Prezident İlham Əliyev Astara rayonunda İstisu çayı üzərində inşa olunacaq “Astara-1” kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına ölkəmizdə energetikanın inkişafı və kiçik su-elektrik stansiyalarının tikintisi barədə məlumat verdi. Bildirildi ki, Azərbaycanın elektroenergetika sistemi son bir neçə ildə həyata keçirilən kompleks tədbirlər nəticəsində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Vurğulandı ki, Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli müvafiq Sərəncamı ilə külək və su-elektrik stansiyalarının inşasının da respublikamızda geniş tətbiqi məqsədilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması barədə “Azərenerji” ASC-yə tapşırıq verilmişdir. Prezident İlham Əliyev 2010-cu ili respublikamızda alternativ enerji mənbələrinin istifadəsi və ekologiyasının yaxşılaşdırılması istiqamətində kəskin dönüş ili elan etdikdən sonra ölkəmizdə bu istiqamətdə tədbirlər daha da genişləndirilmişdir.
Dövlət başçısı “Astara-1” kiçik su-elektrik stansiyasının əsas qurğularının yerləşməsi planı ilə tanış oldu, binanın, maşın zalının görünüşünü əks etdirən fotostendlərə baxdı.
Qeyd edildi ki, yaxın illərdə respublikamızda yüzlərlə kiçik su-elektrik stansiyasının inşası nəzərdə tutulmuşdur. Bununla bağlı konkret işlər görülür. İstisu çayı üzərində tikiləcək 1,7 meqavat gücündə stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaqdır. Stansiyanı işlətmək üçün İstisu çayından götürülən yüksək təzyiqli su 2 kilometr məsafədən borular vasitəsilə stansiyaya ötürüləcəkdir. Yeni stansiyada suqəbuledici qurğu, hidroaqreqatlar, 10 kilovoltluq yarımstansiya və elektrik xətti, həmçinin digər qurğular inşa olunacaq, müasir avadanlıq quraşdırılacaqdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, respublikamızın alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf perspektivi mütəxəssislərin hərtərəfli müzakirəsi əsasında hazırlanan xüsusi proqram üzrə aparılacaqdır.
Vurğulandı ki, Avropa Şurasına üzv ölkələrdə kiçik su-elektrik stansiyalarının potensialının əsaslı şəkildə möhkəmləndirilməsi üçün ciddi tədbirlər görülür və Azərbaycanda da bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Stansiya istifadəyə verildikdən sonra ətraf kəndlərdə yaşayan 3 min abonent elektrik enerjisi ilə təmin olunacaqdır.
Dövlət başçısı su-elektrik stansiyasının təməlini qoydu.
Prezident İlham Əliyev gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunu işə saldı.
Dövlət başçısı energetiklərə və inşaatçılara uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.