biz uzun illərdir bu gəmilərdən istifadə edirik. Yəni, bu layihə də bütün iştirakçılar üçün davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaqdır.
Hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr dövlət tərəfindən qorunur. Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq, bu, yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik.
Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Mən Prezident olaraq ölkəmizdə xorvat sərmayələrini daha çox görmək istərdim. Amma bir daha qeyd edirəm ki, bu, qarşılıqlı maraq və qarşılıqlı fəaliyyət üzərində qurulan bir prosesdir. Bir daha qeyd etmək istərdim ki, sərmayələr, şirkətlər bizim iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Əminəm ki, bizim biznes dairələrinin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək. Sağ olun.
Prezident Kolinda Qrabar-Kitaroviçin çıxışı
-Cənab Prezident, təşəkkür edirəm.
Hörmətli iş adamları, hər birinizi salamlayıram. Bakıda olmağımdan və bu gün sizin qarşınızda çıxış etməyimdən çox şadam. İlk növbədə, cənab Prezident, bir daha şəxsən Sizə və xanımınıza, Sizin bütün heyətinizə minnətdaram ki, ölkənizdə bizə bu qədər qonaqpərvər ab-hava yaratmısınız. Həyat yoldaşım və mən özümüzü evdəki kimi hiss edirik. Eyni zamanda, cənab Prezident, təşəkkür edirəm ki, Siz Azərbaycan ilə biznes əlaqələrinin qurulması üçün bizə imkan yaradırsınız və ölkənizin perspektivləri haqqında ətraflı məlumat verdiniz. Yəni, burada sadəcə enerji və nəqliyyat sektorundan söhbət getmir. İqtisadiyyatın digər sahələrində böyük imkanlar var və xorvat şirkətləri bundan bəhrələnməlidir.
Mən bunu bir neçə dəfə qeyd etmişəm və dünən “ADA” Universitetindəki çıxışımda da dedim ki, bizim gözəl siyasi əlaqələrimiz var. Təəssüflər olsun ki, işgüzar dairələr həmin səviyyədə fəaliyyət göstərə bilmir. Eyni zamanda, bunu Azərbaycana da şamil etmək olar. Bizim çox gözəl siyasi əməkdaşlığımız var. Heç bir açıq qalan məsələmiz yoxdur. Sizi əmin edirəm ki, Avropa İttifaqında və NATO-da Xorvatiya Sizin dostunuz və tərəfdaşınız olaraq qalacaqdır.
Ümid edirəm ki, tezliklə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin müzakirəsi başa çatacaqdır. Ümidvaram ki, bizim Zaqrebdə imzaladığımız strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə də buna təkan verəcək. Bildiyiniz kimi, mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü var – Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsi. Biz görürük ki, iqtisadi əməkdaşlığımız neftin qiymətindən və ya Azərbaycanın sifariş etdiyi gəmi-bərələrin sayından asılı olur. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq.
Mən çox şadam ki, bu gün burada böyük sayda iş adamları iştirak edir. Məni Azərbaycana rəsmi səfərimdə 50-dən artıq xorvat şirkətinin nümayəndəsi müşayiət edir. Bunlar olduqca təcrübəli şirkətlərdir. Xorvatiyada son 6 ildə müşahidə edilən tənəzzüldən sonra bizim iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub. Bizim ümumi daxili məhsulumuzun həcmi artır və həmin prosesə məhz bu şirkətlər öz töhfələrini vermişlər. Bu gün bu şirkətlər həm Avropada, həm də qlobal bazarda bizim iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Mənim məqsədim məhz orta və kiçik şirkətlərimizin iqtisadi artımın generatoruna, aparıcı qüvvəsinə çevrilməsidir ki, onlar da bizim Azərbaycan ilə əlaqələrimizə əlavə töhfə verə bilsinlər.
Bildiyiniz kimi, bir neçə gün bundan öncə Xorvatiyada yeni hökumət formalaşıb. Bu, iş yerlərinin artırılması və ölkədə sərmayə qoyuluşu üçün daha yaxşı mühitin yaradılması istiqamətində olduqca iddialı bir hökumətdir. Biz ölkələrimiz arasında müştərək iqtisadi komissiyanın fəaliyyətinə də təkan verməliyik. İlk iclasın keçirilməsi üçün lazımi işlər görülməlidir. Həmin komissiya da ölkələrimizin biznes dairələri arasında əməkdaşlığı genişləndirəcəkdir. Ümidvaram ki, bizim burada ticarət nümayəndəliyimiz də tezliklə tamhüquqlu səfirlik statusu əldə edəcəkdir. Biz çalışacağıq ki, səfirliyimiz burada daha fəal olsun.
