İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak edib

18 iyul 2016, 10:30
İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak edib

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Əziz dostlar. 

Bildiyiniz kimi, avqustun 5-də Rio-de-Janeyroda XXXI Yay Olimpiya və Paralimpiya Oyunları keçiriləcəkdir. Bu gün bu rəsmi mərasimdə biz idmançıları Oyunlara yola salırıq, onlara uğurlar arzulayırıq. Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar.

Bu Oyunlarda Azərbaycan Olimpiya komandası böyük heyətlə - 56 idmançı ilə iştirak edəcək. Lisenziyaların sayı isə 57-dir. Bu, keçən Yay Olimpiya Oyunlarından çoxdur. Biz London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə iştirak etmişik və bildiyiniz kimi, böyük qələbə - 10 medal qazanmışıq, onlardan 2-si qızıl medaldır. Bu dəfə isə daha da böyük heyətlə iştirak edəcəyik və əlbəttə ki, yaxşı nəticələr gözləyirik. Bunu deməyə əsas var. Çünki idmançılarımız son dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında bizi sevindiriblər, ölkəmizin şöhrətini ucaldıblar və müxtəlif yarışlardan Vətənə böyük qələbələrlə qayıdıblar. Əminəm ki, Rio-de-Janeyroda da idmançılarımız vətənpərvərlik, peşəkarlıq, əzmkarlıq göstərərək ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər verilir. Hər il 20-30 mənzil verilir.

Azərbaycanda idman infrastrukturu yaradılır. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi yaradılmışdır, tikilmişdir. Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilmişdir – Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakını daha da gözəlləşdirir. Bu idman obyektlərinin ətrafında böyük abadlıq, təmizlik işləri aparılmışdır. Bakı Olimpiya Stadionunun ətrafı ekoloji fəlakət zonası idi. Bir tərəfdən bataqlıq, digər tərəfdən Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Bütün o ərazilər təmizləndi, neftlə və digər tullantılarla çirklənmiş torpaqlar oradan çıxarıldı, böyük abadlıq işləri aparıldı. Böyükşor gölünün bir hissəsi tamamilə təmizləndi, 1 kilometr uzunluğunda yeni bulvar, parklar salındı. Su İdmanı Sarayının ətrafı da əvvəllər neft mədənləri idi. Onlar da oradan götürüldü, təmizləndi. Bu gün Su İdmanı Sarayının ətrafında 10 hektarlarla ölçülən gözəl park salınıb və Bakı vətəndaşları bu imkanlardan istifadə edirlər.

Biz bu işləri görərkən bir neçə məqsədi güdürdük. Əlbəttə ki, Avropa Oyunlarının keçirilməsi üçün Bakıya yeni idman obyektləri lazım idi. Eyni zamanda, ekoloji məsələlər də öz həllini tapmışdır, şəhərimizin gözəlləşməsi, abadlaşması daha da sürətlə getmişdir.

İdman infrastrukturunun xüsusilə regionlarda yaradılması imkan verir ki, bölgələrdə yaşayan uşaqlar, gənclər idmanla məşğul olsunlar. Mən bütün regional Olimpiya mərkəzlərinin açılışlarında şəxsən iştirak etmişəm və demişəm, əsas vəzifə ondan ibarətdir ki, biz idmanın kütləviliyini təmin edək. Əlbəttə, bizə qələbələr, çempionlar lazımdır və bu, bizdə var. Amma, eyni zamanda, bizə sağlam gənclər, sağlam millət lazımdır. İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur.

Bizim qabaqcıl, görkəmli idmançılarımız bütün idmançılar üçün nümunədir. Çünki onlar həm idmanda böyük uğurlar qazanıblar, həm də onların hamısı vətənpərvər insanlardır. Eyni zamanda, bizim çempionlarımız cəmiyyətdə də özlərini çox ləyaqətlə aparırlar. Bu, bir yeni davranış nümunəsidir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olmaq istəyənlər də, bax, sizə - burada əyləşən idmançılara oxşamalıdırlar. Onlar görürlər ki, əgər sən idmanda böyük uğur əldə etmisənsə, cəmiyyətdə özünü ləyaqətlə aparırsansa öz həyatını ləyaqətlə qura bilərsən. Ona görə, son illər ərzində idman bölmələrinə müşahidə olunan kütləvi axın bu səbəblərdən qaynaqlanır. Bu, məni çox sevindirir. Çünki bizim gənclər idmanla nə qədər çox məşğul olsalar, onlar üçün də, dövlət üçün də bir o qədər yaxşı olacaq. İdmanla məşğul olanlar vətənpərvər insanlardır. İdman qələbələri hər bir vətənpərvər Azərbaycan vətəndaşını sevindirir. Hər dəfə biz beynəlxalq yarışlarda görəndə ki, bizim bayrağımız qaldırılır, ürəyimiz fərəhlə dolur. Bu sevinc anlarını bizə idmançılar yaşadır. Əminəm ki, gələcək yarışlarda idmançılar yenə də qələbə qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər.

Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə edirik. İldən-ilə bu yarışların sayı da artır və səviyyəsi də yüksəlir. Bu gün dünya, Avropa çempionatlarının Azərbaycanda keçirilməsi adi hala çevrilib. Əgər əvvəlki illərdə, xüsusilə 2000-ci illərin əvvəllərində hansısa gənclər və yaxud da yeniyetmələr arasında Avropa və ya dünya çempionatı keçirilirdisə və biz bundan fərəhlənirdiksə, bu gün dünya çempionatları, Avropa çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri, müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda demək olar ki, ildə bir neçə dəfə keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən bizə göstərilən böyük hörmətdir.

Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi Azərbaycanda idman sahəsində görülən işlərə çox yüksək qiymət verir. Bir məsələni də vurğulayırlar və siz də bunu yaxşı bilirsiniz ki, Azərbaycanda idmanla bağlı dövlət siyasəti aparılır. İdmana cavabdehlik daşıyan bütün qurumlar bir komanda kimi fəaliyyət göstərir və bizim uğurlarımızın təməlində məhz bu birlikdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman inkişaf etsin, Azərbaycan idmançıları beynəlxalq yarışlarda həmişə yüksək pillələrdə olsunlar.

Bu gün mən deyəndə ki, Azərbaycan idman dövlətidir, bax, bunu bu səbəblərə görə deyirəm. Birincisi, bizdə ən müasir idman infrastrukturu yaradılıb və bu infrastruktur imkan verir ki, biz bütün ən yüksək səviyyəli oyunları keçirək. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bunun əyani sübutudur. İkincisi, Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya Oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya Oyunlarında həmişə yüksək pillələrdədir. İdmanın inkişafı və kütləviliyi ilə bağlı da çox düşünülmüş, ardıcıl siyasət aparılır və bu siyasət özünü artıq dəfələrlə göstərmişdir. Ona görə, əminəm ki, gələcək illərdə də beynəlxalq idman qurumları Azərbaycana həmişə böyük hörmətlə yanaşacaqlar. Biz də çalışacağıq ki, Azərbaycan idman dövləti kimi gələcəkdə də özünü göstərsin və öz imkanlarını ortaya qoysun.

Mən qeyd etdim ki, Bakıda artıq bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onların arasında, əlbəttə ki, Avropa Oyunları xüsusi yer tutur. Çünki bu, tarixdə ilk dəfə keçirilən Oyunlar idi. Başqa qitələrdən fərqli olaraq, nədənsə Avropada qitə oyunları heç vaxt keçirilməmişdir və Avropa Olimpiya Komitəsi həmin təşəbbüsü irəli sürəndə bu, heç də bütün Olimpiya komitələri tərəfindən birmənalı qarşılanmamışdır. Bildiyiniz kimi, bu Oyunların keçirilməsi üçün o qədər böyük maraq da müşahidə edilmirdi. Çünki birincisi, bu, yeni bir təşəbbüs idi. İkincisi, bu Oyunların keçirilməsi üçün görüləcək işlər haqqında heç kimdə təsəvvür yox idi. Azərbaycan burada da liderlik keyfiyyətlərini ortaya qoydu. Biz dedik ki, buna hazırıq və hazır ola bilərik. Baxmayaraq ki, Oyunların hazırlanmasına cəmi iki il vaxtımız var idi. Olimpiya Oyunlarının hazırlanmasına 7-8 il vaxt verilir. Bu dəfə isə cəmi iki il ərzində biz bu Oyunları keçirməli idik. Ancaq biz əmin idik ki, bu şərəfli işin öhdəsindən gələcəyik. Çünki Azərbaycan güclü dövlətdir. Artıq o vaxt da bizim güclü idman infrastrukturumuz var idi və təşkilatçılıq qabiliyyətimiz yüksək səviyyədə idi. Ona görə, biz öz namizədliyimizi irəli sürdük və böyük səs çoxluğu ilə Azərbaycan bu şərəfli missiyanı öz üzərinə götürdü.

