Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

09 aprel 2016, 12:30
Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyevin giriş nitqi

İlk növbədə xahiş edirəm ki, Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsini bir daha sükutla yad edək. 

Allah şəhidlərimizə rəhmət eləsin! Əyləşin. Allah onların yaxınlarına səbir, yaralı hərbçilərimizə şəfa versin.

Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə bizdə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son tarixin nümunələri bunu göstərir. 2014-cü ilin sonlarında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilmişdir. Hər iki tərəf görüşü müsbət qiymətləndirmişdir. Görüşdən sonra biz danışıqlarda daha da müsbət dinamikanı gözləyirdik. Ancaq o danışıqlardan iki həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda - Ağdam rayonunun ərazisində genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan Silahlı Qüvvələri bu təxribata bir neçə gün cavab vermirdi, ancaq ondan sonra Ermənistan silahlı qüvvələri bizim mövqelərimizə hərbi helikopterlərlə hücum çəkmişdir. Azərbaycan Ordusu məcbur olub helikopterin birini vurmuşdur. Bu da Ermənistana bir bəhanə kimi lazım idi ki, yenə də Azərbaycanı təcavüzdə günahlandırsın. Ondan sonra demək olar ki, bir ildən çox müddət ərzində danışıqlar, ümumiyyətlə, aparılmırdı. Minsk qrupunun xahişi ilə keçən ilin dekabrında Azərbaycan və Ermənistan prezidentləri görüşdülər, amma o görüşün heç bir nəticəsi olmamışdır. Vasitəçilər çalışırlar ki, məsələ öz həllini tapsın. Bilirsiniz ki, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa rəhbərliyi səylər göstərirlər, bəyanatlar verirlər. O cümlədən status-kvo haqqında çox dəyərli bəyanatlar verilir ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Ancaq Ermənistan buna məhəl qoymur.

Bilirəm ki, həmsədr dövlətlər bu il danışıqların davam etdirilməsi istiqamətində yeni təkliflər irəli sürmüşlər. Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə o cümlədən Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Qeyd etmişlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin. Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.

Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik. Biz məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. İstəyimiz odur ki, məsələ həllini tapsın. Bu gün də biz bəyan edirik ki, danışıqlar prosesinə sadiqik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq. Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici siyasətimiz olmuşdur. Ancaq hesab edirəm ki, biz birinci rübdə daha da fəal işləmişik. Mən birinci rübdə bir çox xarici səfərlərdə olmuşam - həm rəsmi, həm işgüzar səfərlərdə. Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında iştirak etmişəm. Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır, bizim dostlarımızın sayı artır. Hətta bir-biri ilə o qədər də yaxın münasibətlərdə olmayan ölkələrlə Azərbaycan çox səmərəli, qarşılıqlı hörmət və maraqlar üzərində iş qurubdur.

Beləliklə, bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Onu da qeyd etməliyəm ki, birinci rübdə Azərbaycana 10 xarici dövlət və hökumət başçısı səfər etmişdir. Onların arasında rəsmi səfərlər olubdur və IV Qlobal Bakı Forumunda iştirak etmək üçün dövlət və hökumət başçıları gəlmişlər.

Bir daha demək istəyirəm ki, bu, bizim uğurlu xarici siyasətimizi göstərir. Bu siyasət davam etdiriləcək. Bir daha qeyd etmək istəyirəm ki, dünya birliyi Azərbaycana böyük hörmətlə və rəğbətlə yanaşır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, o vaxt da bizim üçün təsadüfi deyildi və bu gün də əldə edilən uğurlar bunu bir daha göstərir.

Bununla bərabər, yeni regional əməkdaşlıq formatı yaranır, formalaşır. Azərbaycan-İran-Rusiya regional formatı, xarici işlər nazirləri görüşmüşlər. Ondan bir-iki gün əvvəl İranda Azərbaycan-İran-Türkiyə xarici işlər nazirləri görüşmüşlər. Digər üçtərəfli formatlar var. Azərbaycan-Gürcüstan-Türkiyə formatı var. Yəni, bütün bu üçtərəfli təşəbbüslər regionda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın dərinləşməsi üçün çox vacibdir. Gördüyünüz kimi, Azərbaycan hər bir formatda iştirak edir.

Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə, mən bildirməliyəm ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır. İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq - demək istəyirəm ki, bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir. Beləliklə, bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik.

