Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadın Mədəniyyət evində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Mədəniyyət evinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Sabirabad rayonuna səfərlərini əks etdirən fotoguşə yaradılıb. Burada, həmçinin pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilir.
Dövlətimizin başçısı respublika müşavirəsində giriş nitqi söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
-Bugünkü müşavirə ölkəmizdə pambıqçılığın inkişafına həsr olunur. Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.
1970-1980-ci illərdə Ulu Öndər Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər edərkən məni də özü ilə aparırdı. Mən də o illərdə dəfələrlə onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, ulu öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var.
Əfsuslar olsun ki, bu gün pambıqçılıq Azərbaycanda tənəzzülə uğrayıb. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Bugünkü müşavirə ona görə təşkil edilir ki, biz həm keçən bir neçə ay ərzində görülən işlərlə bağlı fikir mübadiləsi aparaq, - burada məruzələr səslənəcək, - eyni zamanda, gələcək illər üçün fəaliyyət planı hazırlanır və biz bu gün bu barədə də danışacağıq.
Azərbaycanda müxtəlif istiqamətlər üzrə sürətli inkişaf dövrü yaşanır. Mən 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilərkən bəyan etmişdim ki, fəaliyyətimin əsas istiqamətlərindən biri regionların inkişafı ilə bağlı olacaq. Beləliklə, prezident seçkilərindən bir neçə ay sonra - 2004-cü ilin əvvəlində birinci regional inkişaf proqramı qəbul edilmişdir. O proqram çərçivəsində ölkəmizdə beş il ərzində 600 min iş yerinin yaradılması nəzərdə tutulurdu. Beş il ərzində - 2008-ci ilə qədər bu məqsəd təmin edildi.
Regionların inkişafı böyük investisiya qoyuluşu tələb edirdi. Çünki biz, ilk növbədə, regionlarda çox möhkəm və müasir infrastruktur yaratmalı idik. Əfsuslar olsun ki, 1970-ci illərdə regionlarda yaradılmış infrastruktur sıradan çıxmışdı – yollar bərbad vəziyyətdə idi, elektrik xətləri demək olar ki, dağıdılmışdı, onların bir hissəsi kəsilib xaricə satılmışdı, qaz təchizatı ümumiyyətlə yox idi, su ilə bağlı böyük problemlər var idi və regionların inkişafından söhbət belə gedə bilməzdi. Çünki inkişafı şərtləndirən əsas amillər infrastrukturla bağlıdır.
Məhz buna görə 2004-cü ildən başlayaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olundu. Bu gün Azərbaycanın bütün bölgələri elektrik, qaz, içməli su ilə təmin edilir. Əgər 2003-cü ildə elektrik enerjisini və qazı xaricdən idxal edirdiksə, bu gün biz elektrik enerjisini, qazı ixrac edirik. Son illər ərzində Azərbaycanda tikilmiş elektrik stansiyaları nəinki tələbatımızı ödəyir, hətta ixrac potensialı da yaradır. Həmçinin qaz sahəsində də bu gün Azərbaycan həm regionda, həm gələcəkdə dünyada, Avropada çox önəmli qaz hasil və ixrac edən ölkəyə çevrilir.
Kənd yolları ilə bağlı problemlər həll olunur, o cümlədən Sabirabad rayonunda. Bu il bu məqsədlər üçün 200 milyon manatdan çox vəsait nəzərdə tutulubdur. Magistral yolların demək olar ki, hamısı artıq yaxşı vəziyyətdədir. Bakı-Sabirabad yolu da, - bilirəm, sabirabadlılar bu yoldan çox əziyyət çəkirdilər, - artıq əsaslı təmir olunaraq insanların istifadəsinə verilmişdir. İnfrastruktur layihələrinin icrası əsas şərt idi. Bununla bərabər, işsizliyin aradan qaldırılması məsələsi də çox kəskin problem kimi mövcud idi. Bu məsələ də öz həllini tapdı. Bu gün Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır və işləmək istəyən özü üçün iş tapa bilər.
Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyi məsələsi idi. Çünki sovetlər vaxtında biz əsas ərzaq məhsullarını Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq ətini, mal ətini, südü, şəkəri, digər əsas ərzaq məhsullarını biz Rusiyadan, Ukraynadan gətirirdik. Ona görə, qarşıya vəzifə qoyulmuşdu ki, biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Odur ki, Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.
Ancaq əfsuslar olsun ki, kənd təsərrüfatının digər sahələri bir qədər diqqətdən kənarda qalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi. Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək.
Beləliklə, hesab edirəm ki, bu il bu sahədə dönüş ili olmuşdur. Bir daha qayıdıram sovet vaxtına. O vaxt ümumittifaq xalq təsərrüfatı bölgüsü aparılırdı. Bəzi respublikalarda heyvandarlıq, taxılçılıq inkişaf edirdi. Azərbaycanda isə qeyd etdiyim kimi, üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər sahələr inkişaf edirdi. Sovet İttifaqı dağılandan sonra respublikalararası əlaqələr də kəsildi və beləliklə, biz çətin bir vəziyyətlə üzləşmişdik. Bu gün biz respublika üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu istiqamətdə dönüş ili olmalıdır.
Bu il baramaçılıqda böyük inkişaf müşahidə olunur. Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on minlərlə insan nə qədər böyük qazanc əldə edəcək.
Bu il tütünçülüklə bağlı ciddi addımlar atılıb. Biz tütünün tədarükünü iki dəfə artırmaq niyyətindəyik.
Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil və daha da böyük investisiyalar qoyulmalıdır.
İxrac qabiliyyətli məhsulların istehsalını artırmaq üçün müxtəlif bölgələrdə böyük fındıq bağları salınacaq. Demək olar ki, mövcud fındıq bağlarından iki dəfə çox yeni bağlar salınacaq. Artıq yerlər də müəyyən edildi və işlər görülür. Səmərəsiz istifadə olunan torpaqlarda planlı şəkildə növbəli əkin təmin ediləcək.
İndi bizim böyük örüş sahələrimiz var. Kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, burada da normativlər var, bir hektarda nə qədər mal-qara saxlanmalıdır. Bu normativlər də pozulur. Nəzərə alsaq ki, heyvandarlıqla bağlı çox ciddi dövlət proqramı icra edilir, minlərlə, on minlərlə baş cins mal-qara gətirilir. İndi biz süni mayalanma sisteminə keçirik və beləliklə, üç-dörd il ərzində Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək. Həm ətlik, həm də südlük mal-qara sahəsində böyük məhsuldarlıq təmin ediləcək. Bunun üçün iribuynuzlu mal-qaranın qapalı yerlərdə saxlanması layihələri icra edilir.
Böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq. Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox icarə müqavilələri ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik.
İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu, nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq.
Kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet sahədir. İndi fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Böyük həcmdə subsidiyalar verilir. Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir. Kənd təsərrüfatı texnikası, gübrələr alınır, onlar və yanacaq fermerlərə güzəştli şərtlərlə verilir. Burada da həm dövlət nəzarəti, ictimai nəzarət güclü olmalıdır, həm də yerli icra orqanları bu işlərdə daha da fəal olmalıdırlar ki, dövlət tərəfindən ayrılan vəsait ünvana çatsın və bunun nəticəsi olsun. Ona görə, subsidiyalarla bağlı məsələlər indi təhlil edilir, yeni təkliflər hazırlanır.
Bununla bərabər, bildiyiniz kimi, dünyada neftin qiymətinin düşməsi ilə bağlı bizim gəlirlərimiz də azalıb. Əgər qiymət üç-dörd dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “Ağ qızıl” deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər Ulu Öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əkilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu gün burada rayonlar üzrə çıxış edənlər məruzələrində deyəcəklər. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur.
Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki, yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də gətiriləcək.
Dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə gəlirlərimiz 3-4 dəfə azalıb. Buna baxmayaraq biz yenə də kənd təsərrüfatı texnikası alıb fermerlərə güzəştli şərtlərlə vermək üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, onlar da pul qazansınlar və dövlətə də bunun xeyri olsun.
Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, - Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində - cəmi bir neçə ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə edəcəyik.
Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər də gündəlikdədir. 1970-ci illərdən fərqli olaraq bu gün dünyada daha da müasir texnologiyalar var və biz o texnologiyaları Azərbaycana gətiririk və gətirməliyik ki, məhsuldarlıq daha da artsın. Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər də çox yaxşı işlədilər.
Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq.
İndi isə keçək müzakirələrə.
X X X
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İSMAYILOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Bu gün sabirabadlılar adından Sizi sonsuz coşqu ilə salamlamaqdan çox böyük məmnunluq duyuram. Bugünkü müşavirə sanki bizi 70-80-ci illərə qaytarır. Həmin dövrdə Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın iqtisadiyyatının bütün sahələrində inqilabi dəyişikliklər baş vermiş, ölkəmiz o vaxtlar SSRİ respublikaları içərisində liderə çevrilmişdi.
Xoş xatirələrlə bildirirəm ki, indi toplaşdığımız bu möhtəşəm Mədəniyyət Sarayı da Ulu Öndərimizin təşəbbüsü ilə tikilib və 1976-cı ildə açılışında onun özü şəxsən iştirak edib. 1969-1982-ci illərdə ümummilli liderimiz Heydər Əliyev rayonumuza 14 dəfə səfər edərək pambıq sahələrində işlərin gedişi ilə tanış olub, bu zalda 8 dəfə zona müşavirələri keçirib.
Bu gün isə Siz, cənab Prezident, pambıqçılığın inkişafı ilə bağlı bu müşavirədə iştirakınızla bizə hədsiz sevinc hissləri bəxş edirsiniz.
Möhtərəm Prezident, məhz həmin illərdə kənd təsərrüfatının inkişafı əsas prioritet sahə olaraq ən yüksək zirvəyə qalxmış, pambıqçılıq ölkə iqtisadiyyatının möhkəmləndirilməsində müstəsna rol oynamaqla, əhalinin sosial-iqtisadi vəziyyətinin, bütövlükdə həyat səviyyəsinin yüksəldilməsinə geniş imkan yaratmışdı. Təsadüfi deyildir ki, 1981-ci ildə ölkə üzrə tədarük olunan 1 milyon tondan çox pambığın 110 min tonu Sabirabad rayonunun payına düşürdü ki, bu da həmin ildə respublikada istehsal olunan məhsulun 12 faizini təşkil edirdi. Ulu Öndərimiz pambıqçılıqla bağlı danışarkən demişdi: “Ağ qızıl” respublikamızın sərvətidir, pambıqçılıqda əldə olunan nailiyyətlər xalqın firavanlığı deməkdir”.
Bu gün pambığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda böyük coşqu və yüksək əhval-ruhiyyə yaradıb.
2016-cı il yanvarın 26-da Sizin sədrliyinizlə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşımıza çox ciddi vəzifələr qoyulub. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə bütün imkanlar təhlil olunaraq qısa müddətdə qərargah yaradılıb, şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub və cari ildə 6113 hektar sahədə pambıq əkilərək aqrotexniki qaydada becərilib. Hazırda əl ilə məhsul yığımına başlanılıb, maşınla yığım işlərinə hazırlıq gedir. Bu günədək 500 tona yaxın pambıq toplanaraq tədarük olunub. Ötən müddət ərzində pambıqçılıqda çalışan 5 min nəfərə 1 milyon manatdan artıq əməkhaqqı ödənilib. Mütəxəssislərin keçirdiyi baxışın nəticələrinə görə, cari ildə hər hektardan 20 sentner olmaqla, rayon üzrə 12 min ton məhsul istehsalı gözlənilir.
Bu gün məmnunluq hissi ilə bildirirəm ki, rayonda pambıq əkinlərinin artması hesabına rayonun Axtaçı kəndində mövcud olan “MKT” İstehsalat Kommersiya Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq zavodu işə salınıb və hazırda orada 90 nəfər işçi çalışır. Həmin şirkət tərəfindən rayonlararası təchizat bazasının da Sabirabadda yaradılması təbii ki, rayonda pambıqçılığın inkişafına müsbət təsirini göstərəcək.
Möhtərəm cənab Prezident, qeyd etmək istəyirəm ki, ötən il rayon üzrə cəmi 1633 hektar sahədə pambıq əkilərək hər hektardan 11,3 sentner olmaqla, 1853 ton məhsul götürülüb. 2017-ci ildə isə rayonda 15 min hektar suvarılan sahələrdə pambıq əkilməsi nəzərdə tutulur. Həmin sahələrin 2274 hektarını dövlət ehtiyat fondu, 7175 hektarını bələdiyyələrin örüş təyinatlı, 5551 hektarını isə pay torpaqları təşkil edir.
