Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpası, modern avadanlıqlarla, həmçinin vətəndaşların dərman vasitələri və preparatlarla təchiz edilməsi, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın inşası da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir.
Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, patoloji-anatomiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.
Bütün bunlar göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan genişmiqyaslı dəyişiklik bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər bu kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.
Sonra Prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan dövlətimizin başçısı dedi:
-Ağsu rayonunda bu gün çox əlamətdar bir gündür. Biz bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd edirik. 160 çarpayılıq bu xəstəxana dünyanın ən yüksək standartlarına cavab verir. Bina çox gözəldir, yaraşıqlıdır, Ağsu şəhərinə əlavə yaraşıq verir. Çox geniş ictimai yerlər var. Bax, bu zal görün nə qədər gözəl bir memarlıq əsəridir. Xəstəxanada dünyanın aparıcı firmalarının istehsal etdiyi ən müasir avadanlıqlar quraşdırılıb. Burada 12 şöbə fəaliyyət göstərir. Bütün əsas şöbələr var: pediatriya, terapiya, cərrahiyyə, reanimasiya, hemodializ, doğum şöbələri və digər şöbələr. Yəni, bu xəstəxanada bütün şərait yaradılıb.
Xəstəxananın tikinti sahəsi 24 min kvadratmetrdir. Bu, Azərbaycanda son vaxtlar tikilən ən böyük xəstəxanalardan biridir. Onu da qeyd etməliyəm ki, Ağsu rayonunun əhalisi təxminən 80 min nəfərdir. Bu gün 24 min kvadratmetr böyüklüyündə xəstəxana istifadəyə verilir. Əminəm ki, burada çalışan həkimlər yüksək xidmət göstərəcəklər, insanlara qayğı ilə yanaşacaqlar və artıq başqa yerlərə müalicə almaq üçün getməyə ehtiyac olmayacaq. Mənə verilən məlumata görə, Ağsuda 20-yə yaxın dializ xəstəsi var ki, onlar müalicə almaq üçün mütəmadi qaydada Şamaxı xəstəxanasına gedirdilər. İndi buna ehtiyac qalmır. Bütün müalicələr burada aparılacaqdır.
Xəstəxananın tikintisi ilə bağlı müvafiq göstəriş bir neçə il bundan əvvəl verilmişdir. Ancaq keçən il mən Ağsuda olarkən gördüm ki, binada işlər getmir, yarımçıq qalıbdır. Maraqlandım, dedilər ki, vəsait qurtarıb və büdcədə vəsait nəzərdə tutulmayıb. Mən də göstəriş verdim ki, dərhal Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrılsın. On milyon manat əlavə vəsait ayrıldı ki, bu xəstəxana yarımçıq qalmasın, tezliklə tikilib istifadəyə verilsin. Mən keçən dəfə, ötən ilin sentyabrında Ağsuda olmuşam. Altı aydan sonra gəlmişəm ki, sizinlə birlikdə bu xəstəxananın açılışını qeyd edək.
Bu, doğrudan da gözəl hadisədir. Bu, onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həllində səhiyyə, əlbəttə ki, ön plandadır. Son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var. Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir. O cümlədən Ağsu rayonunda 50 mindən çox insan pulsuz müayinədən keçibdir. Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın.
Sosial məsələlərin həllinə gəldikdə, bilirsiniz ki, Azərbaycan dövləti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşübdür, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır. Sosial məsələlərin həlli üçün insanların sağlamlığını şərtləndirən su layihələri icra olunur, o cümlədən biz Ağsu rayonunda keçən il içməli su layihəsinin açılışını qeyd etmişik. İndi şəhər əhalisi Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun fasiləsiz içməli su ilə təmin edilir və bir neçə kənd artıq bu şəbəkəyə qoşulubdur.
Təmiz ekoloji vəziyyət, ekologiya tədbirləri də insanların sağlamlığı üçün çox vacibdir və bu da Ağsuda var. Çünki Ağsunun gözəl təbiəti, havası, əlbəttə ki, insanın sağlamlığına gözəl şərait yaradır.
Əlbəttə ki, sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq.
2016-cı il isə dərin iqtisadi islahatlar ilidir. İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır, o cümlədən Ağsu rayonunda. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır.
Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıbdır. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir.
