İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

12 aprel 2016, 16:10
İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı qəbulda giriş nitqi söyləyib.

Prezident İlham Əliyevin giriş nitqi

-Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşməkdən çox məmnunam. Bilirəm ki, Palataya daxil olan şirkətlər və üzvlər uzun illərdir Azərbaycanda işləyirlər, ölkəmizin müsbət istiqamətdə iqtisadi inkişafına böyük töhfə verirlər. Əvvəlcə, mən bu cür mühüm töhfələrinə və uzunmüddətli tərəfdaşlığına görə şirkətlərə minnətdarlığımı bildirmək istəyirəm.

Mənə verilən məlumata görə, Palata 20 il öncə təsis edilib. Bu, məhz Azərbaycanın sürətli iqtisadi inkişafının başladığı dövrə təsadüf edir. Çünki həmin vaxtdan əvvəl, vəziyyət çox mürəkkəb idi. Ciddi iqtisadi çətinliklər, iqtisadi tənəzzül, durğunluq müşahidə olunurdu. 1996-cı il iqtisadiyyatımızın inkişafa başladığı il oldu və bu artım 20 ildir ki, davam edir.

Bilirəm ki, nəinki Amerika şirkətləri, o cümlədən yerli şirkətlər və digər ölkələrin şirkətləri Palatanın üzvləridir. Lakin əlbəttə ki, Palata məhz ABŞ şirkətləri tərəfindən təsis edilib. Buna görə, o, Amerika Ticarət Palatası adlanır.

Bildiyiniz kimi, bu yaxınlarda mənim Birləşmiş Ştatlara olduqca uğurlu səfərim baş tutub. Mən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdim və eyni zamanda, ABŞ-ın siyasi rəhbərliyi, vitse-Prezidenti, dövlət katibi ilə görüşlər oldu. Biz ikitərəfli gündəliyimizə aid mühüm məsələləri, siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlığımız əsasən ticarət naziri ilə görüşüm zamanı müzakirə olundu. Əslində, biz sizin də Azərbaycanda fəaliyyətinizi müzakirə etdik və razılığa gəldik ki, ölkələrimiz arasında iqtisadi iş birliyi respublikamızın, regionumuzun inkişafına, ABŞ-ın Azərbaycandakı maraqlarına və ölkəni inkişaf etdirmək, Azərbaycanda davamlı inkişafı yaratmaq planlarımıza uyğun olan eyni ölçüyə malik olmalıdır.

Siz ölkəmizdə uzun illərdir ki, çalışırsınız. Reallığı, vəziyyəti və nailiyyətləri bilirsiniz. Ona görə də, bu barədə çox danışmaq istəməzdim. Planlarımız haqqında bir neçə söz söyləsəm daha yaxşı olar. Bu planlarımız ictimaiyyətə, həmçinin biznes dairələrinə yaxşı məlumdur. Çünki bildiyiniz kimi, mən Azərbaycanın işgüzar dairələri ilə tez-tez görüşlər keçirirəm. İldə bir dəfə geniş konfransımız olur. Həmin tədbirdə il ərzində əldə olunmuş nailiyyətlər, o cümlədən rayonların inkişafı müzakirə edilir, bütün mühüm məsələlər nəzərdən keçirilir. Həmçinin Nazirlər Kabinetinin toplantılarında görülmüş işlərə, nailiyyətlərə, çatışmazlıqlara və gələn rüb üçün planlara nəzər salırıq.

Bu səbəbdən, indi söyləyəcəyim bəlkə də sizin üçün sirr deyil. Lakin hesab edirəm ki, sizin özünüz bunu birbaşa eşitsəniz daha yaxşı olar. Bu gün dünyadakı iqtisadi vəziyyəti və regiondakı siyasi durumu nəzərə alsaq aydın olur ki, heç bir ölkə uzun perspektivdə yalnız öz resurslarına əsaslana bilməz. Müxtəlif ölkələrdə fərqli resurslar var. Keçmiş sovet məkanındakı ölkələrə gəldikdə, onlar əsasən resurslara əsaslanır. Bəzi hallarda, söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik.

Hazırda həmin dövr artıq sona çatıb. Bu, əsasən neft qiymətlərinin sürətlə, üç–dörd dəfə aşağı düşməsi ilə bağlıdır. Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir. Lakin innovasiya, biznes mühiti, texnologiya - bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik.

Bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır. Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm. Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq. Bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır. Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olduq.

Həmçinin sənaye potensialı yaradılmışdır. Lakin bu, kifayət deyil, çünki bizə iqtisadiyyatımızın qeyri-neft sektorunda daha surətli artım lazımdır. Bu səbəbdən, şaxələndirmə bir nömrəli məsələdir. Bununla yanaşı, yeni iş yerləri açılmalıdır. Çünki Azərbaycanın müsbət demoqrafik vəziyyəti ilə əlaqədar, biz hər il minlərlə, hətta on minlərlə iş yeri yaratmalıyıq, belə ki, əhali iş yerlərinin açılmasına nisbətdə daha sürətlə artır. Əhali artımı isə birmənalı olaraq, iqtisadi inkişafla bağlıdır. Əgər siz əhali artımının dinamikasına baxsanız, görərsiniz ki, o, Azərbaycanın iqtisadi vəziyyətinə tam uyğundur. Əlbəttə ki, gələcəkdə daha sürətli iqtisadi inkişafı planlaşdırırıq. Bu səbəbdən, iş yerlərinin açılması da təhsil islahatları ilə əlaqələndirilməlidir. Çünki hökumətin daha çox iqtisadi fəaliyyəti planlaşdırdığı sahələrdə bizə mütəxəssislər lazım olacaq. Bu vaxta qədər bizdə həmin əlaqələndirmə olmayıb. Bu səbəbdən müəyyən qeyri-tarazlıq müşahidə olunur. Bəzi sektorlarda mütəxəssislərimizin sayı lazım olmayan dərəcədə çoxdur və bizə lazım olan sahələrdə isə onlar çatışmır.

İdxaldan asılılığın azaldılması, həmçinin prioritetlərdən biridir. Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki, təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100 faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı. Lakin, bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı stimullaşdırmaq üçün fürsətdir.

İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin qiyməti aşağı düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil olmaqda çətinlik çəkirlər.

Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır. Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki, ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir. Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır. Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki, investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər əsasında investisiyaları cəlb edə bilərik. Bu, bizə lazımdır. Lakin bunu etmək üçün, - siz daha yaxşı bilirsiniz, – müvafiq şəraitlər olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin məsələlər öz həllini tapır.

Lakin bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. Bu, davamlı iqtisadi inkişafa ən böyük maneələrdən biridir. Bir sözlə, biz islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail olacağıq. Eyni zamanda, iqtisadiyyatın elə sektorları var ki, bizim üçün prioritet təşkil edir. Əlbəttə, investisiyaların həmin sektorlara cəlb edilməsi yaxşı olar. Onlardan biri əlavə potensialı, o cümlədən ixrac məhsullarını yarada biləcək kənd təsərrüfatıdır. O, həmçinin məşğulluq məsələlərinə də yardım edə bilər, çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Biz kənd yerlərində artıq müvafiq infrastrukturu yaratmışıq. Qaz, elektrik enerjisi və su ilə təchizatı təmin etmişik. Yollar çəkmişik. Bütün bu layihələr ya tam reallaşıb, yaxud da başa çatmaq üzrədir.

