İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib

26 aprel 2016, 10:25
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, o cümlədən dünyanın 140 ölkəsindən dəvət olunmuş qonaqlar mərasimdə iştirak ediblər.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da var.

Malta Prezidenti Mari-Luiz Koleyro Prekanın da iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir. Çünki tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Dövlət və hökumət başçıları, Forumun digər yüksək səviyyəli iştirakçıları birgə foto çəkdirdilər.

Dövlət başçısı Forumun açılışında nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Zati-aliləri, prezidentlər.

Hörmətli dostlar, dəyərli qonaqlar.

İlk növbədə hamınızı ölkəmizdə salamlayıram, hər birinizi Azərbaycanda görməkdən məmnunluq duyuram. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.

İlk olaraq, Alyansın təsisçilərinə - Türkiyə və İspaniyaya, Prezident Ərdoğan və Baş nazir Sapateroya 10 ildən artıq davam edən və olduqca əhəmiyyətli təşəbbüsə görə minnətdarlığımı bildirirəm. Alyansın yaradılması fikri siyasətçilərin – qardaşım Prezident Ərdoğan və Baş nazir Sapateronun müdrikliyinin əlaməti idi və bu fikir beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi.

Bununla yanaşı, mən BMT-nin Sivilizasiyalar Alyansındakı ali nümayəndəsi cənab Əl-Nasirə sülh, həmrəylik və dostluq dəyərlərinin təşviqi istiqamətində rəhbərliyi və töhfəsinə görə təşəkkürümü bildirmək istərdim.

Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.

Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir.

Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.

Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyillərin şahidi oluruq. Etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyillərdir.

Hesab edirəm ki, Bakıda keçirilən belə bir toplantı – VII Qlobal Forum bu məsələlərin müzakirəsinə həsr ediləcək və həmrəylik, sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq işinə öz töhfəsini verəcəkdir.

2008-ci ildə biz “Bakı Prosesi”nin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən artıq nazir ilk dəfə Bakıda bir araya gəldi.

Növbəti il, 2009-cu ildə biz İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini burada topladıq və Avropa dövlətlərinin mədəniyyət nazirlərini Bakıya dəvət etdik. Bu proses “Bakı Prosesi” adlandırıldı və biz fəxr edirik ki, bu müsbət təşəbbüs artıq bizim qədim şəhərimizlə bağlıdır. Bu proses inkişaf edir və getdikcə daha çox dəstəklənir. O, qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Azərbaycanın coğrafi mövqeyi hər kəsə məlumdur, eyni zamanda, bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir.

Çox fəxr edirik ki, ötən il Bakı ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il isə biz Bakıda 4-cü İslam Həmrəylik Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam dövlətlərinin idmançıları eyni şəhərdə oyunlarda iştirak etmiş olacaqlar. Məsələ yalnız idman və medalların sayı, nailiyyətlərlə bağlı deyil. Bu, dostluq, qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq deməkdir.

Bizim aramızda bölüşdürəcəyimiz heç nə yoxdur. Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri – insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir. Bugünkü toplantı, bu Forum multikulturalizm ideyasının beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstəklənməsinin aydın göstəricisidir. Dediyim kimi, bu gün burada 140-dan artıq dövlətin nümayəndəsi iştirak edir.

Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasətidir və bizim həyat tərzimizdir.

Gəlin, alternativlərə nəzər salaq, onlar nədən ibarətdir? Bunlar çox təhlükəli alternativlərdir – ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət. Bu səbəbdən multikulturalizm dəyərlərinin gücləndirilməsi hesab edirəm ki, müasir siyasətin çox müsbət meyli olacaqdır. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfələrini verməlidirlər.

Bildirdiyim kimi, Azərbaycan nisbətən gənc dövlətdir, bu il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu illər bizim siyasi və iqtisadi sistemimizin transformasiya illəri olmuşdur. Bu, dövlət quruculuğu illəri olmuşdur. Düşünürəm ki, bütün mühüm hədəflərimizə nail olmuşuq.

Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilmişdir. Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu.

Olduqca qısa zamanda, 25 il içərisində biz özümüzü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olmuşuq. Müstəqillik illəri bizim siyasi sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur. Biz buna nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin edilir, o cümlədən media və internet azadlığı. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır.

Təəssüflər olsun ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir.

Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır.

İşğal edilmiş ərazilərimizdə hər şey dağıdılmışdır. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onlar dəhşətli hesabatlar təqdim etmişlər. Bütün tikililərimiz, tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız dağıdılmış vəziyyətdədir. Burada, Bakının mərkəzində, siz erməni xalqının dini mirasının tərəfimizdən necə qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim bütün məscidlərimiz viran edilmişdir.

Bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyət müvafiq qətnamə və qərarlar qəbul etmişdir. Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan sadəcə bu qətnamələrə məhəl qoymur və onlara əməl etmir.

Burada ən mühüm element beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə, artıq 20 ildən çox keçir və münaqişə həll olunmamış qalır.

ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı da Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən bənzər qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və işğalçını beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq isə göstərilmir.

Xalqımıza qarşı soyqırımı həyata keçirilmişdir. Xocalı soyqırımı artıq 10 dövlət tərəfindən tanınmışdır. Həmin soyqırımı nəticəsində iki yüzü qadın və uşaq olmaqla, yüzlərlə azərbaycanlı - mülki şəxslər qətlə yetirilmişdir. Bu, insanlığa qarşı törədilmiş cinayətdir və bir daha bizim hansı təhlükəyə məruz qaldığımızı nümayiş etdirir.

Ermənistan ilə Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz azad edilməlidir, insanlarımız evlərinə geri dönmək imkanına malik olmalıdır.