Təcrübə göstərir ki, yüksək məhsul götürmək üçün pambıq əkiləsi sahələrin şumu faraş və keyfiyyətli aparılmalı, qış aratına üstünlük verilməli, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanmalı, aprel ayında növbəti ilin məhsulu üçün əkin aparılmalıdır. Bütün bunlar nəzərə alınaraq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə şirkətlərlə birlikdə pambığa yararlı sahələr seçilərək müqavilələrin bağlanmasına, pambıq əkini üçün şum aparılmasına başlanılıb. Əl əməyinin yüngülləşdirilməsi, pambığın maya dəyərinin aşağı salınması məqsədilə növbəti ildə əkinlərin yuva üsulu ilə aparılması, torpaqların məhsuldarlığını artırmaq üçün növbəli əkinlərin tətbiq olunmasına üstünlük verilməsi nəzərdə tutulur. Əlbəttə, bu işlərin görülməsi üçün suvarma və meliorativ tədbirlərin nə qədər vacib olduğu hamıya məlumdur.
Cənab Prezident, Sabirabad rayonunda torpaqların suvarılması ilə bağlı son illərdə çox mühüm tədbirlər həyata keçirilib. Sizin müvafiq tapşırığınızla rayonun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihələrinin başa çatdırılması rayon üzrə 25817 hektar sahənin əkin dövriyyəsinə qatılmasına imkan yaradacaq. Cənab Prezident, bu layihəyə görə həmin ərazidə yaşayan 10 minlərlə insanın sevincinin həddi-hüdudu yoxdur və onlar Sizə əbədi minnətdardırlar.
Qeyd etdiyim kimi, gələn il rayon üzrə pambıq əkinlərinin iki dəfədən çox artırılması nəzərdə tutulur və təbii ki, Sizin tapşırığınıza uyğun olaraq, pambıqçılığın inkişaf etdirilməsi digər sahələrin sıxışdırılması hesabına olmamalıdır. Sabirabad rayonunun əkin sahəsi cəmi 48,7 min hektardır. Həmin sahələrin 24 min hektarı taxıl, 20 min hektarı yonca əkinləri altındadır. Nəzərə alsaq ki, əhali hər il 6-7 min hektar sahədə bostan-tərəvəz bitkiləri də əkir və belə olan halda torpaq balansında kəsr yaranır. Bu problemi həll etmək üçün təhlillər aparılıb, 16 min hektar örüş və qış otlaq sahələrinin əkinəyararlı və suvarma perspektivləri olduğu üçün təyinatının dəyişdirilməsi barədə hökumət qarşısında vəsatət qaldırılıb. Bildirirəm ki, cari ildə həmin sahələrin 3 min hektarında pambıq əkilib, lakin əkin torpağı olmadığından pambıqçılığa tətbiq edilmiş güzəştlərdən istifadə etmək mümkün olmayıb. Ümid edirik ki, bu məsələnin həlli istiqamətində müvafiq tədbirlər görüləcək.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, tapşırığınıza müvafiq olaraq, pambıqçılığın inkişafı ilə bağlı bundan sonra da tərəfimizdən bütün imkanlar səfərbər edilərək qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.
Diqqətinizə görə çox sağ olun.
X X X
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin MƏMMƏDOV çıxış edərək dedi:
-Möhtərəm, cənab Prezident,
Respublikamızda sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr ali məqsədlərə xidmət edir və bu baxımdan bu müşavirənin çox böyük önəmi var.
Bugünkü müşavirənin ahəngi bir daha göstərir ki, cənab Prezident, Siz Ümummilli Liderimizin siyasi kursuna çox sadiqsiniz, onun xalqın, dövlətin mənafelərinə xidmət edən ənənələrini dönmədən davam etdirirsiniz, böyük rəhbərin ideyalarını yaşatmaqla, ölkəni yeni inkişafa aparırsınız.
Ağcabədililər də seçilən yolun, qarşıya qoyulan vəzifələrin məsuliyyətini dərindən dərk edir, göstərilən qayğını, etimadı yüksək qiymətləndirirlər. Bu, bütün sahələrə, o cümlədən pambıqçılığın inkişafına da öz töhfəsini verir.
Tapşırığa əsasən, pambıq əkini dövriyyəsinin artırılması məqsədilə bütün qüvvələr səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, keçmiş qabaqcıl təsərrüfat işçiləri, bu işə cəlb edilmiş pambıq əkini ilə məşğul olan şirkətlərlə əlaqəli iş qurulub. Təcrübəli pambıqçılar və baramaçı¬¬larla görüşlər keçirilib, onların təklifləri dinlənilib, əldə olan təcrübənin işə tətbiqi üçün geniş izahat işləri aparılıb. Nəticədə bu il rayon üzrə ötən illə müqayisədə 2,5 dəfə çox, yəni 3661 hektar sahədə pambıq əkilib. Əkin sahələri aqrotexniki qaydada becərilib və ilkin hesablamalara görə, hər hektardan 25-30 sentner məhsul gözlənilir. Halbuki keçən il hər hektardan cəmi 15,5 sentner məhsul götürülmüşdü. Biz bu il məhsulun əsasən maşınla yığılmasını planlaşdırmışıq və nəzərdə tutulan sahələrdə xüsusi aqrotexniki tədbirlər görülüb.
Pambıq sahələrinin əkilib-becərilməsinə və məhsulun toplanmasına cəlb olunan 7000-dən çox rayon sakini işlə təmin edilib ki, bu, insanların məşğulluğu üçün çox əhəmiyyətlidir.
Qeyd etmək istərdim ki, rayon baramaçıları bu il bəslədikləri 80 qutu ipəkqurdu toxumundan 3675 kiloqram məhsul əldə ediblər ki, bu da 28 min 592 manat vəsait deməkdir. Bu qədər vəsaitin qazanılması əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətlidir və əmin edirəm ki, gələcəkdə baramaçılıq da rayonun gəlirli sahələrindən birinə çevriləcək.
Cənab Prezident, Siz yaxşı bilirsiniz ki, Ağcabədi sovetlər dövründə respublikanın ən iri pambıqçılıq rayonlarından biri olub və əhali bu gün də sahənin inkişafında maraqlıdır. Çünki biz bilirik ki, pambıq strateji və ölkəyə valyuta gətirən məhsuldur.
Rayon ərazisində pambıq istehsalı ilə məşğul olan “MKT İK” və “CTS AGRO” MMC-nin pambıq emalı zavodu və innovasiya filialı fəaliyyət göstərir. Həmin müəssisələr pambığın əkilib-becərilməsi üçün torpaq mülkiyyətçiləri ilə qabaqcadan müqavilə bağlamaqla, müəyyən edilmiş qaydada onlara hektara uyğun olaraq kredit formasında vəsaitlərin ayrılmasını vaxtlı-vaxtında təmin ediblər.
Pambığın becərilməsində əvvəllər texnika çatışmazlığı olsa da, Sizin tapşırığınıza əsasən aqrolizinq vasitəsilə rayonumuza texnikalar gətirildi, əkin prosesində olan problemlər qısa müddətdə aradan qaldırıldı. Bununla belə, hazırda rayonda 10 ədəd pambıqyığan maşın olsa da, bu, azlıq təşkil edir. Məhsulun vaxtında və itkisiz yığılması üçün əlavə olaraq 10 ədəd pambıqyığan maşının ayrılmasına ehtiyac var.
Qeyd etmək istəyirəm ki, “MKT İK” MMC-nin Ağcabədi innovasiya filialı tərəfindən cari ildə əkilən 700 hektar pambıq sahəsinin suvarılmasında müasir suvarma sistemindən - pivotdan istifadə olunub ki, bu da suvarma suyuna qənaət etməklə su itkisini azaldır, torpağın şoranlaşmasının qarşısını alır, eyni zamanda, yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaradır. Sözsüz ki, gələcəkdə bu sistemin tətbiqi genişləndiriləcək.
Rayonda pambıqçılığın inkişafı istiqamətində görülmüş müvafiq tədbirlər nəticəsində 2017-ci ildə 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Bu torpaqların hamısı suvarılan torpaqlardır. Həmin sahələrin 1000 hektarı dövlət fonduna, 550 hektarı bələdiyyə fonduna, 6450 hektarı isə xüsusi mülkiyyətə aiddir. Gələn il pambıq əkiləcək torpaqların böyük əksəriyyətinin xüsusi mülkiyyətdə olması onu göstərir ki, insanların bu sahəyə marağı böyükdür və birbaşa onların güzəranının yaxşılaşdırılmasına xidmət edəcək. Artıq gələcək əkinlər üçün hazırlıq işlərinə başlanılıb, əkiləcək pambıq sahələri müəyyən edilib.
Son illərdə Sizin diqqət və qayğınız, xüsusi göstərişinizlə rayonda suvarma sistemində xeyli müsbət irəliləyişlər əldə olunub. Eyni zamanda, məlumat vermək istəyirəm ki, bəzi əkin sahələrinin suya olan tələbatının ödənilməsində hələ də müəyyən problemlər qalmaqdadır. Bununla əlaqədar təkliflər Prezident Administrasiyasına və müvafiq orqanlara təqdim edilib.
Görülən işlərin davamı olaraq rayon ərazisində yerləşən 5800 hektar qış otlaq sahəsinin təyinatının dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi üçün Nazirlər Kabinetinə və digər aidiyyəti nazirliklərə müvafiq sənədlər təqdim olunub. Hazırda aidiyyəti qurumlar tərəfindən sənədləşdirmə işləri aparılır.
Məndən əvvəl həmkarımın qeyd etdiyi kimi, bu günlərdə ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında verdiyiniz Sərəncam bütün ağcabədililərin də ürəyincə olub. Hesab edirik ki, baramaçılıqda olduğu kimi, pambıqçılıqda da subsidiyaların son məhsula görə verilməsi sahibkarların pambıq əkininə olan marağını gələcəkdə daha da artıracaq.
Möhtərəm cənab Prezident, qarşıya qoyduğunuz vəzifələr vacib olduğu qədər də məsuliyyətlidir. Bu, hər bir vəzifəli şəxsdən yeni yollar aramağı, öz işində dönüş yaratmağı tələb edir.
Ağcabədi Rayon İcra Hakimiyyəti, rayonun bütün sakinləri Sizin kənd təsərrüfatı məhsullarının, xüsusilə pambıqçılığın inkişafı ilə əlaqədar həyata keçirdiyiniz tədbirləri dəstəkləyir və aidiyyəti qurumlarla birlikdə qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə söz verirlər.
Diqqətinizə görə çox sağ olun.
X X X
“MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz CAMALOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi daxili və xarici siyasi kursun Zati-aliniz tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə çevrilib, dünya birliyinin layiqli üzvü olaraq qlobal əhəmiyyətli bir çox layihələrin lokomotivi kimi öz dəyərli töhfələrini verir. Sizin bilavasitə təşəbbüsünüz və rəhbərliyiniz altında son illər ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlar üçün münbit şəraitin yaradılması istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Qeyd etmək istəyirəm ki, respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Zati-alinizin qəbul etdiyi müdrik qərarlar, verdiyiniz tapşırıq və tövsiyələr sayəsində ölkəmizdə pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradılıb.
Möhtərəm cənab Prezident, respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinizə əsasən, 2016-cı ildə pambıq əkini üçün 50 min hektar sahə hədəf götürülüb. Bu məqsədlə “MKT İstehsalat Kommersiya” MMC tərəfindən aidiyyəti dövlət qurumları və pambıq istehsalçıları ilə birgə pambıq əkininə yararlı torpaqların müəyyən edilməsi üçün qısa müddət ərzində ərazilərə baxış keçirilib və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, habelə yerli icra hakimiyyəti orqanları, müvafiq qurumlar, şirkət və fermerlərin səyi nəticəsində MKT tərəfindən 24 rayon üzrə 31474 hektar sahədə pambıq əkini aparılıb. Bunun 5000 hektarı MKT-nin innovasiya təsərrüfatlarında, qalan 26474 hektarı isə 2949 fermerlə bağlanan müqavilələr əsasında əkilib. Ümumilikdə şirkət üzrə 30713 hektar sahədə çıxış alınıb.
Qeyd etmək istərdim ki, 2015-ci ildə şirkət üzrə əkin sahəsi 7730 hektar, orta məhsuldarlıq 28,5 sentner olub. Bu, respublika üzrə 2015-ci ildə 18,8 sentner təşkil edib. 2016-cı il üçün planlaşdırılan əkin sahəsi əvvəlcə 10-14 min hektar olsa da, Sizin tapşırıqlarınızdan sonra əkin sahəsinin 31,5 min hektara qədər artırılması mümkün olub.
Hörmətli cənab Prezident, pambıqçılara göstərdiyiniz qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikaların güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsinə zəmin yaradıb. “Aqrolizinq” ASC tərəfindən təchizatı nəzərdə tutulan müasir suvarma sistemlərinə də güzəşt tətbiq edilməsi məsələsi gündəmdədir.