Həmçinin yüksək texnologiyalar sektoru bizim üçün prioritetdir. Bu sahədə də Azərbaycan və ABŞ şirkətləri arasında yaxşı əməkdaşlıq var. Kənd təsərrüfatı sahəsində, həmçinin sizin texnologiyadan istifadə edərək biz eyni torpaq sahəsində daha çox məhsul becərə bilərik.

Turizmə gəldikdə, biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər.

Əlbəttə, əvvəldə qeyd etdiyim kimi, məşğulluq hər zaman gündəliyimizdə olacaq. Bu sahədə heç vaxt işimizi bitirmiş kimi hesab etmirik. Bu səbəbdən iqtisadiyyatın sənaye sektorlarının, ağır sənayenin, toxuculuq sənayesinin yaradılması da resurslarımızla bağlıdır. Böyük dəmir filizi ehtiyatlarını nəzərə alsaq, poladəritmə sənayesinin böyük potensialı var. Pambığın yetişdirilməsi üçün müvafiq olan iqlim şəraitini nəzərə alsaq, toxuculuq sənayesinin imkanları da mövcuddur və sair.

Bu haqda çox danışa bilərəm və bütün vaxtımızı şərhlər üçün istifadə etmək istəməzdim. Lakin sizə planlaşdırdığımız işlər barədə məlumat vermək istədim və nəyin edilməsi ilə əlaqədar fikir söyləyə bilərsiniz. Daha fəal sərmayələr, yerli və xarici şirkətlərin fəaliyyəti üçün maneələr nədən ibarətdir? Fikrinizcə, hökumət çalışdığımız vəziyyəti yaratmaq üçün hansı əlavə işləri görməlidir? Bunları nəzərə alaraq, sizi çıxış etməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.

                                                                                     X X X

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert SEKUTA çıxış edərək dedi:

-Çox sağ olun cənab Prezident. Amerika Ticarət Palatasının nümayəndələrinə söz verməzdən əvvəl, icazənizlə, bir neçə açılış qeydi etmək istərdim. Vaşinqtondakı müzakirələrinizi bizimlə paylaşdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi, bu görüşlər çox müsbət olmuşdur. Mənim hökumətim də Sizin kimi düşünür. Zənnimcə, görüşlər özlüyündə son məqsəd deyil, onlar uzun prosesin bir mərhələsi idi. ABŞ və Azərbaycan uzun illərdir ki, dostluq edirlər. Biz çətin məqamlarda Sizin yanınızda olmuşuq və indi də Sizə yardım etmək istəyirik.

Cənab Prezident, Sizin burada söylədikləriniz mənim üçün və eləcə də vəziyyətin aydınlaşdırılmasında çox faydalıdır. Amerika Ticarət Palatasının nümayəndələrinə söz verməzdən əvvəl bir neçə məsələni qeyd etmək istəyirəm. Bizim prezidentlərimiz - Prezident Obama, Prezident Corc Buş, Prezident Klinton, Prezident Reyqan uzun illərdir ki, belə bir biznes icmaları ilə dialoq aparırlar. Bəzi hallarda ümumi məsələlər, digər hallarda isə biznes icmasının qarşılaşdığı xüsusi problemlər müzakirə olunur.

Cənab Prezident, öz mövqeyinizi ifadə etdiyiniz və prioritet sahələri qeyd etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Əlbəttə ki, energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir. ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnmək üçün başqa ölkələrdəki şirkətlərlə işləyirlər. Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə Sizin qeyd etdiyiniz yeni sahələrin inkişafında biz Sizə yardımçı ola bilərik.

Bizim çoxlu diqqət yetirdiyimiz və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin missiyası ilə işləməyə çalışdığımız sahə. Yəqin ki, bilirsiniz, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım etmişdir. Beləliklə, bizim diqqət yetirdiyimiz sahələrdən biri də sahibkarlığın və kənd təsərrüfatının inkişafıdır. Biz bu işin davam etdirilməsini səbirsizliklə gözləyirik. Hesab edirəm, bizim aşkar etdiyimiz əsas məsələ odur ki, özəl sektor bəzən bizə harada daha yaxşı fəaliyyət göstərdiyimizi, hansı sahələrə isə daha çox diqqət yetirilməsinə zərurət yarandığını yaxşı əks etdirir.

Bununla da, cənab Prezident, sözü Ticarət Palatasının nümayəndələrinə vermək istəyirəm. Yenə də bu görüş üçün açıq olduğunuz və bu məsələlərə diqqət yetirdiyiniz üçün Sizə bir daha “çox sağ olun” demək istəyirəm. Vurğulamaq istəyirəm ki, Amerika tərəfindən biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, Sizin və bütün Azərbaycanın istəyidir.

                                                                                    X X X

“Ernst and Young” şirkətinin nümayəndəsi İlqar VƏLİYEV dedi:

-Zati-aliləri cənab Prezident.

Mənim adım İlqar Vəliyevdir. Mən Amerika Ticarət Palatasının Azərbaycandakı prezidentiyəm və “Ernst and Young” şirkətinin ölkə üzrə meneceriyəm.

Cənab Prezident, Amerika Ticarət Palatasının üzvlərinin köməyi ilə bu gün bizimlə görüşdüyünüz və bizə Azərbaycanın biznes iqliminin gələcək inkişafı ilə bağlı Sizinlə bəzi fikirlərimizi bölüşmək imkanı yaratdığınız üçün mən Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Amerika Ticarət Palatası müxtəlif coğrafi məkanlar arasında yerləşən geniş diapazonlu şirkətləri təmsil etdiyi üçün biz Azərbaycanda biznes icmasının bir hissəsi olmaqdan qürur hissi duyuruq.

Cənab Prezident, Sizin də doğru qeyd etdiyiniz kimi, son vaxtlar dünya miqyasında baş verən iqtisadi proseslər bəzən bizim nəzarətimizdən kənar olur. Neftin qiymətinin kəskin düşməsi, bir çox maliyyə bazarlarındakı maliyyə çətinliyi və siyasi sabitsizlik, əlbəttə ki, dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana da öz təsirini göstərib. Amerika Ticarət Palatasının üzvləri kimi, biz çətin vaxtları dərk edirik, lakin, eyni zamanda, biz kompleks və ciddi iqtisadi islahatları həyata keçirmək, iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu inkişaf etdirmək üçün Azərbaycanın və onun rəhbərliyinin indiki vəziyyətdə düzgün yolu tapmaq üçün çalışdığını görməyə çox şadıq. Biz bu işləri yüksək qiymətləndiririk və dəstəkləyirik.

Cənab Prezident, Amerika Ticarət Palatasının biznes icması həmişə Sizi dəstəkləyənlər arasında ön sırada olub. Biz hazırda icra olunan iqtisadi islahatları alqışlayırıq və iqtisadiyyatın özəlləşdirilməsi, gömrük rejiminin sadələşdirilməsi, ən yaxşı beynəlxalq təcrübələrin təşviqi, şəffaflığa daha çox diqqətin yetirilməsi, maliyyə hesabatlılığı, korrupsiya ilə mübarizə və əlbəttə ki, müsbət nəticə verəcək bir çox digər yaxşı təşəbbüslər üzrə tədbirlərin həyata keçirilməsini görmək bizim üçün çox sevindiricidir. Biz hamımız Azərbaycanı sevirik. Ümid edirik ki, şübhəsiz, bu tədbirlər nəticədə Azərbaycanın uğuruna öz təsirini göstərəcək.