1990-cı illərin əvvəlində biz böyük humanitar fəlakətlə üzləşdik. Çünki 250 min azərbaycanlı Ermənistandan qovulmuş, daha 700 mindən çox məcburi köçkün isə Dağlıq Qarabağ və digər bölgələrdən idi. O zaman Azərbaycanın əhalisinin 8 milyondan az olduğunu nəzərə alsaq, adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə Azərbaycan çox güman ki, dünyada birinci yer tuturdu.

Biz bilirik ki, onların yerləşdirilməsi, zəruri şəraitin yaradılması nə dərəcədə çətin məsələdir. O vaxt biz tamamilə maliyyə vəsaitindən məhrum vəziyyətdə, dünyanın ən yoxsul, yaşayış səviyyəsinin yoxsulluqdan aşağı olduğu ölkələrindən biri idik. Əlbəttə, o zaman bizə müəyyən beynəlxalq dəstək göstərilirdi, lakin əsasən biz bu məsələnin öhdəsindən özümüz gəldik.

Bu günə qədər 90-dan artıq qəsəbə inşa etməyimizə və hər il 20 min qaçqın və köçkünü yerləşdirməyimizə baxmayaraq, onların bəziləri hələ də çətin şəraitdə - yataqxana, məktəb və uşaq bağçalarında yaşayır. Biz onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni edirik, lakin bu, uzun zaman tələb edir.

Yəni, bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir – yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə davam edən ölkə kimi bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur. Hər bir nöqteyi-nəzərdən – siyasi, mənəvi, iqtisadi və sosial baxımdan.

İşğala baxmayaraq, ölkəmiz inkişaf edir. Biz onillik ərzində - 2004-2014-cü illərdə dünyada ən yüksək iqtisadi artım göstəricilərinə malik olmuşuq. Biz yoxsulluğu kəskin şəkildə, 50 faizdən təqribən 5 faizə endirə bilmişik. İşsizliyin səviyyəsi də 5 faizə yaxındır. Biz təhsilə sərmayə yatırırıq. Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır. Son illər ərzində 3 mindən artıq yeni məktəb tikilib və ya bərpa edilib. Ölkə ərazisində 500-dən artıq xəstəxana inşa edilib. Bu isə uşaq ölümlərinin kəskin şəkildə azaldılmasına yardım etdi.

Azərbaycanda gender bərabərliyi tam olaraq müdafiə edilir. Əslində, Azərbaycanda qadınlar təqribən 100 ildir ki, yəni, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründən səsvermə hüququna malikdir. Yeri gəlmişkən, həmin respublika müsəlman dünyasının ilk demokratik respublikası olmuşdur.

Biz ətraf mühitin qorunmasına sərmayə yatırırıq. Burada, Abşeron yarımadasında neft hasilatı səbəbindən çirklənmiş geniş ərazilər mövcud idi və biz bu əraziləri təmizləməli olduq. Yerində isə parklar və ictimai yerlər yaratdıq. Başqa sözlə desək, biz BMT-nin Minilliyin İnkişaf Məqsədləri ilə bağlı çox vacib irəliləyiş əldə edirik və düzgün yoldayıq.

Hətta bu gün, neftin qiymətində kəskin ucuzlaşma baş verdiyi və bütün neft istehsalçısı olan dövlətlərin iqtisadi böhranla üzləşdiyi bir vaxtda bu, bizim iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir və mən əminəm ki, biz 2016-cı ildə bütün əsas məqsədlərimizə nail olacağıq.

Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi tanınır. Ancaq bizim əsas məqsədimiz “qara qızıl”ın, yəni, neftin insan kapitalına çevrilməsidir. Bu səbəbdən, təhsil sahəsinə sərmayələrin qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız şaxələndirilib və neftdən asılılıq azalmaqdadır.

Bununla yanaşı, biz irimiqyaslı enerji layihəsinin – “Cənub Qaz Dəhlizi”nin təşəbbüskarı olmuşuq. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Eyni zamanda, biz coğrafi mövqeyimizi nəzərə alaraq nəqliyyat dəhlizlərinin təşviqi ilə məşğul olan ölkələrdən ibarət heyətin fəal üzvüyük. Ölkələrin sayına nəzər salsaq hansı regional əməkdaşlıqdan söhbət getdiyi aydın görünər. İcazənizlə, mən onların adlarını sadalamaq istərdim. Bu enerji və nəqliyyat dəhlizləri yalnız enerji və yüklərin daşınması demək deyil. Bu, əməkdaşlıq dəhlizləridir. “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Əminəm ki, sonrakı mərhələdə Balkan ölkələri də layihəyə qoşulacaq.

Şərq-Qərb dəhlizi – İpək Yolu layihəsi üç dövlət - Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən irəli sürülmüşdür. Bu gün o, genişlənməkdədir, Mərkəzi Asiya və Çini, Türkiyədən isə Avropa istiqamətini əhatə edir. Bu, yeni İpək Yolu olacaqdır. Şimal-Cənub dəhlizi də Azərbaycanın fəal iştirak etdiyi layihədir. Bu layihə Şimali Avropa ölkələrini, Rusiya, Azərbaycan, İran, Pakistan və Hindistanı əhatə edir.

Bu layihələr tərəfdaşlıq layihələridir. Çünki bütün bu dövlətlər bir-biri ilə bağlı olur. Əgər siz bir-birinizlə bağlı, bir-birinizə arxayın vəziyyətdəsinizsə, o zaman daha çox proqnozlaşdıra bilmə, təhlükəsizlik və əməkdaşlıq olur.