Hazırda MKT şirkəti 2817 ədəd texnika ilə fermerlərə xidmət göstərməkdədir. Şirkət tərəfindən dəyəri 2 094 425 ABŞ dolları olan 690,475 ton yüksək reproduksiyalı, məhsuldar pambıq toxumu idxal edilib və mövsüm üçün toxum tələbatı tam ödənilib.
Cari mövsümdə şirkət tərəfindən pambıq əkini üçün 31506 hektarda şum, 76520 hektarda mala, tandem disk, 14055 hektarda arat, 31474 hektarda səpin, 20388 hektarda seyrəltmə, 70835 hektarda suvarma, 117469 hektarda kultivasiya, 80503 hektarda kətmənləmə işləri aparılıb. Sahələrə 6836 ton gübrə verilib, 52000 litr kimyəvi preparatdan istifadə edilib, ümumilikdə 17.328.595 manat maliyyələşdirmə həyata keçirilib.
MKT tərəfindən sahələrdən 65000 tondan artıq xam pambığın toplanması gözlənilir ki, bu da respublika üzrə tədarük ediləcək məhsulun 65 faizi deməkdir. Xam pambıq 13 qəbul məntəqəsində tədarük, 10 pambıqtəmizləmə zavodunda isə emal ediləcək. Qeyd edək ki, 10 pambıqtəmizləmə zavodu həm də qəbul məntəqəsi kimi fəaliyyət göstərir. Tədarük ediləcək xam pambığın emalından 24700 ton mahlıc, 32500 ton çiyid, çiyidin emalından isə 3600 ton rafinə edilmiş yağ və 21600 ton jmıx alınacaq. Daxili tələbat (iplik, tekstil, heyvandarlıq) təmin edildikdən sonra ixracdan 34 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olması gözlənilir.
Möhtərəm cənab Prezident, növbəti illərdə pambıqçılıqda məhsuldarlıq və keyfiyyət göstəricilərini yüksəltmək məqsədilə hazırda aşağıda qeyd olunan işlərə başlanılıb.
2017-ci təsərrüfat ilində pambıq əkini üçün müqavilə bağlanması və şum aparılması işlərinə start verilib, toxumçuluğun inkişaf etdirilməsi məqsədilə elmi-texniki bazanın yaradılması və lifsizləşdirilmiş toxumluq çiyid istehsalı zavodunun layihə-tikintisi üzərində işlər aparılır. Gələn il pambıq əkininin qismən, 2018-ci ildən başlayaraq tam yerli istehsal toxumla təchiz olunması planlaşdırılır. Əkilməyən sahələrin əkinəyararlı vəziyyətə gətirilməsi prioritet vəzifələrdəndir və hazırda müvafiq qurumlarla ərazilərin monitorinqi aparılır, pivot müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı yeni layihələr üzərində işlər gedir. Pivot sistemlərinin tətbiqi sudan istifadəyə qənaət etməklə yanaşı, ənənəvi üsulla müqayisədə məhsuldarlığın 1,5-2 dəfə artırılmasına, eyni zamanda, növbəli əkin sisteminə böyük imkanlar yaradır. Taxıl pambıq üçün sələfli bitki olduğundan, pivot suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə pambıqçılığın inkişafı, eyni zamanda, taxılçılığı da inkişaf etdirəcək. Qeyd etmək istərdim ki, MKT-nin Yevlax, İmişli, Ağcabədi, Beyləqan, Saatlı və Samux rayonlarında yerləşən innovasiya təsərrüfatlarında 6750 hektar sahəni əhatə edən 149 ədəd pivot müasir suvarma sistemləri quraşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Hazırda Yevlax innovasiya təsərrüfatında tam formalaşmış sahələr üzrə 45-50 sentner məhsul gözlənilir.
Möhtərəm cənab Prezident, “MKT İstehsalat Kommersiya” MMC olaraq, pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar göstərdiyiniz ali dövləti qayğıya görə Sizə bir daha təşəkkür edir və Zati-alinizi əmin edirik ki, qarşıya qoyduğunuz bütün tapşırıqların tez bir zamanda və keyfiyyətlə həyata keçirilməsi üçün bundan sonra da bütün səylərimizi səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin CABBAROV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verir, pambığı neftlə müqayisə edərək “neft qara qızıldırsa, pambıq ağ qızıldır” deyirdi. Həmin dövrlərdə pambıqçılığa Saatlı rayonunda da xüsusi diqqət ayrılmış və nəticədə 1981-ci ildə 15 min hektardan çox sahədə pambıq əkilərək 60 min tona yaxın məhsul toplanmışdı.
Danılmaz həqiqətdir ki, Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu aqrar islahatlar, müşavirə və konfranslarda kənd təsərrüfatının inkişafı ilə bağlı dəyərli tapşırıq və tövsiyələriniz ötən əsrin 70-ci illərində olduğu kimi, insanların torpağa münasibətini əhəmiyyətli dərəcədə dəyişib və bu sahəyə marağı artırıb.
Hər kəs yaxşı bilir ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamınız aqrar bölmədə dinamik inkişafın təməlini qoyub. Sizin ölkəmiz üçün kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına göstərdiyiniz diqqət, tapşırığınızla pambığın alış qiymətinin artırılması, yanacaq və motor yağlarına görə subsidiyaların pambıq əkininə də 90 manat məbləğində verilməsi Saatlı rayonunda bu sahədə dönüş yaradıb. Bunun nəticəsidir ki, bu mövsümdə rayon üzrə ötən ildəkindən iki dəfə çox, yəni 8109 hektar sahədə pambıq əkilib.
Cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, pambıq strateji, ölkəyə valyuta gətirən məhsul olmaqla yanaşı, ümumən pambıqçılıq əhalinin həyat səviyyəsinin yüksəlməsinə və insanların işə cəlb edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Bu il Saatlıda pambıq istehsalına 6 min nəfərə yaxın işçi cəlb olunub ki, bu da kənd rayonu üçün əhalinin məşğulluğu baxımından böyük rəqəmdir. Onu da qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla pambıq istehsalçılarına mövsümün əvvəlindən bu günədək lazımi köməklik göstərilib. Onlar pambıq toxumu, müxtəlif texnika, aqreqat və mineral gübrələrlə, suvarma suyu ilə təmin olunublar və aqrotexniki qaydalara əməl edilib.
Sizin hər hektardan ən azı 20 sentner məhsuldarlığa nail olunması barədəki təklifinizin rayon üzrə yerinə yetiriləcəyini indidən söyləmək mümkündür. Belə ki, bu mövsümdə rayonda hər hektardan 20 sentnerdən yuxarı, yəni ümumilikdə 20 min tona yaxın pambıq toplanması gözlənilir.
Cənab Prezident, Sizin rayonların yerli büdcələrinin respublika büdcəsindən dotasiya almadan formalaşması və əhalinin iş yerləri ilə təminatı barədə tapşırığınız da pambıq əkininin artırılması hesabına öz müsbət həllini tapacaq.
Torpaqlardan daha səmərəli istifadə olunması, istifadəsiz saxlanılan torpaqların geri alınaraq istifadə edənlərə verilməsi ilə bağlı tapşırığınıza əsasən 4 min hektar torpaq sahəsi geri alınıb və dövlət ehtiyat fonduna qaytarılıb. Qarşıya məqsəd qoyulub ki, suvarılan mövcud torpaq sahələrindən istifadə etməklə, növbəti ildə iki dəfə artıq, yəni 17 min hektardan çox sahədə pambıq əkini aparılsın. Eyni zamanda, taxılçılıq, xüsusən buğda istehsalı da diqqətdə saxlanılacaq. Belə ki, cari ildə 16541 hektarda buğda əkilmişdisə, növbəti ildə bu rəqəm 17 min hektardan yuxarı olacaq.
Saatlı rayonunda illik emal gücü 90 min ton olan üç müəssisə fəaliyyət göstərir. İstehsalçılar topladıqları məhsulu əvvəlcədən bağladıqları müqavilələr əsasında həmin müəssisələrə satırlar. Müsbət haldır ki, məhsullarının dəyərini həmin gün də alırlar. Bununla belə, ali diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün istifadə olunan pambıq toxumları, istər lifli, istərsə də lifsiz çiyidlər, əsasən xaricdən gətirilir və yalnız cüzi bir hissə ölkədə istehsal olunur. Ötən il rayonda 118 ton lifli çiyid istehsal olunaraq istehsalçılara satılıb. Bu toxumdan istifadə edilməklə əkilən sahələrdə normal məhsuldarlıq gözlənilir. Müqayisə üçün bildirirəm ki, xaricdən gətirilən lifli toxumun bir kiloqramı 30-35 qəpiyə başa gəlirsə, yerli istehsaldan əldə olunan toxum 20 qəpikdir. Bir hektara lifli çiyid 60-65 kiloqram, hər kiloqramı 5 manata alınan lifsiz çiyid isə 20 kiloqram səpilir. Nəzərə alsaq ki, gələn il pambıq əkini genişləndiriləcək və min tonlarla çiyidə ehtiyac olacaq, bu, milyonlarla valyutanın ölkədən kənara çıxması ilə yanaşı, eyni zamanda, məhsulun maya dəyərinin də artmasına öz təsirini göstərəcək. İstehsalçıları lifli və lifsiz çiyidlə yerli toxum hesabına tam təmin etmək mümkündür. Bunun üçün mütərəqqi texnologiyalara əsaslanan pambıq toxumu istehsal edən zavodun inşasına zəruri ehtiyac var.
Möhtərəm cənab Prezident, Saatlı rayonunda 43504 hektar qış otlaq sahəsi olub. Bundan 3335 hektar əkin dövriyyəsinə cəlb edilməklə, “MKT İstehsalat Kommersiya” MMC-nin istifadəsinə verilib. Həmin cəmiyyətin tabeliyində iri innovasiya fermer təsərrüfatı yaradılaraq bu mövsümdə 900 hektar sahədə pambıq əkilib ki, bunun da 600 hektarında müasir tipli pivot suvarma sistemi quraşdırılıb. Bu sahələrdə hər hektardan 25 sentnerdən yuxarı məhsuldarlıq gözlənilir. Sözügedən innovativ təsərrüfatda da növbəti ildə pambıq əkini sahələrinin genişləndirilməsi nəzərdə tutulub.
Hazırda rayon üzrə qalan 40169 hektar qış otlağı sahələrinin 25 min hektarında irriqasiya və meliorasiya tədbirləri görülməklə, heyvandarlığın inkişafına xələl gətirmədən taxıl, pambıq və digər əkinlər aparıla bilər. Növbəti illərdə ilkin olaraq həmin sahənin 11186 hektarında taxıl və pambıq əkilməsi mümkündür. Bunun üçün ərazinin suvarma suyu ilə təminatına ehtiyac var. Bu sahələrə suyun verilməsi məqsədilə mənbəyini Bəhramtəpə hidroqovşağından götürən Qızılarx kanalının su tutumunu genişləndirməyə, 1910-1915-ci illərdə çəkilmiş Orta Muğan kanalında yenidənqurma işləri aparılmasına, 14 kilometr isə yeni kanal çəkilməsinə ehtiyac duyulur. Bununla bağlı hazırlanmış təkliflər Prezident Administrasiyasına təqdim olunub.
Cənab Prezident, Sizi əmin edirəm ki, pambıqçılığın inkişafı ilə bağlı verdiyiniz tapşırıqların yerinə yetirilməsi istiqamətində Saatlı rayonunda bundan sonra da bütün imkanlar səfərbər ediləcək, əhalinin məşğulluğunun təmin edilməsi və həyat səviyyəsinin daha da yüksəldilməsi üçün qarşıya qoyulan vəzifələr icra olunacaq.
X X X
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam HACIYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyasət ölkəmizin bütün regionlarında olduğu kimi, İmişli rayonunda da öz bəhrəsini verməkdədir. Bu, kənd təsərrüfatı, xüsusilə də əkinçilik sahəsində daha çox hiss olunur. Belə ki, taxılçılıq və pambıqçılıq sahəsində məhsuldarlığın artırılması, iri fermer təsərrüfatlarının yaradılması, ölkəmizin idxaldan asılılığını azaltmaq üçün əkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb edilməsi, kiçik və orta fermer təsərrüfatlarının fəaliyyəti üçün münbit şərait yaradılması təmin edilib. Bütün bunların nəticəsidir ki, İmişli rayonu öz büdcəsini özü maliyyələşdirir. Gələcəkdə büdcə gəlirlərinin daha da artırılması üçün rayonumuzda əkin dövriyyəsini əvvəlki illərə nisbətən xeyli artırmağı nəzərdə tutmuşuq.
