23 iyun 2016, 17:30

Səxavət Məmmədov və başqalarından, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bu gün Azərbaycan Respublikası dünyanın qüdrətli və güclü dövlətlərindən biridir. Qloballaşan dünyanın bütün sferalarında dövlətimizin öz siyasi mövqeyi, dəsti-xətti var. Məhz bunun nəticəsidir ki, Azərbaycan həm də Cənubi Qafqaz regionunun lider dövlətidir. Regionda həyata keçirilən möhtəşəm layihələr dövlətimizin adı ilə birbaşa bağlıdır. Azərbaycan dünyanın ən nüfuzlu mədəni və iqtisadi tədbirlərinə, humanitar forumlarına, qabaqcıl idman yarışlarına ev sahibliyi edir. Respublikamızda hökm sürən sabitlik, xalqımızın gündən-günə yüksələn rifahı dünya dövlətlərinin diqqətini ölkəmizə çəkir.

Möhtərəm Prezident, bütün bu nailiyyətlərimiz məhz Sizin adınızla bağlıdır. Bu nailiyyətlər və müvəffəqiyyətlər Sizin yeritdiyiniz  uğurlu daxili və xarici siyasətin nəticəsidir. İnanırıq ki, bu siyasətiniz sayəsində doğma Qarabağ torpaqlarımız tezliklə işğaldan azad olunacaq və biz 20 ildən artıqdır ki, həsrətini çəkdiyimiz Laçınımıza qovuşacağıq. Əminik ki, Siz yorulmadan məhz bunun üçün çalışır, dünyanın ən yüksək siyasi tribunalarından “Qarabağ Azərbaycanın əzəli torpağıdır. Biz bir qarış torpağımızı da düşmənlərimizə güzəştə getməyəcəyik” deməkdən çəkinmirsiniz. Siz siyasi gedişlərinizlə dünyanı Qarabağ həqiqətlərini tanımağa məcbur etdiniz.

Cənab Prezident, Siz adınızı Azərbaycanın dövlətçilik tarixinə möhtəşəm və əbədi həkk etdirmisiniz. Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycan dövlətçiliyinin inkişafı  istiqamətində fəaliyyətinizdə müvəffəqiyyətlər, yeni-yeni uğurlar arzu edirik.

Laçın rayonundan olan məcburi köçkünlər adından dərin hörmətlə,

Məmmədov Səxavət Elburus oğlu

Quliyev Kənan Əlisəfa oğlu

Hüseynova Gözəl Rafiq qızı

İsmayılova Gözəl Fəxrəddin qızı və başqaları (cəmi: 33 nəfər).

Azərbaycan Respublikası, Ağcabədi rayonu.