Cənab Prezident, Amerika Ticarət Palatasının biznes icması bizə və bu icmaya davamlı dəstək göstərdiyinizə görə Sizə çox minnətdardır. Sizin birbaşa müdaxilənizdən sonra hətta bəzi mübahisəli məsələlərin öz həllini tapmasına dair misallar gətirmək olar və biznes icması bunu çox yüksək dəyərləndirir. Hətta böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz iqtisadi islahatlar üzrə köməkçi ilə çox yaxından işləyirik. Bu sahədə əməkdaşlıq bizi çox qane edir və bu əməkdaşlıq davam etməkdədir. Biz, həmçinin Azərbaycanın orta və uzunmüddətli inkişafı üzrə yol xəritəsinin yaradılması təşəbbüsünü alqışlayırıq. Bu, çox sevindirici haldır və qeyd etmək istəyirəm ki, Amerika Ticarət Palatası bu yol xəritəsinin yaradılması üzrə işçi qrupunun fəaliyyətinə bacarıqları, bilikləri və ən yaxşı beynəlxalq təcrübəsi ilə töhfə vermək öhdəliyini üzərinə götürüb.

Amerika Ticarət Palatasının həyata keçirdiyi vacib təşəbbüslərdən biri də “Ağ Kitab” adlanan sənədin hazırlanmasıdır. Bu sənəddə biz Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə biznes icmasının tövsiyələrini vurğulayırıq. Hesab edirik ki, ölkədə həyata keçirilən iqtisadi islahatları nəzərə alaraq bu ərəfədə bu sənəd çox böyük önəm daşıyacaq. Beləliklə, hazırda biz bu sənəd üzərində işləyirik. Biz bu sənədin hazırlanması üçün çox geniş auditoriyanı, geniş ekspertlər qrupunu cəlb edirik. Bu sənəd hazır olan kimi onu Sizə şəxsən təqdim etmək imkanına görə Sizə çox minnətdar olardıq.

Cənab Prezident, bu gün mənim qısa qeydlərimdən sonra Amerika Ticarət Palatasının üzvü olan həmkarlarım biznes mühitinin yaxşılaşdırılması ilə bağlı Sizinlə bəzi fikir və təkliflərimizi paylaşacaqlar. Əlbəttə, bütün təklifləri bir görüşə sığışdırmaq çox çətindir. Lakin bizim güclü ilham mənbəyimiz var və bu dialoq bizim üçün çox vacibdir. Biz ümid edirik ki, bu, sadəcə yaxşı ənənənin başlanğıcıdır və gələcəkdə də bizim belə görüşlərimiz olacaq.

Yekunda, icazə verin, təkcə Amerika Ticarət Palatası icması tərəfindən yox, həmçinin ümumi biznes icmasının paylaşdığı bir ümumi fikri bildirim. Biz islahatları ciddi şəkildə dəstəkləyirik. Biz islahatların vacib olduğuna ciddi şəkildə inanırıq və bu islahatların həyata keçirilməsində Sizin rəhbərliyinizi çox yüksək dəyərləndiririk. Biz inanırıq ki, bu islahatlar nəticəsində Azərbaycan daha da güclü, daha da rəqabətə davamlı bir ölkə olacaq və yüksək artım tempinə nail olan iqtisadiyyatlar arasında öz yerini saxlamağa davam edəcək. Həm yerli, - çünki Amerika Ticarət Palatasında həm də yerli şirkətlər təmsil olunur, - həm də xarici şirkətlər Sizin yanınızdadır. Biz Sizi tam dəstəkləyirik və Sizi bu islahatlardan geri çəkilməməyin qarantı kimi görürük. Cənab Prezident, mən bu ali və vacib işinizdə Sizə səmimi qəlbdən uğurlar arzu edirəm. Sizə dəstək olmaq bizim hamımız üçün böyük şərəfdir. Sağ olun.

                                                                                  X X X

Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və “Societe Generale” şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə QULİYEVA dedi:

- Artıq qeyd olunduğu kimi, biznes ictimaiyyəti hökumətin həyata keçirdiyi bir sıra islahatlar və göstərdiyi səylərdən çox məmnundur. Mən Palatanın adından Sizə qısa məlumat vermək və biznes mühitinin daha da təkmilləşdirilməsi ilə bağlı öz tövsiyələrimizi bildirmək istərdim.

İlk növbədə, islahatların sürəti çox əhəmiyyətlidir, ölkənin mövcud biznes mühitinin dəyişdirilməsi istiqamətində ciddi addımlar atmaqla eyni fəaliyyət səviyyəsini saxlamaq çox vacibdir. Hesab edirik ki, bu səviyyə saxlanılmalıdır və iqtisadiyyatı gücləndirməlidir. Bu, sadəcə, böyük şirkətlər üçün deyil, orta və kiçik sahibkarlıq müəssisələri üçün daha vacibdir. Apellyasiya Şuralarının yaradılması şübhəsiz ki, mübahisələrin daha sürətli həllində şəffaflığa xidmət edəcək. Biz bu Apellyasiya Şuralarının üzvləri kimi orada sənaye mütəxəssislərinin, daha çox sənaye və sektor biliklərinə malik mütəxəssislərin təmsil olunmasını təklif edərdik.

Gömrük sisteminin liberallaşdırılması və lisenziyalaşdırılmalı fəaliyyət növlərinin azaldılması, “ASAN xidmət” mərkəzlərinin genişləndirilməsi kimi mühüm addımlar biznes ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Əlbəttə ki, biznes ictimaiyyəti səbirsizliklə tənzimləyici sistemdə daha çox sadələşdirmə gözləyir. Lakin biz başa düşürük ki, bu, öz növbəsində daha yaxşı fəaliyyət göstərmək, daha şəffaf və daha fəal olmaq üçün şirkətlərin üzərinə böyük məsuliyyət qoyur.

Azərbaycandakı Amerika Ticarət Palatası bu fikirlərin yayılması və bu məsuliyyətlərin şirkətlərə ötürülməsi üçün həqiqətən yaxşı platformadır. Biz bu islahatların və səylərin ikitərəfli olmasını təmin etmək üçün hökumət və biznes, o cümlədən real sektor arasında körpü rolunu oynayırıq.

Mən Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bu, aparıcı beynəlxalq təcrübələrin qəbul olunmasının ən yaxşı nümunəsidir və əlbəttə ki, Azərbaycanın maliyyə sektorunda, milli valyutada sabitlik və etimadın artırılmasını görmək üçün bütün biznes ictimaiyyəti Palatanın ilk addımlarını səbirsizliklə gözləyir. İnanırıq ki, Palatanın fəaliyyəti şirkətlər və sektor üçün maliyyə mənbələrinin açılması üzrə müsbət nəticələr verəcək və əlbəttə, digər tərəfdən Azərbaycanın fond birjası, uzunmüddətli kredit bazarında inkişafı stimullaşdıracaq.

Əlbəttə ki, həmkarlarım daha konkret məsələlərlə bağlı fikir bildirəcəklər. Bir məqamı da vurğulamaq istəyirəm ki, Azərbaycan yerli və xarici investorları cəlb etmək baxımından regional mərkəz kimi çox gözəl imkana sahibdir. Əgər ona xarici investorların nöqteyi-nəzərindən baxsaq, biznes mühitinin sadələşdirilməsindəki son dəyişikliklər çox gözəldir və nikbinliklə qarşılanır. Lakin hesab edirik ki, iş icazəsi rejiminin daha da yaxşılaşdırılması daha çox sənaye mütəxəssislərinin Azərbaycana gəlməsi, öz biliklərini yerli şirkətlərlə paylaşması baxımından da çox əhəmiyyətlidir.