Hamımız yaxşı xatırlayırıq, bu Oyunlar bir il bundan əvvəl keçirilmişdir. Bu Oyunlar doğrudan da Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu Oyunlarda 6 min idmançı iştirak etmişdir, minlərlə qonaq Azərbaycanla tanış olmuşdur. Bu Oyunlar Avropada və digər qitələrdə televiziya vasitəsilə göstərilmişdir. Bütün dünya bir daha gördü ki, Azərbaycan inkişaf etmiş, müasir, gözəl ölkədir. Gördülər ki, bu gözəl ölkənin çox güclü idmançıları var. Avropa Oyunları bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir. Bu, Azərbaycan idmanının və Azərbaycan dövlətinin zəfəridir. Çünki biz bu Oyunları qısa müddət ərzində ən yüksək səviyyədə keçirdik. Bu Oyunları Azərbaycanda çoxsaylı qonaqlar, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərinin əksəriyyəti izləmişdir.

Digər tərəfdən, idmançılarımız tarixi qələbə qazanmışlar, komanda hesabında ikinci yeri tutmuşlar. Qazanılan 56 medaldan 21-i qızıldır və bu da tarixi nailiyyət idi. Mən həmişə deyirəm, əslində biz birinci yerdə idik. Çünki Avropada Rusiya komandası ilə heç bir komanda rəqabət apara bilməz. Rusiya komandası böyük fərqlə təbii ki, birinci yerdə idi. Ancaq ondan sonra Azərbaycan ikinci yerdə qərarlaşmışdır və bu, doğrudan da bizim böyük qələbəmizdir. Biz hamımız o gözəl günləri xatırlayırıq. Bütün cəmiyyət bir daha birləşmişdir, hər bir vətənpərvər insan bu Oyunları qürur hissi ilə izləmişdir, idmançılarımızın qələbələrinə sevinmişdir.

Avropa Oyunları tarixdə qaldı. Onu da qeyd etməliyəm, mənə çatan məlumatlara görə, bəzi ölkələr indi bir az ehtiyat edirlər. Deyirlər ki, biz bu Oyunları Azərbaycanın keçirdiyi səviyyədə keçirə bilmərik. Ona görə, bir qədər ehtiyat edirlər. Yəqin bilirsiniz, hələlik növbəti yerin adı açıqlanmır ki, bu Oyunlar harada keçiriləcək.

Biz isə öz yolumuzla gedirik. Biz öz gücümüzü göstərdik. Bir daha göstərdik ki, güclü dövlətin güclü insanları, güclü idmançıları var. Bu gün Azərbaycan artıq dünya miqyasında çox gözəl, inkişafda olan ölkə kimi tanınır. Bildiyiniz kimi, bu yaxınlarda - keçən ay Azərbaycanda ilk dəfə olaraq Formula–1 yarışı keçirilmişdir. Bu yarış beynəlxalq reytinqə görə Yay Olimpiya Oyunlarının və futbol üzrə dünya çempionatının səviyyəsində olan yarışdır. Bunun tamaşaçı auditoriyası 500 milyon insandır və 500 milyon insan Bakının gözəlliyini seyr edib.

Bu yarışın Azərbaycanda keçirilməsi əlbəttə ki, bizim tarixi nailiyyətimizdir, bir daha ölkəmizin gücünü göstərir. Bakı Formula-1 yarışlarının keçirildiyi 21-ci yerdir. İyirmi şəhərdə keçirilirdi və Bakı 21-ci şəhərdir. Əgər o şəhərlərin siyahısına nəzər salsanız, görərsiniz ki, bu şəhərlər inkişaf etmiş şəhərlərdir. Bakı da o sıradadır. Bizim istəyimiz ondan ibarət idi ki, bu oyunlar şəhər küçələrində keçirilsin. Bu da yarışlara əlavə gözəllik verir və eyni zamanda, bütün dünya Bakının gözəlliyini görəcək. Biri var, stadionda, - bu halda hansı şəhərdə keçirildiyi bəlli olmur, - biri də var ki, şəhərimizin mərkəzi küçələrində keçirilsin. Mənə çatan çoxsaylı məlumatlara görə, artıq Bakı turizm mərkəzinə çevriləcəkdir. Biz bunu artıq görürük. Formula-1 yarışı Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq. Artıq biz bunu müşahidə edirik. Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır. Onların çoxu Bakıya ilk dəfə gəlirlər. Onlar görürlər ki, Bakı necə gözəl, necə inkişaf etmiş şəhərdir.