Cənab Prezident, Sizin pambıqçılığın yenidən inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar biz imişlililərin ürəyincə oldu. Tapşırıqlarınızın icrasını təmin etmək məqsədi ilə rayonda bütün qüvvələr səfərbər olunub, yerli icra hakimiyyəti və bələdiyyə orqanları, keçmiş qabaqcıl təsərrüfat işçiləri bu işə cəlb edilib, pambıq əkini ilə məşğul olan şirkətlərlə əlaqəli iş qurulub, müşavirələr və görüşlər keçirilib, təkliflər dinlənilib. Nəticədə bu il rayon üzrə ötən illə müqayisədə iki dəfə çox, yəni 5051 hektar sahədə pambıq əkilib. Pambığın aqrotexniki qaydada dörd dəfə kompleks becərilməsi təmin edilib, suvarmalar vaxtında aparılıb, bitkilərə mineral gübrələr vaxtında verilib, pambığın ziyanvericilərdən qorunması üçün kimyəvi preparatlarla dərmanlanması vaxtında başa çatdırılıb. Yüksək aqrotexniki qaydada becərilən pambıq sahələrindən 10 min tondan artıq məhsul gözləyirik. Ümidvaram ki, yığımın sonuna bu rəqəmi üstələyəcəyik.
Növbəti təsərrüfat ilində isə İmişli rayonu üzrə 12 min hektar sahədə pambıq əkilməsi planlaşdırılır. Bu məqsədlə indidən hazırlıq işlərinə başlanılıb, əkiləcək pambıq sahələri müəyyənləşib, icarədarlar və sahibkarlarla maarifləndirmə işləri aparılıb.
İmişli rayonu sovet dönəmində də respublikanın böyük pambıqçılıq rayonlarından biri olub. Ümummilli Liderimiz bir neçə dəfə İmişli rayonunda olub, pambıqçılarla görüşlər keçirib. Bunun nəticəsi olaraq İmişlidə 1970-1980-ci illərdə pambıqçılıqda məhsul istehsalı 50 min tona çatıb. Bu gün biz həmin ənənəyə sadiq qalaraq, Nazirlər Kabinetinin birinci yarımilliyinin yekunlarına həsr olunmuş müşavirəsində Sizin dediyiniz “Biz pambıqçılığı tam bərpa etməliyik”, - fikrinizi əsas tutaraq, rayonumuzda yaxın gələcəkdə pambıq istehsalını 50 min tona çatdırmağa çalışırıq. Bunun üçün mövcud olan imkanlardan istifadə edəcəyik.
İmişli rayonunda əkinçilik məqsədilə istifadə olunmayan torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsi vacib məsələlərdəndir. Rayonun torpaqları “ağır” və “şorakət” torpaqlar olduğu üçün meliorasiya və irriqasiya işlərinin aparılmasına, müasir suvarma sistemlərinin qurulmasına ehtiyac var. Bu sistem tətbiq olunduqdan sonra torpaqların təkrar şoranlaşmasının qarşısını almaq mümkün olacaq. Yüksək məhsul istehsalına nail olmaq üçün həmin əkin sahələrindən torpaq nümunələri götürülərək, bitki tələbatına uyğun yemləmə rasionları tətbiq edilməlidir.
Kənd təsərrüfatının davamlı inkişafını təmin etmək məqsədilə növbəti əkin sisteminin tətbiq olunması vacib amildir. Belə ki, rayonumuzda pambıqçılıq, taxılçılıq və şəkər çuğunduru istehsalının inkişafı üçün geniş imkanlar var. Növbəli əkin üsulu ilə hər üç aqrar sahəni inkişaf etdirmək olar. Bu da fermerlər üçün sərbəst seçim şəraiti yaradar, həm də yüksək məhsuldarlıq əldə olunmasına və ümumilikdə əkinçiliyin inkişafına kömək etmiş olar. Ən başlıcası isə bu, insanların məşğulluğunu, eyni zamanda, gəlirlərini artıracaq, güzəranlarını yaxşılaşdıracaq, ölkəmizə valyuta axınının artmasına xidmət edəcək.
Cənab Prezident, bu gün İmişli rayonunda 70109 hektar dövlət qış-otlaq torpaqları var. Əvvəllər həmin torpaqlardan qoyunçuluğun inkişafı üçün istifadə edilirdi. Həmin torpaqların əkinəyararlı hissələrinin əkin fonduna qaytarılmasına zəruri ehtiyac yaranıb. İlk növbədə əkin dövriyyəsinə qatılacaq 3000 hektar əlavə torpaq sahəsinin suvarılması üçün mövcud olan problemlərlə əlaqədar təkliflər Prezident Administrasiyasına və müvafiq orqanlara təqdim olunub.
Hazırda rayonumuzda kənd təsərrüfatının dinamik inkişafını təmin etmək üçün bütün mümkün imkanlardan geniş istifadə edilir. Belə ki, əkin dövriyyəsinin artırılması, sahibkarların bu işə cəlb edilməsi, yüksək ixtisaslı mütəxəssislərin köməyindən istifadə edilməklə əkinçilikdə məhsuldarlığın artırılması daim diqqət mərkəzində saxlanılır.
Rayon pambıqçıları adından Sizi əmin edirəm ki, kənd təsərrüfatı sahəsində yüksək məhsul istehsalına nail olacaq, əhalinin məşğulluğunu təmin edəcək və qarşımıza qoyduğunuz bütün vəzifələri sonadək uğurla yerinə yetirəcəyik.
X X X
“CTS AGRO” MMC-nin baş direktor əvəzi Arif İBRAHİMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
İlk növbədə, pambıqçılığın inkişafına diqqət və vaxt ayırdığınıza görə pambıq istehsalçıları adından Sizə minnətdarlığımızı bildiririk.
Bildiyiniz kimi, Azərbaycanda pambıqçılıq ənənəvi istehsal sahələrindən biridir. Ölkəmizdə pambıq istehsalına və xam pambığın sənaye üsulu ilə ilkin emalına hələ XIX əsrin əvvəllərindən başlanılmışdı. Sovet hakimiyyəti illərində də həmin ənənə davam etmiş, bu sahənin elmi əsaslarla intensiv inkişafı isə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təmin edilmişdi. Həmin dövrdə Azərbaycan pambıq istehsalına görə İttifaqda öncül yerlərdən birini tuturdu. Müqayisə üçün qeyd etmək lazımdır ki, əgər Azərbaycanda 1969-cu ildə pambıq istehsalı 299 min ton, məhsuldarlıq isə hər hektar üçün 15 sentner idisə, 1970-ci illərin sonunda pambıq istehsalı 830 min tona, 1980-ci illərin əvvəllərində isə 1 milyon tona çatmış və məhsuldarlıq hər hektar üçün 30,8 sentner olmuşdu.
Möhtərəm cənab Prezident, 2015-ci il mövsümündə “CTS AGRO” Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə durumunun ağır olmasına baxmayaraq, 9380 hektar sahədən 12 min 572 ton xam pambıq tədarük edilib, həmin xam pambığın emalından alınan məhsulların satışından 6,2 milyon ABŞ dolları və 2,1 milyon manat əldə olunub. Sizin tapşırığınıza əsasən, ölkədə qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2016-cı il mövsümündə respublikanın 18 rayonunda fəaliyyət göstərən 1254 fermerlə bağlanmış müqavilələr əsasında 17 min 352 hektarda, o cümlədən 2796 hektarı MMC torpaqları olmaqla, pambıq əkilib. Görülmüş tədbirlər nəticəsində 2015-ci illə müqayisədə pambıq əkini sahələri təxminən iki dəfə artıb.
“CTS AGRO” MMC-nin tabeliyində 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, Biləsuvar rayonunda təcrübə-sınaq təsərrüfatı və Şirvan pambıq emalı zavodunda yağ emalı sexi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Biləsuvar rayonundakı təcrübə-sınaq təsərrüfatında 2227 hektar sahə müasir tələblərə cavab verən pivod qurğularından ibarət suvarma sistemi ilə təmin olunub ki, bu da yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır.
Pambıqçılıq üzrə inkişaf etmiş ölkələrin iş təcrübəsinə istinad edilərək, vəsaitin təyinatı üzrə istifadə edilməsi və şəffaflığın təmin edilməsi üçün fermerlərlə bağlanmış dördtərəfli müqavilələr əsasında hər hektara orta hesabla tələb olunan vəsaitə uyğun olaraq, aşağı faizlə - illik 6 faiz olmaqla kredit ayrılıb. 2016-cı il sentyabrın 1–dək MMC-nin öz vəsaiti və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının vəsaiti hesabına fermerlərə 8 milyondan artıq kredit verilib.
Cənab Prezident, Sizin tapşırığınıza əsasən, xam pambığın növlər üzrə alış qiymətlərinə yenidən baxılıb, əvvəlki illə müqayisədə qiymətlər əhəmiyyətli dərəcədə artırılıb. Bir ton xam pambığın alış qiyməti 400 manatdan 500 manata qaldırılıb. Bundan əlavə, yüksək keyfiyyətli pambıq təhvil verən və məhsuldarlıq göstəricisi hər hektar üçün 20-40 sentnerdən yüksək olan fermerlər təhvil verəcəkləri hər ton xam pambığa görə müvafiq olaraq 15-50 manat məbləğində mükafatlandırılacaq.
2016-cı il mövsümündə Cəmiyyət tərəfindən fermerlərə pambığın əkilib becərilməsində lazım olan texniki xidmət göstərilib, Türkiyədən lifsiz toxum, kimyəvi preparatlar və “Aqrolizinq” xətti ilə güzəştli qiymətlərlə “Amonium-nitrat” və “Amofos” gübrələri alınaraq istehsalçılara çatdırılıb.
Cəmiyyətin mülkiyyətində 650 ədəd kənd təsərrüfatı texnikası var. Lakin pambıq əkini sahələrinin artırılması ilə əlaqədar “Aqrolizinq” xətti ilə əlavə olaraq 245 ədəd yeni, müasir, müxtəlif kənd təsərrüfatı texnikaları da alınaraq fermerlərin istifadəsinə verilib.
Cənab Prezident, Sizin Salyan rayonuna səfəriniz çərçivəsində pambıq sahəsində istehsalçılar ilə görüş keçirməyiniz və ilk məhsulu dərməyiniz bu sahədə çalışan bütün insanlarda ruh yüksəkliyi, pambıqçılığın inkişafına möhkəm inam yaratmaqla yanaşı, 2016-cı ilin pambıq tədarükünə başlanmasına start kimi qəbul olunub. Elə həmin gündən pambıq yığımına, saxlanılmasına və emalına başlanılıb. Cəmiyyət tərəfindən bu günədək 535 tondan yuxarı xam pambıq tədarük edilib.
2016-cı il mövsümü üzrə “CTS AGRO” MMC-nin zavod və məntəqələrində aparılmış bioloji məhsuldarlıq göstəricisinə əsasən, təxminən 35 min ton xam pambığın tədarük edilməsi və nəticədə pambıq emalından əldə olunan mahlıc və digər məhsulların satışından ölkəyə təxminən 23 milyon ABŞ dolları həcmində valyuta daxil olması gözlənilir. Rayonlar içərisində ən böyük əkin sahəsi məhz Sabirabad rayonunun payına düşür. Belə ki, 3556 hektar sahədə pambıq əkilib və 6600 ton pambıq tədarükü gözlənilir.
“Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınıza əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac-gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin üç faizi məbləğində ixrac təşviqi ödənilməsi nəzərdə tutulur. Əvvəllər buğda və çəltik məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına tətbiq edilən subsidiyalar hazırda pambıq istehsalçılarına da şamil edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalçıları bütün vergilərdən (torpaq vergisi istisna olmaqla) azaddırlar, eyni zamanda, onlara subsidiyalar verilir. Lizinq qaydasında güzəştli şərtlərlə və uzun müddətə texnikalar icarəyə götürülür, gübrələrin alınması və s. məqsədlər üçün güzəştli şərtlərlə kreditlər verilir ki, bu da pambıqçılığın inkişafına əlavə stimul yaradır.
“CTS AGRO” MMC-nin əhatə etdiyi 18 rayonda pambığın ilkin istehsalı və emalı ilə 36 minə yaxın adam məşğul olur. 2017-ci mövsüm ilində iş yerlərinin ən azı 70-80 faiz artacağı planlaşdırılır. Növbəti ildə MMC tərəfindən respublikanın pambıqçılıq rayonlarında 30 min hektarda pambıq əkini nəzərdə tutulur. Bu məqsədlə artıq indidən pambıq əkini sahələrinin artırılması istiqamətində lazımi işlər aparılır.
Möhtərəm cənab Prezident, Sizin dəstəyiniz olmadan bu işlərin uğurla həyata keçirilməsi mümkün olmazdı. Buna görə “CTS AGRO” MMC-nin işçiləri və bizimlə əməkdaşlıq edən bütün fermerlər adından Sizə bir daha dərin təşəkkürümüzü bildiririk.
