26 iyul 2016, 17:35

Adıbala Həsənov və başqalarından, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər Sizin rəhbərliyiniz altında respublikamızda aparılan quruculuq-abadlıq işləri, elektrik enerjisi və suvarma suyu təchizatı, kənd təsərrüfatı sahələrində islahatlar öz bəhrəsini verməkdədir. Belə yüksək qayğı sayəsində bizim kəndimiz də inkişafa nail olub. Kəndimizin ötən əsrin ortalarında çəkilmiş köhnə və qəzalı vəziyyətdə olan işıq dirəkləri, elektrik xətləri, transformatorları dəyişdirilib, hər bir evə yeni sayğaclar qoyulub, sakinlər keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunublar. Yüksək gərginlikli transformatorun və yeni su nasoslarının qoyulması suvarma suyu ilə bağlı problemimizi aradan qaldırıb. 

Hörmətli cənab Prezident, Sizin fəaliyyətinizi mətbuat vasitəsilə daim izləyir, Azərbaycan xalqı ilə sıx ünsiyyətdə olduğunuzu, tez-tez görüşlər keçirdiyinizi görürük. İştirak etdiyiniz iclas və müşavirələrdə irəli sürdüyünüz məsələlər xalqımızın mənafeyinə xidmət edir. Bütün bunlara görə kəndimizin əmək veteranları adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. 

Hörmətlə,

Həsənov Adıbala Nəcəfqulu oğlu

Kazımov Məmmədhəsən Məmmədhüseyn oğlu 

Əzizov Rəhim Əziz oğlu

Bağırov Mürsəl Baba oğlu və başqaları (cəmi: 22 nəfər).  

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Bəydili kəndi.