Enerji təhlükəsizliyi və nəqliyyat kimi iqtisadi maraqlar, çətinliklərin öhdəsindən gələrək xalqlarımıza daha yaxşı şərait yaratmaq kimi dəyərlərin paylaşılması və bütün bunların təməlində birgə dəyərlərimiz olan dini dözümlülük, qarşılıqlı anlaşma və multikulturalizm əsasında qurulmuş beynəlxalq əməkdaşlıq formatları hesab edirəm ki, region xalqlarının həyatını daha da yaxşılaşdıracaq.

Bir daha bu vacib tədbirdə bu gün bizimlə olduqlarına görə bütün qonaqlarımıza minnətdarlığımı bildirir, Forumun işinə uğurlar arzulayıram.

                                                                                                  X X X

Sonra BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz ƏL-NASİR çıxış edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan.

İspaniyanın xarici işlər naziri cənab Xose Manuel Qarsia Marqallo.

Zati-aliləri, hörmətli qonaqlar, nümayəndələr, xanımlar və cənablar.

İcazə verin, çıxışıma Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusuna həsr olunmuş VII Qlobal Forumunu qəbul etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati–aliləri cənab İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı ifadə etməklə başlayım.

Prezident Əliyevin bu məsələ ilə bağlı liderliyi xüsusi qeyd edilməlidir. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar onun irəli sürdüyü təşəbbüs dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönəlmiş mühüm addım kimi geniş şəkildə təşviq edilir. Bu baxımdan hesab edirik ki, Bakı bu tədbirin keçirilməsi üçün ən münasib bir yer idi. Çox sağ olun, cənab Prezident.

Son bir neçə il ərzində mən multikulturalizm və tolerantlığı təşviq etmək şərəfinə nail oldum. Alyans radikallaşma və qütbləşmənin qarşısını almaqla, daha böyük mədəniyyətlərarası anlaşmanı həvəsləndirməklə, eləcə də bu məqsədləri irəliyə doğru aparan layihə və proqramlarda iştirak etməklə daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün formalaşdırılmış zərif qüvvə mexanizmi rolunu oynayır. Bu gün bizim hamımızın əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək, üzləşdiyimiz çağırışları və qarşımızda duran vəzifələri araşdırmaq imkanımız olacaq.

Bu ilin şüarı “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusudur. Bu şüar BMT-nin sülh və təhlükəsizlik, insan haqları, qanunun aliliyi və davamlı inkişaf kimi dörd əsas prinsipinə uyğun gəlir. Daha dəqiq desək, bu şüar 2030-cu il üçün davamlı inkişaf gündəliyinə uyğundur. Davamlı inkişafın 16-cı məqsədində xüsusi olaraq deyilir: “Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməli, hamının ədalətə çıxışı təmin olunmalı və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təsisatlar qurulmalıdır”. Davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. Eyni zamanda, sülh və təhlükəsizlik davamlı inkişaf olmadan riskə məruz qalır.

Nasir Əbdüləziz Əl-Nasir zorakı ekstremizm, terrorçuluq, işsizlik və digər problemlərin həllinə gənclərin də yaxından cəlb edilmələrinin vacibliyini diqqətə çatdırdı. O, qarşıya qoyulan ümdə vəzifələrə nail olmaqda dialoqun çox vacib rol oynadığını vurğulayaraq bildirdi:

- İnklüziv cəmiyyətlərin qurulması dialoq və inteqrasiya, təhsil, gənclər, mədəni müxtəliflik, miqrasiya, media və ünsiyyət kimi sahələrdə çətinliklərin aradan qaldırılmasını tələb edir. Bu sahələrin hamısı Sivilizasiyalar Alyansının mandatı daxilindədir. Zorakı ekstremizmin araşdırılması, qarşısının alınması və vaxtında tədbirlərin görülməsi bəşəriyyətin üzləşdiyi ən mürəkkəb məsələlərdən biridir. Zorakı ekstremizm BMT-nin məqsəd və prinsiplərinə qarşı çıxan bir çağırışdır. Baş katib BMT-nin müxtəlif qurum və təşkilatlarına müraciət edərək onlardan birgə işləməyi, “birgə nail olaq” adlı inklüziv yanaşma vasitəsilə zorakı ekstremizmin qarşısının alınması ilə bağlı tədbirlər planını həyata keçirməyi tələb etmişdir. BMT-nin Sivilizasiyalar Alyansı bütün bu qlobal çağırışların mədəni və dini müxtəliflik, o cümlədən zorakı ekstremizm baxımından həlli üçün inklüziv yanaşmalar üzərində çalışır. Biz BMT-nin digər qurumları və bölmələri ilə birgə zorakı ekstremizmin aradan qaldırılması üçün baş katibin tədbirlər planının tərtibatında iştirak etmişik. Nəzərdə tutulan tədbirlərdə xüsusən də dini və mədəni kökləri olduğu təqdirdə qütbləşməyə, radikallaşmaya və zorakı ekstremizmə qarşı mübarizə aparmaq planlaşdırılır.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Bakıda keçirilən Forum çərçivəsində müxtəlif sessiyalarda zorakı ekstremizm mövzusunun xüsusilə diqqət mərkəzində olacağını bildirərək vurğuladı:

-Ötən il BMT-nin Sivilizasiyalar Alyansı özünün 10-cu ildönümünü qeyd etdi və üzv dövlətlər konsensusla Baş Məclisin yeni qətnaməsini qəbul etməklə dəstəyin vacibliyini etiraf etdilər. Bu tədbirlər zorakı ekstremizmin qarşısının alınmasına töhfə verən məsələlərə müsbət təsir göstərir. Vaxt keçdikcə həmin layihələr orada iştirak edən şəxslərin həyatını da dəyişdirdi.

