İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

01 yanvar 2016, 00:01
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik  Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

-Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

2015-ci il arxada qalır. 2015-ci ildə yaşadığımız regionda iqtisadi, siyasi, hərbi böhran daha da dərinləşdi, risklər artdı, təhlükələr artdı, yeni çağırışlar meydana gəldi.

Bütün bunlara baxmayaraq, Azərbaycan 2015-ci ildə uğurla inkişaf etmişdir. Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edək, ölkəmizin dinamik inkişafına nail olaq. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır və yaşayacaqdır. Eyni zamanda, 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusən sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq.

Ancaq təbii ki, bizim gəlirlərimiz kəskin şəkildə azalmışdır, milli valyutamız manat devalvasiyaya uğradı. Ancaq yenə də biz çalışırdıq, çalışırıq və çalışacağıq ki, bu vəziyyət insanların yaşayış səviyyəsinə təsir etməsin. Xüsusilə istehlak qiymətlərinin sabit saxlanması bizim əsas vəzifəmizdir.

Bu il “Kənd təsərrüfatı” ilidir. Şadam ki, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Bütövlükdə götürəndə bizim iqtisadi sahədə apardığımız siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu, böyük və tarixi nailiyyətdir. Bu, onu göstərir ki, biz düzgün siyasət aparırıq və gələcəkdə, əlbəttə, Azərbaycan xalqının maraqlarını daim təmin edəcəyik.

Azərbaycanda sosial məsələlər öz həllini tapır. Baxmayaraq ki, gəlirlərimiz kəskin şəkildə azalmışdır, bir dənə də olsun sosial proqram təxirə salınmadı. Bütün sosial layihələrimiz icra edilmişdir. Bu da siyasətimizin mahiyyətini, yəni, mənasını göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır.

2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Mənim xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir. 2015-ci ildə rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak etmək üçün müxtəlif ölkələrdə olmuşam, 20 xarici səfər həyata keçirmişəm və bu il Azərbaycanda 15 dövlət və hökumət başçısı rəsmi və qeyri-rəsmi səfərlərdə olmuşlar.

Eyni zamanda, bizim apardığımız xarici siyasət dünya birliyi tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır. Çünki biz müstəqil siyasət aparırıq. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bizə qarşı olan təzyiqlər, hədə-qorxular bizim siyasətimizə zərrə qədər təsir etmir və etməyəcək. Biz heç kimdən və heç nədən qorxmuruq. Bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir və ölkəmizin beynəlxalq nüfuzunu qaldırmaqdır.

Sizi əmin edirəm ki, 2016-cı ildə də və bundan sonrakı illərdə də Azərbaycan prinsipial siyasətdən dönməyəcək, müstəqil siyasət aparacaq və bizə qarşı kampaniya aparmaq istəyənlər bunu nəzərə alsınlar. Onların səyləri əbəsdir, bizim siyasətimizə təsir etmir və heç vaxt etməyəcəkdir.

Xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin.

Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.

Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Buna nail olmaq üçün əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

2015-ci ildə düşmənin bütün təxribatlarına tutarlı cavab verilmişdir. Düşmənə sarsıdıcı zərbələr endirilmişdir və döyüş meydanında yaranmış vəziyyət bir daha bizim üstünlüyümüzü göstərir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq öz prinsipial mövqeyimizdən dönməyəcəyik və lazım olarsa hərbi gücdən istifadə etmək bizim suveren hüququmuzdur.

2015-ci ildə də məcburi köçkünlərin problemləri öz həllini tapıb. Hər il minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülür. Bu siyasət gələn il də davam etdiriləcəkdir.

2015-ci ildə enerji sahəsində önəmli addımlar atılmışdır. TANAP layihəsinin icrası başlamışdır. Artıq TANAP layihəsinin həyata keçirilməsi reallıqdır. Burada Azərbaycan tərəfdaş ölkələrlə çox mühüm rol oynayır, böyük işlər aparır. TANAP layihəsinin əsas səhmdarı və əsas investoru Azərbaycandır. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı bundan sonra onilliklər ərzində dünya bazarlarına çatdıraq və beləliklə, ölkəmizin siyasi və iqtisadi maraqlarını daha dolğun şəkildə təmin edək.

Bu il nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı çox ciddi işlər aparılmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi artıq reallaşır. Çindən, Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanan yeni “İpək Yolu” layihəsi reallaşır və burada Azərbaycanın rolu kifayət qədər önəmlidir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün Azərbaycan konkret addımlar atır. Əminəm ki, bu layihə də uğurla reallaşacaq və beləliklə bundan sonra – bu iki mühüm layihə reallaşandan sonra Azərbaycan dünya miqyasında əvəzolunmaz tranzit ölkəsinə çevriləcəkdir. Bu, nə deməkdir, bunu izah etməyə ehtiyac yoxdur.

Bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq, - onlardan 21-i qızıl medaldır, - komanda hesabında ikinci yerə layiq görülmüşdür. Bu, doğrudan da ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik.

2015-ci ildə parlament seçkiləri keçirilmişdir. Bu da ölkəmizin inkişafı üçün çox önəmli hadisə idi. Parlament seçkiləri şəffaf, ədalətli keçirilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Azərbaycan xalqının iradəsi öz əksini tapmışdır. Parlament seçkilərinin nəticələri xalq tərəfindən bizim siyasətimizə verilən yüksək qiymətin təzahürüdür. Mən bunu belə qəbul edirəm.

Azərbaycan demokratiya yolu ilə gedir, inkişaf yolu ilə gedir və bu, bizim şüurlu seçimimizdir. Xalq-iqtidar birliyi, milli həmrəylik bu gün ən yüksək səviyyədədir.

Əziz dostlar, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Onlar və Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə uğurla gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dövlətimizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı həyatını təmin edək.

Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34