İlham Əliyevin və Rusiya Hökuməti Sədrinin geniş tərkibdə görüşü olub

08 aprel 2016, 14:00
İlham Əliyevin və Rusiya Hökuməti Sədrinin geniş tərkibdə görüşü olub

Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli Dmitri Anatolyeviç, hörmətli qonaqlar. Sizi bir daha ürəkdən salamlayıram.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. İndicə Sizinlə təkbətək söhbətdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi problemlərini müzakirə etdik. Vəziyyətin gərginliyinin azaldılması işində fəal vasitəçilik səylərinə görə Rusiya Federasiyasına bir daha təşəkkürümü bildirmək istəyirəm. İndi isə biz, yəqin ki, qarşılıqlı əlaqələrimizin başqa aspektləri barədə söhbət edəcəyik. Bizim əlaqələrimizin bir sıra istiqamətləri üzrə çox yaxşı dinamika mövcuddur. Obyektiv səbəblər üzündən əmtəə dövriyyəsi bir qədər azalıb, lakin ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün çox böyük potensial var. Şübhəsiz ki, humanitar sahədə ənənəvi əməkdaşlığın çox yaxşı perspektivləri və yaxşı nəticələri var. Ümumiyyətlə deyərdim ki, bu, münasibətlərimizin əsasıdır. Buna görə də ümid edirəm ki, bizim ticari-iqtisadi və əlbəttə, siyasi münasibətlərimizə aid konkret məsələləri ətraflı müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz.

                                                                         X X X

Rusiya Hökumətinin Sədri Dmitri MEDVEDEV dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Həqiqətən biz indicə ən mürəkkəb problem barədə danışdıq, regionlararası digər mövzulara da toxunduq. Allaha şükür, bizim münasibətlərimizin, əlaqələrimizin palitrası təkcə problemlərdən ibarət deyil, münasibətlərin çox geniş sahəsində əməkdaşlıq, həqiqi strateji tərəfdaşlıq xeyli inkişaf edib. İqtisadiyyatlarımızın daha sinxron işləməsi, yaxşı səmərə verməsi üçün əlavə səy göstərməyə imkan var.

Keçən il əmtəə dövriyyəsi doğrudan da azalıb. Hərçənd həqiqi azalma cəmi bir neçə faiz olub. Ona görə ki, azalma əsasən bizim bir-birimizə göndərdiyimiz malların məzənnəsinin, satdığımız malların qiymətlərinin dəyişməsi ilə əlaqədar dəyər göstəricilərində baş verib. Hər halda bu, onu göstərir ki, bir sıra layihələri canlandırmaq lazımdır. Gəlin, indi bu barədə və humanitar məsələlər haqqında danışaq.

gallery-photogallery-photo