Sonda, Cənab Prezident, mən Azərbaycandakı Amerika Ticarət Palatasının adından demək istərdim ki, xarici investorlar islahatlar barədə daha çox məlumat almalıdırlar. Bunun üçün də rabitə kanalları daim açıq olmalı, ölkədə baş verənlər barədə maliyyə və qeyri-maliyyə bazarlarına, geniş ictimaiyyətə məlumat ötürülməlidir. Atılan bütün addımların işıqlandırılması isə həm daxili iqtisadiyyat, həm də investorların maraqları baxımından çox müsbət nəticələr doğuracaq. Buna nail olmaq üçün əsas alətlər “Doing Business” hesabatı, “Dünya rəqabətliliyi hesabatı”dır və əlbəttə ki, əsas məqsəd ölkənin kredit reytinqini artırmaqdır. Bilirsiniz ki, bu, hər bir investorun təhlilində əsas yer tutur və ölkənin bu yolda olduğunu sübut etmək üçün artıq bir sıra addımlar atılıb. Beynəlxalq ictimaiyyət bunu qiymətləndirməlidir.

Mən daha çox danışa bilərəm, lakin əfsuslar olsun ki, vaxt məhduddur. Təşəkkür edirəm cənab Prezident.

                                                                                     X X X

“Holcim” şirkətinin icraçı direktoru və Amerika Ticarət Palatasının üzvü Rosen PAPAZOV dedi:

- Əvvəlcə Sizə və hökumətinizə biznes ictimaiyyəti adından iqtisadiyyata dəstək naminə atdığınız addımlar və ilin əvvəlində həyata keçirilən islahatlar üçün təşəkkür edirəm. Həmçinin ixracın təşviq edilməsi barədə fikirlərimizi bildirmək istəyirəm. Bu istiqamətdə ilk sual yerli istehsalçıların rəqabətliliyinin necə artırılacağı haqqındadır. Bunlar iqtisadiyyatın təməlini təşkil edir, amma, eyni zamanda, gələcək sərmayədarlara ölkədə biznesin gəlirli olmasını və uğurunu göstərmək baxımından da vacibdir. Ölkənin əsas sərhədləri, coğrafi mövqeyi, sadəcə Qafqaz deyil, həm də Mərkəzi Asiya ölkələri üçün mərkəzi qovşaq olması əhəmiyyətlidir. Enerji resurslarının mövcudluğu sadəcə ölkənin gəlirləri baxımından deyil, həm də istehsal üçün resurs təşkil etməsi baxımından vacibdir. Ölkədə istehsal xərclərinin aşağı olması, habelə Azərbaycanda fəaliyyətimiz ərzindəki təcrübəmizə əsaslanaraq ölkədə yüksək insan resurslarının olması da mühüm amillərdir. Bütün bunlar idxalın əvəzlənməsi yolu ilə yerli istehsalın inkişafını təşviq etməklə daha da inkişaf etdirilə bilər. İdxalın əvəzlənməsi, ilk növbədə, yekunda istehlakçının idxal mallarından asılılığını və onun xarici valyuta tərəddüdlərinə məruz qalmasını azaldacaq, həmçinin təchizat zəncirinin aşağı hissəsində olan yerli istehsalçılara istehsal xərclərinin optimallaşdırılması vasitəsilə də kömək edəcək.

Giriş nitqinizdə qeyd etdiyiniz kimi, milli valyutanın devalvasiyası bir qədər gərginlik yaradır. Lakin bildirmək istəyirəm ki, bu, müəyyən mənada yerli istehsalçılara uzun illərdən sonra ixrac bazarında rəqabətliliyi artırmaq üçün bir imkandır. İxrac bazarlarını stimullaşdırmaq üçün nələr edilə bilər? İlk növbədə, infrastrukturun, yolların, dəmir yollarının daha da inkişaf etdirilməsi, mühüm nöqtə olaraq limanımızın tamamlanması və işə başlamasıdır. İkincisi, ixracı ağırlaşdırmaq əvəzinə yüngülləşdirmək üçün logistik xərclərin optimallaşdırılması, nəqliyyat tariflərinin dəyişdirilməsi vacibdir. Az əhəmiyyət daşımayan daha bir məqam ixracın asanlaşdırılmasının maliyyələşdirilmə və sığortalanma kimi alətlərinin təqdim olunmasıdır. Ölkənin xarici sərmayədarlar üçün cəlbediciliyini artırmaqdan ötrü daha nə etmək olar? Sizin nitqinizdə qeyd etdiyiniz məsələni mən də bir daha vurğulamaq istəyirəm ki, xarici investorları cəlb edən əsas amil sabit balansın yaradılması və ölkəyə sabit axının təmin edilməsidir. Ölkədə biznesin uğurunu məhz bu təmin edir.

Mən, həmçinin yerli istehsalçıların idxalçılar qarşısında rəqabətlilik baxımında ziyanının olmamasını təmin etmək üçün keyfiyyət standartları ilə uyğunluq nəzərə alınaraq ölkəyə idxalın nəzarətdə saxlanılmasının vacibliyini bildirirəm. Ziyanlardan danışarkən bəzi hallarda xarici ölkələrdən olan ixracatçıların müxtəlif ixrac subsidiyalarından yararlandığını nəzərdə tuturam. Təklif verərdim ki, Azərbaycanda yerli istehsalçıları qorumaq üçün bu cür halların qarşısı alınsın. Mən vurğulamaq istərdim ki, müxtəlif sertifikatlaşdırma proseslərinin sadələşdirilməsi sahəsində atdığınız bir sıra addımları yüksək qiymətləndiririk.

Bizim “ASAN xidmət” mərkəzi kimi uğurlu nümunəmiz var və mərkəzin təqdim etdiyi xidmətlər spektrinin genişləndirilməsini və qarşıdakı illərdə tamhüquqlu elektron hökumətə çevrilməsini səbirsizliklə gözləyirik.

Nəhayət vurğulamaq istərdim ki, son illər ərzində şirkətimiz Azərbaycana milyonlarla dollar və avro investisiya yatırıb. Sizi əmin edirəm ki, çətin zamanların olması heç bir halda bizi Azərbaycana sərmayə yatırmaqdan çəkindirə bilməz, əksinə biz ölkənin gələcəyinə inanırıq. Görürük ki, çoxlu islahatlar həyata keçirilir və biz qarşıdakı illərdə Sizinlə və hökumətinizlə Azərbaycanda uğur əldə etmək üçün yollar axtarmaqda əməkdaşlıq etməyə hazırıq. Bu nöqteyi-nəzərdən biz bu açıq mübadiləni yüksək qiymətləndiririk və gələcəkdə də bu cür mübadilələrin davamlı olmasına ümid edirik. Çox sağ olun.

                                                                                      X X X

“Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran KƏRİMOV dedi:

-Cənab Prezident, mən “Deloitte and Touche” MMC-nin idarəedici tərəfdaşıyam. Vergi sahəsində mütəxəssis kimi üzvlərimizin mənə verdiyi vergi və gömrüklə əlaqəli məlumatları Sizinlə paylaşmaq mənim üçün şərəfdir.