BMT Sivilizasiyalar Alyansının layihə fəaliyyətinin təsiri yalnız təlimdə iştirak etmiş şəxslərin sayı, imkanların yaradılması, mədəniyyətlərarası mübadilə və təhsil proqramları ilə ölçülə bilməz. Onun real bəhrəsini gənc vətəndaş cəmiyyəti liderlərinin fəaliyyətini, icmalarda, eləcə də regional və milli səviyyələrdə həyata keçirilən proqramların nəticələrini hiss etməklə ölçmək olar. Bu tədbirlərlə BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq, anlaşma və qarşılıqlı hörmət kimi müsbət mesajlar almış yüz minlərlə insana, o cümlədən gənclərə müsbət təsir göstərir.

Xanımlar və cənablar, biz zorakı ekstremizmin qarısını almaq üçün ədavət və etimadsızlıq kimi fikirlərin yayılmasına qarşı çıxmalıyıq. Biz mediada Avropada kütləvi böhranın idarə edilməsi üsulunu və bir sıra ölkələrdə miqrantların ədavət şüarları altında necə qəbul olunduqlarını görürük. Miqrantlar, qaçqınlar və gənclər terrorçu qruplar tərəfindən zor tətbiq edilməklə səfərbər olunma kimi böyük risk altındadırlar. Bəzi mətbu orqanlar tərəfindən miqrantlar və terrorçular arasında yaradılan eyniləşmə xüsusən də qəbul edən ölkələrdə ksenofobiyanı, stereotipləri, ittihamları artırır və nəinki ədavətə, təcrid olunmaya, qütbləşməyə, o cümlədən radikallaşmaya, zorakılığa və terrorçuluğa yol açır.

Cari münaqişələr, o cümlədən humanitar böhranlar və nəticədə insanların zorla didərgin düşməsi zorakı ekstremizm və terrorçuluq hədəsini artırır və son onilliklər ərzində əldə edilmiş inkişafı təhdid altına çəkir. Biz 2030-cu il üçün davamlı inkişaf gündəliyini həyata keçirmək istiqamətində səylərimizi artırmalıyıq. Heç kəs bu işdən kənarda qalmalı deyil. Yadda saxlayaq ki, bu işdə biz hamımız tərəfdaşıq, biz hamımız qlobal vətəndaşıq. Qoy, işlərimiz sözlərimizlə düz gəlsin.

Yekunda icazə verin, bir daha bildirim ki, “müharibə insanların beynində başlayır” kəlməsi var və sülhə aparan yol insanların qəlbindən keçir. Ümid edək ki, BMT-nin Sivilizasiyalar Alyansının təmin etdiyi bu platforma sülhə körpü salmaq üçün insanların beyninə və qəlbinə yol tapacaq.

Sizə Forumun işində məhsuldar müzakirələr arzulayıram. Sağ olun.

                                                                                                X X X

Daha sonra BMT-nin baş katibi Pan Gi MUNUN Forum iştirakçılarına videomüraciəti nümayiş etdirildi. Pan Gi Mun videomüraciətində dedi:

-Zati-aliləri Azərbaycan Prezidenti cənab İlham Əliyev.

Zati-aliləri Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan.

Zati-aliləri İspaniyanın xarici işlər naziri cənab Xose Manuel Qarsiya Marqallo.

Zati-aliləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi cənab Nasir Əbdüləziz Əl-Nasir.

Zati-aliləri, xanımlar və cənablar.

İcazə verin, nitqimə müəyyən səbəblərlə əlaqədar planlaşdırıldığı kimi sizə şəxsən qoşula bilmədiyimə görə dərin təəssüfümü ifadə etməklə başlayım.

Mən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun bütün iştirakçılarına səmimi salamlarımı çatdırmaqdan məmnunam. Mən bu dəyərli təşəbbüsə görə həmtəsisçilər olan Türkiyə və İspaniyaya təşəkkürümü bildirirəm.

Mən Zati-aliləri Prezident İlham Əliyevin, Azərbaycan hökumətinin və Bakı şəhərinin qonaqpərvərliyini yüksək qiymətləndirirəm.

Biz ağır böhranlar zamanında yaşayırıq. Rekord sayda insan öz evini tərk etmək məcburiyyətində qalır. Bir çoxları zorakı ekstremizm və təqibdən qaçır. Onlar təhlükəsiz sığınacaq olacağına ümid etdikləri yerə çatanda çox vaxt nifrət və diskriminasiya ilə qarşılanırlar. Bölünmə və təcrid ekstremistlərə sərf edir. Onların atdığı bombalar binaları hədəfə alır. Lakin əslində onların məhv etmək istədiyi bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də mən bu Forumun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmasını alqışlayıram.

Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə irqçilik, diskriminasiya, ksenofobiya və zorakılığın digər formaları üzündən uzun müddət təcrid olunmuş insanlar üçündür. Alyans heç kimin unudulmaması və hamıya ləyaqətli həyat təmin etmək üçün bu qlobal planı reallaşdırmağa kömək edir. Mən BMT-nin bu qurumunu tam dəstəkləyirəm.

Zati-aliləri, xanımlar və cənablar, gələn ay İstanbulda keçiriləcək ilk Ümumdünya Humanitar Yardım Sammitində biz ən həssas insanların ehtiyacları ilə məşğul olacağıq. Mən sizin hamınızı bu əhəmiyyətli toplantını dəstəkləməyə çağırıram. Sonra sentyabrın 19-da Baş Məclis irimiqyaslı miqrasiya çağırışları üzrə mübarizə ilə bağlı yüksək səviyyəli görüş keçirəcək. Eyni zamanda, biz bütün dünyada mübahisə və münaqişələri həll etmək və sülhü möhkəmləndirmək üçün işləyirik. Biz münaqişələrin əsas səbəbləri ilə məşğul olaraq diqqəti onların qarşısının alınmasına cəmləşdiririk.

