19 oktyabr 2016, 17:45

Xalid İxtiyarov və başqalarından, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Son vaxtlar Sizin ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar kənd əməkçilərini hədsiz dərəcədə sevindirdi. Pambıqçılıq və baramaçılığın əvvəlki şöhrətinin qaytarılması kənd əməkçilərinin rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Yaşadığımız Gödəkqobu kəndi vaxtilə pambıqçılıq sahəsində rayonumuzda, eləcə də respublikada xüsusi fərqlənən kəndlərdən biri olmuşdur. 1978-ci ildə ulu öndərimiz Heydər Əliyev rayonumuza səfəri zamanı bizim kolxozda olmuş, pambıqçılarla görüşmüş və onlarla səmimi söhbət etmişdir. Həmçinin kəndimizin əhalisi vaxtilə baramaçılıq sahəsində də yüksək nailiyyətlər əldə etmişdi.

Əziz Prezidentimiz, bu gün çox şadıq ki, ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi üçün tapşırıqlar vermisiniz. Əhalidə marağı artırmaq məqsədilə subsidiyaların ayrılması bir daha təsdiq edir ki, bütün bu tədbirlər insanların yaxşı yaşaması üçündür.

Kənd sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

İxtiyarov Xalid Bəbiş oğlu

İbadova Fazilə Allahverdi qızı

Babayev Fərhad Üzeyir oğlu

Mürşüdova Nurcahan Şəmil qızı və başqaları (cəmi 10 nəfər).

Azərbaycan Respublikası, Zərdab rayonu, Gödəkqobu kəndi.