Birinci rübün iqtisadi göstəriciləri o qədər də müsbət deyil. Ümumi daxili məhsul aşağı düşübdür. Bu da təbiidir. Biz bunu gözləyirdik. Ancaq hesab edirəm ki, il ərzində ümumi daxili məhsul artmalıdır. Hər halda biz buna çalışırıq və çalışacağıq. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır. Bu, onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır. Əlbəttə ki, bizim gəlirlərimiz azalıbdır. Dövlət tərəfindən yatırılan investisiyalar azalıbdır. Əlbəttə, biz bu vəziyyəti nəzərə alırıq.

Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.

Birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır. Biz burada da müsbət balans görürük. Onu da qeyd etməliyəm ki, yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da mənim göstərişimlə öz həllini tapan məsələdir. Çünki tikinti sektorunda, digər sektorlarda bəzi işlər ixtisara düşüb. Belə olan halda işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün mən qərar qəbul etdim ki, dövlət şirkətləri, dövlət qurumları yeni iş yerlərini açsınlar. İctimai işlər açılır və birinci rüb ərzində bu qədər iş yerlərinin açılması, əlbəttə ki, insanların sosial müdafiəsinə hesablanıb.

Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Bütün iqtisadi islahatlar, bizim uğurlu neft-qaz siyasətimiz də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar.

İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, ancaq bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Bir misal da gətirə bilərəm ki, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir. Adətən hətta neft və qazla zəngin olmayan ölkələr ya maaşları dondururlar, ya kəsirlər, ya maaşların verilməsində problemlər yaşanır. Ancaq biz dünyada hökm sürən bu böhrana baxmayaraq, maaşları və pensiyaları artırmışıq. Digər sosialyönümlü addımlar atılır, o cümlədən yeni təşəbbüslər, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür. Əminəm ki, Azərbaycanda işsizliyin səviyyəsi həmişə olduğu kimi, çox aşağı səviyyədə olacaqdır.

Beləliklə, ciddi dərin iqtisadi islahatlar aparılır və bu islahatlar dərinləşməlidir. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. İnsanların rifah halının yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaqdır.

Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Nəzərdə tutduğumuz layihələrin icrası üçün təqribən 2 milyard manata qədər vəsait lazım olacaqdır. Onun bir hissəsi dövlətin güzəştli kreditləri, bir hissəsi isə sahibkarların hesabına təmin edilməlidir. Hər halda biz qarşıya bu hədəfi qoymuşuq. Çalışmalıyıq ki, bu hədəfə çata bilək. Beləliklə, ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və yeni ixrac məhsullarımız da olacaqdır.

 Biz birinci rübdə digər sahələrdə də çox fəal işləmişik. Nəqliyyat sektorunda. Qeyd etdiyim kimi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı əsas şərtdir. Bildiyiniz kimi, həm İran Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə bu məsələlər mənim tərəfimdən qaldırılmışdır, müzakirə edilmişdir və deyə bilərəm ki, burada ümumi razılıq var. Bu nəqliyyat dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik, həm turizm baxımından bizə çox lazımdır. Beləliklə, biz digər böyük ölkələr üçün öz tranzit imkanlarımızı təqdim edəcəyik və Azərbaycan xəzinəsi, büdcəsi bundan çox böyük iqtisadi mənfəət götürəcək. Çünki bu, nəinki üç ölkə arasında olan və ola biləcək ticarəti sürətləndirəcək, eyni zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkələri bu dəhliz vasitəsilə birləşəcəklər və bizim ərazimizdən keçən yüklərin həcmi böyük dərəcədə artacaq. 

Əlbəttə ki, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün bütün işlər görülür. Biz burada da yenə də üçtərəfli, amma digər formatda işləyirik - Azərbaycan-Gürcüstan-Türkiyə formatında. Mənim keçən ilin sonunda Gürcüstana, bu il Türkiyəyə səfərlərim bu dəhlizin yaradılması üçün çox faydalı olmuşdur. Baxın, Azərbaycan yenə də iki dəhlizin ortasındadır. Əgər bizim qonşu ölkələrlə çox müsbət dostluq, tərəfdaşlıq əsasında qurulmuş münasibətlərimiz olmasaydı, bu layihələrin heç biri reallaşmazdı. Mən həmişə demişəm ki, qonşularla münasibətlərimiz bizim üçün çox önəmlidir. Bizim Ermənistandan başqa heç bir qonşu ölkə ilə problemimiz yoxdur. Əksinə, bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu, həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var.