Baş Məclis BMT-nin zorakı ekstremizmin qarşısının alınması ilə bağlı Fəaliyyət Planını alqışlayıb. Bu fenomenin kökü heç bir din, region, milliyyət və etnik qrupla bağlı deyil. Stereotipləşmə təhlükəlidir və sabitliyi pozur. Sensasiya dalınca qaçmaq qəzetləri satdıra bilər, lakin problemləri həll etmir. Mən Alyansın mülayim baxışlı təbəqələrin səsini gücləndirmək və faktları təqdim etməyə yardımla bağlı işini alqışlayıram.

Şübhə və qorxu dolu dünyada Alyans etimad və anlaşma yaradır. Onun layihələri gənc innovatorları dəstəkləyir, jurnalistləri resurslarla təmin edir və dialoqu dəstəkləyən liderlərə hörmət edir. Gəlin, həmçinin zamanımızın çağırışları ilə üzləşdiyimiz bir vaxtda bu qiymətli Alyansı gücləndirək.

Təşkilatçılığınıza və hazırlığınıza görə təşəkkür edirəm.

                                                                                               X X X

İspaniyanın xarici işlər naziri Xose Manuel QARSİA MARQALLO çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan.

Digər nümayəndələr, İspaniya hökumətinin nümayəndələri, xanımlar və cənablar.

Əvvəlcə səmimi qonaqpərvərliyə və bu Foruma ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istərdim. Həmçinin baş katib cənab Pan Gi Muna bu təşəbbüsə verdiyi davamlı dəstəyə görə minnətdaram. Eyni zamanda, ali nümayəndə Əl-Nasiri və Sivilizasiyalar Alyansının həmtəsisçisi olan Türkiyə Prezidenti Ərdoğanı salamlayıram.

Əsrlər boyu Bakı karvansarayları Roma və ya İstanbuldan başlayan Asiyanın hüdudlarına gedən Böyük İpək Yolunun səyahətçilərini qəbul edib. Bazar və küçələrdə həmin vaxt tacirlər ipək və ədviyyatlarla mübadilə etmiş, müxtəlif ölkələr barədə xəbərlərlə bölüşmüş və Şərqin, eləcə də Qərbin dahiləri barədə ətraflı məlumatlar vermişlər. İpək Yolu bir növ həmin vaxtın interneti idi və Bakı isə onun bir hissəsi, ən mühüm qovşaqlarından biri idi. Bu baxımdan xoş təsadüfdür ki, Bakı bu gün Sivilizasiyalar Alyansının Forumunu qəbul edir.

Azərbaycan və onun paytaxtı Lissabon və Madriddən tutmuş Pekinə qədər böyük məkanın mərkəzində yerləşir, bir çox yeni marşrutların başlanğıcıdır. Buradan insanlar keçir, ideyalar mübadilə olunur və ticari əlaqələr qurulur.

Bu gün biz Bakıda ona görə toplaşmışıq ki, yeni qlobal İpək Yolundayıq. Sivilizasiyalar Alyansı elə bir məkandır ki, dünyanın müxtəlif yerlərindən səyahətçilər və onların karvanları məhz buradan keçir. Bu baxımdan bu tədbir hamını bir araya gətirir. Bütün bu mübadilələr və əlaqələr bizim müxtəlif çağırışlara qarşı cavab tədbirlərinin görülməsinə, çoxtərəfli münasibətlər sisteminin qurulmasına xidmət edə bilər.

İspaniyanın xarici işlər naziri terrorizmə qarşı mübarizədə səyləri daha da artırmağın vacibliyini vurğulayaraq bildirdi:

-Terrorizm heç bir vəchlə İslamla əlaqələndirilməməlidir. Çünki terrorizmin qurbanlarının əksəriyyəti elə müsəlmanlardır. Əminəm ki, mənim ölkəmdə də məhz bu cür düşünürlər.

Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, heç bir ölkə bu bəlaya qarşı təkbaşına mübarizə apara bilməz. Bu, BMT-nin müvafiq sənədlərində də əksini tapıb. Milli mədəniyyətlər də hər zaman BMT-nin sülh və təhlükəsizlik sahəsində gördüyü işlərdə və göstərdiyi səylərdə mühüm yer tutur. Təbii ki, mədəni meyarlar heç bir halda inkar edilə bilməz. Çünki mövcud münaqişələrə istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoq yolu ilə son qoyula bilər. Beləliklə də, mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin qarşısının alınmasının preventiv, - yəni, qabaqlayıcı tədbirlərinə doğru getməliyik.

Xose Manuel Qarsiya Marqallo terrorizmlə mübarizənin daha qabarıq xarakter alması üçün terror qurbanlarının səsinə də həssaslıqla yanaşılmasının önəmini diqqətə çatdıraraq dedi:

- Biz BMT-nin Baş Məclisi qarşısında məsələ qaldırdıq. Çünki biz məhz terrorizmdən əziyyət çəkən ölkələrin nümayəndələrinin fikirlərini yüksək kürsüdən dinləmək istədik. Çünki biz bu məsələni BMT kürsülərindən hamının eşitməyini istəyirdik. Beləliklə də, biz terrorizmin qarşısını almağı və buna son qoymağı tələb edirdik. Biz inanırıq ki, qarşıya qoyulan ali məqsədə nail olmaq üçün məhz terrorizmdən əziyyət çəkən ölkələrə daha çox diqqət yetirilməlidir. Biz, həmçinin dini və etnik azlıqlara diqqət yetirilməsinin vacibliyini anlayırıq.