Bu il Bakıda Dünya Şahmat Olimpiadası keçiriləcək. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Bu, ölkəmizin potensialını göstərir. Eyni zamanda, ölkəmizin dünyada oynadığı rolu da artıq nümayiş etdirir. 2015-ci ildə Avropa, 2017-ci ildə İslam Oyunlarının keçirilməsi ölkəmizin nadir şəraitini əks etdirir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Multikulturalizmi ən yaxşı formada təcəssüm etdirən bu iki oyundur - Avropa və İslam Oyunları.

Budur, bugünkü Azərbaycan reallıqları. Azərbaycan bu gün sivilizasiyalararası dialoqda xüsusi rol oynayır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Ölkəmizi bu gün çox tolerant, müasir, inkişafda olan ölkə kimi tanıyırlar. Artıq dünya ictimaiyyəti bilir ki, Azərbaycanda bütün millətlərin, bütün xalqların nümayəndələri bir ailə kimi, dostluq, ləyaqət içində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir. Avropa və İslam Oyunlarının Bakıda keçirilməsi yenə də bu məqsədi güdür. Çünki bu gün dünya miqyasında bizim rolumuz artır. Azərbaycan kimi ölkələr bu gün dünyada daha da böyük rol oynayır. Biz öz təcrübəmizi bölüşürük. Azərbaycan 25 il ərzində böyük və şərəfli yol keçmişdir. Biz cəmi 25 ildir ki, müstəqil dövlətik. Amma baxın, biz hansı zirvələrə çatmışıq?!.

Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Biz öz hesabımıza yaşayırıq. Dünyada baş verən böhranlara baxmayaraq, inkişaf yolumuzla gedirik. Həm 2008-2009-cu illərin, həm də 2015-2016-cı illərin böhranı bizim işimizə o qədər də böyük təsir etməyib. Nəyə görə? Çünki xalqla iqtidar vəhdət təşkil edir. Ona görə ki, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ona görə ki, biz öz hesabımıza yaşayırıq, iqtisadi və siyasi cəhətdən müstəqilik, müstəqil siyasət aparırıq. Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir və bütün dünyaya açığıq. Ona görə, bizim dünyadakı dostlarımızın sayı artır. Bizə olan hörmət də artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı da artır.

Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə baxın. Hansı komandalar birinci yerlərdədir. Onların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin komandalarıdır. Yəni, idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə, Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür. Əgər bizdə iqtisadi, maliyyə müstəqilliyi olmasaydı və biz iqtisadi cəhətdən inkişaf etməsəydik, idmanın inkişafına istədiyimiz səviyyədə vəsait qoya bilməzdik. Amma bu gün bir daha demək istəyirəm ki, Azərbaycan inamla, uğurla inkişaf edir, 2016-cı ildə də qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan bölgədə təhlükəsizlik, sabitlik və inkişaf məkanıdır. Əminəm ki, bizim rolumuz həm bölgədə, həm dünyada getdikcə artacaq.

Əziz idmançılar, siz bir neçə gündən sonra yola düşəcəksiniz. Hər bir idman yarışı bir sınaqdır. İdman yarışında qələbə də olur, məğlubiyyət də. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Əsas odur, həmişə yadda saxlayasınız ki, bütün Azərbaycan xalqı sizin qələbələrinizi gözləyir. Sizə uğurlar arzulayır və əmindir ki, siz Vətəni ləyaqətlə təmsil edəcəksiniz, Azərbaycana böyük qələbə ilə qayıdacaqsınız. Sizə yaxşı yol arzulayıram. Sağ olun.

X X X

 Gənclər və idman naziri Azad RƏHİMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli qonaqlar, əziz idmançılar.

Bu gün müstəqil Azərbaycanın Olimpiya Hərəkatının ən əlamətdar günlərindən biridir. Uzaq Braziliyada ölkəmizi təmsil edəcək olimpiyaçılarımız gələn həftə Rio-de-Janeyro şəhərinə yola düşəcəklər. Hər Olimpiya Oyunlarından əvvəl idmançılarımzın ən yüksək səviyyədə - dövlət başçısı tərəfindən qəbul edilməsi ənənə halı alıb.

Olimpiya komandamızın belə təntənəli şəkildə yola salınmasının təşəbbüskarı ümummilli lider Heydər Əliyev olub. Müstəqilliyimizin ilk illərində, xalqın və dövlətin çətin günlərində hakimiyyətə gələn Ulu Öndərimiz idmançıları unutmamış, onlara qayğının əsasını qoymuşdur. Ümummilli Liderimiz həmişə idmançılarımıza böyük etimad göstərmiş və onların uğurlarını yüksək qiymətləndirmişdir.

