19 iyul 2016, 16:50

Qənbər Qurbanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz dədə-baba torpaqlarından, doğma yurd-yuvalarından didərgin düşərək taleyin ağrılı-acılı illərini yaşamaq məcburiyyətində qalan kəlbəcərlilər bu məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, həmişə dövlətimizin və dövlətçiliyimizin mövqeyində əzmlə dayanmışlar.

Sizin daxili və xarici siyasətiniz, sağlam və vətənpərvər ruhlu strategiyanız biz qaçqın və məcburi köçkünlərin ürəyindən xəbər verir. Müstəqil və qüdrətli Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin ideoloji xəttini sədaqət və rəşadətlə davam etdirdiyinizə, işğal olunmuş torpaqlarımızın azad olunması naminə göstərdiyiniz prinsipial mövqeyinizə və apardığınız siyasi mübarizəyə görə kəlbəcərlilər Sizə minnətdarlıqlarını bildirirlər. Biz həmişə Sizinləyik və Sizinlə də olacağıq.

Möhtərəm cənab Prezident, son illərdə qaçqın və məcburi köçkünlər üçün inşa edilən müasir tipli qəsəbələr yurddaşlarımızın mənzilə olan ehtiyacını ödəmiş, onların sosial rifahı kökündən dəyişmişdir. Bütün bunlar Prezident olaraq Sizin vətəndaşlarımıza göstərdiyiniz xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Həmçinin kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində ciddi tədbirlər görülür və danışıqlar aparılır. Biz inanırıq ki, Sizin müdrik və məqsədyönlü siyasi mübarizəniz sayəsində nəinki Dilqəm və Şahbaz, bütün Azərbaycan əsirləri azad ediləcək, işğal olunmuş torpaqlarımız geri qaytarılacaq və biz tezliklə doğma Kəlbəcərimizə geri dönəcəyik. Tanrı Sizi qorusun.

Kəlbəcər ictimaiyyəti nümayəndələri adından dərin hörmət və yüksək ehtiramla,

Qurbanov Qənbər,

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.