2016-cı il mövsümünü uğurla başa vurmaq, əmək tutumlu sahə olan və ölkəyə valyuta gətirən pambıqçılığın daha da inkişaf etdirilməsi qarşımızda duran mühüm vəzifədir. Bu məqsədə çatmaq üçün üzərimizə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi istiqamətində var gücümüzlə çalışacaq, “Ağ qızıl”ın şöhrətinin özünə qaytarılması üçün səylərimizi əsirgəməyəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyev 1979-cu ildə pambıqçılıqla əlaqədar Bərdədə keçirilən zona müşavirəsində demişdi ki, “Pambıqçılıq respublikamızın əsas sərvətlərindəndir, xalqımızın şərəfidir, şöhrətidir”.
Cənab Prezident, Bərdə respublikamızın ən böyük kənd təsərrüfatı, xüsusilə pambıqçılıqda böyük ənənəsi olan rayonlardan biridir. Bildiyiniz kimi, Ulu Öndərin rəhbərliyi ilə Bərdənin inkişafı, rayon əhalisinin rifahı birbaşa pambıqçılıqla bağlı olub.
Qədirbilən bərdəlilər bu gün də ümummilli liderimiz Heydər Əliyevə minnətdarlıq hissi ilə qeyd edirlər ki, məhz onun diqqət və qayğısı sayəsində pambıqçılığın inkişafı hesabına çiy kərpicdən olan evlərimiz daş evlərə çevrildi, evlərimiz bahalı mebel, rəngli televizor, kondisioner, soyuducu gördü, hər iki pambıqçıdan, suçudan ən azı biri avtomobil sahibi oldu, firavan gün-güzəran qurdu, kəndlərimizin siması dəyişdi. Ulu Öndərin 70-ci illərdə milli memarlığını saxlamaqla təməlini qoyduğu və bu gün Sizin diqqət və qayğınızla quruculuğu davam etdirilən müasir Bərdə şəhəri yarandı. Məhz o zaman el arasında “ağ qızıl” adlandırılan pambıq, doğrudan da, hər bir bərdəli ailəsi üçün qızıla bərabər olduğunun təsdiqini tapdı.
Bərdə pambıqçılıq rayonu kimi təkcə respublikamızda deyil, keçmiş SSRİ-də böyük şan-şöhrət qazanmışdı. 1981-ci ildə rayonda 28 min hektar pambıq əkilmiş, 126 min ton pambıq tədarük edilmişdi. Bərdəlilər bunu unutmur və bu gün Sizin qeyri-neft sektoru kimi kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafına verdiyiniz önəm, dövlətin göstərdiyi diqqət və qayğı digər pambıqçılıq rayonlarının əhalisi kimi, bərdəlilər tərəfindən də minnətdarlıqla qarşılanıb.
Cari ildə Sizin tapşırığınızla kənd təsərrüfatının digər sahələri ilə yanaşı, rayonda baramaçılıq və pambıqçılığın inkişafı ilə bağlı ciddi addımlar atılıb. Prezident Administrasiyasının tapşırıq və tövsiyəsi ilə dərhal işə başlanılıb, bu məqsədlə fermerlərin, sahibkarların, təcrübəli pambıqçıların iştirakı ilə rayonda geniş müşavirə keçirilib, rayon qərargahı yaradılıb, əhali arasında geniş maarifləndirmə işi aparılıb. Qısa müddətdə 2015-ci ilə nisbətən üç dəfə çox, yəni 3003 hektar sahədə pambıq əkilib. Əkinlər su təminatı olan sahələrdə aparılıb.
Cənab Prezident, əkinlərin aqrotexniki qaydada kompleks becərilməsi üçün rayonun bütün imkanları, pambıq emalı zavodlarının, aidiyyəti qurumların qüvvələri səfərbər edilib, ümumi işin nəticəsi olaraq sahələrdə yüksək məhsul yetişdirilib. Artıq bir neçə gündür ki, əllə pambıq yığımına başlanılıb. 600 hektardan çox sahə defalyasiya olunaraq, maşınla yığım üçün hazırlanıb.
Bu il pambıq əkininin nisbətən gecikməsinə baxmayaraq, hər hektardan 30 sentner məhsul götürülməsi gözlənilir. 2016-cı ildə rayonda pambıqçılığın inkişafı bu sahədə 3400 yeni iş yerinin yaradılmasına şərait yaradıb.
Cənab Prezident, yeri gəlmişkən bildirim ki, son 5 ildə Sizin müvafiq sərəncamlarınızla rayonda 108 yeni subartezian quyusunun qazılması, on illər boyu işləməyən 142 quyunun yenidən işlək vəziyyətə qaytarılması, istismar müddəti başa çatmış 15 nasos stansiyasının əsaslı bərpa olunması, mövcud arxların və dren kanalların lildən təmizlənməsi pambıq sahələrinin optimal müddətdə suvarılmasına kömək etməklə yanaşı, ümumilikdə 6 min hektar əkin sahəsinin dövriyyəyə qaytarılmasına imkan verib.
Bu yaxınlarda Sizin ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında verdiyiniz Sərəncam kənd adamları tərəfindən böyük rəğbətlə qarşılanıb və ipəkçiliyə marağı birə-beş artırıb. İpəkçilikdə olduğu kimi, pambıqçılıqda da subsidiyaların son məhsula görə verilməsi əkinçilərə böyük stimul verərdi.
Aparılan iqtisadi təhlillərə, pambıqçılığa olan marağa və rayonun mövcud potensialına əsaslanaraq, növbəti ildə 8,5 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bu məqsədlə indidən hazırlıq işləri başlayıb, torpaq sahibləri, icarədarlar və sahibkarlarla maarifləndirmə işləri aparılıb. Əkiləcək pambıq sahələri müəyyənləşdirilib və monitorinq keçirilib, həmin torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması yönümündə işlərə başlanılıb. İlin sonunadək rayonda daha 20 ədəd yeni subartezian quyusu qazılması gözlənilir. Növbəti ildə pambıq əkini sahələrinin üç dəfə artırılması ilə əlaqədar suvarma suyunda və pambıq emalı zavodlarının maddi-texniki bazasında yaranacaq problemlərlə əlaqədar təkliflər Administrasiyaya və aidiyyəti qurumlara təqdim edilib.
Zati-aliləri, müşavirə öncəsi bir daha rayonun pambıqçıları ilə görüşdüm və onların bir hissəsi bu zalda əyləşib. Mən onların bir fikrini Sizin ali diqqətinizə çatdırmaq istəyirəm. Bərdəlilər Ulu Öndərin rəhbərliyi dövründə pambıqçılıqda qazandıqları şan-şöhrəti məhz bu gün Sizin rəhbərliyinizlə yenidən geri qaytarmaq əzmindədirlər və bunun üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə görə sağ olun.
X X X
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir QULİYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Sizin müdrik siyasətiniz nəticəsində günü-gündən çiçəklənən, qüdrətli dövlətə çevrilən Azərbaycanın hər bir bölgəsi kimi, Biləsuvar rayonu da böyük inkişaf yolundadır. Biləsuvarlılar hələ də Sizin rayonumuza yaxın günlərdəki tarixi səfərinizin, rayon ictimaiyyəti ilə səmimi görüşünüzün təsiri altındadırlar. Qədirbilən biləsuvarlılar xalqımızın xoşbəxtliyi naminə yorulmaz fəaliyyətinizi, o cümlədən Biləsuvar rayonuna olan diqqət və qayğınızı çox yüksək qiymətləndirirlər.
Möhtərəm cənab Prezident, Sizin qeyri-neft sektorunun inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq görülən işlər ölkəmizin hər yerində olduğu kimi, Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir.
Biləsuvar həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olub, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınıb. Ötən əsrin 70-80-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə rayonumuzda pambıq istehsalı ən yüksək səviyyəyə çatmış, bu sahə Biləsuvara və biləsuvarlılara firavanlıq, şöhrət gətirmişdi. Pambıqçılığın inkişafını daim diqqətdə saxlayan Ulu Öndər dörd dəfə Biləsuvar rayonunda olmuş və pambıq tarlalarında əmək adamları ilə görüşmüşdü. O illərdə Biləsuvarda 14 min hektar sahədə pambıq əkilir, hər il 35-40 min ton pambıq istehsal edilirdi. İstehsal olunan pambığın rayonun ümumi məhsulunda həcmi 20 faiz təşkil edirdi və 15 min nəfərə yaxın sakinin məşğulluğu təmin olunmuşdu. Nəzərə almaq lazımdır ki, həmin illərdə rayonun əhalisi 56 min nəfər, əmək qabiliyyətli əhalinin sayı 37 min nəfər idi.
Cənab Prezident, indi isə rayon əhalisinin sayı 100 min nəfəri keçib, əmək qabiliyyətli əhalinin sayı isə 67 min nəfərdir.
Aqrar sahənin, xüsusən də pambıqçılığın inkişafı ilə əlaqədar qəbul etdiyiniz qərarlar rayonumuzda bu sahəyə marağı daha da artırıb. Tapşırığınızın icrası olaraq torpaqlardan daha da səmərəli istifadə etmək üçün 5435 hektar qış otlaq sahəsi istifadəçilərdən geri alınıb. Görülmüş təşkilati işlər nəticəsində qısa müddət ərzində kənd icra nümayəndələri, bələdiyyələr, fermerlər, fiziki şəxslər pambıq şirkətləri ilə əlaqələr yaradaraq müqavilələr bağlayıblar. Bunun nəticəsidir ki, yaz aylarında havaların əlverişsiz keçməsinə baxmayaraq, əvvəlki illə müqayisədə iki dəfə çox – 6040 hektar pambıq əkilib. Əkin sahələri sututarlarında yerləşdiyi üçün suvarma suyu ilə təminatda, bitkilərə aqrotexniki qulluq edilməsində pambıqçılarımız elə bir problemlə rastlaşmayıblar. Həmin sahələrdən 14 min tona yaxın məhsul gözlənilir ki, bu da hektara 22-24 sentner edir.
Bu gün pambıq tarlalarında 12 min nəfərdən çox sakin işlə təmin olunub. İstehsal ediləcək pambığın rayonun ümumi məhsul istehsalında həcminin təqribən 3,4 faiz, kənd təsərrüfatında isə 6,7 faiz təşkil edəcəyi gözlənilir. Əlbəttə, bu mövcud imkanların qarşısında çox kiçik rəqəmdir. Bütün bunlar bir daha göstərir ki, bizim bu istiqamətdə görəcəyimiz işlər hələ də çoxdur.
Möhtərəm cənab Prezident, Sizin yerli icra hakimiyyəti orqanları qarşısında qoyduğunuz çox mühüm vəzifələrin məsuliyyətini dərk edərək işləri davam etdiririk. Rayonun iqtisadi potensialının təhlil edilməsi, imkanların müəyyənləşdirilməsi və reallaşdırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir.
Pambıqçılığın inkişafı rayonumuzun əhalisi üçün yeni iş yerləri, təminatlı həyat, sabaha inam deməkdir. Fürsətdən istifadə edərək rayonumuz üçün geniş iqtisadi, sosial, mədəni imkanlar açacaq fəaliyyət istiqaməti müəyyən etdiyinizə, bizə ən düzgün yolu göstərdiyinizə görə bütün biləsuvarlılar adından Sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirəm.
Biləsuvar rayonunda növbəti ildə 10,5 min hektar suvarılan ərazidə pambıq əkiləcək. Bunun da 150 hektarı bələdiyyə, 1717 hektarı dövlət, 8633 hektarı isə vətəndaşların pay torpaqlarıdır. Bu da bizə imkan verəcək ki, 20 mindən çox sakini işlə təmin edək.
Eyni zamanda, 9356 hektar qış otlaq sahəsinin təyinatını dəyişmək və suvarma suyu ilə təmin etməklə, əkin dövriyyəsinə cəlb etməyi nəzərdə tuturuq. Bununla əlaqədar təkliflərimizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim etmişik. Bu gün istifadəsiz qalan həmin ərazilərdə vaxtılə pambıq əkini üçün lazımi infrastrukturlar mövcud olub və min tonlarla pambıq istehsal edilib. Təsadüfi deyil ki, rayonun pambıqçılıq üzrə əmək qabaqcılları həmin əkin sahələrində yüksək nəticələr əldə ediblər. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Qızqayıt Həsənova, Ərəstun Məmmədov kimi pambıqçılar Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Həmin dövrün əmək qabaqcıllarından olan və hazırda bu zalda əyləşən 81 yaşlı Lətif Cəfərov Ulu Öndərin əlindən mükafat olaraq “QAZ-24” markalı avtomaşının açarlarını alıb. O, yaşının bu çağında yenə də pambıqçılıq ənənələrinə sadiqlik göstərərək, bu sahə ilə məşğul olur. Lətif Cəfərov kimi qabaqcıl təsərrüfat adamları kolxoz təsərrüfatı dağıldıqdan sonra da rayonda illərlə formalaşmış pambıqçılıq ənənələrini qoruyub saxlayıblar.