Təsadüfi deyil ki, 1996-cı ilin avqustunda olimpiyaçılarımızı Atlantaya yola salarkən ulu öndər Heydər Əliyev xeyir-dua verərək demişdi: “Olimpiya Oyunlarında, sadəcə olaraq, iştirak etmək özü böyük bir hadisədir. İştirak edib hansısa bir yer tutmaq bundan da böyük bir hadisədir və nailiyyətdir”.

Çox sevindirici haldır ki, Ümummilli Liderimizin bu sözlərini və tövsiyələrini daim xatırlayan idman ictimaiyyətimiz onun etimadını doğrultmaq üçün iştirak etdikləri hər Olimpiya Oyunlarında daha böyük uğur qazanmağa çalışırlar. Qazanılan uğurlar isə göz qabağındadır.

Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarına ilkin hazırlığı demək olar ki, London Yay Olimpiya Oyunları başa çatdıqdan sonra, 2013-cü ildən başlamış və hazırlıq prosesi müvafiq konsepsiya üzrə davam etdirilib. Uzun müddətdir ki, davam edən hazırlıq prosesi, cənab Prezident, Sizin 2015-ci il 12 avqust tarixli müvafiq Sərəncamınızla daha da sürətlənib.

Hazırlığın bütün mərhələlərində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi, eləcə də qarşıya qoyulmuş məqsədlərə nail olunması təmin edilib. Belə ki, 2013-2015-ci illərdə və 2016-cı ilin 6 ayı ərzində idmançılarımız 1000-dən artıq rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda iştirak edərək, ümumilikdə 2723 medal əldə etmişlər ki, bunlardan da 1042-si olimpiya idman növlərinə aiddir.

Bu gün Azərbaycan dünyanın idman ölkələrindən biri kimi nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. Ötən il Bakıda möhtəşəm şəkildə keçirilən ilk Avropa Oyunları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İdmanın 20 növündən 12-si üzrə keçirilən yarışlar “Rio 2016” Olimpiadasına təsnifat xarakteri daşıyırdı.

Əlbəttə, Azərbaycanın 50 Avropa ölkəsi arasında medal sayına görə 2-ci yer qazanması, ən yüksək standartlara cavab verən idman infrastrukturunu, eyni zamanda, mötəbər tədbirlərin təşkilində bacarığını nümayiş etdirməsi sevindirici haldır. Xalqın birliyi, vahid ideya ətrafında birləşmə bacarığı və idmançılarına sonsuz inamı sevindirici hal olmaqla yanaşı, eyni zamanda, həm də qürurverici idi.

Birinci Avropa Oyunlarından irs olaraq xalqımıza qalan maddi-texniki bazanın imkanlarından Azərbaycan idmançılarının Olimpiadaya hazırlığı prosesində səmərəli istifadə olunub. Avropa Oyunları ərəfəsində yeni inşa edilən, eləcə də yenidən qurulan idman obyektləri idmançılarımızın təlim-məşq prosesi ilə yanaşı, dünya və Avropa çempionatlarının, nüfuzlu beynəlxalq yarışların Bakıda daha mükəmməl təşkili üçün geniş imkanlar yaradır.

2016-cı il iyunun 17-19-da ölkəmiz daha bir mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda ilk dəfə Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Avropa Qran-prisi təşkil olunub.

Qarşıda isə bizi daha bir möhtəşəm idman bayramı – 57 müsəlman dövlətinin təmsil olunacağı IV İslam Həmrəylik Oyunları gözləyir. Bu cür müxtəlifliyin idman vasitəsilə məhz Azərbaycanda bir araya gələrək öz təzahürünü tapması ölkəmizin multikulturalizm dəyərlərinə sadiqliyinin əyani sübutudur.

Təqvim planına əsasən, cari ilin 6 ayı ərzində ölkəmizdə 94 respublika, 24 beynəlxalq səviyyəli tədbir keçirilib, 102 beynəlxalq tədbirdə, 100 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı təmin edilib. İdmançılarımız bu yarışlarda uğurla çıxış edərək 313 medal əldə ediblər ki, bu medalların da 171-i Olimpiya idman növlərinin payına düşür.

Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir.

