21 iyul 2016, 11:30

Asif Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrindən biriyəm. Azərbaycanın uğurlarına həmişə sevinir, bununla fəxr edirəm. Sizin “Dünyada ilin adamı” seçilməyiniz, habelə Bakıda Formula-1 Avropa Qran-pri yarışının çox yüksək səviyyədə keçirilməsi qəlbimizi fərəhləndirdi. Bu yarış vasitəsilə Azərbaycanın çox qüdrətli, güclü və qonaqpərvər ölkə olduğunu bir daha sübut etdiniz.

Bütün bu nailiyyətlərlə yanaşı, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri də alqışlayırıq. Dünyanı bürüyən böhran şəraitində Azərbaycanda bir çox sahələrdə çalışan insanların, eləcə də neftçilərin əməkhaqqının 10 faiz qaldırılması ciddi sosial addım olmaqla bərabər, həm də uğurlu sosial siyasətin təzahürüdür. Çünki bunu reallaşdırmaq üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılır. İndiki şəraitdə bunun nə demək olduğunu çox gözəl başa düşürük.

Həmçinin qeyd etmək istəyirəm ki, ödənişli əsaslarla ali təhsil alan tələbələrə təqaüd əldə etmək imkanının yaradılmasını da çox müsbət dəyərləndiririk. Mənim qızım da bu imkandan yararlanaraq təqaüd alan tələbələrdən biridir.

Möhtərəm Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailəm adından Sizə və ailə üzvlərinizə minnətdarlığımızı bildirir, həyatda ən şirin nemət olan möhkəm cansağlığı, uzun ömür, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Əliyev Asif Ulubəy oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.