Cənab Prezident, əmin ola bilərsiniz ki, Biləsuvar zəhmətkeşləri bundan sonra da əzmlə çalışacaq, mövcud təcrübə və yeni texnologiyalardan istifadə etməklə, rayonumuzun pambıq istehsalı sahəsində əvvəlki şöhrətini bərpa edəcəklər.
Möhtərəm cənab Prezident, icazə verin, Sizi bir daha əmin edim ki, müdrik ölkə başçısı kimi Azərbaycanın xoşbəxtliyi naminə əzmkar fəaliyyətinizə, xalqa sonsuz məhəbbətinizə cavab olaraq, Biləsuvarın zəhmətkeş əhalisi də Sizə yüksək məhəbbət və sədaqətini həmişə nümayiş etdirəcək, vətənimizin tərəqqisinə öz layiqli töhfələrini verəcək.
Diqqətinizə görə sağ olun.
X X X
Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.
Prezident İlham Əliyevin yekun nitqi
-Bugünkü müşavirədə 6 rayonun icra hakimiyyətinin başçısı çıxış etmişdir. O rayonlar ən çox pambıq əkən rayonlardır. İki şirkətin nümayəndəsi çıxış etmişdir. Səslənən məruzələrdə artıq görülən işlər haqqında kifayət qədər dolğun məlumat verildi. Hesab edirəm ki, görülən işlər təqdirəlayiqdir və biz bu işləri davam etdirməliyik. İndi yığımın əsas mərhələsi başlayır. Yığım vaxtı bütün lazımi tədbirlər görülməlidir. Bu gün mən öz fikirlərimi bildirəcəyəm və tapşırıqlarımı verəcəyəm. Amma əvvəlcə istərdim ki, bəzi statistik göstəricilər haqqında sizi məlumatlandırım.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikada pambığın istehsalı 300 min ton idi, 1981-ci ildə isə bir milyon 15 min tona çatmışdır. Yəni, 10 il ərzində pambıq istehsalı 3 dəfədən çox artdı. Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra hər sahədə olduğu kimi, pambıqçılıq sahəsində də tənəzzül dövrü başlamışdır və bu, statistikada özünü göstərir. Artıq 1985-ci ildə Azərbaycanda pambıq istehsalı 1 milyon tondan 780 min tona düşmüşdür. Ondan sonra tənəzzül daha da sürətlə getmişdir. Qeyd etdiyim kimi, nəticədə, keçən il cəmi 35 min ton pambıq yığılmışdır ki, bu da ən aşağı göstəricidir.
Bu il görülən tədbirlər nəticəsində biz ən azı 100 min ton pambıq tədarükünü gözləyirik, əgər məhsuldarlıq 20 sentner ətrafında olarsa. Burada çıxışlarda digər rəqəmlər də səsləndi. Biz bəzi yerlərdə 20 sentner, bəzi yerlərdə ondan da çox məhsuldarlıq əldə edə bilərik. Ona görə, bu rəqəmlər təbii ki, şərtidir. Biz mövsümün sonunda bu məsələlərlə bağlı tam dolğun mənzərə hasil edəcəyik.
Gələn il üçün daha da böyük istehsal gözlənilir, əgər məhsuldarlıq 20 sentner səviyyəsində olarsa. Mən hesab edirəm ki, daha da çox olmalıdır. Gələn il 200 min tondan çox pambıq istehsal ediləcək. Mən heç bir rəqəm səsləndirmək istəmirəm. Heç bir xüsusi göstəriş vermək istəmirəm, onu həyat göstərər. Amma biz bilməliyik ki, pambığın istehsalını hansı ardıcıllıqla artırmalıyıq. Hesab edirəm ki, 2017-ci ildə əgər bütün tapşırıqlar yerinə yetirilərsə, - belə də olmalıdır, - biz 250 min, hətta 300 min ton pambıq istehsal edə bilərik.
Pambığın məhsuldarlığı ilə bağlı rəqəmlər də artıq hər şeyi özlüyündə göstərir. 1970-ci ildə hektardan məhsuldarlıq 17 sentner, 1981-ci ildə təxminən 36 sentner idi. Bu gün isə bu, 18,8 sentnerə bərabərdir. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı da çox maraqlı statistikadır. Beləliklə, bu pay 1970-ci ildə 16 faiz təşkil edirdi, 1982-ci ildə 22 faiz, 2015-ci ildə isə 1,2 faiz. Mən deyəndə ki, pambıqçılıq Azərbaycanda batır, bax, bunu nəzərdə tuturam.
Azərbaycanda 1970-ci ildə 190 min hektar, 1982-ci ildə isə 305 min hektar sahədə pambıq əkilmişdir. Keçən il ən aşağı səviyyəyə düşmüşdür - 18 min 700 hektar. Bu il 52 min hektar əkilib. Gələn il hədəf 128 min hektardır. Əgər biz indiki səviyyəni götürsək, qeyd etdiyim kimi, 128 min hektar torpağın əkilməsi ən azı 250 min ton pambıq deməkdir. Ancaq yenə də deyirəm, biz hədəfi 300 min ton götürməliyik.
Rayonlar üzrə pambıq əkininin statistikası belədir: Bu il ən çox Saatlı rayonunda əkilibdir - 8 min 100 hektar. Ondan sonra Sabirabad - 6 min 100 hektar. Daha sonra Biləsuvar - 6 min hektar, İmişli - 5 min hektar, Beyləqan - təxminən 4 min hektar, Ağcabədi 3 min 600 hektar, Bərdə 3 min hektar və sair. Beləliklə, 24 rayonda pambıq əkilib.
Gələn ilin hədəfləri isə bundan ibarətdir: Yenə də birinci yerdə Saatlı rayonudur – 17 min hektar. Ondan sonra Sabirabad - 15 min hektar, Biləsuvar - 10 min 500 hektar, Neftçala - 10 min hektar, - bu il cəmi 1500 hektar, yəni, Neftçala rayonunda yəqin ki, ən sürətli artım gözlənilir, - İmişli - 10 min hektar, Beyləqan - 8 min 500 hektar, Bərdə - 8 min 500 hektar, Ağcabədi - 8 min hektar, Salyan - 7 min hektar. Salyan rayonunda ancaq bu il pambıq əkilib - 2180 hektar sahədə. Keçən il əkilməmişdir. Gələn il 7 min hektarda əkin gözlənilir. Yəni, bu da çox sürətli inkişaf dinamikasıdır. Xüsusilə nəzərə alsaq ki, Salyan rayonunda artıq neçə ildir ki, pambıq, ümumiyyətlə, əkilmirdi. Goranboy rayonunda 5 min hektar, Kürdəmirdə 4 min hektar, Yevlax, Ağdaş, Tərtər, Zərdab, Ağdamda 3 min hektar, Ağsu və Ucarda 2500 hektar, Füzulidə 1500 hektar, Hacıqabulda 1200 hektar, Göyçayda 1000 hektar, Samuxda 500 hektar, Cəlilabadda 500 hektar, Cəbrayılda 60 hektar. Bu statistika bizə hər şeyi göstərir. Həm vəziyyəti, həm də ki bizim hədəflərimizi göstərir. Bir daha demək istəyirəm, əminəm ki, biz istədiyimizə nail olacağıq.
İndiki dövr üçün vəzifələr nədən ibarətdir?! İlk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidirlər. Artıq burada səsləndi, bu il 100 min tondan çox məhsul gözlənilir. Bu, ən sürətli dinamikadır. Biz pambığın istehsalını 35 min tondan 100 min tona çatdıracağıq. Bir il ərzində biz üç dəfə istehsalı artıracağıq. Nəzərə alsaq ki, biz bu işlərlə bir neçə ay ərzində məşğul olmağa başlamışıq, göstəricilər doğrudan da təsiredicidir. Pambığın qəbul məntəqələrinə və emal zavodlarına daşınması üçün magistral yollarda təhlükəsiz hərəkət təmin edilməlidir. Daxili İşlər Nazirliyi və yerli icra orqanları bu işlərlə ciddi məşğul olmalıdırlar. Yanğından mühafizə tədbirləri görülməlidir. Pambığın tədarükü və emalı dövründə emal zavodları və qəbul məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. Bu, çox vacib məsələdir və “Azərişıq” şirkəti bu məsələni icra etməlidir.
Mən bunu artıq qeyd etdim, pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırıldı. Əlbəttə ki, çox ciddi artımdır. Ancaq baxmaq lazımdır ki, bu işlərlə məşğul olaraq alış qiymətini bir daha qaldıraq. Burada əlbəttə ki, insanların gəlirləri xüsusi diqqət mərkəzində olmalıdır. Eyni zamanda, bu işin iqtisadi səmərəliliyi təmin edilməlidir. Giriş sözümdə qeyd etdiyim kimi, biz kəndliləri stimullaşdırmalıyıq ki, özləri də bu işə geniş şəkildə qoşulsunlar.
Tədarükçü şirkətlər fermerlərin pulunu ləngitmədən və dəqiq verməlidirlər. Burada artıq səsləndi və hesab edirəm ki, bu məsələ ilə bağlı heç bir şikayət yoxdur. Əgər olarsa, mənim bundan xəbərim olmalıdır. Bu il 60 mindən çox insan bu işlərə cəlb edilib. Bu, yaxşı göstəricidir. Ancaq biz çalışmalıyıq ki, pambıqçılıqla məşğul olanların sayı artsın. Çünki bu, eyni zamanda, sosial məsələdir, iş yerlərinin yaradılmasıdır. Burada iri şirkətlər sosial məsələləri də nəzərə almalıdırlar. Əlbəttə, hər bir şirkət çalışır ki, öz işini optimallaşdırsın.
İndi dünyanın inkişaf etmiş ölkələrində müasir texnologiyalara keçid əlbəttə ki, əmək qüvvəsinə tələbatı azaldır. Bu, təbiidir, bu, texnoloji tərəqqidir. Ancaq bizim şirkətlər əlbəttə ki, sosial məsuliyyəti də hiss etməlidirlər. Ona görə, optimallaşma ilə paralel olaraq mütləq bu sosial məsələ diqqətdən kənarda qalmamalıdır. Əlbəttə ki, nə qədər çox insan bu işlərə cəlb edilərsə, o qədər də yaxşı olar. Mənə bəzi rəqəmlər təqdim olunur. Hesablamalar aparılıb ki, hər hektarda orta hesabla iki nəfər işləyə bilər. Bəziləri deyirlər ki, bu, çoxdur. Ancaq mən hesab edirəm ki, ilk növbədə burada sosial məsələ ön planda olmalıdır. Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz əkin sahələrini genişləndirdikcə bu rəqəm daha da artacaq. Əgər biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir.
Pambıq tarlalarında işləyənlər üçün yaxşı şərait yaradılmalıdır. Əlbəttə ki, hər yerdə tarla düşərgəsi olmalıdır. Orada lazımi ərzaq təminatı, içməli su təşkil edilməlidir ki, işləyənlərin şəraiti yaxşı olsun, çünki pambıqçılıq ağır sahədir. Biz hamımız bunları yaxşı bilirik və insanlara maksimum dərəcədə qayğı, diqqət göstərilməlidir. Həm tədarükçü şirkətlər, həm iri şirkətlər, eyni zamanda, yerli icra hakimiyyəti orqanları bu məsələni daim diqqət mərkəzində saxlamalıdırlar.
Bu il pambıqçılığın sürətli inkişafı üçün 3700 kənd təsərrüfatı texnikası alınmışdır. Onlardan 100-dən çoxu pambıqyığan kombayndır. Əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək. Burada bəzi çıxışlarda səsləndi ki, texnika ilə təminat daha da yaxşı olmalıdır. Bütün bu işlər nəzərə alınıb və giriş sözümdə də qeyd etdiyim kimi, dövlət büdcəsindən bu məqsədlər üçün kifayət qədər böyük maliyyə vəsaiti, özü də valyutada olan maliyyə vəsaiti ayrılıb.
Biz artıq pambıqçılığın inkişafı ilə bağlı uzunmüddətli strategiya üzərində işləyirik. İlkin rəqəmlər var. Əlbəttə, onlar dəqiqləşdirilməlidir ki, biz burada səhvə yol verməyək. Ancaq ilkin hesablamalar onu göstərir ki, əgər biz bu yolla getsək, - əlbəttə, gedəcəyik, - və lazımi maliyyə təminatı olarsa, 2020-ci ildə təqribən 200 min hektarda pambıq əkə bilərik. Yəni, biz bunu əsas hədəf kimi götürərək bütün lazımi işləri bu istiqamətdə aparmalıyıq.