Hazırda dünyada baş verən böhranlardan və münaqişələrdən zərər çəkən çoxlu insanlar var. Biz terrorizmə və münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün üç istiqamətdə işləməliyik. Birincisi, ümumi vətəndaşlıq prinsiplərini, insan haqlarını, bərabərlik amilini öndə tutmalıyıq. İkincisi, milli azlıqların müdafiə mexanizmləri səmərəli olmalıdır. Üçüncüsü isə, terrorizm aktlarını törədənlər qanun qarşısında cavab verməlidir.

2015-ci ildə Parisdə dini münaqişələrin qarşısının alınması, Yaxın Şərqdən olan miqrantlar probleminin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası qarşısında konkret tədbirlərin görülməsi üçün iki təkliflə çıxış etdim. Birincisi, nümayəndənin təyin olunması, ikincisi isə, BMT-nin terrorizmə və ekstremizmə qarşı mübarizə üzrə xüsusi qrupunun yaradılması təkliflərini irəli sürdüm. Mən bunu reallığa çevirmək üçün sizin hamınızı birgə fəaliyyətə çağırıram.

İrqçiliyə və bu qəbildən digər problemlərə qarşı mübarizədən danışan İspaniyanın xarici siyasət idarəsinin rəhbəri sülh çağırışları və dialoqa qadınların da geniş cəlb edilmələrinin zəruriliyini qeyd edərək bildirdi:

-Xüsusilə xanımlara bir müraciətim var. BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci ilin oktyabrındakı görüşündə 22.42 saylı qətnamə təsdiq edilmişdir. Bu qətnamə qadınların rolunu sülh carçıları kimi önə çıxarmışdır. Təbii ki, kişilərin məhz danışıqlar komandası qruplarında önəmli rolu danılmazdır. Eləcə də məhz sözügedən sülh danışıqlarının təbii ki, icrası da çox vacibdir. Təbii ki, qadınların iştirakı fəal şəkildə təmin edilmədən sülh qeyri-mümkündür. Mən, həmçinin qabaqcıl müsbət təcrübələr toplusu qaydalarının sosial inklüzivliyi üçün qəbul edilməsinin lehinəyəm. Burada da qeyri-tolerantlığa qarşı qabaqcıl müsbət təcrübələrin tətbiqi təmin olunmalıdır. Təbii ki, kitab və çıxışlar toplusu heç də ən yaxşı, ən müsbət maarifləndirmə vasitəsi deyil. Ən müsbət vasitə deyərdim ki, müxtəlif qrupların bir araya gələrək təhsil, tədris ocaqlarından kənarda fəaliyyət göstərmələridir.

Mən təklif edərdim ki, bu Alyans mütəxəssis qrupları səviyyəsində görüşərək konkret tədris proqramlarına daxil edə biləcəkləri təlimatları və tədris təcrübələrini müxtəlif ölkələrdə faydalı olduğunu sübut etsinlər ki, nəticə etibarilə biz onlardan agah olaq və onları öz müvafiq vəziyyətlərimizdə səmərəli şəkildə tətbiq edə bilək. Biz, həmçinin gələn il gənclərin daha bir toplantısının da keçirilməsini təklif edərdik ki, orada onlar tolerantlıqla bağlı məsələlərdə öz fikir və rəylərini bildirsin, təcrübə mübadiləsi apara bilsinlər. Beləliklə, biz gərək siyasi keçid proseslərində təmərküzləşməni təmin edə bilək. Bunlar da Sivilizasiyalar Alyansının iki təməl prinsipidir, sütunudur. Bir tərəfdən mədəniyyətlərarası anlaşma arasında və demokratik proseslərdə də güclü əlaqələrin olması və eyni zamanda, proqramlarımız və layihələrimiz insan haqlarını, eləcə də fundamental azadlıqlara olan rəğbəti, hörməti, həmçinin demokratik proseslərin təmərküzləşməsi və insanlara olan rəğbət və hörmət, xüsusilə milli azlıqlara olan rəğbət və hörmət təmin olunsun. İspaniyada demokratik keçid təbii ki, dialoq və tolerantlığın bir təntənəsi olmuşdur. Təcrübə də parlamentdən başlamışdır. Konsensus da ən fundamental məsələlərdən biridir ki, vacib bir meyar olaraq sülhün təmin olunmasında mühüm rol oynamışdır.

Mən çıxışımın sonunda Malyufdan sitat gətirmək istərdim. Astoriya mükafatını qəbul edərkən o, belə söyləmişdi: “Müxtəliflik özü sadəcə olaraq bir reallıqdır. Bizim birgə yaşamağımız üçün fərqliliklərimiz, rəngimiz, inanclarımız, dillərimizin müxtəlifliyi heç də vacib deyil. Vacib olan bizim necə birliyə nail olmağımız, birgə yaşayaraq inkişaf, tərəqqi üçün bu müxtəliflikdən necə istifadə etməyimizdir”. Zənnimcə, VII Qlobal Forum qarşımıza qoyulan bu hədəfə nail olmaq üçün bizə yeni imkanlar yaradacaqdır. Təşəkkür edirəm.

                                                                                           X X X

Forumda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi: 

- Hörmətli Prezident, qardaşım İlham Əliyev.

Hörmətli ali nümayəndə.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Sizləri sevgi və hörmətlə salamlayıram.

İspaniya ilə birlikdə təməlini qoyduğumuz Sivilizasiyalar Alyansının VII Qlobal Forumu münasibətilə Azərbaycanın paytaxtı Bakıda sizinlə birlikdə olmaqdan məmnunluq duyuram. Qlobal forumlar Alyansımızın müxtəlif regionlarda kök salmasına və o coğrafiyanın zənginliklərindən bəhrələnərək güclənməsinə səbəb olur. Bu gün də Alyansı dəstəkləyən liderlər olaraq, tarix boyu qədim və fərqli mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində birlikdə yaşadığı Azərbaycanda toplaşmışıq.