Bununla bərabər, bizim bütün ölkələrlə, beynəlxalq qurumlarla əlaqələrimiz inkişaf edir. Bilirsiniz ki, birinci rübdə Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri, iki vitse-prezident Azərbaycana gəlmişlər. Burada həm energetika, həm siyasi, iqtisadi və digər təhlükəsizlik məsələləri müzakirə edilmişdir. Keçən il Avropa Komissiyasının prezidenti Azərbaycana səfər etmişdir. Biz indi yeni əməkdaşlıq formatı üzərində işləyirik. Mənim Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakım özlüyündə bir göstəricidir. Orada 50-dən çox ölkə iştirak edirdi, o cümlədən Azərbaycan. Nəzərə alsaq ki, Azərbaycan nüvə dövləti deyil, Azərbaycanda atom elektrik stansiyası yoxdur, demək olar ki, nüvə sənayesi hələ inkişaf etməyib, Azərbaycanın bu mötəbər tədbirə dəvət edilməsi ABŞ hökuməti, Prezidenti tərəfindən bizə olan hörmətin təzahürüdür və bizim bu bölgədə oynadığımız rolu əks etdirir. Çünki bu da qeyd edilir ki, Azərbaycan nüvə materiallarının qanunsuz trafikinin qarşısının alınması məsələlərində çox etibarlı tərəfdaşdır.

Səfər zamanı ABŞ-ın siyasi rəhbərliyi ilə çox yaxşı, səmərəli və səmimi söhbətlərim, danışıqlarım olmuşdur. Bu danışıqlar bir daha onu göstərir ki, bizim aramızdakı əlaqələr hər iki tərəf üçün çox önəmlidir. Biz bir çox sahələrdə birgə işləyirik və bu əlaqələr hər iki tərəf üçün yeni imkanlar açır. Burada həm siyasi əlaqələr, həm də energetika sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələləri və ticarət, iqtisadi məsələlər də gündəliyin əsas məsələləridir.

O ki qaldı enerji siyasətimizə, birinci rübdə Bakıda “Cənub Qaz Dəhlizi”nin ikinci Məşvərət Şurası keçirilmişdir. Artıq ikinci dəfədir ki, bu tədbir Bakıda keçirilir. Bu da bizim təşəbbüsümüzlə mümkün olmuşdur. Biz iki il bundan əvvəl təşəbbüs göstərmişdik ki, belə bir toplantı keçirilsin və indi bu, artıq ənənəvi xarakter daşıyır. İkinci Məşvərət Şurasının toplantısı çox böyük uğurla keçirilmişdir, çox vacib qərarlar qəbul edilmişdir. Qəbul edilmiş Bəyannamədə Azərbaycanın bu sahədəki liderlik rolu bir daha qeyd olunmuşdur. “Cənub Qaz Dəhlizi”nin icrası cədvəl üzrə gedir, lazımi investisiyalar qoyulur. Burada ölkələr və şirkətlər arasındakı əlaqələndirmə yüksək səviyyədədir. Əminəm ki, bu strateji layihə vaxtında icra ediləcək.

Birinci rübdə IV Qlobal Bakı Forumu keçirilmişdir. Forumda 50-dən çox ölkənin təmsilçisi, fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçıları iştirak etmişlər. Bu Forum artıq dünyanın aparıcı beynəlxalq forumları arasında yer alan gözəl bir müzakirə meydançasıdır. Bu forumların Bakıda keçirilməsi, əlbəttə ki, bizim önəmimizi daha da artırır. Bu ayın sonunda isə Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Hesab edirəm ki, bu da Azərbaycanda multikulturalizm, sivilizasiyalararası dialoqun aparılmasında əldə edilmiş uğurların nəticəsidir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bu sahədə əldə olunmuş uğurlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Birinci rübdə əlbəttə ki, digər önəmli hadisələr baş vermişdir. İndi onların hamısı haqqında danışmağa sadəcə olaraq vaxt yoxdur. Bir sözlə, baxmayaraq ki, bu gün dünyada iqtisadi-maliyyə böhranı davam edir, gəlirlərimiz azalıbdır, ancaq çox operativ addımlar, dərin iqtisadi islahatlar və düşünülmüş müdrik xarici siyasət nəticəsində biz bütün riskləri minimum səviyyəyə endirdik. Mən ümid edirəm ki, müsbət dinamika 2016-cı ildə davam edəcək. İkinci rübdə iqtisadiyyat daha da sürətlə inkişaf edəcək və biz ilin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələləri həll edəcəyik.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10