İlham Əliyev İstanbulda Dünya Humanitar Sammitində çıxış edib

23 may 2016, 11:30
İlham Əliyev İstanbulda Dünya Humanitar Sammitində çıxış edib

İstanbulda Dünya Humanitar Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.

Dünya Humanitar Sammiti liderlərin səhər yeməyi ilə başladı.

Sonra Sammit iştirakçıları birgə foto çəkdirdilər.

Sammitin açılış mərasimi dünyanın humanitar fəlakət bölgələrində mövcud vəziyyəti və həmin ərazilərə yardımların çatdırılmasını əks etdirən təqdimatla davam etdi.

BMT-nin baş katibi Pan Gİ MUN çıxış edərək Humanitar Sammitin keçirilməsinə verdikləri dəstəyə görə bütün dünya liderlərinə təşəkkürünü bildirdi. Dörd il əvvəl bu ideyanın yaranmasına səbəb kimi dünyada humanitar böhranın getdikcə dərinləşdiyini deyən Pan Gi Mun bildirdi ki, bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır. Dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdıran Pan Gi Mun humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd etdi. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırdı. “Biz insanlara yaşamaq və şərəflə həyat sürmək imkanını verməliyik”, - deyən Pan Gi Mun əmin olduğunu bildirdi ki, dünya liderləri bu prosesə güclü dəstək verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN Sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirdi. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Rəcəb Tayyib Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırdı. Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır. Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər.

Sonra dünyanın müxtəlif ölkələrində münaqişələrdən, təbii fəlakətlərdən əziyyət çəkən insanların üzləşdikləri çətinliklərdən bəhs edən maraqlı kompozisiya təqdim olundu və videoçarx nümayiş etdirildi.

Qısa fasilədən sonra Sammit işini plenar iclasla davam etdirdi.

Plenar iclasın həmsədri, BMT-nin baş katibi Pan Gi Mun Sammitin qarşısında duran əsas öhdəlikləri açıqladı. O, müzakirələrin bu öhdəliklərin həyata keçirilməsi, qarşıda duran problemlərin həlli istiqamətində aparılacağını diqqətə çatdırdı.

İclasın digər həmsədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhyaratma, qlobal sülhə nail olma və digər məsələlərdə Türkiyənin bundan sonra da eyni əzmlə çalışacağını bildirdi.

Almaniya Kansleri Angela MERKEL silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirdi. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğuladı. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən Kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini diqqətə çatdırdı.

Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir ƏS-SABAH qeyd etdi ki, bu Sammit BMT-nin öz məqsədlərinə çatması üçün mühüm vasitədir. Küveyt Əmiri bildirdi ki, yeni meyarların müəyyənləşdirilməsi, bütün dövlətlərin və beynəlxalq təşkilatların humanitar böhranın aradan qaldırılmasına fəal dəstək verməsi xüsusi əhəmiyyət daşıyır.

Mali Prezidenti İbrahim Bubakar KEYTA dünyada humanitar məsələlərin müzakirə olunduğu ilk Sammitin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Ölkəsində bu sahədə çətinliklərdən danışan Mali Prezidenti terror qruplaşmalarının humanitar və digər sosial problemlərdən istifadə etdiyini vurğulayaraq, bu təhdidlərin qarşısının alınması üçün bütün ölkələri humanitar sahəyə sərmayə qoymağa çağırdı.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitin plenar iclasında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Cənab sədr.

Xanım sədr.

Xanımlar və cənablar.

İnanıram ki, Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcək.

Biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik. Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib.

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib. 1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir.

2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdi. Bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb. Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib.

Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub. Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir.

Bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub. Qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib. Ümumilikdə, son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin Ebola virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqik. Təşəkkür edirəm.

X X X

Sonra Ukrayna Prezidenti Petro Poroşenko, Makedoniya Respublikasının Prezidenti George İvanov, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxışlarında dünyada humanitar problemlərin həlli istiqamətində bütün fəaliyyətləri dəstəklədiklərini vurğuladılar.

Qeyd edək ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edir.

Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır. Sammitin əsas hədəfi isə münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07