Prezident İlham Əliyev Ağcabədi şəhərinin Hüsü Hacıyev küçəsində inşa olunacaq 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.
Dövlət başçısı yeni inşa olunacaq xəstəxananın baş planının və layihələrin əks olunduğu stendə baxdı.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, 4 hektar ərazidə tikiləcək xəstəxana kompleksi bir-birinə keçidi olan 4 böyük korpusdan və 3 əlavə yardımçı binadan ibarət olacaqdır. Ən müasir avadanlıqla təchiz ediləcək xəstəxananın zirzəmisində camaşırxana və mətbəx yerləşəcəkdir. Birinci mərtəbədə qəbul, ginekologiya və doğuş şöbələri, uşaq poliklinikası, diaqnostika, laboratoriya, poliklinika, otolarinqologiya şöbələri fəaliyyət göstərəcəkdir. İkinci mərtəbədə observasiya şöbəsi, əməliyyat bloku, reanimasiya, intensiv terapiya, cərrahiyyə və uşaq terapiya şöbələri yerləşəcəkdir. Üçüncü mərtəbədə isə fərdi doğum palataları, uşaq terapiyası, tibbi bərpa mərkəzi, kardiologiya və terapiya şöbələri xəstələrin ixtiyarına veriləcəkdir. Xəstəxananın dördüncü mərtəbəsində doğuş-əməliyyat bloku, terapiya otaqları və konfrans zalı olacaqdır. Xəstəxananın başqa bir fərqi isə ondan ibarət olacaqdır ki, burada xəstələrin təcili əməliyyatı, bir yerdən başqa yerə aparılması üçün ayrıca helikopter xidməti fəaliyyət göstərəcəkdir. Helikopter dayanacağı binanın üst qatında inşa olunacaqdır. Xəstəxananın həyətində tibbi heyət və vətəndaşlar üçün avtomobil dayanacağının qurulması da nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada ağcabədililərlə yanaşı, qonşu rayonların da əhalisinə yüksək səviyyəli xidmət göstərmək mümkün olacaqdır. Bununla əlaqədar xəstəxanaya yüksək ixtisaslı tibbi kadrların cəlb olunması istiqamətində işlər görüləcəkdir.
Sonra dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə saldı.
Prezident İlham Əliyev inşaatçılarla söhbət etdi, tövsiyə və tapşırıqlarını verdi.