Ev sahibimiz, dəyərli qardaşım Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməklə xüsusi məna daşıyan bu ili daha da zirvəyə qaldırdı. Bu Forumun Alyansımıza Cənubi Qafqazın və Orta Asiyanın zəngin mədəni mirasından faydalanma imkanı təqdim edəcəyinə inanıram. Təşəbbüsümüzün güclənərək gələcəyə çatdırılmasında mühüm vasitə olacaq bu toplantımıza ev sahibliyi etdiyi üçün Azərbaycana xüsusilə təşəkkürümü bildirirəm.

Hörmətli qonaqlar, Sivilizasiyalar Alyansı təşəbbüsünün təməlini 11 il əvvəl İspaniyanın o dövrdəki Baş naziri, hörmətli dostum Xose Luis Rodrigez Sapatero ilə birlikdə qoymuşduq. Ötən müddətdə təşəbbüsümüz daha geniş vüsət aldı və gücləndi. Bu gün 140-dan çox ölkə bu təşəbbüsə - Sivilizasiyalar Alyansına dəstək verir. Geniş miqyasda özünə dəstək tapan bu qrup güclənərək hazırkı səviyyəyə çatdı. Sivilizasiyalar Alyansı BMT-nin nəzdində, BMT platformasının ən mühüm təşəbbüslərindən birinə çevrildi. Ali nümayəndə Nasir Əbdüləziz Əl-Nasirin rəhbərliyi ilə reallaşdırılan layihələr sayəsində Sivilizasiyalar Alyansının amalları, dəyərləri və mesajları hər gün artaraq geniş kütlələrə çatdırılır. Ötən il BMT Baş Məclisində yüzədək üzv ölkənin təşəbbüsü ilə bu istiqamətdə bir qərar qəbul edildi. Bu qərar Sivilizasiyalar Alyansının təqdim etdiyi baxışların və hədəflərin qlobal miqyasda qəbul edilməsinin ən gözəl ifadəsi oldu. Tolerantlıq, qarşılıqlı anlaşma və dialoqa əsaslanan birləşmək məqsədimizə dəstək verən bütün dost ölkələrə təşəkkürümü bildirirəm. Ailəmizə ən son qatılan üzvümüz Qırğızıstana da bu münasibətlə “Xoş gəldiniz” deyirəm.

Türkiyə dövlətinin başçısı terrorçuluq və qarşıda duran digər problemlərlə mübarizə ilə bağlı daha çox iş görülməsinin zəruriliyini vurğulayaraq bildirdi:

- Bu gün 60 milyon insanın ölkələrindəki toqquşmalar nəticəsində evlərini tərk etmək məcburiyyətində qaldıqları bir dünyada yaşayırıq. Əksəriyyəti uşaqlardan və qadınlardan ibarət olan bu məsum insanların bir hissəsinin ümidlə çıxdıqları yolçuluq dənizlərin qaranlıq sularında daha böyük fəlakətlərlə nəticələnir. İstədikləri yerə çata bilənlər isə qonaq olduqları cəmiyyətlərdə şübhə ilə qarşılaşır və ayrı-seçkiliyə məruz qalırlar. Bu faciələrin baş verməsinə səbəb olan hadisələrin yaşandığı ərazilərə baxdıqda, həqiqətən ziddiyyətlərlə dolu mənzərə ilə qarşılaşırıq. İslam adından hərəkət edən qruplaşmalar ən böyük qətliamları məhz müsəlmanlara qarşı törədir, ən böyük zərəri onlara verirlər. Açıq-aydın deyirəm, bu terror şəbəkələrinin əli ilə min illərlə mövcud olan mədəni sərvət məhv edilir, qədim şəhərlər xarabalığa çevrilir. Bu qruplaşmaların səbəb olduqları düşüncə ucbatından, xüsusilə Qərb dövlətlərində ksenofobiya və islamofobiyanın sürətlə artdığını müşahidə edirik. Bəzi məkrli siyasət yürüdən dairələrin fürsətdən istifadə edərək ayrı-seçkiliyi şiddətləndirməsini, sevgi əvəzinə nifrət toxumları əkməsini, ayrı-seçkiliyi özləri üçün vəzifə kimi gördüklərini müşahidə edirik. Beləliklə də, müxtəlif mədəniyyətlərə, inanclara sahib olan insanlar arasındakı uçurumun dərinləşməsi daha böyük fəlakətlərin yaşanacağını indidən deməyə əsas verir. Lakin biz həmişə bunu demişik və deyirik ki, terrorun, terrorçuların və terrorçu qruplaşmaların dini, mənşəyi, bölgəsi və mədəniyyəti yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir inanc, din, mədəniyyət, vicdan qəbul etməz. Xüsusilə də İslam hərfi mənası sülh olan bir dindir. Mənası sülh olan bir din terroru qəbul edə bilərmi?! Bizim dinimizdə terrorun əsla yeri yoxdur. Başda İŞİD olmaqla, İslam adından hərəkət edən bu qruplaşmaların İslamla heç bir əlaqəsi yoxdur. Çünki terror hər şeydən əvvəl bilavasitə insanın özünə düşməndir.

İnsanlıq olaraq, qarşı-qarşıya olduğumuz bu təhdid hamımızı narahat edir. Təsəvvür edin, - xüsusilə, əsasən bu zaldakıları daha yaxından maraqlandırdığı üçün deyirəm, - ölənin və öldürənin “Allahu-Əkbər” dediyi bir anlayış ola bilərmi? Bunun bizim dinimizlə əlaqəsi yoxdur. Heç bir mədəniyyət bu təhdiddən kənarda qalmayıb. Terror qruplaşmaları mədəniyyətlər ittifaqı layihəsi kimi qurmağa çalışdığımız müştərək idealın ən böyük düşmənidir. Bu təhdidin qarşısını ancaq birgə səylərimizlə ala bilərik. Əks təqdirdə, hər mövqe, hər bəyanat terrora, terror təşkilatlarına dəstək anlamına gəlir.