Əvvəlcə gömrük məsələlərinə diqqət yetirmək istəyirəm. Məndən əvvəl çıxış edənlərin vurğuladıqları kimi, Azərbaycandakı Amerika Ticarət Palatası idxal-ixrac əməliyyatlarının aparılma tərzindəki müsbət dəyişiklikləri, xüsusilə gömrük sahəsindəki şəffaflığı alqışlayır. Düşünürük ki, bu mənada yerli istehsalı stimullaşdıran ünvanlı gömrük siyasəti qeyri-neft sektorunun daha da inkişafına təkan verəcək. Biz biznes ictimaiyyəti olaraq şəffaflıq sahəsindəki islahatları alqışlayırıq. Nə qədər çox şəffaflıq olarsa, dövlət büdcəsinə bir o qədər çox vergi daxil olar. Eyni zamanda, vergi sistemi daha çox təkmilləşdirilməlidir ki, vergi ödəyicisi olan investorlar cəlb edilsin. İnanırıq ki, vaxtında vergilərini ödəyən şirkətlər və digər vergi ödəyiciləri hökumət tərəfindən daha az yoxlamalara məruz qalmalıdırlar. Aydındır ki, burada vergilərin yığılması və biznesin inkişafının dəstəklənməsi arasında bir balans tapılmalıdır. Vergi ölkənin iqtisadi rəqabətliliyinin artırılmasında və investorların cəlb edilməsində çox güclü alətdir.

Həmkarlarımın da qeyd etdiyi kimi, Azərbaycanın coğrafi mövqeyi sayəsində ölkə regional mərkəz kimi çıxış edə və investorlar üçün əlverişli vergi rejimi çox faydalı ola bilər. Qeyd olunduğu kimi, dövlət qurumları tərəfindən həyata keçirilən auditləri dayandırmaq qərarınız sahibkarlarda etimadı artırıb. Bununla bağlı növbəti addım olaraq hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir.

Cənab Prezident, Sizin göstərişləriniz nağdsız ödənişlərin artırılmasına, iqtisadiyyatda nağd dövriyyənin azaldılmasına yönəlib. Son 4-5 ildir bunu izləyirəm. Üzvlərimiz adından demək istəyirəm ki, biz bu təşəbbüsü dəstəkləyirik. İnanırıq ki, nə qədər nağd ödəniş az olsa, vergidən yayınma və digər qanun pozuntuları da bir o qədər azalmış olar. Azərbaycan hökuməti ikiqat vergiqoyma hallarından yayınma istiqamətində çox iş görüb. İndi əhəmiyyətli olan bu razılaşmaların yerli və xarici investorlara təmin etdiyi faydadır. İcazə verin, bütün üzvlər tərəfindən bəhs olunan mühüm bir məqamı qeyd edim. Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır. Biz vergidən yayınma və digər qanunsuzluqlarla mübarizəni tam dəstəkləyərək təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər. Diqqətiniz üçün çox təşəkkür edirəm. Vergi və gömrük sahəsində bütün təkliflər siyahısını təqdim edə bilməsəm də, bu imkan üçün çox minnətdaram. Çox sağ olun.

                                                                                        X X X

“Price Waterhouse Coopers” şirkətinin nümayəndəsi Mövlan PAŞAYEV dedi:

-Cənab Prezident, qısaca olaraq demək istəyirəm ki, çıxışınızda Siz etimad və yaxşı idarəetməni qeyd etdiniz. Bu, vacibdir. Bu, əlbəttə ki, Azərbaycan iqtisadiyyatının bütöv biznes mühiti üçün vacibdir. Mən qeyd etməliyəm ki, Sizin səyləriniz ictimaiyyət və özəl sektor arasında, hökumət və cəmiyyət arasında etimadı gücləndirir. Bu, çox vacib və faydalıdır.

Azərbaycan dünya bazarına çıxdığı üçün istənilən xarici investor bizneslər və ya birgə müəssisə daxilində tərəfdaş kimi fəaliyyət göstərmək istəyən şirkətlər barədə etibarlı və dürüst informasiyanın axtarışında olacaq. Bu, ictimai və özəl sektora aiddir. Buna görə də aydın və anlayışlı maliyyə hesabatlılığı ilə səmərəli və şəffaf korporativ idarəetmə mexanizminin yaradılması iqtisadiyyatda dayanıqlı artımın təmin edilməsi üçün əsas amildir. Hesab edirik ki, iqtisadiyyatın artımının əsasında əslində dövlət mülkiyyətindəki müəssisələr durur. Fikrimizcə, dövlət mülkiyyətində olan müəssisələr və kommersiya təşkilatları arasında yalnız idarəetmə və kommersiyalaşdırma nöqteyi-nəzərdən azacıq fərqlər olmalıdır. Bu isə o deməkdir ki, səmərəli və şəffaf dövlət sektoru şirkətlərinin yaradılması xarici birgə müəssisələr, şirkətlərin alışı və özəlləşdirmə formasında xarici maliyyələşmə üçün imkan yaradacaq. Beləliklə, rəhbərliyin münasibəti sadəcə istehsalat hədəflərini qarşılamaqdan gəlirlərin artırılmasına və marketinqə yönəlməlidir. Çünki bunlar avtomatik olaraq qiymət, xərc və keyfiyyət üçün fəaliyyət hədəflərini təyin edəcək. Bütün bunlar dövlət mülkiyyətində olan və özəl şirkətlərə bu innovasiyaları qəbul etməyə kömək göstərir. İnnovasiyaları qəbul etməklə bazarda iş yerləri yaratmaq üçün onların qarşısında yeni fürsətlər açılır.

Qeyd etməliyəm ki, dövlət mülkiyyətində olan müəssisələrin və bir çox böyük özəl şirkətlərin transformasiya prosesinə müəyyən vaxt bundan öncə başlanılmışdır və biz bu şirkətlərlə çox yaxşı uğur əldə etmişik. Beləliklə, etimadın və yaxşı idarəetmənin gücləndirilməsini davam etdirmək üçün biz korporativ idarəetmə və şəffaflıq üzrə üç əsas elementi görürük. Birincisi, korporativ idarəetmə prinsiplərinin gələcək inkişafıdır. Buraya səmərəlilik məqsədlərinə nail olmaq üçün rəhbərlik qarşısında əsas fəaliyyət göstəricilərinin müəyyən olunması daxildir. Burada bütün bu şirkətlərin aktivlər və xərclərini dövlət və ya özəl sektordan əldə etməsindən asılı olmayaraq sanasiyası və rasionallaşdırılması üçün böyük səylər tələb olunacaq. İkincisi, etibarlı, aydın hesabatvermə standartlarının tətbiq edilməsi, dövlət və özəl şirkətlər üçün tələblərdir. Üçüncüsü, müasir mühasibatlıq sisteminin gələcək inkişafı və icrası, yerli şirkətlərdən daha şəffaf maliyyə məlumatının əldə edilməsi üçün standartlardır.

Bütün bunlarla yanaşı, həmin təşkilatlarda icbari auditlər də aparılacaq. Fikrimizcə, bu, həmin dövlət və özəl sektorda real məhsuldarlıq məqsədlərinə çatmaq üçün şirkətlərin bacarığını, qərar qəbuletmə prosesini təkmilləşdirmək üçün uzunmüddətli inkişaf məqsədləri və səylərinin uğurunu, hətta korporativ sektorumuzun qlobal bazarda nüfuzunu artıracaq. Cənab Prezident diqqətiniz üçün çox sağ olun.