Bizim üçün keçmişdə ənənəvi olan sahələr indi yenidən canlanır. Bilirsiniz ki, mən pambıqçılığın inkişafı ilə bağlı müvafiq göstərişlər verdim. Artıq işlər başlayıb və o cümlədən Ağsu rayonunda bu il 1000 hektardan çox sahədə pambıq əkiləcək. Bu proses başlamışdır. Sovet dövründə Azərbaycanda ulu öndər Heydər Əliyevin böyük zəhməti, səyləri nəticəsində hər il 800 min, 900 min, hətta 1 milyon ton pambıq istehsal olunurdu.
Mən statistikaya baxdım. Keçən il cəmi 35 min ton pambıq istehsal olunub. Bu il 50 min hektarda pambıq əkiləcək. Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox. Ağsu rayonunda isə Sovet dövründə 5 min hektar pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik.
İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb, bu, təbiidir. Əgər neftin qiyməti 4 dəfə düşürsə, - yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, - demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq.
Baramaçılıqla bağlı oxşar göstərişlər verilib, bu istiqamətdə də işlər gedir. Biz daim insanları işlə təmin etmək üçün çox ciddi fəaliyyət göstərməliyik. Çünki Azərbaycanda son 12 il ərzində bir milyondan çox daimi iş yeri açılıbdır, ümumiyyətlə, təxminən 1 milyon 300 min. Ancaq əhali də artır. Əhali artdıqca iş yerlərinin açılmasına daha da ehtiyac var. Ona görə, bu, daimi proses olmalıdır. Kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi - bütün bu məsələlərə biz kompleks şəkildə yanaşırıq. Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir.
Siz yaxşı bilirsiniz ki, Ağsu rayonunun sosial-iqtisadi inkişafı üçün bir çox tədbirlər görülmüşdür, sərəncamlar imzalanmışdır. Mən daim rayondakı vəziyyəti diqqətdə saxlayıram. Bu, mənim Prezident kimi Ağsuya beşinci səfərimdir. Bu illər ərzində doğrudan da bir çox vacib layihələr icra edildi. Qazlaşdırma səviyyəsi təxminən 90 faizə çatır. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağsu şəhərinin içməli su ilə təmin edilməsi məsələsi öz həllini tapıbdır. Kənd yollarının tikintisi gedir. Bir neçə layihə icra edilib. Mən indi əlavə göstəriş verəcəyəm, vəsait ayıracağam ki, yeni kənd yolları layihələri icra edilsin. Bakı-Şamaxı yolu artıq genişlənir. Dördzolaqlı yol olacaq. Yəni, gəliş-gediş rahat olacaq. Digər istiqamətə gedən Göyçay-Ağdaş yolu da lazımi səviyyədə təmir edilir. Ona görə, bütün infrastruktur layihələri artıq ya başa çatıb, ya da ki yaxın zamanlarda başa çatacaq.
İndi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Biz yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik. Biz gərək ənənəvi olan kənd təsərrüfatı sahələrini canlandıraq, bərpa edək. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq və ölkəmiz neftdən asılılığını daha da aşağı səviyyəyə salacaqdır.
Hesab edirəm, bu gün, təbii ki, tarixdə qalacaq. Təkcə ona görə yox ki, Ağsuda belə gözəl, yaraşıqlı, əzəmətli tibb ocağı yaradılıb. Ona görə ki, hətta böhranlı illərdə, müəyyən çətinliklərlə üzləşdiyimiz bir dövrdə yenə də biz sosial məsələləri, insanların sağlamlığını ön planda saxlayırıq. İnsanlar üçün belə gözəl memarlıq əsərləri yaradırıq. İnsanlar yaxşı yaşasınlar, dolanışıq daha yaxşı olsun, yaxşı tibbi xidmət alsınlar. Eyni zamanda, bu xəstəxana, əlbəttə ki, həkimlərin iş yeridir. Sizin üçün də gözəl şərait yaradılıbdır. Çünki əvvəlki rayon xəstəxanasının vəziyyəti, - siz məndən yaxşı bilirsiniz, - o qədər də ürəkaçan deyildi. Yeni binada isə şərait çox gözəldir. Belə də olmalıdır. Çünki bu tibb ocağı insanlara xidmət göstərir.
Sizi bir daha salamlayıram və bu gözəl hadisə münasibətilə təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş hakimi Şəhrabanu MƏLİKOVA diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
-Cənab Prezident, müasir tələblərə cavab verən xəstəxana binasını bizə hədiyyə etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Sağ olun. Vətəndaşlara yaxşı xidmət göstərin.
X X X
Sonda xatirə şəkli çəkdirildi.