Məzhəbçilik, irqçilik və terrorla bağlı mübarizəni geniş xarakterizə edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin miqrantların qəbulu və onların ağır vəziyyəti ilə bağlı həssas mövqe tutduğunu konkret faktlar əsasında diqqətə çatdıraraq dedi:

- Hazırda üç milyon qaçqın ölkəmizdədir. Sağ olsunlar, dostlar gəlib bizə təşəkkür edirlər. Bizdə belə bir ifadə var: “Bal, bal deməklə, ağız şirin olmaz”. Balı yeyəndə ağız şirin olar. İndi bizə təşəkkür edirlər, bunu başa düşdük. Bizim bu vaxta qədər rəsmi sənədlərə əsasən xərclərimiz 10 milyard dolları ötüb. Hələ QHT-lərimizin, bələdiyyələrimizin xərclədikləri vəsaiti demirəm. Onlarla birlikdə hesablasaq, 15-20 milyard dollara çatır. Hazırda qaçqın düşərgələrimizdə yaşayan insanların sayı 280 mindir. Bundan başqa, şəhərlərimizdə yaşayanlarla birlikdə bu üç milyon insanı ölkəmizdə qonaq kimi qəbul etmişik. Üstəlik, biz qapılarımızı bəzi Qərb ölkələri kimi bağlamırıq. Bunu da demək istəyirəm ki, qapılarımızı o bombalardan qaçıb gələnlərin üzünə açmaqda davam edəcəyik. Çünki biz o insanları ölümün pəncəsində qoya bilmərik.

Əziz dostlar, bu gün açılışını etdiyimiz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əhatə etdiyi cəmiyyətlərdə birgəyaşama mövzusunda həyata keçiririk. Çünki aparacağımız mübarizədə bizi uğura qovuşduracaq yol fərqliliklərimizlə birlikdə yaşamağı öyrənməkdən keçir. Terrorun bütün formalarına qarşı mübarizədə zəfər ancaq ağıllara, qəlblərə, vicdanlara müraciət edərək əldə oluna bilər. Dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti və bərabərliyi əsas götürən həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq, bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq.

Bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə davam etməliyik. Sivilizasiyalar Alyansına, onun prinsip və dəyərlərinə həmişəkindən daha güclü şəkildə sahib çıxmalıyıq. XXI əsrdə bəşəriyyətin çatdığı yerin gündəmini terror təşkilatlarının müəyyən etdiyi bir sonluğa məhkum olmayacağına inanıram. Gələcək nəsillərə daha gözəl bir gələcək miras qoymaq üçün səsimizi bu gündən ucaltmalı və dərhal fəaliyyətə başlamalıyıq.

Bu Forumda iki gün ərzində veriləcək mesajlar çox önəmlidir. Dünyanın müxtəlif yerlərində dözümsüzlükdən, irqçilikdən, ksenofobiyadan, ayrı-seçkilikdən əziyyət çəkənlərin nəzərləri hazırda Bakıya yönəlib. Hamı Bakıda qəbul ediləcək yekun Bəyannaməni gözləyir. Eyni zamanda, bu meyillərdən güc alaraq güclənən radikal cərəyanları müdafiə edənlərin də nəzərləri bizim üzərimizdədir. Bizim qarşılıqlı hörmət, tolerantlıq və dialoq əsasında birləşməyimizdən ən çox utananlar da məhz onlardır.

Foruma qatılan siyasi və dini liderlər, alimlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri olaraq hamımızın üzərinə düşən vəzifələr var. Dünya ictimaiyyətinə Sivilizasiyalar Alyansının qurulma məqsədini təşkil edən qarşılıqlı hörmət, anlayış və dialoq əsasında sülh şəraitində birgə yaşamağın mümkün olduğu mesajını verməliyik. Bu hədəfə nail olmaq üçün birlikdə hərəkət etməkdə qətiyyətli olduğumuzu həm məzlumlara, həm də zalımlara ən gur səslə çatdırmalıyıq. Bakıda Sivilizasiyalar Alyansını və onun dəyərlərini daha da inkişaf etdirməkdə qətiyyətli olduğumuzu açıq-aşkar ifadə edəcəyimizi düşünürəm. Mədəniyyətlərarası dialoq təşəbbüsünün güclü şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi siyasi və maddi dəstəyin davam etdiriləcəyini hamımız birlikdə bəyan etməliyik. Bu şərəfli mövqe yalnız bəşəriyyətin bizdən gözlədiyi deyil, eyni zamanda, gələcək nəsillər qarşısında vəzifə borcumuzdur.

Mən bu düşüncə ilə bütün iştirakçılara Forum müddətində görüləcək işlərdə uğurlar arzulayıram. Hamınıza sevgilərimi, ehtiramımı bildirirəm, təşəkkür edirəm.

                                                                                                   X X X

Forum işini plenar və bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli toplantısı ilə davam etdirib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 13 dekabr 2024
16:10
“Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası...

13 dekabr 2024, 16:10
SƏNƏDLƏR Qanunlar 13 dekabr 2024
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası...

13 dekabr 2024, 16:08
SƏNƏDLƏR Fərmanlar 13 dekabr 2024
16:04
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

13 dekabr 2024, 16:04
SƏNƏDLƏR Fərmanlar 13 dekabr 2024
16:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 56-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22...

13 dekabr 2024, 16:02
SƏNƏDLƏR Qanunlar 11 dekabr 2024
14:35
“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət...

11 dekabr 2024, 14:35