                                                                                        X X X

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon BİRREL dedi:

- Cənab Prezident, mənə BP adından danışmaq fürsəti verdiyiniz üçün çox sağ olun. Mən həmkarlarım tərəfindən qeyd olunan fikirləri təkrarlamamağa çalışacağam. Bu fikirlər inanılmaz dərəcədə yaxşı vurğulanmışdır. Biz neft və qaz sənayesini tam dəstəkləyirik. Söhbətimizin davamında mən bir giriş qeydini və dörd məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mənim giriş qeydim odur ki, Xəzər dənizində çoxlu neft və qaz resursları var. Biz inanırıq ki, sadəcə texnologiyalara sərmayə yatırmaq tələb olunur və lazım olacaq kapitalı formalaşdırmaq üçün davamlı müsbət mühit var. İyirmi ildən çox müddət öncə burada fəaliyyətimizə başlayandan bəri biz özümüz və tərəfdaşlarımız 58 milyard dollardan çox sərmayə yatırmışıq. Onun 16 milyard dolları yerli şirkətlərə yatırılıb və uğurlu olub. Bu, əsasən hasilatın pay bölgüsü razılaşmasının yaratdığı müsbət mühit sayəsində mümkün olub.

Mənim danışmaq və vurğulamaq istədiyim bir neçə məqam var. Yəqin ki, onlar tətbiq olunacaq islahatlara daxil edilə və digər sahələr, neft-qaz sahəsi üçün əlverişli biznes mühiti yarada bilər. Çünki hər zaman görüləcək daha çox iş var.

Vurğulamaq istədiyim ilk məqam sabitliklə bağlıdır. Uzunmüddətli sabitlik investorlar üçün olduqca vacibdir - hüquq və gömrük sistemlərində, məşğulluq qaydalarında, işçi vizalarında, iş icazələrində sabitlik və gələcək gəlirləri proqnozlaşdırmağımız üçün sabitlik. Əlbəttə, neftin və qazın qiymətləri və ya qiymətlər kimi digər amillərin üzərində nəzarətimiz yoxdur, lakin davamlılıq və proqnozlaşdırmaq bizim üçün əsasdır.

Əlbəttə ki, hər ölkə inkişaf etdikcə dəyişikliklər tələb olunur. Bu dəyişikliklərlə bağlı əvvəlcədən məlumat verilə və onlar biznes ictimaiyyəti ilə müzakirə edilə bilər. Bir daha vurğulayıram ki, qaydaların şəffaflığı əsasdır. Biz böyük investisiyalara qərar verərkən yenidən nəticələri proqnozlaşdıra bilməliyik. Vurğulamaq istədiyim üçüncü məsələ hökumətdəki mədəniyyətdir - mən və həmkarlarım nazirliklərdə bir çox görüşlər keçirmişik. İndiyə qədər gördüyümüz əməkdaşlıq və həllyönümlü mədəniyyət, bu davranış tərzi bizim etimadımızı artırır. Əlbəttə, nazirliklər dövlət maraqlarını qorumalıdırlar. Dövlət və özəl sektor problemləri həll etmək üçün birgə işləyə bilər, biznesdə hər zaman problemlər olur. Həllyönümlü mədəniyyət olmalıdır və bu, Azərbaycanda mövcuddur. Vurğulamaq istədiyim dördüncü məqam kadr hazırlığı və potensialın artırılması məsələsidir. Bilirəm və inanıram ki, Azərbaycanda bu, var.

Hazırda işçilərimizin 87 faizi azərbaycanlıdır və buna yüksək vəzifəlilər də daxildir. Dövlət və müxtəlif şirkətlər vasitəsilə xaricdə təhsil almış bir çox əməkdaşımız var. Biz onları geri gətirib yüksək vəzifələrə yerləşdirməyə nail olmuşuq. Məncə hökumət də bunu etməlidir. Londona, Hyustona getdikdə onların çoxunu görürəm. Onlar dünya səviyyəli təhsil ocaqlarında oxumuş beynəlxalq səviyyəli mütəxəssislərdir və bu ölkənin çağırışlarının öhdəsindən gələ bilərlər.

Digər bir məsələ peşə hazırlığıdır. Biz SOCAR ilə birlikdə bir çox peşə hazırlığı kursları keçiririk. Bunu sadəcə layihə əsaslı deyil, davamlı etməliyik, çünki layihələr dəyişir. Bu əməkdaşların davamlı ixtisas hazırlığı olmalıdır ki, sənaye də bu kadrlardan istifadə etsin. Bizim də, hökumətin də bu işdə rolu olmalıdır.

Son olaraq deyim ki, buradakı universitetlər çox yaxşıdır. Tez-tez onlara baş çəkirəm. Düşünürəm ki, son 5-10 ildə universitetlərdə imkanların gücləndirilməsi yaxşı nəticələr verib, elm, texnologiya, mühəndislik, riyaziyyat sahələrində yüksək səviyyəli kadrlar yetişib. Eyni diqqət gələcəyin işçilərini yetişdirmək üçün iqtisadiyyat sahəsinə də yetirilə bilər. Ölkədə məhsuldarlığı artırmaq üçün bu, çox vacibdir.

Cənab Prezident, sonda əminliyimi bildirmək istəyirəm ki, bu, ilk və son görüş olmayacaq. Bu cür görüşlərin davam etməsini diləyirəm. Ölkənin inkişafı haqqında planlarınızı bilmək çox faydalı olar. Çox sağ olun.

Prezident İlham Əliyevin yekun nitqi

-Dəyərli fikirlərinizə görə sizə təşəkkür edirəm. Onların hamısı ümumiləşdiriləcək və islahatlarımızın davam etdirilməsində bir istiqamət rolunu oynayacaq. Bildiyimə görə, Palatanın bəzi üzvləri artıq mənim iqtisadi islahatlar üzrə köməkçimlə bir yerdə çalışır və buna görə öz minnətdarlığımı bildirmək istərdim. Son zamanlar tətbiq edilmiş islahatların bir hissəsi sizin dəyərli fikirləriniz sayəsində ərsəyə gəlmişdir.

Burada səsləndirilən bəzi fikirlərə münasibət bildirmək istərdim. Sizin təklif etdiyiniz bütün məsələlərlə razılaşıram və arzu edirəm ki, bütün bu təkliflər ən qısa zamanda həyata keçirilsin. Tamamilə razıyam ki, kiçik və orta müəssisələr hər bir iqtisadiyyatın aparıcı qüvvəsidir. Böyük iqtisadiyyata malik olan ölkələrin təcrübəsindən də məlumdur ki, bu, belədir.

Bizim də məhz buna ehtiyacımız var. İyirmi beş il öncə bu, belə deyildi, çünki biz siyasi sistemimizi transformasiya etməli, dövlət qurmalı və eyni zamanda, iqtisadi sistemimizi də transformasiya etməli idik. Bu səbəbdən biz hələ də həmin prosesin başlanğıcındayıq. Lakin hesab edirəm ki, kiçik və orta müəssisələrin dəstəklənməsinə diqqətin yönəldilməsi burada üstünlük təşkil edən amil olacaqdır.

