09 sentyabr 2016, 15:45

Qalina Mikeladzedən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu!

Açığını deyim ki, qələm əhli olsam da, mənim kimi adi bir insana göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirməyə söz tapmıram. Bu diqqət 2015-ci ildə milli jurnalistikanın 140 illiyi münasibətilə mənə Prezident təqaüdü təyin edilməsində, indi isə “Şöhrət” ordeni ilə təltif olunmağımda təzahür edib.

1949-cu ildə mən Moskvanın ali məktəblərinə daxil olmaq üçün Bakıda qəbul imtahanları vermək imkanı əldə etmiş abituriyentlərdən biri olmuşam. O vaxtdan, Moskva Dövlət Universitetini bitirəndən bəri doğma respublikamızın diqqət, dəstək və qayğısını daim hiss edirəm.

Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında, “Bakinski raboçi” qəzetində işləmişəm. Partiya orqanları məni İttifaqın mərkəzi mətbuat orqanlarından olan “Sovetskaya torqovlya” qəzetinin xüsusi müxbiri vəzifəsinə tövsiyə edib, 23 il həmin qəzetdə işləmişəm, o cümlədən 12 il – pensiyaya çıxana qədər bu qəzetin Zaqafqaziya üzrə müxbir məntəqəsinin müdiri olmuşam.

Lakin 1993-cü ildən başlanmış dövr mənim üçün xüsusilə məhsuldar olub. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən və xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan jurnalistikasında da yaradıcı azadlıq və fəallıq ruhu duyulur.

Xalqın öz Vətəninin tarixinə, Qarabağ müharibəsi ilə bağlı hadisələrə, habelə beynəlxalq münasibətlər, siyasət, iqtisadiyyat, Azərbaycanda təhsil və mədəniyyət sahələrində baş verən möhtəşəm dəyişikliklərə güclü marağı dalğasında mən bu dəyişikliklərin əksəriyyətinə münasibət bildirmişəm. Bu, mənim daha böyük maraqla yazmağıma, öz qələmimin məhsullarından ibarət toplular nəşr etdirməyə və beləliklə, mənim bu peşədə ömrümün uzanmasına imkan verdi.

Bu, yalnız bizim dövlətin ictimai-siyasi həyatında yaranmış gözəl ab-hava, Azərbaycanda sülh və firavanlıq naminə Sizin yorulmaz fəaliyyətiniz sayəsində onun beynəlxalq nüfuzunun artması şəraitində mümkündür.

Bütün bunlara görə sağ olun. Məni “Şöhrət” ordeninə layiq gördüyünüzə, jurnalistika və publisistika sahələrinin inkişafına verdiyim töhfənin bu cür yüksək qiymətləndirilməsinə görə Sizə ayrıca – şəxsən öz adımdan təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qalina Ələkpərovna Mikeladze

Azərbaycan Respublikası, Bakı şəhəri