20 iyul 2016, 15:30

Eldar Əzizov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün dünyanın hər yerində milyonlarla insanın diqqətini XXI əsrin möcüzəsi kimi cəlb edən Azərbaycan gerçəkliyinin qəlbimizdə oyatdığı böyük qürur və iftixar hissini Sizinlə bölüşmək istəyirik.

Ötən əsrin təlatümlü, qanlı-qadalı illərinin, ölkəni viran qoyan dağıdıcı proseslərin içərisindən xalqımızın ümummilli lideri Heydər Əliyevin dühası, iradəsi və qətiyyəti ilə sıyrılıb çıxmış Azərbaycan müstəqilliyinin qısa bir dövrü ərzində əsrə bərabər inkişaf yolu keçmiş, dünyanın nüfuzlu ölkələri arasında söz sahibinə çevrilmişdir. Azərbaycan dövlətinin ictimai-siyasi və sosial-iqtisadi dayaqları möhkəmlənmiş, respublikamız dünyanın diplomatiya, ölkələr və qitələrarası əməkdaşlıq, mədəniyyət və incəsənət, multikulturalizm və konfessiyalararası anlaşma, böyük idman yarışları mərkəzlərindən biri kimi tanınmışdır.

Bütün bu nailiyyətlər bilavasitə Sizin rəhbərliyiniz və iştirakınızla əldə edilib, cənab Prezident!

Bu gün dünya yenə çalxalanır, iqtisadi tənəzzül, maliyyə problemləri ölkələri diz çökdürür, neçə-neçə məmləkətdə qanlar axır, silahlı qruplaşmalar meydan sulayır, terrorizm uşaqlara, qadınlara, qocalara da aman vermir, dini və irqi dözümsüzlük əsəbləri tarıma çəkir, insanları fəlakətə sürükləyir, bəşəriyyətin qədim maddi və mədəni sərvətləri tarmar edilir, böyük dövlətlərin buyuruq qulu kimi biabırçı bir “titulu” ilə tanınmış işğalçı Ermənistanda dövlət siyasəti faşizm prinsipləri üzərində qurulur...

Hətta belə bir vaxtda Azərbaycan qlobal layihələrin müəllifi və əsas iştirakçısı kimi çıxış edir. Ölkədə əmin-amanlıq hökm sürür. Respublika əhalisi siyasi sabitlik şəraitində yaşayır və gələcəyinə inamla baxır. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqnozları ölkəmizin şəhər və kəndlərinin mənzərəsini bənzərsiz çalarlarla zənginləşdirir. Dünyanın hətta ən məşhur, ən tələbkar memarlıq və arxitektura bilicilərini heyran edən paytaxtımız Bakı bu gün Şərqin və Qərbin ən gözəl, ən parlaq şəhərlərindən biri kimi məşhurlaşıb. Səbail rayonu isə bu şəhərin füsunkar mərkəzi hissəsi kimi yüksək zövqün, heyranedici şəhərsalma mədəniyyətinin rəmzlərindən biridir.

Bütün bunlar ilk növbədə Sizin xidmətinizdir, cənab Prezident! Sizin siyasi müdrikliyinizin, hər sahədə əsas quruculuq hədəflərini dəqiq müəyyən etməyinizin bəhrələridir.

Bu ilin aprelində Siz Azərbaycana və onun vətəndaşlarına böyük qələbə sevinci bəxş etdiniz. Müzəffər Azərbaycan Ordusunun bölmələri düşmənin növbəti fitnəkarlığının qarşısını mərdliklə alaraq, ermənilərin hərbi gücü və döyüşkənliyi barəsində onların özlərinin yaratdıqları mifi dağıtdılar, torpaqlarımızın bir hissəsi üzərində yenidən Azərbaycan bayrağını dalğalandırdılar.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi bu, ilk növbədə Sizin xidmətinizin bəhrəsidir.

Cənab Prezident, ölkəmizin və xalqımızın xoşbəxt gələcəyi naminə Sizin yorulmaz fəaliyyətiniz hamımız üçün böyük nümunə və örnəkdir. Yalnız bu ilin 6 ayında Sizin xarici səfərlərinizin, dünyanın böyük güc mərkəzlərini təmsil edən həmkarlarınızla, siyasi xadimlərlə Bakıda və səfərdə görüşlərinizin, danışıqlarınızın xronikası göstərir ki, Siz həyatını, varlığını bütünlüklə doğma torpağa, doğma xalqa həsr edən, bir insan, bir rəhbər kimi öz xoşbəxtliyinin mənasını da ölkəsinə və millətinə xidmətdə görən Prezident və böyük şəxsiyyətsiniz.

Gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq, cənab Prezident! Biz Sizinlə fəxr edirik, cənab Prezident!

Sizin rəhbərliyiniz altında çalışmağı, Sizin göstəriş və tapşırıqlarınıza əməl etməyi, Vətənə xidmət işini Sizdən öyrənməyi özümüzə şərəf bilirik.

Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Bakı şəhəri Səbail rayon sakinləri adından iyulun 19-da keçirilən 2016-cı ilin birinci yarımilliyində Səbail rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları :

Əzizov Eldar, Səbail Rayon İcra Hakimiyyətinin başçısı

Cəfərov Cəfər, ADPU-nun rektoru, professor və başqaları (cəmi : 150 imza)

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.