30 avqust 2016, 10:15

Elmar İbrahimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təsdiq etdiyiniz Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərdən biriyəm. Bu il Böyük Britaniyanın Essex Universitetinin bakalavr pilləsini müvəffəqiyyətlə bitirdim və biznesin idarə olunması ixtisasına yiyələndim. Təhsil aldığım dövrdə heç bir maddi çətinlik çəkmədim. Minlərlə azərbaycanlı gənc kimi mən də öz üzərimdə daim Sizin qayğınızı hiss edirdim.

Cənab Prezident, mənə və bütövlükdə Azərbaycan gənclərinə bu şəraitin yaradılmasına görə Sizə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizə və ailənizə, övladlarınıza, nəvələrinizə cansağlığı, səadət, xoşbəxtlik arzulayıram. Harada işləməyimdən asılı olmayaraq Sizin etimadınızı doğrultmağa, Vətənimizə, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət etməyə çalışacağam.

Hörmətlə,

İbrahimov Elmar Rəşad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.