Cənab Prezident, biz siyasi məsələləri bu səhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər regionda, daha geniş regionda - Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.
Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir və bu sahəyə diqqəti yönəltməyə davam edəcəkdir. Bildiyiniz kimi, enerji təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü də Cənubi-Şərqi Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir və insanların yaşayış səviyyəsini artıracaqdır. Əminəm ki, İon-Adriatik dənizi layihəsi, Krk şəhərində maye qaz terminalının inşası – bunlar perspektivli layihələrdir. Bunlar da Azərbaycan şirkətlərinin bizimlə əməkdaşlıq etmələri üçün gözəl imkandır.
Mənim bu səhər sizin neft-qaz şirkətiniz SOCAR-ın rəhbəri ilə də faydalı görüşüm oldu. Digər sahələrdə də insanlar arasında təmaslar baxımından maraqlı layihələri var. Cənab Prezident, Siz artıq bunu vurğuladınız. Mən gəmiqayırma sahəsini vurğulamaq istərdim. Yəni, burada böyük gəmi-bərələrdən söhbət getmir. Olduqca kiçikhəcmli, mobil kater və gəmilərdən söhbət gedir. Onlar regional təhlükəsizlik baxımından çox əhəmiyyətli ola bilərlər. Biz artıq mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrini qeyd etdik. Bizim qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var və digər sahələri də qeyd etmək olar.
Mən çox məmnunam ki, bu gün bizim iş adamlarımız birbaşa əlaqələr yaradacaqlar. Xorvatiya Ticarət Palatasını bir daha təbrik edirəm və təşəkkür edirəm ki, şəxsən məni və bizim işgüzar dairələri dəstəkləməkdə davam edir. AZPROMO-ya öz təşəkkürümü bildirirəm ki, bu tədbiri təşkil etmişdir. İnanıram ki, biz qarşılıqlı mübadilələr sahəsində işgüzar fəaliyyətin daha çox genişləndirilməsinin şahidi olacağıq. Eyni zamanda, biz müxtəlif innovasiyaların və texnologiyaların mübadiləsinin şahidi olacağıq. Bizim müxtəlif sahələrdə təklif edə biləcəyimiz təcrübələrimiz var. Ərazilərin minalardan təmizlənməsi sahəsində də bizim böyük təcrübəmiz var. Bildiyiniz kimi, biz bu sahədə qabaqcıl texnologiyaya malik bir ölkəyik. Təəssüflər olsun ki, Azərbaycanın da bu sahədə müəyyən problemləri var və biz bu işdə də sizə yardım etməyə hazırıq. Ola bilsin, bəzi sahələri qeyd etmədim. Buna görə hər birinizdən üzr istəyirəm. Cənab Prezident əczaçılıq sahəsini qeyd etdi. Bu, olduqca vacib məsələdir.
Bir daha hər birinizə təşəkkür edirəm və sizə uğurlar diləyirəm. Sağ olun.
X X X
Sonra Azərbaycanın biznes və investisiya imkanları xorvat iş adamlarına təqdim edilib, həmçinin Xorvatiyanın biznes mühiti və iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair məlumat verilib, iş adamları qarşılıqlı fəal əməkdaşlığa dəvət olunub.
Biznes forumda Azərbaycan və xorvat iş adamları arasında ikitərəfli görüşlər keçirilib, energetika, tikinti, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlıq, eləcə də yerli istehsalda istifadə olunan müxtəlif xarici komponentlərin ölkəmizdə istehsalına dair Xorvatiya ilə birgə müəssisələrin yaradılması, gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalına dair müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya iş adamları bu sahədə fəaliyyət göstərməyə dəvət edilib.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parkları yaradılıb. Xorvat iş adamları burada investorlar üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər. Əczaçılıq sahəsində Xorvatiyanın təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilə bilər.
Biznes forumda iş adamları arasında əsas müzakirə mövzularından biri də ticarət əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübrə idxalı məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09Hörmətli cənab Sədr,
Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və...
31 oktyabr 2024, 19:07Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli...
31 oktyabr 2024, 16:00