Biz bu istiqamətdə müəyyən addımlar atır, daxili istehsalı təşviq edir, daha çox iqtisadi artıma ehtiyac duyulan sahələrdə özəl sektora kreditlər ayırırıq. Ancaq düşünürəm ki, bu sahədə diqqət vergi rejimi ilə bağlı qanunvericilik və sərmayə mühitinə yönəldilməlidir. Müvafiq sərmayə mühiti, kiçik və orta müəssisələr üçün imkanlar yarandığı halda onların özləri inkişaf edəcəkdir. Dövlət qurumları isə onların gündəlik fəaliyyətinə müdaxilə deyil, yalnız lazımi şərait yaratmalıdır.

Burada kiçik və orta şirkətlər ən həssas vəziyyətdədir. Çünki böyük şirkətlər özlərini müdafiə edə, öz mövqelərini ortaya qoya bilirlər. Təəssüf ki, kiçik şirkətlər bəzən müdaxilə ilə üzləşir və hesab edirəm ki, bu sahədə onlar üçün şəraitin yaradılması məqsədilə inzibati və institusional tədbirlər görülməlidir.

Sizin də qeyd etdiyiniz kimi, lisenziyaların azaldılması daha bir vacib addım olmuşdur. Nazirlər Kabinetinin sonuncu iclasında dediyim kimi, biz yoxlama və təftişlərin sayının kəskin şəkildə azalmasına nail olmuşuq. Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, özəl sektor da yeni vəziyyətə uyğunlaşacaqdır. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir.

Ancaq bu, o qədər də asan məsələ deyildir və siz də bundan xəbərdarsınız. Burada çoxsaylı əks-arqumentlər mövcud idi və mən hələ də onları eşidirəm. Lakin hesab edirəm ki, nəticələri gözləmək lazımdır. Ola bilsin ki, nəzarəti daha da gücləndirmək lazım gələcək. Gəlin ilin sonunadək gözləyək və görək hansı nəticələr əldə olunur. Əminəm ki, nəticələr bugünkülərdən də yaxşı olacaqdır.

Maliyyə və bank sektorunda nəzarət sizin də qeyd etdiyiniz kimi, çox vacibdir. Yaxın keçmişdə şahidi olduğumuz kimi, bu sektorda nəzarətin lazımi səviyyədə olmaması bizim maliyyə sistemimiz üçün çoxsaylı problemlər yaratmışdır. Bank və maliyyə sektorunun daha da güclü nəzarətə ehtiyacı var.

Bildiyiniz kimi, milli valyutaya etimadın artırılması üçün addımlar atılmışdır. Əmanətlərin yüz faiz sığortalanması təmin edilmişdir. Bütün bu addımlar maliyyə sisteminin sabitləşməsi üçün atılmışdır. Bank sektoru üzərində lazımi nəzarət olsa idi, bəlkə də biz bu gün daha münasib mövqeyə malik olardıq.

Bununla belə, tərəfimizdən atılmış və sizin də yüksək qiymətləndirdiyiniz addımlar hesab edirəm ki, bizə inkişaf etmiş dövlətlərə məxsus sistemin yaradılmasında yardım edəcək.

İş icazəsi kimi məsələlər həll olunandır. Biz bürokratiyanı azaltmalı və mövcud qayda-qanunlarımızda yeni elementlər tətbiq etməliyik. Bunlar Palatanın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər idi. “Holcim” şirkətinin nümayəndəsi də vacib fikir bildirdi. Sizin şirkətə gəldikdə, istərdim bir nümunəni diqqətinizə çatdırım. “Holcim” şirkəti Azərbaycana gələndə İsveçrə hökuməti müraciət etmişdi ki, bu şirkət Azərbaycanda fəaliyyət göstərmək və sərmayə yatırmaq arzusundadır. Xatırlayıram ki, bu, ilk iqtisadi böhran dönəminə, 2008-ci ilə təsadüf etmişdir.

Mən dərhal bu fikri dəstəklədim və daha sonra “Holcim” ölkəmizə sərmayə yatırdı. Yanılmıramsa, bu, təqribən 300 milyon ABŞ dollarına bərabər sərmayə olmuşdur. Dünyanın hər yerində sərmayə qıtlığı yaşanan bir vaxtda həmin yatırım yaxşı siqnal idi. Eyni zamanda, bu, digər şirkətlər üçün imkan yaratmış oldu və onlar da sement sektoruna sərmayə qoymaq qərarına gəldilər.

Bu gün biz bu sahədə özümüzü tam təmin etmişik, ixrac potensialımız var və əlbəttə, yerli istehsalın, istehsalçıların müdafiəsi çox vacib məsələdir. Mən hər zaman bunu əsas prioritet hesab etmişəm. Bununla yanaşı, biz yaxşı balans yaratmalıyıq ki, yerli istehsalçılar nəticədə inhisarçılara çevrilməsin. Təbii ki, rəqabətin gücləndirilməsi baxımından idxal vacibdir. Lakin diqqət yetirməli olacağımız məsələ yerli istehsalın qorunması ilə yanaşı, digərləri üçün imkanların yaradılmasından ibarət olacaqdır.

Demək istədiyim budur, biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, heç bir hökumətin hər hansı şirkətin Azərbaycana sərmayə qoyuluşu ilə bağlı zəruri şəraitin yaradılması üçün ölkə Prezidentinə müraciət etməsinə ehtiyac olmasın. Bizim hədəfimiz budur - “Holcim” və digərləri bunu özləri edə bilsin. Qayda, qanun və prosedurlar olsun ki, onlar gəlib asan şəkildə, bürokratiyasız sərmayə qoya bilsinlər. Arada bir çox şəxsin razılığa gəlib-gəlməməsinə, Prezidentə zəng etməyə ehtiyac qalmasın.

Mənim arzum belə bir şəraiti görməkdir və düşünürəm ki, sizin köməyinizlə bu, baş verəcək. Bu, baş verən kimi, biznes inkişaf edəcək və sərmayə qoyulacaqdır. Bu da yaxşı mexanizmdir, səmərəlidir. Əks təqdirdə, həmişə Prezident, Baş nazir və ya nazirlərdən kömək göstərmək xahiş ediləcək. Ancaq mən ümid edirəm ki, gələcəkdə bu, daha da avtonom şəkildə həyata keçiriləcəkdir.

Siz həm də infrastruktur və nəqliyyat infrastrukturu ilə bağlı məsələlərə toxundunuz. Biz bununla məşğul oluruq, qovşaq yaratmağa çalışırıq. Coğrafi yerləşməmizi və regional əlaqə istiqamətlərini nəzərə alsaq, artıq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələri həyata keçirilməkdədir.

Bununla yanaşı, artıq elan edilmişdir ki, bizdə dəniz limanımızın yaxınlığında, Ələtdə azad ticarət zonasının yaradılmasına ehtiyac var. Beləliklə, Yaxın Şərq və Şərqi Asiya dövlətlərinin müsbət təcrübəsindən istifadə olunacaq.

Gömrük və vergi sistemlərində müsbət dəyişikliklərlə bağlı fikirlərinizə görə minnətdaram. Burada hər şey çox sadədir. Biz beynəlxalq standartlara uyğun vergi və gömrük idarəetməsinə malik olmalıyıq - biznes üçün şəffaf, açıq, proqnozlaşdırılan və dost yanaşması ilə fərqlənən sistem. Müdaxiləsiz, qeyri-qanuni tələblərsiz, gecikməsiz, inhisarçılıqsız, azad rəqabətə malik şəffaf şərait. Biz bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, ilkin nailiyyətlərimiz var və bu, uzunmüddətli siyasət olacaqdır.

Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilmişdir. Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq. Sizə bu təkliflərə görə təşəkkür edirəm.