Bölgələrdə təşkil edilən belə beynəlxalq yarışlar son illər ölkəmizin regionlarında inşa edilmiş müasir Olimpiya idman kompleksləri sayəsində mümkün olur. Artıq ölkəmizdə 41 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Son dövrlərdə ölkədə tikilib istifadəyə verilən və geniş bir şəbəkəni əhatə edən bu idman qurğuları idman sahəsində nəticələrimizin ildən-ilə artmasına, bədən tərbiyəsinin kütləvi inkişafına, Olimpiadaya hazırlıq işinin sürətləndirilməsinə şərait yaradıb. Elə bunun nəticəsidir ki, indi Olimpiya yığma komandamızın tərkibində ölkəmizi təkcə Bakı şəhərinin deyil, həm də Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Astara, Balakən, Qəbələ və digər rayon və şəhərlərimizin idmançıları da təmsil edirlər.

Hörmətli tədbir iştirakçıları, London Olimpiadasından ötən dövr ərzində Azərbaycan idmançıları Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və respublika idman federasiyaları tərəfindən mütəmadi şəkildə dünya və Avropa çempionatlarına ezam edilib, bu yarışlardan Vətənə uğurlu nəticələrlə dönüblər. Bu göstəricilər həm medalların nisbətində, həm də ötən Olimpiya Oyunları ilə müqayisədə əldə olunmuş lisenziyaların fərqində öz əksini tapıb.

Müqayisə üçün deyə bilərik ki, Olimpiya idman növləri üzrə qazanılmış medalların sayında da dinamik inkişaf müşahidə olunur.

Xüsusilə qeyd etmək istərdim ki, London Olimpiya Oyunlarında Azərbaycan 53 lisenziya qazanaraq 16 idman növündə təmsil olunurdusa, Rio Yay Olimpiya Oyunlarında Olimpiya yığma komandamız daha geniş tərkibdə - 18 idman növündə 57 lisenziya ilə təmsil olunacaq. Sevindirici haldır ki, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü artıq olacaq. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Rio Olimpiadasında ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.

Rio-de-Janeyroda Azərbaycanı güləş, gimnastika və boks olmaqla 3 hakim təmsil edəcək. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Möhtərəm cənab Prezident, artıq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının iştirakı ilə bağlı bütün hazırlıq işləri başa çatır. Gənclər və İdman Nazirliyinə hazırlıq prosesinin yüksək səviyyədə aparılması, təlim-məşq toplantıları, tibbi-bioloji xidmətin göstərilməsi, idmançıların lisenziya xarakterli beynəlxalq yarışlarda iştirakının təmin edilməsi və s. üçün dövlət büdcəsindən 8 milyon manatdan artıq vəsait ayrılıb. Müqayisə üçün deyim ki, 2012-ci il London Olimpiadasına büdcədən bu məqsədlər üçün 6 milyon manata yaxın vəsait xərclənib.

Bundan başqa, Milli Olimpiya Komitəsi, müvafiq federasiyalar və idman cəmiyyətləri tərəfindən hazırlıq prosesinin ardıcıl, planlı və mütəşəkkil aparılması üçün lazımi kömək göstərilib. Digər təşkilati məsələlər – akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlər də həll olunub. İdman nümayəndə heyətinin Rio-de-Janeyro şəhərinə birbaşa və rahat şəkildə avqustun 1-də aparılması və avqustun 22-də Vətənə qayıtması üçün xüsusi çarter reysləri ayrılıb.

Son zamanlar dünya ictimaiyyətini narahat edən “zika” virusundan idmançılarımızı qorumaq məqsədilə İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutuna içərisində ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlar olan 100-dən çox çanta sifariş olunub. Onlar idmançılara və nümayəndə heyətinin digər üzvlərinə paylanacaq.

Azərbaycan komandasının Olimpiya kəndində salamlanması və bayrağımızın qaldırılması mərasimi avqustun 3-də keçiriləcəkdir.

Möhtərəm cənab Prezident, biz olimpiyaçıları və paralimpiyaçıları Sizin xeyir-duanızla böyük ümidlərlə yola salırıq!

İnanırıq ki, onlar Sizin yüksək diqqət və qayğınızı, xalqımızın inamını doğruldacaq, son ana qədər əzmkarlıqla mübarizə apararaq, himnimizi səsləndirəcək və müqəddəs bayrağımızı yüksəklərə qaldıracaqlar.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

 Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif ƏLİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Uzun müddətdir ki, belə bir ənənə - Azərbaycan yığma komandasının heyətinin Olimpiya Oyunlarına yola salınması ənənəsi davam edir. Bu ənənənin əsasını qoyan ulu öndər Heydər Əliyevin verdiyi tövsiyələr, onun xeyir-duası idmançılarımızın bu yarışlarda şanlı qələbələr qazanmalarına daim kömək olub.