Gözlənilən məhsuldarlıqla bağlı yəqin ki, bu gün danışmaq bir qədər tezdir. Ancaq bu hesablamalar da aparılmalıdır və onlar görüləcək tədbirlər üzərində qurulmalıdır. Çünki indi burada qeyd olunduğu kimi, yeni texnologiyalar mövcuddur, xüsusilə suvarma sahəsində pilot sistemi artıq tətbiq edilir. Pilot sistemi ilə məhsuldarlıq 35-45 sentner səviyyəsində mümkündür. Açıq suvarma yolu ilə 20-30 sentner məhsul götürmək olar. Biz çalışmalıyıq ki, pilot sistemini Azərbaycanda maksimum dərəcədə tətbiq edək. Əgər 2020-ci ildə 200 min hektarda pambıq əkiləcəksə bunun minimum üçdəbir hissəsi pilot sistemi ilə təmin edilməlidir. Belə olan halda biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik. Bu, insanların da gəlirlərinə müsbət təsir göstərəcək, eyni sahədə onlar indikindən təxminən iki dəfə çox qazanc götürə bilərlər. Çalışmalıyıq ki, biz orta məhsuldarlığı 1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın səviyyəsinə qaldıraq – təqribən 35 sentnerə. Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu da pambıqçılığın faktiki olaraq tam bərpası, özü də müasir səviyyədə bərpası demək olacaq.
Bu işləri bundan sonra da səmərəli təşkil etmək üçün burada çox ciddi koordinasiya olmalıdır. Bu il biz buna qısa müddət ərzində nail ola bilmişik. Ümumi koordinasiya işlərini Prezident Administrasiyası öz üzərinə götürüb. Zeynal Nağdəliyev bu işlərlə şəxsən məşğuldur. Yerli icra başçıları qeyd etdiyim kimi, fəal işləyiblər. Bütün dövlət qurumları - Kənd Təsərrüfatı, İqtisadiyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, yerli icra orqanları, “Meliorasiya və Su Təsərrüfatı”, “Azərişıq”, “Azəravtoyol” şirkətləri arasında çox ciddi koordinasiya işləri aparılmalıdır. Bir daha demək istəyirəm, əvvəlki illərin təcrübəsi onu göstərir ki, əgər biz pambıqçılığın inkişafını ancaq biznes qurumlarının öhdəsinə buraxsaq, pambıqçılığı itirərik, necə ki, itiririk. Ona görə, çox ciddi dövlət siyasəti aparılmalıdır və dövlət burada əsas rol oynayır. Dövlətin rolu təkcə koordinasiya işlərinin təşkili ilə məhdudlaşmır. Dövlət vəsait xərcləyir, texnika gətirir, meliorativ tədbirlər görür, yarımstansiyalar yaradır, elektrik xətləri çəkir. Biz bütün bunları dövlət hesabına edirik ki, fermerlər, fəhlələr daha yaxşı yaşasınlar, daha çox pul qazansınlar.
Bir daha qeyd etmək istəyirəm ki, pambıqçılıq özündə bir çox önəmli amili birləşdirir. Bu, kənd təsərrüfatının sürətli inkişafı, yüz minlərlə iş yerinin yaradılması, ixrac potensialımızın inkişafı deməkdir və dövlətin özəl sektora praktiki diqqətinin, dəstəyinin təzahürüdür. Ona görə də koordinasiya mütləq olmalıdır və bütün işlər vahid mərkəzdən idarə edilməlidir. Biz ancaq bu təqdirdə istədiyimizə nail ola bilərik.
Torpaqların münbitliyi ilə bağlı tədbirlər görülməlidir. Münbitliyin və məhsuldarlığın artırılması üçün növbəli əkin sisteminə keçməliyik - pambıq, yonca, taxıl. Bunu kənd təsərrüfatı mütəxəssisləri yaxşı bilirlər. Növbəli əkin sisteminə keçmək üçün əlbəttə ki, həm mövcud torpaq fondu, həm də gələcək torpaq fondu dəqiqliklə müəyyən edilməlidir. Çünki gələcəkdə torpaq fondu böyük dərəcədə artacaq. Bu, bəzi çıxışlarda səsləndi. Mən bu təklifləri dəstəkləyirəm ki, növbəti mövsümdə biz əkin sahəsinə görə deyil, yığılan məhsula görə subsidiya verməliyik. Aidiyyəti qurumlar indidən bu məsələni işləsinlər, hazırlasınlar, təkliflər versinlər. Bu, daha da məqsədəuyğun və ədalətli olacaq.
Azərbaycanda sahibkarlığın inkişafı sürətlə gedir. Son illər ərzində dövlət xətti ilə sahibkarlara güzəştli şərtlərlə, aşağı faizlə bir milyard manatdan çox kreditlər verilmişdir. Bu kreditlər hesabına yüzlərlə, minlərlə kənd təsərrüfatı müəssisəsi, emal müəssisələri yaradılmışdır. Biz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə bu kreditlər hesabına təmin edə bilmişik. Çünki fermerlər və sahibkarlar üçün bu kreditlər xüsusi əhəmiyyət daşıyır. Onlar həm güzəştli vəsait əldə edirlər, həm dövlətlə ünsiyyətdə olurlar. Bilirlər ki, dövlət bəzi hallarda tənbeh etsə də onları həmişə dəstəkləyəcək. Bəzən sahibkarlar ödənişləri vaxtında edə bilmirlər. Əgər hər hansı kommersiya bankı ilə onların əlaqələri olarsa, - əlbəttə bu da lazımdır, - orada çox sərt cəza tədbirləri ola bilər. Dövlət isə əlbəttə ki, burada sahibkarlar üçün ən yaxşı tərəfdaşdır.
Verilmiş kreditlərin böyük əksəriyyəti qaytarılır. Misal üçün, bu il yenə güzəştli kreditlər verilmişdir. Onların böyük əksəriyyəti əvvəlcə verilmiş və qaytarılmış kreditlər hesabına verilmişdir. Yəni, bir milyard dəyərində kredit şəklində verilmiş bu vəsait artıq dövriyyədədir və özlüyündə bir canlanma gətirir. Bu müsbət təcrübəni nəzərə alaraq biz pambıqçılığın inkişafına da güzəştli kreditlər verməliyik. Əvvəllər bu, olmayıb. Yəni, bu ildən İqtisadiyyat Nazirliyi bunu nəzərə alsın və sonra mənə ayrıca məruzə edəcək ki, ayrılmış kreditlərin neçə faizi pambıqçılığın inkişafına gedəcək.
Bir daha qeyd etmək istəyirəm ki, biz torpaqlardan çox səmərəli şəkildə istifadə etməliyik. Bizim çox böyük torpaq sahələrimiz yoxdur. Biz ancaq yeni texnologiyalar, meliorativ tədbirlər nəticəsində yeni, böyük torpaq sahələrini dövriyyəyə cəlb edə bilərik. Misal üçün, bu yaxınlarda Salyan rayonunda olarkən pambıq tarlalarında pambıqçılarla görüşlər əsnasında gördüm ki, orada vaxtilə şoranlaşmış torpaqlarda böyük pambıq sahələri yaradılıb. Bu, mümkündür və belə şoranlaşmış torpaqlar bizdə kifayət qədər çoxdur. Yəni, kənd təsərrüfatı üçün yararsız torpaqlar kifayət qədər çoxdur. Ancaq orada da məhsul yetişdirmək olar. Mən Salyandan Bakıya qayıdarkən fikir verdim ki, Qaradağ rayonuna qədər yol boyu sağ, sol, hər tərəf boş torpaqlardır. Orada heç nə əkilmir, heç nə bitmir. Onları da əkin dövriyyəsinə cəlb etmək olar. Sadəcə olaraq yeni texnologiyalar gətirilməlidir, suvarma sistemi qurulmalıdır, digər tədbirlər görülməlidir. Çünki bizim əsas məqsədimiz torpaqlardan səmərəli şəkildə istifadə etməkdir. İndi mövcud torpaq fondunun nə qədər olduğu bəllidir. Qeyd etdiyim kimi, istifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır. Eyni zamanda, rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar daha çox gəlir gətirir, daha çox sərfəlidir. Biz buna da baxmalıyıq, müvafiq göstərişlər verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq rayonlaşma sisteminə keçməliyik. Mən bu yaxınlarda Masallı rayonunda idim. Orada icra başçısından soruşdum ki, sizdə indi taxılçılıqda məhsuldarlıq nə qədərdir, dedi hektardan 20 sentner. Bizdə ölkə üzrə bu göstərici 30 sentnerdir. Amma elə təsərrüfatlar var ki, yeni texnologiyalara və iqlim şəraitinə görə hektardan 40-50 sentner taxıl götürülür. Ona görə, bəlkə də Masallıda taxılçılığa subsidiya vermək lazım deyil, tərəvəzçiliyə, çayçılığa vermək lazımdır. Ona görə, bu göstərişlər verilib. Mən bu barədə dəfələrlə danışmışam və son vaxtlar konkret tapşırıqlar verilib, indi təkliflər verilməlidir. Regionlar üzrə subsidiyalaşma təmin edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının stimullaşdırılmasına gətirib çıxaracaq. Xoşbəxtlikdən elə gözəl ölkədə yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər şeyi yetişdirə bilərik, çaydan tutmuş pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə qədər. Qeyd etdiyim kimi, şimal-qərb zonasında böyük fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli yanaşma olmalıdır və fermerlərə çox ciddi kömək göstərilməlidir.
Bir daha qayıdıram bu məsələyə, bazar iqtisadiyyatı çox məsələləri həll edir və həll edib. Amma bütün məsələləri həll edə bilməz. Biz əgər öz işimizi ancaq bazar iqtisadiyyatı prinsipləri əsasında qursaydıq, heç bir sosial yönümlü layihəyə pul ayırmazdıq. Görün, Azərbaycanda dövlət büdcəsi hesabına nə qədər böyük sosial yönümlü layihələr icra edilir. Yollar, içməli su, kanalizasiya layihələri, məktəblərin, xəstəxanaların tikintisi, yeni iş yerlərinin yaradılması - bütün bunlar sosial xarakterli işlərdir. O cümlədən mən iqtisadi inkişafla bağlı həmişə demişəm ki, bizim iqtisadiyyatımız sosial yönümlü olmalıdır. Çünki insanlar siyasətimizin mərkəzindədir. Nəyi ediriksə Azərbaycan vətəndaşları üçün edirik. Pambıqçılığı inkişaf etdiririk ki, insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı pul qazansınlar. Ona görə, bu sosial sfera mütləq və mütləq prioritet olmalıdır. Amma bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə bu, belə deyil. Orada da zəlzələlər olur, dövlət zərərçəkənlərə bir manat və ya bir dollar pul verirmi? Yox. Bizdə zəlzələ olub, minlərlə ev dövlət hesabına bərpa edilib, özü də əvvəlkindən on dəfə yaxşı şərait yaradılıb. Bunu dövlət edir. Ona görə, iqtisadi inkişafla bağlı da biz sosial məsələləri mütləq diqqətdə saxlamalıyıq. Ona görə, dövlətin iqtisadi inkişafdakı rolu əvəzolunmazdır. Əgər bazar iqtisadiyyatına qalsaydı, 2004-cü ildə birinci regional proqram qəbul olunmasaydı, indi bizim vəziyyətimiz necə olacaqdı? O vaxtkı vəziyyətimizi yadınıza salım, nə işıq, nə qaz, nə su var idi. Yol yox idi, iş yerləri yox idi. Bu bölgələrdə yaşayan insanlar bunu yaxşı xatırlayırlar. Biz o proqramı qəbul etdik, maliyyə resursları cəlb etdik, investisiya qoyduq, canlanma getdi. Bizim bütün bölgələrimiz çiçəklənir, şəhərlərimizin siması yaxşılaşır, iş yerləri yaradılır. Dünyada gedən xaos, böhran, anarxiya, toqquşmalar, tənəzzül bizə ən az təsir edir. Nəyə görə? Çünki biz düzgün siyasət aparırıq. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Ölkəmizi inkişaf etdiririk, ölkəmizin maraqları hər şeydən üstündür.
Kənd təsərrüfatının inkişafı bizim gələcəyimizdir. Hər bir ölkə nəyin hesabına yaşayır? İxrac hesabına. Ölkə ixrac etməsə yaşaya bilməz. İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir. Biz ixrac edə bilərikmi? Əgər açıq danışsaq, əlbəttə ki, yox. Ona görə, bizim kimi gənc müstəqil dövlət, - hansı ki, böyük problemlərlə üzləşmişdir, - əvvəlcə təbii imkanlarının hesabına yaşamalıdır, ilk addım kimi. Ona görə, biz Ulu Öndərin uzaqgörənliyi ilə neft strategiyasını həyata keçirmişik və böyük maliyyə vəsaiti əldə etmişik.