Dövlətə məxsus müəssisələr məsələsi. Razıyam ki, burada korporativ idarəetmə özəl şirkətlərdəki kimi olmalıdır. Mən bununla bağlı artıq belə müəssisələrin rəhbərlərinə göstərişlər vermişəm və bəzilərində artıq transformasiya prosesi başlamışdır. SOCAR-da, Xəzər Dəniz Gəmiçiliyi şirkətində müsbət dəyişikliklər var və ümid edirəm ki, digər şirkətlər də bu istiqamətdə işləyəcək. Onlar ilə özəl şirkətlər arasında yeganə fərq sadəcə səhmlərinin dövlətə məxsusluğu olacaqdır.

Bu, başadüşüləndir, çünki həmin müəssisələr strateji əhəmiyyətlidir. Bəlkə vaxt gələcək ki, onların səhmləri satışa çıxarılacaq və mən bunu ehtimal edirəm. Ancaq keçmişi və deyərdim, təfəkkürü nəzərə alsaq, onlar hazırda dövlətə məxsus olaraq qalmalıdır. Hansısa bir kənddə qaz olmayanda insanlar dövlət müəssisəsinin qapısını döyürlər. Yəni, vaxt gələcək və həmin şirkətlərin bir hissəsi satışa çıxarılacaq, ancaq hazırda korporativ idarəetmə çox vacib məsələdir. Eyni zamanda, hesab edirəm ki, sistemin daha səmərəli olması ilə bağlı sizin tərəfinizdən də müəyyən istiqamət təqdim edilməlidir. O zaman onlar daha səmərəli, şəffaf və açıq fəaliyyət göstərəcək, maliyyələşdirmə, yaxud digər formada daha fəal işləyəcəklər.

Şəffaflıq məsələsinə gəldikdə, mən dəfələrlə bununla bağlı fikirlərimi bildirmişəm. Bu, hər bir ölkə və şirkət üçün vacibdir. Biz bu sahədə işləri davam etdirəcəyik.

Qordon, fikirlərinizə görə təşəkkür edirəm. Digər iştirakçılardan fərqli olaraq, biz sizinlə tez-tez görüşürük. Bu isə bizim strateji əməkdaşlığımızdan irəli gəlir. Şadam ki, iyirmi ildən artıq müddət ərzində BP Azərbaycanda fəal çalışır və sərmayə, xüsusilə yerli şirkətlər üçün imkanların yaradılması sahəsində, təhsil sahəsində gözəl işləyirsiniz. Dediyiniz kimi, əməkdaşlarınızın təqribən 90 faizi azərbaycanlılardır. Bu, yaxşı haldır və bizim yaxşı tərəfdaş olmağımızın göstəricisidir.

Ancaq BP-nin Azərbaycan iqtisadiyyatında xüsusi mövqeyə malik olmasına baxmayaraq, bizim gündəlik fəaliyyətimizdə problemlərimiz də olur və onların hamısı nəzərə alınmalıdır. Bildiyimə görə, sizin SOCAR ilə çox yaxşı işgüzar əlaqələriniz, digər dövlət təsisatları ilə də təmaslarınız var.

Problemlərin həll edilməsi siyasi mədəniyyəti çox vacib məsələdir. Ümumiyyətlə, siyasi mədəniyyət olduqca vacibdir. Biz gənc dövlətik. Hüquqi və siyasi sistemin sabitliyi, proqnozlaşdırılma istənilən sərmayəni şərtləndirən amillərdir. Sərmayələr yalnız sabit, proqnozlaşdırılan və sabit təsisatlara malik ölkəyə yatırıla bilər. Hesab edirəm ki, siyasi sabitlik Azərbaycanın üstün cəhətlərindəndir. İqtisadi və maliyyə sabitliyi də təmin olunur. Cəmiyyətimizdə xarici siyasət prioritetləri, iqtisadi və daxili siyasət, habelə ölkəmizin inkişaf istiqamətləri ilə bağlı yekdillik vardır.

Düşünürəm ki, sizin demək olar, bütün fikirlərinizə münasibət bildirdim. Bir neçə məsələni əlavə etmək istərdim. Burada elektron hökumət məsələsi qeyd edildi. Biz bu sahədə çalışırıq. “ASAN xidmət” yaxşı nümunədir. İki il ərzində oraya 7 milyon müraciət olunmuşdur və bu rəqəm böyük ehtimalla artmışdır.

Bu, dövlət qulluğunda bir inqilab oldu. Bu, nəinki dövlət qulluğunda, zənnimcə, xalqımız üçün böyük yenilik oldu. Əvvəllər, onlar bunun mümkün olmasına inanmırdılar. Yəni, adamlar üçün almaq istədiklərini hər hansı tələb olmadan əldə etmələri mümkün oldu. Bir sözlə, həmin iş bunun mümkünlüyünü göstərdi. Göstərdi ki, biz buna nail ola bilərik. Hazırda isə məqsəd həmin fəaliyyəti genişləndirməkdir. Söhbət onun təkcə coğrafi baxımdan genişləndirilməsindən getmir. Hazırda rayonlarda iki mərkəz tikilmək üzrədir. Həmçinin orada göstərilən xidmətlərin sayı da artacaq. Biz daha çox xidmət növlərini əlavə edəcəyik.

Öncə söylədiyim kimi, “ASAN” hər yerdə olacaq. “ASAN” şəffaflıq, mədəniyyət, xidmət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir. Ölkəmizdə biz məhz bunlara nail olmalıyıq ki, insanlar rahat həyat sürsünlər. İnsanlar nə istəyirlər? Onlar öz hüquqlarının təmin edilməsini arzulayırlar. Onlar hər hansı qeyri-qanuni yanaşmaya məruz qalmalı deyillər. Buna görə, “ASAN” genişlənəcək və ola bilsin, siz daha hansı xidmətlərin oraya əlavə edilməsi ilə bağlı məsləhətlər verə bilərsiniz. Bu, artıq bizim brendimizdir – Made in Azerbaijan. Şadam ki, artıq əqli məhsullarla da fəxr edə bilərik.

Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir. Onların müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir. Bu, yenə də təkrarlanır. Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. “ASAN xidmət”dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər.

Bildirmək istəyirəm ki, biz genişmiqyaslı özəlləşdirmə proqramına başlamaq fikrindəyik. Bu, artıq elan edilib. Hazırda hökumət bir sıra sektorlar üzərində çalışır. Ümid edirəm ki, biz Azərbaycanı yeni yanaşma və islahatlarla xarici şirkətlər üçün çox cəlbedici edəcəyik. Bütün bunlar, fikrimcə, qaldırılmış əsas məsələlərdir.

Şərhlərinizə görə çox minnətdaram. Əminəm ki, yenidən görüşəcəyik və bunu bir növ dövri iclas formasına salacağıq. Sizdən heç kim hökumətimizi tənqid etmədi və bu, məni təəccübləndirdi. Siz çox nəzakətli oldunuz. Sağ olun buna görə. Lakin mən bu görüşü tənqidsiz tərk edə bilmərəm. Bu səbəbdən, mən sizi tənqid etmək istərdim. Bu isə gender bərabərsizliyi ilə bağlıdır. Palata üzvləri arasında yalnız iki qadın var. Ümid edirəm ki, növbəti görüşdə işgüzar qadınları daha çox görəcəyik. Çox sağ olun, sizə böyük uğurlar arzulayıram.

                                                                                         X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07