Möhtərəm cənab Prezident, biz bu gün böyük sevinc içindəyik. Ona görə sevinirik ki, planetin ən böyük yarışında biz də iştirak edəcəyik. Bir də ona görə fərəhlənirik ki, bu yarışda iştirak üçün xeyir-duanı Sizdən alırıq. Bu, bizim üçün çox önəmlidir. Əminik ki, Sizin xeyir-duanız bizi qələbələrə doğru aparacaq.

Həmin inamın təməlini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bütün ölkə boyu həyata keçirdiyiniz siyasət, bu siyasətdə idmanın və Olimpiya hərəkatının mühüm yer tutması qoyub. Məhz həmin dövrdən başlayan uğurlarımız London Olimpiya Oyunlarında Azərbaycan milli komandasının 10 medal qazanması ilə nəticələnib və Olimpiadadan ötən dövr ərzində neçə-neçə qələbələrlə davam etməkdədir.

Hörmətli cənab Prezident, belə möhtəşəm fəaliyyətə görə Sizə Azərbaycanın idman ictimaiyyəti və mütəxəssisləri adından dərin təşəkkürümü bildirirəm.

Məlumdur ki, Olimpiya Oyunlarında iştirak etmək hüququ verilmir. Bu hüquq gərgin iş, inadlı zəhmət sayəsində qazanılır. Burada əyləşən hər bir idmançı bu hüququ alın təri, yüksək peşəkarlıq, əzmkarlığı sayəsində əldə edib. Bu müvəffəqiyyət biz məşqçilər üçün də dəyərlidir. Deməli, bizim zəhmətimiz hədər getməyib. Bu müvəffəqiyyət həm də Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin respublikanın idman federasiyaları ilə birgə məqsədyönlü, səmərəli fəaliyyətinin bəhrəsidir. Olimpiya Oyunlarına hazırlığın ilk günlərindən tərtib edilən proqram və bu hazırlığın düzgün istiqamətdə aparılması, təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkili, yarışlara vaxtında ezamiyyətlər, bir sözlə, hər kiçik detala, problemə həssaslıqla yanaşılması bugünkü uğurumuzun əsasını qoyub.

Bütün bu dövr ərzində həm idmançılarımız, həm də idman sahəsində çalışan hər bir insan Sizin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısını hiss edib. Bu isə qarşısına böyük hədəflər qoyan insanlar üçün çox önəmlidir.

Olimpiya Oyunlarına yola düşəcək idman heyəti adından göstərilən diqqətə, qayğıya görə Sizə bir daha təşəkkür edirəm.

Braziliya səması altında startlar Azərbaycan Respublikası idmançılarının müstəqil komanda şəklində Olimpiya Oyunlarında ilk çıxışlarının 20-ci ilinə təsadüf edəcək. İyirmi il əvvəl sərbəst güləş ustası Namiq Abdullayevin gümüş medalı müstəqil Azərbaycanın ilk Olimpiya mükafatı kimi necə böyük əks-səda doğurmuşdusa, inanıram ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançılarının şanlı qələbələri Vətənimizin idman tarixində elə silinməz izlər qoyacaq.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, göstərdiyiniz etimadı idmançılarımız nailiyyətləri ilə doğruldacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Paralimpiyaçı İlham ZƏKİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli mərasim iştirakçıları, əziz idmançılar.

Biz hazırda XV Yay Paralimpiya Oyunlarının astanasındayıq. Bu çox məsuliyyətli günü biz çoxdan gözləyirdik və bu günə hazırlaşırdıq.

Azərbaycanda Paralimpiya hərəkatının təməlini ümummilli lider Heydər Əliyev qoyub. İdmanın bu sahəsinin inkişafı, cənab Prezident, Sizin adınızla bağlıdır. Paralimpiya Oyunlarında qazandığımız qələbələr, idmançılarımızın uğurları Sizin idman siyasətinizin nəticəsidir. Sizin diqqət və qayğınızın nəticəsidir ki, biz bu qələbələri qazanırıq. Cənab Prezident, mən bizə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycanın bütün paralimpiyaçıları adından Sizə minnətdarlığımı bildirmək istəyirəm.

2015-ci ildə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında mənim məşəli yandırmağım və fəxri kürsünün ən yüksək pilləsində, möhtərəm Prezident, Sizinlə birgə durmağım Azərbaycan idmanını, Paralimpiya hərəkatını ən yüksək zirvədən bütün dünyaya nümayiş etdirdi.