İndi Azərbaycanda sənayeləşmə prosesi gedir. Biz indi sənaye müəssisələri yaradılması istiqamətində böyük işlər görürük. Emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazarlara çıxmalıyıq və çıxırıq. Halbuki bu, o qədər də asan məsələ deyil. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Avropa bazarlarına çıxmaq üçün çox problemlər var. Məncə bu gün bu, çox çətin məsələdir. Biz regional bazarlara çıxırıq. Amma Azərbaycanda elə məhsul istehsal edilməlidir ki, bazarlardan asılı olmasın. Bax, pambıq o məhsullardandır. Çünki dünya birjalarında satılır. Pambığın hansısa birbaşa alıcısı yoxdur, dünya birjasında satılır. Biz yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start verəcəyik. Daşkəsən filiz yataqlarının istismarı və qurulacaq bir neçə zavodun fəaliyyəti sayəsində yüz milyonlarla dollar ixrac potensialımız yaradılacaq. İndi biz Sumqayıtda Kimya Sənaye Parkını yaradırıq və 2018-ci ildə polimer zavodu fəaliyyətə başlayacaq. O da təqribən 100 milyonlarla dollar ixrac potensialı yaradacaq. Sumqayıtda gübrə zavodu tikilir. Biz özümüzü gübrə ilə 2018-ci ildən sonra tam təmin edəcəyik və bu, kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək. Çünki daha idxaldan asılı olmayacağıq və məhsul ixrac edəcəyik. Ona görə, pambıqçılıq bu sıradan olan məhsuldur. Biz çalışmalıyıq ki, daha çox məhsul yetişdirək, xarici bazarlara sataq, həm mahlıc, həm də hazır məhsul formasında. Mən bir qədər sonra bu barədə də fikirlərimi bildirəcəyəm.
Pambıqçılığın inkişafı, ümumiyyətlə, bizdə sənayenin inkişafına çox müsbət təsir göstərəcək. Yaxın gələcəkdə Mingəçevir şəhərində yeni sənaye komplekslərinin təməlini qoyacağıq. Mingəçevir sənaye şəhəridir və Mingəçevirin inkişafı ilə bağlı bizim konkret planlarımız var. Hesab edirəm ki, Mingəçevir Azərbaycanın sənaye mərkəzlərindən birinə çevrilməlidir. Necə ki bu gün Bakı, Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük sənaye şəhərləridir. Gəncə şəhərində sənayeləşmə prosesi sürətlə gedir. Hesab edirəm ki, Mingəçevirdə yüngül sənayenin inkişafı prioritet olaraq qalmalıdır. Yaxın illərdə Mingəçevirdə bir neçə zavod və fabrikin yaradılması nəzərdə tutulur. Oraya qoyulacaq sərmayənin həcmi yüz milyon dollardan çox olmalıdır. İnşaat zamanı minlərlə insan işləyəcək. Zavodların fəaliyyətini təmin etmək üçün birinci mərhələdə 2 min, sonrakı mərhələdə isə 7 min iş yeri yaradılacaq. Orada pambıq-iplik, yun-iplik fabrikləri, digər fabriklər yaradılacaq. O fabriklərin əsas xammal bazası pambıqçılıq olacaq.
Ona görə, biz buna da hazır olmalıyıq. Eyni zamanda, nəzərə alsaq ki, biz pambığın istehsalının çox sürətli şəkildə artırılmasını planlaşdırırıq, yəqin, - burada çıxışların birində bu, səsləndi, - əlavə emal zavodlarının da tikintisi nəzərdə tutulmalıdır. Bizim aidiyyəti qurumlar - Prezident Administrasiyası, nazirliklər indidən müəyyən etməlidirlər ki, harada, neçə dənə, hansı istehsal gücü ilə, hətta müasir texnologiyalarla işləyən müəssisələr yaradılmalıdır. O müəssisələrin fəaliyyətə başlaması da pambıqçılığın inkişafı ilə uzlaşmalıdır ki, biz istədiyimiz hədəfə çatanda artıq həmin müəssisələr də hazır olsun.
Mən bəzi statistik göstəriciləri diqqətinizə çatdıranda əlbəttə, istərdim sizdə və bütün Azərbaycan ictimaiyyətində dolğun fikir olsun ki, biz harada idik, hara düşmüşük və haraya qalxmaq istəyirik. Eyni zamanda, bir məqsədim də var idi göstərim ki, hansı rayonlarda işlər necə gedir.
Vaxtilə rayonlararası rəqabət mexanizmləri də var idi. Hesab edirəm ki, biz bunu təbii yolla bərpa etməliyik. Biz bunu necə bərpa edə bilərik ictimaiyyət bilsin ki, hansı rayonda nə qədər əkin sahələri var, hansı rayonda nə qədər pambıq yığılır, hansı rayonda məhsuldarlıq nə qədərdir. Hesab edirəm ki, rayonlar, bax, bu 3 parametr üzrə də bir-biri ilə yarışa çıxmalıdır. Əlbəttə ki, bu, sağlam rəqabət olmalıdır. Hesab edirəm ki, bu rəqabət rayon rəhbərlərini də, pambıqçıları da stimullaşdıracaq. Çünki yadımdadır, vaxtilə belə bir məlumat mütəmadi qaydada Azərbaycan mətbuatında dərc edilirdi. 1970-ci illərdə bizim mərkəzi qəzetlərdə pambığın, üzümün tədarükü ilə bağlı belə bir cədvəl verilirdi ki, hansı rayon nə qədər istehsal edib. Rayon əhalisi də baxırdı, qabaqda olanlar sevinirdi. Ondan sonra mükafatlandırma aparılırdı. Əfsuslar olsun ki, bu çox müsbət prinsiplər ya yaddan çıxır, ya tarixdən silinir. Biz buna bir daha baxmalıyıq, onları bərpa etməliyik.
Eyni zamanda, mən hesab edirəm ki, Azərbaycanda yeni bir orden təsis edilməlidir. Son vaxtlar mənim sərəncamımla bir neçə yeni orden təsis edilib. Ən böyük ordenimiz “Heydər Əliyev” ordenidir. Ondan sonra mənim sərəncamımla “Şərəf” ordeni, “Dostluq” ordeni təsis edilmişdir. Hesab edirəm ki, biz “Əmək” ordeni də təsis etməliyik. Müxtəlif sahələrdə - istər özəl, istər dövlət, fərqi yoxdur, yaxşı göstəricilər nümayiş etdirən insanları biz ordenlərlə, medallarla təltif etməliyik. Hesab edirəm ki, biz bu ənənəni bərpa etməliyik. Göstəriş verirəm, Prezident Administrasiyası bu məsələ ilə bağlı öz təkliflərini mənə təqdim etsin. “Əmək” ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər yaxşı nəticələr olsa, birinci ordeni biz pambıqçılara təqdim edə bilərik.
Bir sözlə, hesab edirəm ki, bugünkü müşavirənin çox böyük əhəmiyyəti var. Bu, bizim gözəl tariximizə qayıdışdır. Qeyd etdiyim kimi, şadam ki, biz Sabirabadda toplaşmışıq. Növbəti müşavirələrdə yəqin ki, digər yerlərdə görüşəcəyik. Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq. Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik. Görülən bütün işlərə, çəkilən zəhmətə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. İndi fəal dövr - yığım dövrü başlayır. Sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Dövlətimizin başçısının yekun nitqindən sonra əmək veteranı, Cəbrayıl rayonundan məcburi köçkün Kamilxan Rüstəmova və Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova çıxış üçün söz istədilər.
Çıxış edən Kamilxan RÜSTƏMOVA dedi:
-Mən bu gün çox şadam. Mən Heydər Əliyev məktəbini qurtarmışam, diplomum Heydər Əliyev məktəbinin diplomudur. 1963-cü ildə əmək fəaliyyətinə başlamışam. “Lenin” ordeni, “Şərəf” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni almışam. 1976-cı ildə Heydər Əliyev də, mən də “Lenin” ordeni almışıq. Dedi ki, ikimiz də eyni orden aldığımıza görə sənə bir dənə maşın mükafat verirəm.
Mənim bu xalqa, bu camaatımıza, Azərbaycana tövsiyəm var. İndi biz məcburi köçkünük, torpaqlarımızın bir hissəsi işğal altındadır. Hörmətli İlham müəllim, mən 14 ton pambığı əl ilə yığıb “Lenin” ordeni almışam. İki hektar 70 sot yerim var idi. İndiki Heydər Əliyev Sarayının açılışında mənim bir pambıq kolumu Cəbrayıldakı “26 Bakı komissarı” kolxozundan götürüb gətirdilər, sarayın qarşısında göstərdilər. O kolun üstündə 138 sağlam qoza var idi.
Mən əməklə ucalmışam. İndi icra başçılarından pul istəyənlərə, şəraiti olmayanlara, bir iş bacarmayanlara tövsiyəm budur ki, pul pambıqdadır, baramadadır, üzümdədir. Nə qədər sağlamlıq var, bundadır. Dörd hektar üzüm becərmişəm. 1963-cü ildə əmək fəaliyyətinə başlamışam. Hörmətli İlham müəllim, 1993-cü ildə ermənilərin hücumu zamanı elə sahədən baş götürüb qaçmışam. Bir o qədər qazancımın hamısı qaldı...
Allah Ulu Öndərə rəhmət eləsin. Ömrümüz boyu ailəm də, nəvəm də, özüm də ona minnətdarıq. Ruhuna dualar, Quran oxuduram. Mənim birinci problemim məcburi köçkünlük problemidir. Biz cəbrayıllıyıq, qonaqpərvərik. Biz baramaçı, üzümçü, sağıcı, pambıqçı idik. İndi vəziyyət belə alınıb. Allaha dua edirəm, elin duasını Allah eşidər, inşallah, İlham Əliyevin rəhbərliyi ilə Qarabağı alacağıq. Prezidentimiz gecə-gündüz dincəlmir, xaricdə hara gedirsə öz sözünü deyir, hamını yerinə oturdur. Mən Sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək.
Diqqətinizə görə minnətdaram. Hamınızı öpürəm.
X X X
Fatma HÜSEYNOVA çıxış edərək dedi:
-Hörmətli müşavirə iştirakçıları.
Mən Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsüyəm. Bu “Qızıl ulduz”u mənim yaxama sancana Allah-Təala qəni-qəni rəhmət eləsin. 1969-cu ildə Ulu Öndər hakimiyyətə gəldi. 1973-cü ildə bizim sahələri gəzərkən briqadirin yerini alaqlı görüb məni oraya briqadir təyin etdi. O vaxtdan bu vaxtadək hələ də işləyirəm. Deyirlər ki, qadının yaşını, kişinin pulunu soruşmazlar. İndi yaşım neçədir, özünüz nə qədər bilsəniz, verərsiniz. O vaxtdan indiyədək işləyirəm. Allahın köməyi ilə yorulmamışam. Canımda nə qədər can var, əlim işdən, ayağım köçdən qalana qədər öz Vətənimə sadiqəm. Öz Vətənim üçün işləyəcəyəm, nə qədər ömrüm var öz xalqım üçün işləyəcəyəm.
İlham Əliyev həm mənim Prezidentimdir, həm rəhbərimdir, həm də mənim qardaşımdır. Çünki Ulu Öndər heç vaxt mənim adımı deməyib. Həmişə mənə “qızım” deyib, alnımdan öpüb. O, mənim atamı soruşanda kövrəldim. Atam müharibədən əlil qayıdaraq burada 42 yaşında rəhmətə getmişdi. Ulu Öndər mənim boynumu qucaqlayıb alnımdan öpdü, mənə “qızım” dedi. Dedi, kim xəbər alsa, deyəcəyəm ki, mənim iki qızım, bir oğlum var. Ona görə, mən o ailəyə ömrüm boyu minnətdaram. O gün olsun, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm.
İlham müəllim, Sizin ailənizi, özünüzü öpürəm, bir bacı kimi bağrıma basıram. Allah Sizə ömür versin, Allah Sizi nəzərdən qorusun. Çünki Sizin daxildə və xaricdə gördüyünüz işlər bütün ölkələrdə, Yer üzündə deyilir.
Mən Mehriban xanımı da Sizdən ayırmıram. O, Sizin cinah yoldaşınızdır, sirdaşınızdır. O, Sizinlə birgə işləyir. Mehriban xanımın əməyi Sizinlə birgədir. Ona da öz təşəkkürümü bildirirəm. Xahiş edirəm, mənim təşəkkürümü ona çatdırın.
Diqqətinizə görə çox sağ olun. Danışmağa sözüm çoxdur, amma sizi yormaq istəmirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.