21 iyul 2016, 11:45

Mənsim Allahverdiyevdən, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illər Sizin sayənizdə rayonumuzda şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına göstərilən diqqət və qayğı daha da artıb. Bu kateqoriyadan olan vətəndaşların maddi vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli iş görülüb, çoxmənzilli binalar və fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Rayonumuzdan olan milli qəhrəmanların adları küçələrə verilib, həmin küçələrin girişində onların barelyefləri qoyulub. Bu yaxınlarda isə Sarov kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş oğlum - “Azərbaycan Bayrağı” ordenli Şahlar Allahverdiyevin barelyefinin açılışı oldu.

Möhtərəm Prezident, biz şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Oğul Vətən üçündür, təki Vətən yaşasın!

Hörmətlə,

Allahverdiyev Mənsim,

şəhid atası.

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarov kəndi.