Biz idmançılar Sizin xeyir-duanızla dörd ilin yekunu olan Paralimpiya Oyunlarına yola düşəcəyik. Sizə söz veririk, İnşallah, biz paralimpiyaçılar ənənəmizə sadiq qalaraq, var gücümüzlə çalışacağıq ki, orada himnimizi səsləndirək, bayrağımızı zirvələrə qaldıraq.

Diqqətinizə görə, minnətdaram.

X X X

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Rəsul ÇUNAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Əziz idmançılar.

Olimpiya Oyunlarında iştirak edəcək hər bir idmançı kimi, bu gün mənim də sevincimin həddi-hüdudu yoxdur. Bilirsiniz ki, olimpiyaçı adına layiq görülmək hər bir idmançının arzusudur. Mən də bu ada layiq görülmüş bir idmançı kimi fəxr edirəm ki, ölkəmizi Olimpiya Oyunlarında təmsil etmək şərəfinə nail olmuşam. Olimpiya Oyunlarında iştirak etmək bir qat, iştirak edib medal qazanmaq iki qat sevincdir. Ona görə dərk edirəm ki, məsuliyyətimiz də çox böyükdür. Bizi qarşıda çətin sınaq gözləyir. Bu sınaqdan üzüağ çıxmaq qarşımızda duran ən mühüm vəzifədir.

Möhtərəm cənab Prezident, biz də Sizin ölkəmizdə idmana və gənclərə göstərdiyiniz davamlı diqqətin şahidləriyik. Görürük ki, ümummilli lider Heydər Əliyevin vaxtilə həyata keçirdiyi ən möhtəşəm işlər bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, bu gün yeniyetmə və gənclər arasında idmana, bədən tərbiyəsinə böyük maraq var. Hər bir kəs hansısa idman növündə özünü sınamaq, sağlam və hərtərəfli inkişaf etmək üçün can atır. Artıq bu, respublikamızda bir ənənə halı alıb. Biz idmançılar hər zaman Sizin göstərdiyiniz isti münasibətlə, diqqət və qayğınızla əhatə olunmuşuq.

Hörmətli cənab Prezident, əldə etdiyimiz uğurlarımıza, idmançılara hər zaman göstərdiyiniz dəstəyə, diqqət və qayğıya görə Sizə Azərbaycan idmançıları, olimpiyaçıları və paralimpiyaçıları adından dərin təşəkkürümü bildirirəm.

Özümü xoşbəxt hiss edirəm ki, Azərbaycanın idman tarixində əbədi yer tutacaq Rio Olimpiadasında iştirak edəcəyəm. Bu, dövlətimiz tərəfindən mənə göstərilən böyük etimaddır. Olimpiya Oyunlarında qələbə həmişə bayrağın ucalması, himnin səslənməsi ilə nəticələnir. Arzum budur ki, bu Olimpiya Oyunlarında da bayrağımız zirvələrə qalxsın, idmanın hər bir növündə Rio-de-Janeyro Olimpiadasında uğurlar qazanaq, idmançılarımızın çıxışları dünya idman tarixində maraqlı oyun kimi qalsın. Qələbələrin əldə olunması üçün bizim mühüm potensialımız var. Hamını bir anda ayağa qalxıb alqışlamağa vadar edə biləcək idmançılarımız və idman nailiyyətlərimiz var.

Bu gün haqlı olaraq xalqımız, dövlətimiz bizdən XXXI Yay Olimpiya Oyunlarında uğurlar gözləyir. Ona görə də biz bu Oyunlarda ən yüksək nailiyyətləri hədəf götürmüşük.

Xalqımızın etimadını, möhtərəm cənab Prezident, Sizin etimadınızı doğrultmaq, idman ictimaiyyətimizi sevindirmək bizim üçün böyük şərəf olacaqdır.

İcazə verin, bütün idmançılar adından Olimpiya andını səsləndirim:

Biz, XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik!

İDMANÇILAR: And içirik!

Bu mötəbər yarışlarda əzmlə mübarizə aparacağımıza, xalqımızın etimadını doğruldacağımıza, ölkəmizin adını uca tutacağımıza and içirik!

İDMANÇILAR: And içirik!

Azərbaycan Respublikasının himnini ən uca zirvədə səsləndirəcəyimizə, üçrəngli bayrağını ən uca zirvədə dalğalandıracağımıza and içirik!

İDMANÇILAR: And içirik!

Diqqətinizə görə çox sağ olun.

X X X

Daha sonra idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər.

Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar dilədi.

X X X

Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olundu.

Bildirildi ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin edilib.

Sonda Prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo